Milli Məclisin son iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında" qanunlara əlavə və dəyişikliklər zamanı millət vəkili Baba Tağıyev maraqlı bir təkliflə çıxış edib ki, şəxsiyyət vəsiqələrimizdə milli kimliklə bağlı heç bir qeyd yoxdur, bu isə yolverilməzdir.
Onun sözlərinə görə, sovet dövründə də pasportlarda millət deyil, milliyyət göstərilirdi: "Türkiyə dövlətinin xarici pasportlarında milli kimlik göstərilir. Hesab edirəm ki, biz də bu praktikadan faydalanmalıyıq. Hər bir şəxsin milliyyəti şəxsiyyət vəsiqəsində öz əksini tapmalıdır". Millət vəkili Aydın Həsənov da Baba Tağıyevin təklifini dəstəklədi.
Qanun layihəsini təqdim edən parlamentin hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov isə dedi ki, millətin adının göstərilməsi təklifi köhnə baxışa qayıdışdır: "Şəxsiyyət vəsiqəsi milləti təsdiqləmir, şəxsiyyəti təsdiqləyir".
Onu da deyək ki, Baba Tağıyevin təklifi cəmiyyətdə çox böyük marağa səbəb olub. Bir çox insanlar təklifi dəstəkləyərək onun həyata keçməsi istiqamətində ciddi addımların atılmasını istəyirlər. Ancaq fərqli düşünənlər də var, ümumiyyətlə, bu məsələdə fikirlər haçalanır.
Mütəxəssislər isə bu fikirdədirlər ki, şəxsiyyət vəsiqəsində milli kimliyin göstərilməsi bəzi problemlər yarada bilər.
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, milli mənsubiyyətlə bağlı ayrıca qrafanın olmasına ehtiyac yoxdur: "Nəzərə almaq lazımdır ki, bizə qonşu ölkələrin heç birində şəxsiyyət vəsiqəsində milli mənsubiyyət qrafası göstərilmir. Ola bilsin ki, əhalinin etnik tərkibinin müəyyənləşdirilməsiə bağlı başqa vasitələrdən yararlanmaq mümkündür. Təbii ki, əhalinin etnik tərkibi itməməlidir. Ancaq bunun şəxsiyyət vəsiqəsi vasitəsilə edilməsini doğru saymıram. Doğrudur, etnik tərkib barədə məlumat bazasının formalaşdırılmasının ən asan yolu şəxsiyyət vəsiqəsində milli kimliyin göstərilməsidir. Buna baxmayaraq o məqam nəzərə alınmalıdır ki, insanlara demək olar hər gün şəxsiyyət vəsiqəsi lazım olur. Etnik tərkibin göstərilməsi düşünürəm ki, məhz bu baxımdan müəyyən problemlər yarada, ayrı-seçkiliyə yol verilməsinə gətirib çıxara bilər. Hesab edirəm ki, etnik tərkibin müəyyənləşdirilməsi üçün başqa vasitələrdən istifadə edilsə daha yaxşı olar. Hazırda doğum haqqında şəhadətnamədə valideynlərin milli kimliyi göstərilir. Ancaq milli kimliklə bağlı məlumatlar şifahi məlumat əsasında yazıldığından doğum haqqında şəhadətnamədə də bu qeydin aradan qaldırılmasının tərəfdarıyam. Azərbaycan Avropaya inteqrasiya edən ölkələrdəndir, həmin ölkələrin bu istiqamətdəki müsbət təcrübəsindən istifadə edilməlidir. ".
Tarixçi alim Məhərrəm Zülfüqarlı bu qənaətdədir ki, milli kimliyin göstərilməsi etnik seperatizmin güclənməsinə şərait yarada bilər: "Etnik millətçilik dalğası 1988-1991-ci illərdə sovet imperiyasına qarşı mübarizədə müsbət rol oynayıb. Amma sonradan Azərbaycanda etnik millətçilikdən dövlət millətçiliyinə keçmişik. Yəni azərbaycançılıq ideyası dövlət siyasəti kimi təqdim olunur, etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşlıq əsas götürülür. Onu da deyim ki, bu modeldən dünyanın əksər ölkələrində istifadə olunur, ona görə də, bizim üçün kimin hansı etnik mənsubiyyətə aid olmasının heç bir fərqi yoxdur. Sovet dövründə olduğu kimi milli kimliyin şəxsiyyət vəsiqəsinə yazılmasının əleyhinəyəm. Milli mənsubiyyətin önə çəkilməsi etnik seperatizmin güclənməsinə də şərait yarada bilər