
Azərbaycanda tərcümə ədəbiyyatının bugünkü səviyyəsi sizi qane edirmi? İnteqrasiya prosesinin genişlənməsinin təsiri altında yayılan və ədəbiyyatın mühüm qoluna çevrilən tərcüməçilik müxtəlif xalqların mədəniyyəti, elmi, adət-ənənələri, tarixi və mentaliteti ilə yaxından tanış olmağa, həmin mühitə virtual şəkildə də olsa daxil olmağa əlverişli şərait yaradır.
Qloballaşan dünyada tərcümə hədəfi olan dil və bu tərcümələrlə zənginləşən ədəbiyyat dünya dili və dünya ədəbiyyatına qovuşmaqla ümumbəşəri əhəmiyyət kəsb edir. Bu baxımdan - Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin əcnəbi dillərə, dünya ədəbiyyatının ən qiymətli nümunələrinin Azərbaycan dilinə tərcüməsini təşkil etmək, cəmiyyətdə gedən demokratik proseslərin beynəlxalq aləmdə təbliğinə nail olmaq kimi missiyanı üzərinə götürən “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi 2004-cü ildə “Ədəbiyyat proqramı” layihəsini həyata keçiribdir. Amerika və Britaniya yazıçılarının əsərləri seçilib, sadələşdirilmiş formada yenidən çap olunaraq kitablar Qaradağ rayonunda yerləşən 10 məktəb kitabxanasına paylanıbdır.
“Ədəbiyyat” proqramının davamı olaraq, Birlik “Ədəbiyyat proqramının genişləndirilməsi ” layihəsi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin maliyyə dəstəyi ilə Qaradağ məktəblərinin ingilis dili müəllimlərini və məktəb kitabxanalarını ingilis dilində sadə ümumi oxu materialı - tədris vəsaiti ilə təmin etmişdir. Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması layihənizdə hansı məsələlər önə çəkilir? Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən bu layihə Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümə sahəsində yaradılan ilk elektron məlumat bazasını daha da genişləndirmək və təkmilləşdirmək məqsədilə həyata keçirilibdir. Layihənin istər ilk mərhələsinin, istərsə də ikinci mərhələsinin həyata keçirilməsində Azərbaycan Dillər Universitetinin rəhbərliyinin və professor-müəllim heyətinin köməyini və mənəvi dəstəyini də xüsusi vurğulamaq istəyirik. Layihənin həyata keçirilməsi ideyası ilk dəfə UNESKO-nun «Tərcümə, Şərhetmə və Terminologiya Yeni Qlobal Kontekstdə» və "Tərcümə və transmilli proseslər" mövzularında 1999 və 2004-cü illərdə Azərbaycan Dillər Universitetində keçirdiyi beynəlxalq konfranslardan sonra meydana gəlmişdir. Həmin konfranslarda milli dilin leksik və qrammatik kodlaşması, dilimizin frazeologiya və terminologiyasının inkişaf etdirilməsi, həmçinin Azərbaycan dilinə və Azərbaycan dilindən əcnəbi dillərə edilmiş tərcümə əsərlərinin elektron kataloqunun yaradılması məsələləri xüsusi müzakirə predmeti olmuşdur. Azərbaycan dilinin tərcümə tarixinin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz? Azərbaycan dilindən əcnəbi dillərə, eləcə də əcnəbi dillərdən Azərbaycan dilinə bədii tərcümənin tarixi qədimdir. 70 illik sovet dönəmində isə tərcümə sahəsində daha böyük uğurlar qazanılmış, dünya ədəbiyyatının ən qiymətli sərvətləri Azərbaycan dilinə tərcümə olunmuşdur. Sonralar Azərbaycan müstəqillik qazanmış, latın qrafikalı əlifbamız bərpa edilmişdir. Nəticədə uzun illər boyu dilimizə kiril əlifbası ilə tərcümə olunmuş zəngin ədəbi xəzinə indi latın qrafikalı əlifba ilə təhsil alan gənclər üçün əlçatmaz olmuşdur. Doğrudur, ölkə başçımız İlham Əliyev vaxtilə kiril əlifbası ilə nəşr olunmuş dəyərli kitabların latın qrafikalı əlifba ilə nəşri barədə ayrıca sərəncamlar imzalamış, ən vacib əhəmiyyət kəsb edən əsərlərin nəşri təşkil olunubdur. Amma nəzərə alsaq ki, sovet dönəmində nəşr olunan kitab, jurnal və qəzetlərin, onlarda dərc edilən tərcümə əsərlərinin sayı yüzminlərlədir, onda bu əsərlər barədə heç olmasa müvafiq biblioqrafik məlumat bazasının yaradılması mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Azərbaycanın dünyaya inteqrasiya prosesi yeni reallıqlar meydana gətiribdir. Sovet dönəmindən fərqli olaraq, indi bədii əsərlər Azərbaycan dilinə əsasən orijinaldan çevrilir. Ölkədə inkişaf etmiş təhsil sistemi, əcnəbi dillərin yüksək şəkildə tədris olunması və sair amillər yeni və güclü tərcüməçilər nəsli yetişdiribdir. Gerçəkləşən layihə hansı əhəmiyyətli məramı ilə diqqət çəkəcək nəticələr vəd edir? Son 60 ildə, xüsusən müstəqillik illərində Azərbaycan dilindən xarici dillərə (rus, ingilis, alman, fransız, ərəb və fars), eləcə də xarici dillərdən Azərbaycan dilinə tərcümə edilən əsərlərin elektron biblioqrafik məlumat kataloqunu yaratmaq olmuşdur. Bundan əlavə son illər hazırlanmış tərcümə əsərlərinin elektron mətnlərindən ibarət elektron kitabxana yaradılmışdır. Azərbaycanda 1920-2007-ci illər ərzində tərcümə sahəsində yazılmış tədqiqat əsərlərinin də məlumat kataloqu, habelə son illər yazılmış tədqiqatların elektron mətnindən ibarət elektron kitabxana təşkil olunmuşdur. Azərbaycanın tanınmış tərcüməçilərinin qısa bioqrafiyası verilmiş, xarici ölkələr ədəbiyyatının müxtəlif sahələrinə dair ölkəmizdə müdafiə olunmuş namizədlik və doktorluq dissertasiyalarının elektron məlumat bazası yaradılmışdır. Bütün bu məlumatlarla yanaşı saytda ikidilli və çoxdilli terminoloji lüğətlər (ədəbiyyatşünaslıq terminləri, coğrafi adlar lüğəti, qısaldılmış sözlər lüğəti və s.) ayrı-ayrı dillərin qrammatikasına dair məlumatlar, Azərbaycan dilindən əcnəbi dillərə (yuxarıda göstərilən altı dil) və əcnəbi dillərdən Azərbaycan dilinə tərcümə tarixinə dair xüsusi məqalələr yerləşdirilmişdir. Bu günə kimi bizim ədəbiyyat haqqında belə bir baza yaradılmışdırmı? Təəssüf ki, ötən ilə qədər bizim ədəbiyyat haqqında belə bir baza yaradılmamışdı. Bizim ictimai birlik YUNESKO-nun maliyyə dəstəyi ilə www.tercume.az adlanan veb-sayt yaratdı, veb-saytın ünvanı YUNESKO-nun saytına yerləşdirildi və deməli, Azərbaycanın tərcümə ədəbiyyatına dair resurs bazası dünya oxucularının ixtiyarına verildi. İlkin mərhələdə veb-sayta son 40 ilə yaxın dövrdə Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümələr barədə biblioqrafik təsvirlər daxil edilib, eləcə də həmin dövrdə tərcümənin nəzəri məsələlərinə dair ölkəmizdə işıq üzü görən elmi-nəzəri materialların biblioqrafik təsvirləri verilib, Azərbaycan dilinə və Azərbaycan dilindən xarici dillərə tərcümə əsərlərindən ibarət kiçik elektron kitabxana yaradılıb. Lakin saytın daha da genişləndirilməsinə və təkmilləşdirilməsinə ehtiyac yarandığından "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi maliyyə yardımı üçün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət edib və müraciət Şuranın dəstəyini qazanıb, layihənin həyata keçirilməsinə maliyyə vəsaiti ayrılıb. Bu yardım hesabına sayt daha da təkmilləşdirilib, ora 1950 -2009-cu illərdə nəşr olunmuş tərcümə əsərlərinə dair biblioqrafik təsvirlər daxil olunub. İlkin variantda elektron bazaya cəmi 4700 biblioqrafik təsvir daxil edilibsə, ikinci mərhələdə bu məlumatların sayı 7 mini ötüb. Bütün bunlarla yanaşı elektron kataloqun və elektron kitabxananın daha da təkmilləşdirilməsi və genişləndirilməsinə böyük ehtiyac duyulur.
Müsahibə: Səbinə Mövsümova