Axtarış: 
Möminat Ömərova, Azərbaycan Diabet Cəmiyyətinin sədri: “Təşkilatımız Səhiyyə Nazirliyi və onun müvafiq profilli müəssisələri ilə əməkdaşlıq fəaliyyətini genişləndirir”
+  -  Çap 
Yerləşdirilib: 25.01.10 | Baxılıb: 271
Şəkərli diabet yayılma sürətinə və ağır fəsadlar törətməsinə görə dünya miqyasında ən ciddi problemlər yaradan bir xəstəlikdir. Bu xəstəlik ölümə səbəb olan xəstəliklər arasında yer alan ürək-damar və xərçəng xəstəliklərindən sonra ən çox təsadüf ediləndir. Şəkərli diabetin geniş yayılması nəticəsində erkən əlilliyə səbəb olan ağır fəsadlarla bağlı sosial-iqtisadi itkilər də xeyli artır. 2006-cı il dünya tarixində diabetə qarşı mübarizənin dönüş ili kimi daxil olacaq. 2006-cı ilin 20 dekabrında BMT-nin Baş Assambleyası diabet üzrə qətnamə qəbul etdi. Qeyri-yoluxucu olan bu xəstəlik özü ilə bəşəriyyətə yoluxucu xəstəliklərin epidemiyası qədər dəhşət gətirir. Qətnamə bütün dünya ölkələrini diabetin profilaktikası, müalicəsi, təlimi, lazımı tibbi yardımları və tədbirləri özündə əks etdirən milli proqramların hazırlanmasına çağırır ki, bu da səhiyyə sisteminin fasiləsiz inkişafının bir hissəsidir. BMT-nin qətnaməsi Azərbaycanda olan şəkərli diabet xəstələrinin də ümidlərini artırır. Belə ki, 1991-ci ildən sonra dövlət ilk dəfə olaraq ŞD (şəkərli diabet) üzrə proqramın reallaşması üçün xüsusi olaraq maliyyə vəsaiti ayırmağa başladı. İnkişaf etmiş ölkələrdə ŞD probleminə xəstəlik kimi yox, həyat tərzi kimi baxırlar. Bununla əlaqədar Beynəlxalq Diabet Federasiyasının sədri Mariya de Alvanın bir çıxışını xatırlayıram. O deyirdi: “Uşaqlıqdan diabet xəstəsi olmağım mənə ərə getməyə, iki uşaq dünyaya gətirməyə, ailəmizə daha iki atılmış uşağı qəbul etməyə mane olmadı. Diabet mənə nəinki, ailəmə böyük diqqət yetirməyə, həmçinin öz işimlə bağlı olaraq Meksikada diabet assosiasiyasını yaratmağıma və inkişaf etdirməyimə də mane olmadı. Bu cəhətdən də diabet mənim üçün bir xəstəlik deyil, o sağlam və təbii həyatımın bir hissəsinə çevrildi.” Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə ciddi siyasi və sosial-iqtisadi problemlər yükü ilə qarşılaşdı, bu səbəbdən də respublikada diabet sahəsində çox gərgin vəziyyət yarandı: yüksək ölüm, əlillik, endokrinoloji dispanserlərin və poliklinikaların şəkərsalıcı dərmanlarla və özünənəzarət vasitələri ilə təminatı, reabilitasiya sistemi acınacaqlı halda idi. Vəziyyətin belə olduğu bir zamanda şəkərli diabet xəstələrinə sosial və hüquqi müdafiə yardımı göstərmək, eləcə də ictimaiyyətə xəstəlik haqqında məlumat verməklə bu ciddi problemə dövlətində diqqətini cəlb etmək məqsədilə Azərbaycan diabet cəmiyyəti (ADC) təsis edildi, dövlət tərəfindən 7 noyabr 1997-ci il tarixdə qeydiyyata alındı. 1996-1997-ci illərdə ADC Bakıda “Novo-Nordisk ” Danimarka şirkətinin dəstəyi ilə iki beynəlxalq diabetoloji seminar keçirmişdir. Bu tədbirlər diabetologiyanın Azərbaycanda inkişafını istiqamətləndirərək ADJ-nin sonrakı fəaliyyətinə təkan verdi. Bu seminarlara Danimarkadan, Böyük Britaniyadan və Hollandiyadan (Fillip Houm, Sayman Heller, L. King, J.Levi, Udqar Landqraf və s.) dünyanın aparıcı diabetoloqları cəlb edilmişdir. Beləliklə, tez bir zamanda, yəni 1997-ci ildə Lissabonda Sent-Vinset bəyannaməsinin tətbiqinə həsr olunmuş IV Beynəlxalq konfransda ADC dünya ictimaiyyətinə özü barədə məlumat verdi. Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının təşkil etdikləri bu konfransda mən də çıxış etdim. Mən Azərbaycanda ŞD xəstəliklərinin qarşılaşdıqları ciddi problemləri göstərməklə bu problemlərin həlli üçün şəkərli diabet xəstələrinə kömək göstərilməsinə laqeyd yanaşmayan hər bir kəsin buna cəlb edilməsində ADC-nin səyini nəzərə çatdırdım. 1997-ci ildə ADC-nin dəvəti ilə Beynəlxalq Diabet Federasiyasının (BDF) sədri xanım Mariya de Alva Azərbaycana gəldi. O, Azərbaycan Respublikasının Prezident Aparatında, Milli Məclisdə və Səhiyyə Nazirliyində görüşlər keçirdi. Bu görüşlərdə o, şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında qanunvericilik bazasının yaradılmasının əhəmiyyətini qeyd etdi. BDF sədrinin bu gəlişi ADC-nin fəaliyyətinə yeni impuls verdi və cəmiyyətin üzvlərində Federasiyanın “Birlikdə daha güclüyük” devizi ətrafında birləşmək inamını artırdı. Həmçinin, 1997-ci il noyabrın 14-də ADC Ümumdünya Diabet Gününü qeyd etdi. Həmin gün “Qarşılıqlı anlaşma gözəl həyatın açarıdır” devizi altında uşaqların rəsmlərindən ibarət sərgi təşkil edildi. ADC-nin uğurlu layihələrindən biri də Bakı və Respublika endikrinoloji dispanserində əhali arasında maarifləndirmə məqsədilə “Diabet məktəbləri”nin təşkili olmasıdır. 