Axtarış: 
Sənan Nəcəfov
+  -  Çap 
Yerləşdirilib: 08.06.10 | Baxılıb: 582
Pişik Günel və “xurma”cell


“Qlobal problemin həllinə milli yanaşma: ideya Azərbaycandan gəlir” adlı məqaləm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi yazı müsabiqəsində qalib oldu. Bu son ildə müsabiqəyə təqdim etdiyim 4-cü yazı idi. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, 4 müsabiqənin 3-də birinci yerə layiq görülmüşəm. Yalnız birində mükafat kimi xurma göndəriblər. Yəqin ki, söhbətin “Azercell Telekom”-un jurnalistlər arasında keçirdiyi daş-qaya müsabiqəsindən getdiyini bildiniz.
Ekologiya Nazirliyinə təqdim etdiyim yazının nəticələri bəlli olana qədər gözlədim. Yəqin indi, “Xurma”Cell haqda yazmağa dəyər. 
Məsələ bundadır ki, adı çəkilən şirkət mətbuatla işini elə qurub ki, sözünü deməyə, dərdini danışmağa, hirsini soyutmağa qəzet tapmırsan. Reklam, Antalya səfərləri, qələm, fincan, flash-kart...
Ona görə indiyə qədər yığılıb qalanları paylaşmağa imkan verdiyi üçün qhtxeber.az-a minnətdarlıq düşür. Elə isə, başlayaq...
Öncədən deyim ki, bu yazı hövsələli insanlar üçündür. Ona görə bir az uzaqdan başlayacam. 
Ötən həftə mətbuatda verilən “Pişik Günel qadın həbsxanasında” başlıqlı məqalələr oxucuların daha çox diqqətini cəlb etdi. Çoxları elə bildi ki, Günel Ələkbərova hansısa cinayətinə görə həbs olub. Mətbuat xəbərin üstündən ötəri keçdi. Amma burada inci bir məqam var idi. Yazının əvvəlini o məqam həsr edirəm. Hərçənd çoxları deyəcək ki, Azercell hara, müsabiqə hara, Günelin həbsxana söhbəti hara? Səbirli olun. Dedim axı uzaqdan başlayacam. 
Məsələ bundadır ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində 28 May - Respublika Günü münasibətilə tədbir təşkil edib. Rəsmi hissədən sonra cəza çəkən qadınlar üçün bayram konserti təşkil olunub. Konsertdə tanınmış müğənnilərdən Elariz Məmmədoğlu, Lalə Məmmədova və Günel Ələkbərova (Pişik Günel) qadın məhbuslar qarşısında çıxış edib. Vəssəlam. 
Amma adi görünən bir xəbərdə nə qədər böyük təzad var. Günel Ələbərova adlı birisi yalnız maqazin verilişlərdə, sarı mətbuatda rastıma çıxıb. Milli şou-biznes adlanan absurd teatrının aktyoru, tipik, orta statistik müğənnidir. Böyük əksəriyyəti necə, o da elə. Bu belə. 
Məsələyə başqa prizmadan yanaşmaq lazımdır. 
Baxın, qadın cəzaçəkmə müəssisəsi özü bir təzaddır. Qadın hara, həbsxana hara? Amma bu bir taledir. Hərəsinin bir dərdi var. Hərçənd burada qadın-ana haqda folklordan tutmuş müasir şairlərin şeir-poemalarına qədər kifayət qədər təsirli ibarələrlə oxucunun sentimental hisslərini oyada bilərəm. Demək istəyirəm ki, qadın həbsxanası haqda danışanda gərək bir az daşürəkli olasan. Bir də onda daşürəkli olasan ki, Günel Ələbərovanı (pişik Günel ləqəbi ilə tanınır) qadın cəzaçəkmə müəssisəsində konsert proqramında təsəvvür edə biləsən. Hələ demirəm o orada hansı repertuarla çıxış edib, nə geyimdə olub, nə deyib…Söhbət başqa şeydən gedir. 
Məlum olduğu kimi, insanın əməlləri ya yaxşı olur, ya pis, ya gözəl olur, ya qəddar, insan ya mənəviyyatlı olur, ya da mənəviyyatsız. 
İnsanın davranışı, özünü aparması onun əxlaqını göstərir. Əxlaq isə insanın mənəviyyatından qidalanır. Deməli, insan necə bir mənəviyyata malikdirsə, əxlaqı da ona görə formalaşır. İnsan hansı əxlaqa sahibdirsə, həm başqa insanlara, həm də ətrafındakı canlı və cansız aləmlərə münasibəti də elə olur. Deməli, insanı insan edən onun mənəviyyatıdır.
Əməllərimizə mənəviyyat nöqteyi-nəzərindən baxdıqda, qeyd etmək lazımdır ki, insan etdiyi əməllərin mənəvi məsuliyyətini yalnız şüurlu və öz iradəsilə icra etdiyi halda daşıyır. Yalnız belə olduqda bu əməllərin üzərinə mənəvi məsuliyyət qoyulur və yalnız o zaman onlar insanın günahlandırılmasına və məhkum olunmasına, yaxud da mədh edilməsinə səbəb olur. Əks halda, öz əməllərinin mənasını dərk etməyən insanlar (körpələr, ağlını itirənlər və s.) və yaxud onları öz iradələrinə zidd olaraq icra edən kəslər bu əməllərə görə məsuliyyət daşımırlar. Mənəviyyat qurtaran yerdə insan da, insanlıq da şam kimi əriyib gedir. 
Bunun bizim Günel xanıma nə qədər aidiyyatı var, onu deyə bilmərəm. Amma yadımdan çıxmamış bunu xatırladım. Erasmus Rotterdamusun “Axmaqlığın mədhi”ində insanların özlərinə niyə Buqələmun və ya Boranı adlandırmamsı fikri dərhal yadıma düşür. Bu xanım ləqəbinin yaranmasına özü aydınlıq gətirib. "Əslində bu ləqəbi mən ilk klipim efirə çıxdığı zaman götürmüşəm. Bəziləri kimi özümə kərtənkələ və yaxud da digər heyvan adları qoymuram ki... Allahın heyvanıdır da”. Əlavə şərhə ehtiyac var? 
Nə isə. Sözümün canı. Günel Ələkbərova qadın cəza müəssisəsində ömürlərini müxtəlif səbəblərdən hədər edən qadınlar qarşısında çıxış edib. Bir az Günel haqda. 
Jurnalistlərin hesablamalarına görə 3 dəfə nikahda olub, toya sayılı günlər qalmış icdivaca son verən bu xanım haqda xoş sözlər eşitmədik. Açın internet axtarış sistemində “pişik günel” yazıb foto axtarışı verin. Görün nələr çıxır. 
Azərbaycan şou-biznesinin kişi nümayəndələri haqda fikir bildirən qəhrəmanımız Günel hesab edir ki, onların arasında yaraşıqlısı yoxdur: «Ən azı mənim zövqümə uyğun gələn kişi yoxdur. 
Heç demə, Gunelin sponsoru da yoxdur. «Artıq heç bir kişi ilə qeyri-rəsmi münasibət də istəmirəm. Mən hər hansı kişi ilə yaxın münasibətlərə asanlıqla razılaşmıram. Amma sonradan ona çox öyrəşirəm. Ayrılıq isə məni depressiyaya salır».
Onun haqda saytlardan birindən götürdüyüm məlumat maraqlı idi. Bu sözləri Günellə qalmaqalda olan birisi danışır. “Bir tanışım mənə zəng edib dedi ki, müğənnidir (Günel nəzərdə tutulur) dalaşıb evdən çıxıb, qoy üç-dörd gün sizdə qalsın. Bu da mənə taleyini danışdı ki, bəs atalığım evə gəlib, atalığım hər gələndə anam məni evdən qovur. Mən də ya otellərdə qalıram, ya da yolda kiminləsə tanış oluram və onunla gedirəm müvəqqəti qalıram”. 
Bu sözləri də Günel haqda deyiblər: “Günel özü də sənət aləmindən iki nəfəri eyni şəkildə şərləyib ki, hamiləyəm, məni almalısan”. 
Və nəhayət. Yazının qəhrəmanın ümumi portreti haqda son cizgilər: Trend Life-a müsahibəsində o, sənətinə verdikləri dəstəyə görə, ailəsinə, xüsusilə də qardaşı Nurməmmədə minnətdarlıq edib. "Qardaşımla əla münasibətlərimiz var. O, mənə inanır və açıq-saçıq geyinməyimə etiraz etmir. Qardaşım mənə ən yaxın insandır", - deyə ifaçı qeyd edib.
 Bir sözlə göy üzünün hər yerdə mavi olduğunu anlamaq üçün, dünyanı dolaşmağa ehtiyac yoxdur.
İndi qayıdaq qadın həbsxanasına. 
Orada narkotik alverçisi, aludəçisi, əxlaqsızlıqla para qazananı, qadın alverçisi var. Amma orada rəhbərlik tərəfindən seksual təcavüzlərdən bezib, namusuna düşən ləkəni silmək üçün qatil olan qadın da var. Orada azyaşlı uşaqlarını dolandırmaq üçün özünü oda-közə vurub, gün altında yanan, təsadüf nəticəsində əlindən xəta çıxan analar var. Orada şərə düşüb, haqqını heç cür qoruya bilməyən, dilsiz-ağızsız qadın var. Orada qızının günahını öz üstünə götürən ana var. Orada illər boyu balasının üzünə həsrət qalan var. Orada qadın həsədi, qadın göz yaşı, qadın qısqanclığı, qadın tənhalığı var. Və belə bir mənzərəni gözünüz qarşısına gətirin. Sonra Güneli xatırlayın. Təsəvvürünüzə gətirin bu mənzərəni. