Professor Rafiq Əliyevin "525-ci qəzetə" müsahibəsi
–
Rafiq müəllim, qeyri-səlis məntiq haqqında çox danışmısız, bəs süni intellekt anlayışını necə izah edərdiz? – Süni intellekt, təbii insan intellektinin yamsılanmasıdır. Hər hansı bir kompyuter proqramından ya cihazdan ibarət sistemdir. Ümumiyyətlə təbii intellekt nədir? Onun çox mürəkkəbləri, yəni təşkilediciləri var. Məsələn, ətraf mühiti qavramaq, məntiqi nəticə çıxarmaq, hesablamaq qabiliyyəti və s. Süni intellekt bu cür qabiliyyətlərin qeyri-xətti cəmidir, yəni onlar bir yerdə olanda daha yüksək intellekt verə bilər. İntellektual maşınlar yaratmaq çox vacib məsələdir ki, bəzi yerlərdə insanları əvəz etsin. Məsələn, okeanın dibində, dərin su altında çox təzyiq var, orda insan işləyə bilmir. Mən düşünürəm ki, 2070-ci, 2080-ci illərdə insanın intellektini bütöv özündə inikas edə bilən süni intellekt yaratmaq mümkün olacaq. Hesab edirəm ki, süni intellekt sistemləri humanist məqsədlə yaradılmalıdır. Yəni o yerlərdə ki, insanlara işləmək ağırdır- istehsalat sahəsi, müxtəlif ekstremal yerlər və s. Süni intellektə malik olan qurğular belə yerlərdə insanı əvəz etməlidir. Biz, yəni bütün bəşəriyyət informasiya inqilabını qurtardıq. İndisə intellektual maşınlar inqilabının ərəfəsindəyik. Artıq o maşınlar tək ekstermal sahələrdə yox, intellektual sahələrin özündə də istifadə oluna biləcək. Məsələn, yaxşı bir tədqiqatçı, yaxud süni intellektə malik müəllim yaratmaq mümkün olacaq..
Görürsüz, yaponlar necə gözəl robotlar düzəldir, bu o qədər də vacib deyil. Qabığı vermək, surəti vermək asandır, əsas onun içərisidir, ağlın verilməsidir. Süni intellekt nəyə görə lazımdır? Bir tərəfi məlumdur, çətin şəraitdə insanı əvəz etsin, o biri tərəfdən bu gün bəşəriyyətin cəmi intellekti, bəşəriyyət qarşısında olan çox mürəkkəb məsələləri həll edə bilmir. Məsələn, qlobal istiləşmə..Görürsüz, dünya nə gündədir, ora sürüşür, bura sürüşür- yer ayağımızın altından qaçır, dünyanı su basır və s. İntellektimiz güclənməlidir.
– Təxminən 20 ildən sonra Azərbaycan elmini necə görürsüz? Görmək istədiyiniz hədəfə uyğun gəlir?– Nə çətin sual...Yox qəti uyğun gəlmir. Hazırda bizdə elmi mühit yoxdur, mən bir dəfə də bunu demişdim. Dünyanı kataklizmdən, ağırlıqdan çıxaran həmişə onun elmi olub. Mənim Nizamiyə də, Füzuliyə də, indiki dostlarım Anara da, Rüstəmə də böyük hörmətim var. Amma insanları çətin vəziyyətdən elm çıxarır.
–
Ədəbiyyat elm sayılmır?– Yox ədəbiyyat elm deyil, sənət formasıdır. Məsələn, Türkiyədə 8-ci sinifdən sonra kolleclər 2 yerə bölünür: “elm və incəsənət” (science and art). Ayrı şey demək lazım deyil: “qüvvət elmdədir başqa cür heç kəs heç kəsə üstün eləyə bilməz”. Əgər mənim elmim olsaydı, nə Ermənistan mənə üstün gələ bilərdi, nə Rusiya, nə də başqaları...Demirəm nəsə qorxulu bir silahım olsaydı, indiki şəraitdə o da pis deyil, heç olmasa elmi potensialım olsaydı, deyərdim ki, Azərbaycan bu elmi potensialın yiyəsidir, 5 ildən sonra sözünü deyə bilər. İndiki elmi mühitlə o hədəfi ki, mən görmək istəyərdim, onu görmürəm. Bəla tək maliyyə bəlası deyil. Azərbaycanda insanların elmə olan sevgisi ölüb. Gənclik elmə gəlmir. Və mən onları qınamıram. Məsələn, Sovet dövrünə mənim nostalgiyam yoxdur, ancaq həmişə bu və ya digər dövrə dialektik baxıram, yəni mənfiləri və müsbətləri müqayisə edərək. Mən o dövrdə professor olanda, istənilən nazirdən çox maaş alırdım. Bu gəncliyə böyük örnək idi. Yəni hər hansı gənc düşünürdü ki, mən də professor olsam bu qədər maaş alacam, gözəl yaşayacam. İndi isə görür ki, alverlə və yaxud başqa işlə məşğul olanda daha yaxşı yaşayırlar, daha çox “nailiyyət” əldə edirlər. Biznes deyəndə biz ancaq alıb-verməyi düşünürük, buna biznes deməzdim. Mən biznesdən dərs deyirəm, buna quruculuq kimi baxıram. Məsələn, qərbdə bizneslə məşğul olanlar, nə isə qurur, məhsul istehsal edir. Bizim biznes anlayışımız düzgün deyil, bizdə ancaq alver var. Ona görə də gənclikdə elmə sevgi ölüb. Elmdə pul yoxdur.
