qhtxeber.az// “Seliger 2010” dünyanın gələcək liderlərini birləşdirməyə yönəldilmiş beynəlxalq layihədir. Beynəlxalq şəbəkənin yaradılması məqsədilə seçilmiş 3000 iştirakçının bu layihə vasitəsilə bir araya gəlməsi nəzərdə tutulur.
İştirakçılar dünyanın müxtəlif yerlərindən olan məqsədyönlü, ağıllı və təşəbbüskar insanlarla ünsiyyətdə olmaq, aparıcı siyasətçilər, akademiklər, iş adamları ilə görüşmək imkanı əldə edəcəklər.
İştirakçılar bu layihə vasitəsilə bugünün və gələcəyin biznes, siyasi liderləri və akademikləri arasında güclü şəbəkələr yaradılması, Yer kürəsinin müxtəlif yerlərindən olan ağıllı və məqsədyönlü gənclərlə ünsiyyət qurmaq üçün unikal imkan, hər kəsin fikirlərini bölüşə biləcəyi, tərəfdarlar tapa biləcəyi yaradıcı mühit və iyulun 1-dən 8-nə kimi Rusiyanın Tver Regionunda Seliger gölü ətrafında unudulmaz vaxt keçirmək şansı əldə edəcəklər.
“Seliger 2010” layihəsi çərçivəsində Rusiya və Dünya Siyasəti, Biznes və İnnovasiyalar, Kütləvi İnformasiya Vasitələri, Vətəndaş Cəmiyyəti, Davamlı İnkişaf, Ətraf mühit, İncəsənət və Dizayn mövzuları ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, SELİGER 2010 təhsil proqramı Moskva Dövlət Universiteti tərəfindən hazırlanır.
İştirakçılar onları maraqlandıran mövzunu seçdikdən sonra bu istiqamətlə bağlı mühazirələrdə və seminarlarda, konfranslarda və dəyirmi masalarda iştirak etmək imkanı əldə edəcəklər.
SELİGER 2010 iştirakçısı olmaq şansı əldə etmək üçün www.seliger.ru saytında verilmiş məlumatlarla yaxından tanış olmalı, təklif olunan mövzulara əsasən iştirak etmək istədiyiniz istiqaməti müəyyənləşdirməli, forumda iştirak edə bilmək üçün ərizə formasını doldurmalı, müsabiqədə iştirak etməlisiniz. İki həftə ərzində təşkilat komitəsi doldurulmuş ərizə formasına əsasən ikinci mərhələyə buraxılan iştirakçılar haqqında məlumat verəcək. İkinci seçim mərhələsində beynəlxalq layihənin işçi dili inglis dili olduğuna görə bu mərhələdə iştirakçılar işçi komissiyanın eksperti tərəfindən inglis dilində keçirilən müsahibədən keçməlidirlər. Seçim turundan keçmiş iştirakçıların siyahısı 10 iyuna kimi elan olunacaq. SELİGER 2010 Gənclər Forumunun hər bir iştirakçısı yol xərclərini, təşkilati və sığorta xərclərini ödəməlidir. Seçim turundan keçdiyiniz halda sizə müəyyən olunmuş məbləği ödəmək üçün bank rekvizitləri göndərilir.
Hazırladı: Aygün Əsgərova