Biz axır illər öz toysevərliyimizlə, çal-çağıra meyl göstərməyimizlə diqqəti daha çox cəlb edirik. Cah-cəlallı toy etmək üçün şəhərimizdə hər cür şəraitdə var. Paytaxtda məktəbdən, uşaq bağçasından, xeyriyyə təşkilatlarından çox şadlıq evi və restoran var.
İlin iki ayını çıxmaq şərtilə, qalan on ayında, demək olar ki, hər gün restoran və şadlıq evlərində toy-bayramdır. Qoy olsun.
Məhərrəmlikdə və may ayında insanlar toy eləməyə elə də maraq göstərmir. Əhali arasında yaşayan inanca görə, may ayı boş aydır və bu ayda toy eləmək yaxşı əlamət sayılmır. Məhərrəm ayında da toyların olmaması sırf dini təfəkkür tərzilə bağlıdır. Yəni bu ayda Məhəmməd Peyğəmbərin nəvəsi, həzrəti Hüseyn şəhid edilib. Bu böyük şəxsiyyətə matəm əlaməti olaraq restoranlar öz qapılarını bağlayır.
Apardığımız araşdırma zamanı isə bəlli oldu ki, bu il may ayında bəzi restoran və şadlıq evlərində çal-çağır olacaq. Yəni insanların müəyyən bir qismi bu ayın boşluğunu, uğursuzluğunu nəzərə almayıb öz övladına toy edir.
"Sarı gəlin" şadlıq sarayından bizə bildirdilər ki, may ayında cəmi bir toyları var, o da mayın 8-dən sonra olacaq. "Meridian", "Xəmsə", "Xarı bülbül", "Rauf", Şəlalə" və s. şadlıq evlərində isə ümumiyyətlə toy yoxdur. Bu obyektlərdən verilən məlumata görə, bu ay gəlirsiz ay olduğundan, şadlıq evləri işləmək istəmir. Araşdırma zamanı ürəkağrıdan bir faktla da üzləşdik.
Demə, mayın 8-də - Şuşanın işğalı günü toy edənlər də var. Bunu "Meqa Plaza" şadlıq sarayı ilə əlaqə saxlayarkən bildik. "Meqa Plaza"nın əməkdaşı bizimlə söhbətində bildirdi ki, bu ay cəmi iki toyları var. Bu toylardan biri mayın 8-də, o biri isə 9-da baş tutacaq. Ona mayın 8-nin Şuşanın işğal günü olduğunu xatırlatdıqda əməkdaş nə desə yaxşıdır: "Mayın 8-də toy edənlər elə şuşalılardır. Onlar Şuşanın təssübünü çəkmirsə, camaat niyə çəkməlidir? Şuşanın işğalından 20 il keçib, xalq öz kefindədir. Şuşada doğulan erməni uşağının artıq 17-18 yaşı var. Siz də Şuşanın işğalı belə gəldi, elə getdi deyirsiz. Şuşalılar Şuşanın işğal günündə qol götürüb oynayacaqsa, biz nə edək?"
Əməkdaş bu faciəli gündə övladına toy edən şəxsin adını açıqlamaqdan imtina elədi.
Qəribədir. Təxminən iki il əvvəl paytaxt restoranlarından birində aprelin 2-də, yəni Kəlbəcərin işğal günündə (bəzi dərsliklərdə Kəlbəcərin işğal günü 03-06.04.1993-cü il kimi qeyd edilir-C.Q) kəlbəcərlilər toy etmişdi. Bu lap insanın öz valideynlərinin, ata-anasının, qardaş-bacısının, övladının yas günündə toy etməsinə bənzəyir...
Cəmilə QARAYEVA, Bakı Xəbər qəzeti