– Rafiq müəllim, dünya ölkələri öz siyasətində qeyri-səlis məntiqdən istifadə edirmi? – Təbii ki. Lütfi Zadə 1965-ci ildə ilk məqaləsini yazdı. Bu məqalə bir elmi inqilab oldu, qeyri-səlis inqilab. Çox qəribədir, o, bu məqalədə yazmışdı ki, mən bunu siyasi elmlər üçün kəşf etmişəm. Yəni o yerdə ki, klassik, riyazi hesablamalar gedə bilmir. Məsələn, ABŞ bir proqram yaratdı ki, düşmən raketlərini göydə tuta bilsin. Klassik hesablamalar bunun öhdəsindən gələ bilmədi. Amma qeyri-səlis hesablamalar bunu bacardı. Mənim ən çox sevdiyim elm konfliktologiyadır. Bu, oyunlar nəzəriyyəsinə söykənir. Yəni ki, gərək mən tərəf müqabilimin 3-4 gedişini qabaqcadan hesablayım. O özünü necə aparacaq və mən hansı tədbiri görməliyəm. Bu, təbii olmalıdır. Mən qabaqcadan bilməliyəm ki, məsələn, Ermənistan parlamenti özünü necə aparacaq, Obama hansı sözü deyəcək, Türkiyə buna necə reaksiya verəcək və s. Bunları hesablamalıyam – konfliktologiya budur. Bu sözlə, fikirlə hesabdır və qeyri-səlis məntiqi də Zadə bunun üçün yaratdı. Qeyri-səlisin əsas məqsədi, insanın məntiqi nəticə çıxara bilmək qabiliyyətini daha dürüst yaza bilmək, daha dürüst ifadə etməkdir. Aristotel məntiqi buna yaramadı. İnsan ədədlərlə düşünmür, sözlə, təbii dillə düşünür. Təbii intellektin əsas daşıyıcısı təbii dildir-dillə, təfəkkür.
– Bu məntiqdən istifadə edən konkret ölkə adı çəkə bilərsiz?– Əvvəla NATO həm fiziki layihələrində, həm də konfliktlərin həll olunmasında bu məntiqdən istifadə edir. Məsələn, ABŞ “süni intellektli əsgərlər” istehsal edir, bu əsgərlər sağa-sola baxır, 4-5 istiqamətdə ata bilir və bilir ki, hədəf hansı məsafədədir, necə atmaq lazımdır. Yəni intellekti var. Bundan başqa konfliktlərin həll olunmasında böyük institutlar qeyri-səlis məntiqlə çalışır. Qarabağ konflikti üzrə, ümumiyyətlə siyasət üzrə institutlar işləməlidir, fərdlər yox. Mən əvvəldən bilməliyəm ki, Amerika hökuməti nə qərarlar qəbul edə bilər. Tutaq ki, burda Ermənistan və Türkiyə nədən danışacaq. Bunu bir variantla demək çox ağırdır. Mənim on variantım olmalıdır və on varianta da müqabil başqa qərarlarım olmalıdır. Qeyri-səlis məntiqin siyasətə tətbiqi də budur- müxtəlif variantlar arasında düzgün qərar qəbul etmək.
– Deməli, qeyri-səlis məntiqdə mütləq dost ya da mütləq düşmən yoxdur. – Tamamilə düz deyirsiz.
–
Bu məntiqə əsaslananda erməni bizim neçə faiz düşmənimizdir? – Mən belə düşünürəm ki, ümumiyyətlə xalq tarixdə heç vaxt günahkar deyil. Günahkar həmişə o xalqın başında duran, onu uçuruma yönəldən rəhbərlər olub. Və Ermənistanı da bu yola salan öz fərdi məqsədləri olub. İnanın, onlar bunu milli məqsəd üçün etmədilər və heç bir milli məqsədə də çatmadılar. Fərdi məqsədləri həll etmək üçün onlar bu yola düşdülər, təbii ki, bu konfliktlərin yaranmasında başqa güclərin də rolu var idi. Hüquqda da belə bir anlayış var: “bu, kimə sərfəlidir”. Hər bir cinayəti araşdıranda birinci buna baxırlar. Təbii ki, qüvvələr var idi ki, bu, onlara sərfəli idi. SSRİ-ni dağıtmaq istəyən qüvvələr bir tərəfdə, hegemonluğu saxlamaq istəyən qüvvələr digər tərəfdə. O vaxt da bəzi ziyalılar və öz mənafeyini güdən Ermənistan başçıları buna getdilər. O ki qaldı Ermənistan nə qədər günahkardır. Qeyri-səlis məntiqdə termlər var: sözlərlə yazılmış dərəcələr. Məsələn, bayaq dediniz, mütləq dost, mütləq düşmən. Onun arasında dost var, yaxın dost var, lap yaxın dost var, zəif dost var və s. Termlər bunlardır. Mən, Ermənistan rəhbərliyinin Azərbaycana düşmənlik dərəcəsini “çox böyük” termlə qiymətləndirirəm.
– Rafiq müəllim, Zadə məntiqiylə Eynşteyn nəzəriyyəsi arasında oxşarlıq var?– Əfsuslar ki, yox, amma çox gözəl sual verdiniz. Eynşteyn fizikanı dəyişdi – müasir fizikanı yaratdı, bu kvant fizikasının katalizatoru oldu. Onun dörd böyük məqaləsi var. Bir məqaləsinə görə Eynşteyn Nobel mükafatı aldı. “The New-York Times” qəzetində Brain adlı bir fizikin “Qeyri müəyyənliyin yüzilliyi” adlı bir yazısı çıxmışdı. Yazıda belə bir şey var. Dünyasını dəyişən gün Eynşteyn deyir ki, mən Nobel mükafatını düz almamışam. Böyüklüyə baxın..Deyir ki, mənim o əlyazmalarımı bir də gətirin. Eynşteyn, Nobel mükafatı aldığı əlyazmasına baxır, atır yerə, deyir, yox, bu, o deyil. Əlyazmaların arasından bir ifadə çıxır – “ehtimal yox, mümkünlük”. Bu qeyri-səlis məntiq idi. O bunu edə bilmədi, amma axır dəqiqələrində bildi ki, real dünyanı mümkünlüklərlə yazmaq lazım imiş. Bir dənə də ifadə işlətdi: “Allah kainatla zər oyunu oynamır” (God does not play dice with universe) Hardan gəldi bu.. Onun bütün nəzəriyyəsi Aristotel məntiqinə əsaslanırdı. Başa düşdü ki, buikili məntiqlə yazıla bilməz, ayrı məntiq lazımdır. Yəni əlaqəsi olmasa da o, qeyri-səlis məntiqi görmüşdü...
– Sizin yazılarınızda belə bir şey oxumuşdum. Lütfi Zadə tanıdıqlarının portretini çəkir..– Bəli, bəli, düzdür...
– Bəs sizin necə, portretinizi çəkib? – Yox, mənimkini çəkməyib.. Amma onun evinə girəndə bir portret var, ikimizin başqa adam tərəfindən çəkilən portreti. O, portretləri cavanlığında çəkirdi, özü də pul almırdı, bu onun xobbisi idi. Məsələn, Kerrinski haqqında bir kitab çıxıb, üz qabığında da öz şəkli və ora yazılıb: “işləyəni professor Lütfi Zadə”. Daha sonra kimin var idi...
– Rostropoviçi demişdiniz...– Bəli, Rastropoviç var. Daha sonra Niksonu görmüşdüm..
– Ruzvelt...– Bəli var...
–
Lütfi Zadə elminin, qeyri-səlis məntiqin davamçısı Azərbaycanda sizsiz.. Bəs sizin davamçınız var?– Mənim 160 aspirantım, 30 elmlər doktorum müdafiə edib. Daha sonra Azərbaycanda, Amerikada,Yaponiyada, Türkiyədə, Kiprdə işləyən tələbələrim var. Məsələn, mənim Amerikada bir tələbəm var, orada yaşayır. Biz ildə bir dəfə görüşürük, amma yenə də internet vasitəsilə elmi işlərimizi aparırırq. Əgər son 10-15 ili nəzərdə tutursunuzsa elə biri hələ ki yoxdur.