Axtarış: 
Sosioloq və psixoloqların bölgələrdə işləməsi üçün münbit şərait yaradılmır
+  -  Çap 
Yerləşdirilib: 11.05.10 | Baxılıb: 299
Ölkə əhalisinin əsas özəyini bölgələr təşkil etdiyindən, regionlarda yaşayanlara xüsusi diqqət yetirilməlidir (baxmayaraq ki, rayon və kənd sakinlərinin bir qismi öz yurdlarını tərk edərək Bakıda yaşayıb işləyir). Hesablamalara görə, paytaxtla müqayisədə, bölgələrdə daha çox müxtəlif xoşagəlməz hadisələr, intihar halları, ailə-məişət zəminində münaqişələr, ailədaxili qətllər qeydə alınır.  Demək olar ki, hər gün regionlardan kiminsə intihar etməsinə, ailə üzvlərindən birini qətlə yetirməsinə, torpaq və mülk davalarına dair xəbərlər gəlir. 

  Bölgələrdə baş verən hadisələrin səbəbini isə tam şəkildə öyrənib aradan qaldırmaq çətin bir işə çevirilib. Halbuki, ölkədə böyük bir sosioloq və psixoloq ordusu var, onlarla QHT fəaliyyət göstərir onlar əhalinin vəziyyətini ətraflı şəkildə öyrənə, problemin həll edilməsi üçün əlaqədar qurumlar qarşısında məsələ qaldıra bilər. Sosioloq və psixoloqlar isə hesab edir ki, bölgələrdə iş aparmaq, araşdırma-tədqiqat layihələri həyata keçirməkdən ötrü şərait yoxdur. Onlar da bildirir ki, bölgələrdə yaşanan problemlərin aradan qaldırılması üçün böyük maarifləndirmə işi həyata keçirmək lazımdır. Çünki əhali çox şeyi məlumatsızlıqdan edir. Bölgələrdə regional psixologiya və sosioloji mərkəzlərin fəaliyyət göstərməsinin vacib olduğunu deyən sosioloqların fikrincə, o ictimai qurumlar yerlərdə ciddi araşdırmalar, yeri gələndə ailələrlə fərdi söhbətlər apara bilər. Bunun üçün böyük maliyyə vəsaitinin tələb olunduğunu deyən mütəxəssislərin bildirdiyinə görə, bu məsələdə dövlət özü maraqlı olmalıdır. Donor təşkilatların ayırdığı maliyyə yardımı müqabilində müəyyən şərtlər irəli sürəcəyini bildirən sosioloqlar söyləyir ki, dövlət isə, yalnız əhalini düşündüyündən, heç bir tələb irəli sürməyəcək. 

  Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, istənilən sosioloq və psixoloq üçün bölgələrdə işləmək çətin deyil, sadəcə, onların iş görməsindən ötrü şərait yaradılmalıdır. Əhalinin maariflənməsinə böyük ehtiyac olduğunu deyən E.Rüstəmov bildirdi ki, müəyyən ailələrdə psixi durumu normal olmayan insanlar da yaşayır, o şəxslərin vəziyyətini araşdırıb ortaya çıxarmaq üçün reabilitasiya mərkəzləri olmalıdır. Çox zaman qətl törədən, intihar edən, özünü normal apara bilməyən insanların psixi durumunun qaydasında olmadığını deyən E.Rüstəmov hesab edir ki, bölgələrdə yaşayan bu insanlar psixi xəstə kimi heç bir yerdə qeydiyyatda olmadığı üçün onları vaxtında müəyyən eləmək çətinləşir. Psixoloq deyir ki, açılmalı olan reabilitasiya mərkəzlərində çalışan psixoloqlar isə həmin bölgəni gəzib, müvafiq kontingenti müəyyən edərək məcburi şəkildə mərkəzə cəlb etməlidir: "Yaxşı olardı hər bir bölgədə, rayonda reabilitasiya mərkəzi açılsın. Özü də bu mərkəzlər dövlət nəzarəti altında fəaliyyət göstərsin. Amerikada əhalinin psixi sağlamlığı üçün milyardlarla pul ayrılır. Onlar ölkə əhalisinin psixi təhlükəsizliyini düşünür. Azərbaycanda da dövlət belə bir iş görməlidir. Bu işə dövlətin qarışması, bu sahəni maliyyələşdirməsi ona görə yaxşıdır ki, donor təşkilatlar maliyyələşməni həyata keçirsə müəyyən şərtlər irəli sürə bilər. Psixoloji baxımdan normal olmayan adamlar reabilitasiya mərkəzlərinə məcburi qaydada gətirilməlidir. Əhalinin vəziyyətinə reabilitasiya mərkəzlərinin qurulması dərindən kömək edə bilər. Ailələr var ki, orada psixi durumu qaydasında olmayan uşaq böyüyür, valideyn onun problemini ətrafdan gizlədir və sabah həmin şəxsi evləndirir. Sonra da bu, ciddi problemlə nəticələnir. Amma mərkəzlər olarsa, psixoloq və sosioloqlar bölgələrdə bu vəziyyəti öyrənər o insanların törədəcəyi təhlükənin qarşısını vaxtında alar. Belə insanlar uzunmüddətli psixoloq nəzarəti altında qala bilər. Bir də ki, sosial reklamlara ciddi ehtiyac yaranıb. İnsanları maarifləndirmək lazımdır ki, bu mərkəzlərin onların problemlərini həll etmək üçün yaradıldığını bilsinlər". 

  E.Rüstəmov deyir ki, özü vaxtaşırı cənub bölgəsinə gedir və burada müəyyən araşdırmalar aparır: "Mən özüm astaralıyam. Ora gedirəm. Görürsüz ki, axır vaxtlar cənub bölgəsində intihar faktları nə qədər artıb. Bu yola əl atanların böyük əksəriyyəti yeniyetmələrdir. Məlum olur ki, intiharlara əsas yol açan amil qarşılıqsız sevgidir. Tutalım, maliyyə tapıldı, daha geniş şəkildə araşdırma apardıq, problemlərin kökü tapıldı. Biz təklif hazırlayıb rəsmi orqanlara göndərdik. Bizim təkliflərə baxılmalıdır. Baxılmır axı. Biz bütün istiqamətlərlə bağlı reabilitasiya mərkəzlərinin yaradılması ilə əlaqədar dəfələrlə müraciət etmişik. Bölgələrdə araşdırma aparmaq mütəxəssislər üçün problem deyil, sadəcə şərait qurulmalıdır. Bizim verdiyimiz təkliflərə baxılarsa, yəni nəticələrlə bağlı konfranslar, tədbirlər keçirilməsinə dəstək verilərsə işlər görmək olar. Söhbət psixi, sosial təhlükəsizlikdən, Azərbaycan genefonundan gedir. Buna laqeyd yanaşmaq olmaz. Yaşlı bir qadın tanıyıram. Öz nəvəsini saxlayır. 

  Nəvəsi də psixi cəhətdən normal deyil. O deyir ki, mən uşağı reabilitasiya mərkəzinə, digər yerlərə qoya bilmirəm, çünki uşaq məndən ayrılıb getmək istəmir. Bu nə deməkdir? O uşağı məcburi şəkildə reabilitasiyaya cəlb etmək lazımdır. Kim təminat verə bilər ki, o sabah yaşlı qadına, yaxud bir başqasına xəsarət yetirməyəcək? Bizim cəmiyyətdə bunlar gizlədilir. Bəzən intihar edən bir adam haqda "onun psixi durumu yerində deyildi" deyirlər. Halbuki o, xəstə kimi heç bir yerdə qeydiyyatda olmur. Amma mərkəzlər olsa, insanlar tərəfindən gizlədilən bu problemləri aşkarlayar". 

  E.Rüstəmovun sözlərinə görə, bölgələrdən Bakıya gəlib burada ali məktəblərdə psixoloq təhsili alan məzunların bölgələrə göndərilməsi də araşdırmaların uğurla aparılmasına təkan verə bilər. 

   
İradə SARIYEVA


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo