Axtarış: 
Azay Quliyev: “Danimarkada seçkiləri Daxili İşlər Nazirliyi keçirir. Seçki kampaniyasına rəsmən 21 gün vaxt ayrılır ”
+  -  Çap 
Yerləşdirilib: 02.06.10 | Baxılıb: 328
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin qhtxeber.az-a müsahibəsi

Xəbər verildiyi kimi, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyəti Danimarkada səfərdə olub. Səfərin məqsədi, orada keçirilən tədbirlər haqda məlumat almaq üçün nümayəndə heyətinin üzvü Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevə müraciət etdik. 

- Azay müəllim, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin Danimarkaya səfərinin təfərrüatları haqda məlumat verməyinizi xahiş edərdik.


Bilirsiniz ki, ATƏT-in Parlament Assambleyasının (ATƏT PA) Baş qərargahı Kopenhagen şəhərində yerləşir və katiblik orada fəaliyyət göstərir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti vitse-spiker Bahar Muradovanın rəhbərliyilə Kopenhagendə 4 günlük səfərdə oldu. Məqsəd Parlament Assambleyasının və onun katibliyinin işi ilə yaxından tanış olmaq, qəbul olunmuş qərar və qətnamələrin icrası və monitorinqi mexanizmləri haqqında bilgilər əldə edib, mövcud vəziyyəti onlarla birlikdə müzakirə etmək idi. Səfər çərçivəsində Danimarka parlamentinin ATƏT-dəki nümayəndə heyətinin rəhbəri ilə görüşdük. Danimarka və Azərbaycan parlamentlərarası ikitərəfli münasibətlər, hazırki vəziyyət və perspektivlər haqqında fikir mübadiləsi apardıq. Bu çox mühüm bir məsələdir. Biz bu münasibətləri ikitərəfli qaydada gələcəkdə də davam etdirməliyik. 
Səfər müddətində Danimarkanın seçki sistemi ilə yaxından tanış olmaq imkanı əldə etdik. Bütövlükdə, səfər informasiya əldə etmək və bizim üçün maraqlı olan məsələlər üzrə fikir mübadiləsi aparmaq baxımdan çox məhsuldar oldu.

-Seçki ili olduğunu nəzərə alaraq, Sizə bu sualı veririk. Bildirdiniz ki, Danimarka seçki qanunvericiliyi ilə yaxından tanış olmusunuz. Bu məsələdə bizim seçki sistemimizlə hər hansı uyğunluq və ya fərqlər varmı? 

-Əlbəttə, biz Danimarka sistemi ilə yaxından tanış olduq. Əvvəla, onu deyim ki, Danimarkada seçkiləri müstəqil qurum deyil, Daxili İşlər Nazirliyi təşkil edir. Seçki kampaniyasına rəsmən 21 gün vaxt ayrılır. Sonuncu seçkidə səs toplamış partiyalar və müstəqil şəxslər hər səsə görə 26.50 kron dövlətdən vəsait alır. Danimarka seçki sistemi özünün proporsional şəkildə qurulması ilə yanaşı, burada majoritar qaydada da seçicilərin öz namizədlərini müəyyənləşdirməsinə imkan yaradılır. Yəni namizədlər həm partiya siyahısı, həm də fərdi şəkildə seçki marafonuna qoşulurlar. Ən maraqlısı odur ki, seçkilər başa çatıqdan sonra nəticələr dərhal elan olunur və hər hansı qurum tərəfindən təsdiq edilmir. 
Bizim seçki sisteminin də bir sıra üstünlükləri qeyd olunmalıdır. Xüsusilə, seçicilərin adlarını seçici siyahısında tapmadıqda onu asan bir formada bərpa edilməsi məsələsi var ki, bu da bizim üstünlüklərimizdən biridir. İkinci, səsvermə zamanı şəffaflığın və aşkarlığın təmin edilməsidir. Bizdə hətta dairələrin yarıdan çoxunda video kameralar quraşdırılır, həmin kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən seçkiləri müşahidə etmək olur. Danimarkada belə bir sistem yoxdur və beynəlxalq müşahidəçiliklə bağlı təcrübə təzə-təzə formalaşır. Əlbəttə, bu məqamda Danimarkada demokratiyanın və parlamentarizmin tarixinin bizdən qat-qat çox olduğunu söyləmək də yerinə düşərdi. 
Digər bir mühüm cəhət odur ki, təkpalatalı Danimarka parlamentinin 179 üzvü var. Bunlardan 135-i 10 seçki dairəsindən, 40-ı 3 seçki əyalətindən, 4-ü isə Qrinlənd və Farer adalarından seçilir.
Yeri gəlmişkən, bir maraqlı faktı da qeyd edim. Danimarka parlamentində 5 spiker var. Bu çox maraqlıdır. Bu 5 spikerin hamısı eyni statusa, eyni səlahiyyətə malikdir.
Ümumiyyətlə, fikrimcə, Danimarka seçki sistemi ilə yaxından tanış olanda və ciddi fərqləri görəndə, bir daha əmin olursan ki, hər ölkənin öz reallığı və ənənələri var. Bu ənənələri və fərqləri qəbul etsən də, etməsən də hər kəs öz inandığı yolla davam edir və buna hamı da hörmətlə yanaşmalıdır. 

- Azay müəllim, Azərbaycanda keçirilən seçkiləri ənənəvi olaraq ATƏT də müşahidə edir. Bu ilki parlament seçkilərini ATƏT PA da müşahidə edəcəkmi?

- Bilirsiniz, seçkiləri müşahidə etmək üçün ATƏT-ə hökumət tərəfindən rəsmi dəvət göndərilməlidir. Bu sualınızın cavabı mənim səlahiyyətimə aid olmadığına görə rəsmən nə isə deyə bilmərəm. Amma inanıram ki, ölkəmiz hər zaman olduğu kimi, budəfəki seçkiləri də şəffaf, demokratik və ədalətli şəkildə təşkil edəcək və bütün maraqlı təşkilatların müşahidəçiliyi təmin olunacaq. Bu baxımdan, yəqin ki, biz ATƏT PA üzvlərini bu ilin noyabrın 7-də keçiriləcək parlament seçkilərində müşahidəçi qismində görə biləcəyik.

- Yəqin ki, səfər müddətində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövcud vəziyyəti də müzakirə etdiniz

- Bəli, biz orada Dağlıq Qarabağ məsələsi ilə də bağlı fikir mübadiləsi apardıq. Görüşlərdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması, Minsk Qrupunun fəaliyyəti və nəticəsiz danışıqlar haqqında məlumat verdik və ölkəmizin mövqeyini hərtərəfli şəkildə onların diqqətinə çatdırdıq. Təəssüflə qeyd olundu ki, indiyə qədər istər BMT, istərsə ATƏT və ya digər beynəlxalq təşkilatların Ermənistanın işğalına son qoyulmasını tələb edən heç bir qətnaməsi yerinə yetirilməyibdir. Əsas iradımız odur ki, bu sənədlərin icra mexanizmləri haqqında səmimi bir mövqe ortaya qoyulmur.  
Eyni zamanda, gələn ay Osloda keçiriləcək ATƏT PA yay sessiyasının gündəliyi və hər 3 komitənin hazırladığı hesabatlarla da tanış olduq. İndi biz həmin sənədləri öyrənirik və yəqin ki, sənədə müvafiq əlavə və dəyişikliyimiz olacaq. 



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo