Məlum olduğu kimi, Rusiya Dövlət Duması miqrantlar üçün ödənişli əmək və mütləq daktiloskopiya, yəni əl izlərinin götürülməsi haqqında qanun layihəsini əsas oxunuşda qəbul edib. Yayılan məlumata görə, bu addım miqrantların leqallaşması məqsədilə atılır.
Tətbiq olunacaq yeni qayda Rusiya ərazisində yaşayan 3 milyon miqranta şamil oluna bilər. Onu da qeyd edək ki, əmək patentinin qiymətinin 1000 rubl, yəni təxminən 30 dollar olması nəzərdə tutulub. Patent 1 aydan 3 aya kimi qüvvədə ola və il ərzində bir neçə dəfə uzadıla bilər. Qayda Rusiyaya vizasız, yəni əsasən MDB ölkələrindən gələn miqrantlara şamil ediləcək. Yəni burada söhbət Rusiyada bizneslə məşğul olan şəxslərdən, yaxud da hansısa təşkilatda qanuni işə düzələn işçilərdən getmir.
Bununla belə, Azərbaycanda da əcnəbi əmək miqrantlarının sayı az deyil və onların sayında ilbəil artım müşahidə olunur. Belə ki, qeyri-rəsmi məlumatlara görə, bu gün ölkədə əcnəbi miqrantların sayı 60 min nəfəri ötür. Ümumiyyətlə, analoji qanunların Azərbaycanda da qəbul edilərək tətbiq olunmasına ehtiyac varmı? Bunun nə kimi nəticələri ola bilər?
Bu və digər suallarımızı cavablandıran miqrasiya üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, analoji qanun layihəsinin Azərbaycanda qəbul olunmasına ciddi ehtiyac yoxdur: "Çünki Azərbaycanın ərazisi Rusiya kimi kütləvi əmək miqrantı ordusunun təsirinə məruz qalmayıb. Faiz nisbəti ilə bu gün Azərbaycan ərazisində əmək fəaliyyətilə məşğul olan əcnəbi miqrantların sayı Rusiyadakılarla müqayisədə qat-qat aşağıdır. Çünki bizdən fərqli olaraq, Rusiyanın ərazisi kifayət qədər böyükdür. Bu baxımdan sözügedən ölkənin istənilən bölgəsində yüz minlərlə əməkçi miqrantın qanuni və qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğu bəllidir. Bu gün Rusiyada tətbiq olunan 2 milyonluq kvota ildən-ilə azaldılır.
Bütün bunlar onu göstərir ki, Rusiyanın müvafiq strukturları orada işləyən əməkçi miqrantlarla bağlı mövcud qaydaları bir qədər də təkmilləşdirmək niyyətindədir. Sadəcə olaraq, bu daktiloskopiya, yəni əl izlərinin götürülməsi və əmək fəaliyyətilə məşğul olanlara patentlərin verilməsi mahiyyət etibari ilə tətbiq olunan alətlərdən biridir".
Ekspert vurğuladı ki, bütövlükdə hansı ölkənin ərazisində ki, qanunsuz əmək miqrantlarının sayı yüz minlərlədir, həmin ölkədə belə qaydalar tətbiq olunur: "Rusiyanın indiki baş naziri Vladimir Putin vaxtilə prezident olarkən çıxışlarının birində qeyd etmişdi ki, ölkə ərazisində 4 milyondan 12 milyonadək qanunsuz miqrantın olduğu məlumdur. Bunların da böyük əksəriyyəti qanunsuz əsaslarla əmək fəaliyyətilə məşğul olur. Bu baxımdan əl izlərinin götürülməsi məsələsi həmin boşluğun aradan götürülməsinə xidmət edir. Ümumiyyətlə, buna oxşar qanunların hələlik Azərbaycanda tətbiq olunmasına ehtiyac yoxdur. Ən azı ona görə ki, Azərbaycan ərazisində qanunsuz əmək fəaliyyətilə məşğul olan əcnəbilərin sayı bir o qədər də çox deyil. Rəsmi statistikaya görə, ölkə ərazisində 8 min nəfərdən bir qədər çox əmək miqrantı işləyir. Yəni bu o şəxslərdir ki, ölkə ərazisinə qanuni əsaslarla daxil olub, qanuni əsaslarla yaşayıb əmək fəaliyyəti ilə məşğul olur. Onlara müvafiq icazə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən verilir".
Eyni zamanda Azər Əllahverənov bildirdi ki, qeyri-rəsmi statistikaya əsasən, ölkə ərazisində təxminən 50-60 min əcnəbi miqrant var: "Bunların böyük əksəriyyətinin əmək fəaliyyəti ilə məşğul olduğu göstərilir. Hesab edirəm ki, Azərbaycanda əmək miqrantları ilə bağlı qanundan irəli gələn tənzimləyici mexanizmlərin işə salınması, bunlara lazımi qaydada riayət olunması daktiloskopiya və digər tənzimləyici alətlərin tətbiq olunmasına olan ehtiyacı aradan qaldıracaq. Təbii ki, mövcud qanunvericilikdən irəli gələn qaydalara əməl olunsa. Məsələn, iki-üç il əvvəl ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantların sayı bir neçə yüz nəfər göstərilirdisə və ötən il bu 4 min nəfər idisə, bu gün sözügedən rəqəm iki dəfəyədək artıb. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, ola bilsin gələcəkdə Azərbaycandakı əmək miqrantları ilə bağlı vəziyyət bir o qədər fərqli istiqamətdə inkişaf etsin. Belə bir şey olsa, o zaman təbii ki, daktiloskopiya və digər tənzimləyici alətlərin tətbiq olunmasına zərurət yarana bilər".