1999-cu ildə ADC-nin tərkibinə Şəki Şəkərli Diabet Assosiasiyası daxil edildi. ADC-nin xarici dərman şirkətlərlə əməkdaşlığı nəticəsində ŞD haqqında mətbu məhsullar çap edilmiş və yayılmış, pulsuz qlukometrlər paylanmışdır. ŞD problemləri üzrə aktual məlumatlar, eləcə də ŞD-nin profilaktikası məsələləri barədə əhali arasında maarifləndirmə işini yaymaq məqsədilə ADC aparıcı endokrinoloqları və diabetoloqları cəlb edərək, 1999-cu ildə “Dia Media” qəzetini nəşr etdirdi. Bütün bu fəaliyyətin nəticəsində ADC 2000-ci ildə BDF-a üzv qəbul edildi. 2004-cü ildə ADC Heydər Əliyev Fondu ilə birgə “Şəkər diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirdi. Fondun müraciəti və “Novo-Nordisk” şirkətinin dəstəyi ilə 300-dən çox uşağa bir illik keyfiyyətli insulin iynə-qələm verildi. Bu layihənin təqdimatında Beynəlxalq Diabet Federasiyasının Avropa üzrə prezidenti Vim Ventes iştirak etdi. 2005-ci ildə ADC “Diabet üzrə Dövlət proqramı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirildi, bu tədbirdə Beynəlxalq Diabet Federasiyasının vitse-prezidenti Massimo Massi Benedetti iştirak etmişdir. Eyni zamanda o, ADC-nin Şəkidə təşkil etdiyi seminarda da iştirak edib şəkərli diabet problemi ilə bağlı mühazirə oxumuşdur. ADC rəhbərliyi 1-ci tip ŞD xəstəliyinə tutulmuş gənc qızların ailə qurduqda sağlam körpə dünyaya gətirmək arzusunu ürəkdən dəstəklədi. Bu məqsədlə ADC 2007-ci ildə “Diabet və hamiləlik” layihəsini hazırladı və onun reallaşması üçün bir neçə şirkətə, dövlət orqanlarına və banklara müraciət etdi. Onların köməyi ilə insulin pompası alınaraq şəkərli diabet xəstəsi olan Xatirə Almasovaya verildi. Nəticədə o, dünyaya sağlam qız gətirən ana oldu. Bu layihəni davam etdirərək ADC ana olmağa hazırlaşan Lalə İsayeva üçün də belə cihazın alınmasını təşkil etdi. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2008-ci ilin avqust ayında ADC-nin “Azərbaycanın ŞD sahəsində ictimai nəzarətin təşkili” mövzusunda olan layihəsini qalib elan edib. Bu layihə çərçivəsində Şəkərli diabet üzrə 2005-2009 - cu illər üçün təsdiq edilmiş Dövlət Proqramının yerinə yetirilməsinin monitorinqi aparılmışdı. Monitorinq Lənkəran, Zaqatala rayonları, Sumqayıt və Mingəçevir şəhərlərində keçirilmişdir. Monitorinqin nəticələri əsasında qarşıdakı illər üçün hazırlanacaq sənədlərə lazımı təkliflər Səhiyyə Nazirliyinə verilib. Hazırda nazirlikdə təşkil edilmiş səhiyyə və planlaşdırma sektoru 2011-2015-ci illər üçün Dövlət Proqramı layihəsini hazırlayır. ADC-nin bir çox təklifləri bu layihədə öz əksini tapmışdır. Təşkilatımız Səhiyyə Nazirliyi və onun müvafiq profilli müəssisələri ilə əməkdaşlıq fəaliyyətini genişləndirir. ADC-nin ən böyük xidmətlərindən biri “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun layihəsinin hazırlanmasına ciddi təşəbbüslər göstərməsi olub. Bu sənəd vaxtilə Milli Məclisin Sosial-siyasət daimi komissiyasına təqdim edilmiş və 2003-cü ilin dekabrında qanun olaraq qəbul edilmişdir. Bu qanun və onun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına müvafiq olaraq, Nazirlər Kabineti “Şəkərli diabet üzrə Dövlət Proqramını təsdiq etdi. Hər iki sənəd – Qanun və Proqram dövlətin şəkərli diabet xəstələrinin dərman preparatları ilə təmin edilməsinin zəmini və qayğısının təzahürüdür. Bu mühüm sənədlərdə dövlət hesabına bütün lazımi tibbi müayinələrin aparılması və xəstələrin həyat keyfiyyətinin qaldırılması üzrə digər mühüm tədbirlərin reallaşdırılması üçün dövlət büdcəsindən xüsusi maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur. Diabetə qarşı mübarizədə bütün ictimaiyyət öz qüvvələrini birləşdirərək, Azərbaycanda bu problemə olan münasibəti kökündən dəyişməlidir. İlk növbədə şəkərli diabet ölkəmizdə hamı tərəfindən ağır xəstəlik kimi deyil, həyat tərzi kimi qəbul edilməlidir. O halda diabet xəstələri cəmiyyətin tam keyfiyyətli üzvləri kimi qəbul edilərlər. Hazırladı: Nərmin Sadıqova

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo