Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu o deməkdir ki, meşə ağaclarından sənaye üçün istifadə nəinki qadağandır, böyük ekoloji terror, qəsddir.
2-5 iyun 2010-cu il tarixlərində İsveçin Leksand şəhərində “Dunyanı Yeniləşdirək V Qlobal Sammiti” keçiriləcək. Sammitdə 51 ölkədən dünyanı dəyişəcək 100 ən yaxşı ideya müzakirə olunacaq. Bu yarışmada qalib gəlmiş 10 ən yaxşı ideya beynəlxalq model olaraq tanınacaq və potensial investorlara təqdim ediləcək”. Bu məlumat gün ərzində aldığımız adi informasiyalardan biridir.
Statistikaya inansaq dünyanın müxtəlif guşələrində ay ərzində yüzlərlə belə konfrans, simpozium, təlim keçirilir. Elə isə müsabiqəyə təqdim etdiyimiz məqaləni nədən məhz belə maraq yükü elə də yüksək olmayan məlumatla başladıq?
İlk baxışdan adi görünən bu xəbər əslində Azərbaycan üçün çox böyük hadisədir. Çünki, ilk dəfə olaraq azərbaycanlı mütəxəssisin ideyası innovativ layihə kimi dünya miqyaslı müsabiqəyə qatılıb. Daha dəqiq desək, Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin sədri Kamran Mahmudovun müəllifi olduğu polimer tullantılardan hazırlanan portativ qab (tara) ideyası “Dunyanı Yeniləşdirək V Qlobal Sammitin” təşkilat komitəsi tərəfindən, “yaşıl iqtisadiyyat” kateqoriyası üzrə, dünyanın 100 ən yaxşı ideyası kimi qiymətləndirilib.
Qeyd edək ki, 4 nominasiya üzrə (sosial-ekoloji, innovasiyava və beynəlxalq model) dünyanın 100 ən yaxşı ideyası siyahısına daxil edilən layihə fərdi deyil, Azərbaycan Respublikası adından təqim olunub. İdeya müsabiqədən uğurla keçərsə, yəni ilk onluqda yer alarsa (artıq, sammit iştirakçıları tərəfindən, təşkilata ünvanlanan ilkin rəy və təkliflər bu ehtimalı daha da artırır), bu bir Azərbaycan layihəsi kimi tarixə düşə bilər.
Söhbət nədən gedir və bunun ekologiyaya nə dəxli var?
Problemin qoyuluşunu izah etmək üçün ən sadə variantdan başlayaq. Bildiyimiz kimi, bu gün dünyada meşələrin sürətlə qırılması və tullantıların idarə olunması ciddi, qlobal ekoloji problemlərdən biri sayılır. Eyni zamanda kənd təsərrüfatı və qida sektorunda çalışan insanlar istehsal etdikləri məhsulların saxlanması və daşınmasında yeşiklərə olan təlabatlarını lazımınca ödəyə bilmirlər. Azərbaycan dünyanın 138 ölkəsinə 2071 adda məhsul ixrac edir. Ölkəmiz, əsasən kənd təsərrüfatı, neft və neft məhsullarını sata bilir. Bu baxımdan Azərbaycan dünyada adıçəkilən sahələr üzrə ixtisaslaşan ölkə kimi də tanınıb.
Hazırda Azərbaycanın istehsal etdiyi 79615 tonluq təzə tərəvəz məhsullarının 63,5 min tonu Rusiyaya, 15 min tonu Ukraynaya, 1116 tonu Gürcüstana göndərilib. Kiçik riyazi hesablama ilə (bir taxta yeşik 15 kq meyvə tutur) yalnız Azərbaycanda məhsulların qablaşdırlması üçün 5,1 milyon ədəd taxta yeşikdən istifadə olunduğunu təxmin edə bilərik.
Taxta yeşik isə süni yolla deyil, təbii, lakin ən ucuz yolla əldə olunur. Yəni, çoxillik ağacların kəsilməsi və emal edilməsi ilə. Mütəxəsislər hesablayıblar ki, 70-100 illik ağacadan (növündən asılı olaraq fərqlidir-müəl.) 80-100 ədəd taxta yeşik əldə olunur. Halbuki, Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına təqribən 0,12 ha meşə sahəsi düşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır. Azərbaycan meşələri əhəmiyyətinə görə I qrupa aid edilir və bu o deməkdir ki, meşə ağaclarından sənayə üçün istifadə nəinki qadağandır, böyük ekoloji terror, qəsddir.

Onu da deyək ki, taxta qutular az qala birdəfəlik istifadəyə yararlıdır. Birincisi, iqlim şəraitinə görə ən azı Rusiya bazarlarında yandırılır, ikincisi isə həcmi böyük olduğu üçün geri daşınmır.
Məsələni qəlizləşdirən digər məqam ondan ibarətdir ki, Avropada artıq “ISPM 15 Standartı”, yəni, sərhədlərdə bitki karantinini tənzimlyən qayda tətbiq olunur. Bu nədir? Avropa öz ərazisinə xüsusi karantin və radioloji sertifikatı olmayan, istilik kameralarında keçməmiş, xüsusi maddələrlə sterilizə olunmamış taxta məhsullarını Avropa Birliyinə üzv dövlətlərin ərazisindən buraxmır. Bu tələb artıq Rusiya qarşısında da qoyulub. Əgər Rusiya bu addımı atarsa ( artıq Federal qanun qəbul olunub) Azərbaycan kənd təsərrüfatı məhsullarının böyük kənd təsərrüfatı bazarı olan Rusiyaya çıxışının qarşısı alınacaq. Bu isə kənd təsərrüfatı rayonlarının böyük sosial və iqtisadi probleminin yaranmasını şərtləndirəcək.
Artıq iki problem göz önündədir. Növbəti problemləri məhsulun özü haqda məlumat verdikdən sonra sadalayarıq. Hələliksə, dünyanın 45 ölkəsində patent almış portativ qutular haqda.

Təklif olunan yığılıb-sökülə bilən polimer yeşik bu problemlərin həllində əhəmiyyətli dərəcədə rol oynaya bilər. İstehlak dövriyyəsinə çox istifadəli, sadə konstruksiyalı, yığılıb-sökülə bilən polimer yeşiklər əhalinin yeşiklərə olan təlabatının ödənilməsi, meşələrdən milyonlarla ağacın kəsilməsinin qarşısının təbii surətdə alınması, ətraf mühitin polimer tullantılardan təmizlənmə mexanizminin yaradılması, yeni iş yerlərinin açılması və iqtisadi mənfəətin əldə edilməsi ilə seçilir. Təklif olunan polimer yeşik digər yeşiklərdən sökülüb-yığılması, çox istifadəli olması, gigiyenik olması ( qayanr su ilə yuyula və sanitar dezinfeksiya oluna bilir), sökülmə zamanı öz ölçüsündən 4 dəfə az həcm tutması, fasiləsiz və ucuz xammal təchizatı ilə təmin olunması ilə seçilir. Bundan başqa uzuc başa gəldiyindən kütləvi istehsalı mümkündür və bazarda təlabat var. Nəhayət, polimer yeşik tökmə üsulu ilə, həm ilkin, həm də tullantı tozdoldurucu və plastifikator əsaslı, 100%-li təkrar emal olunmuş, termoplastik, polimer tullanatılardan hazırlanır.
Burada üçüncü problemi qeyd etməliyik. Bəllidir ki, məişət tullantıları, xüsusən polimer məişət tullantıları istifadədən sonra yararsız hala düşür və onun daşınması və məhv edilməsi zaman və xərc tələb edir. Tullantıların daşınması və məhv edilməsinə məsul şəxslər bu işi çox rahat, özlərinə sərf edən formada həll edirlər. Yəni yandırırlar. Artıq bu təkrarlamağa ehtiyac yoxdur ki, polimer qabların hazırlanması zamanı istifadə olunan kimyəvi maddələr yanarkən ətraf mühit üçün ən təhlükəli maddə olan dioksin yayılır. Çox gec parçalanır, qida, hava və ya su ilə insan oqranizminə daxil olur. Xlor tərkibli qaz, kanserogen maddədir, yəni xərçəngtörədicidir.
Bəs çıxış yolu nədir? Şəhərin, yaşayış massivinin havasının zəhərli maddələrlə zəhərlənməsinin qarşısının alınması üçün ideya rəhbəri polimer tullantıların təkrar emalını təklif edir. Bununla da daha bir təhlükə mümkün qədər aradan qalxmış olur. Bununla da həm ekoloji problem həllini tapır, həm də iqtisadi səmərə əldə olunur. Əgər polimer tullantıların təkrar istehsalından söhbət gedirsə, demək bunun üçün müəssisə açılır, müəssisə açılırsa yeni iş yerlərinə yaranır. Bizimlə söhbət edən Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri, ideyanın müəllifi Kamran Mahmudovun hesablamalarına görə belə bir layihənin gerçəkləşməsi min nəfərin işlə təmin olunmasına şərait yaradar.

İlk baxışdan real görünmür. Amma bu layihəyə indiyə qədər olan maraq və dünyanın 45 ölkəsində patent alması məsələnin elmi əsaslanmış və ciddi innovativ ideya olduğunu bir daha təsdiqləyir. Fikirlərimizi əsaslandırmaq üçün bəzi faktları açıqlayaq.
Portativ qutu Ümumdünya Əqli Mülkiyyət hüququna malikdir (World Intellectual Property Organization ¹ WO 2006/116824 A2 Polymer box) və dünyanın 45 ölkəsində (o cümlədən Avropa Birliyi ölkələrinin daxil olduğu vahid Avropatent sistemində) dövlət patent qeydiyyatından keçib.
Bu ixtira əsasında hazırlanmış layihə Dünya Bankının “Ekoloji İnnovasiyalar Üzrə İdeyaların İnkişafı 2005” Beynəlxalq müsabiqəsinin qalibi olub. Beynəlxalq münsiflər heyəti tərəfindən 30 layihə qalib elan olunmuş və qeyd edilən layihə Qlobal Ekoloji Fond tərəfindən, ətraf mühitin qorunmasında ən effektli vasitə kimi dəyərləndirilmişdir. Yeri gəlmişkən Qlobal Ekoloji Fond tərəfindən keçirilən müsabiqəyə təqdim olunan layihəyə dəstək məktubunu ekologiya və təbii ehtiyatlar naziri hörmətli Hüsen Bağırov təqdim edib.

İxtira İspaniyanın “Tecnova Fundacion” tərəfindən, 2008 –ci ilin I kvartalı üzrə, aqrar sektorda beynəlxalq innovasiya əhəmiyyətli 37 ixtiradan biri kimi seçilib və fondun bülletenində http://www.fundaciontecnova.com dərc olunmuşdur. İnnovasiya və əqli mülkiyyət mübadiləsi üzrə tanınmış şirkətlərdən biri sayılan Sinqapurun «IPEXL» mərkəzi www.ipexl.com/index.html ixtiraya maraq gəstərmiş və “Polymer box” aktiv faylını öz saytında yerləşdirmişdir.
Ekoloji Problemlərin Tədqiqi Mərkəzinin rəhbəri Kamran Mahmudov bildirdi ki, inkişaf etmiş ölkələrin bu ideyaya patent verməsi Azərbaycan məhsulunun qeyri-adiliyinə bu ölkələrin əqli mülkiyyət sahəsində çalışanların marağının nümunəsidir. Bu Azərbaycan malının tanınmasıdır. “Ekoloji qlobal problemlərə milli yanaşama dünya modelinə yaxın səviyyədə həllini tapıb. Həlli biz bu cür görürük. Həm yeni iş yerləri açılır, həm ətraf mühitin ən böyük problem hesab olunan polimer tullantılardan təmizlənmə nizamlanır, təkrar emal həyata keçirilir, prosesdə nou-hau tətbiq olunur”-deyən K.Mahmudov hesab edir ki, bu ideyanın ortaya gəlməsinə tullantıya tullantı kimi yox, xammmal kimi baxılması və ekoloji fəlakətin innovativ üsullarla qarşısının alınması səbəb olub.

Son illər QHT sektoru ilə əlaqəli işləməyim və QHT jurnalsitikasında çalışmağım məhz bu mövzunu seçməyə sövq etdi. Azərbaycan ekoloji problemlərlə məşğul olan təşkilatların sayı, təbii ki, söhbət aktiv QHT-lərdən gedir, 32-35 çox deyil. Müxtəlif profilli, müxtəlif məqsədli təşkilatlar var. Faydalı iş əmsalı yüksək olan da var, qlobal problemi ölkənin problemi kimi təqdim edib qrant alanlar da. Ekoloji problemlərdən yazan jurnalist var ki, “Kioto protokolunu” “Kiata Protokolu” kimi yazır və bunu məqalədə 6-7 dəfə təkrarlayır. Təşkilat var ki, Kür çayının məhz Azərbaycan ərazisində çirklənməsini məruzə formasında beynəlxalq donora göndərir və bunun nəticəsində Azərbaycan su ehtiyatlarının ekoloji tarazlığını pozan ölkələr sırasına daxil edilir. Bakını dünyanın ən çirkli paytaxtlarından biri hesab edən QHT təmsilçilərimiz də var.
Müsabiqə üçün təklif etdiyim bu məqaləni Azərbaycanı tanıda biləcək bir layihəyə həsr etdim. Fikirləşdim ki, Kürün Azərbaycan ərazisində çirklənməsini məruzə formasında beynəlxalq donora göndərən təşkilatdan yazmaqdansa, Azərbaycanı təmsil edən bir ideyanın təbliğatını aparmaq daha doğru olar.
Bizə Azərbaycan ideyasının dünyanın ən yaxşı 10 ideyası siyahısına düşəcəyinə ümid etmək qalır.
Sənan Nəcəfov
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün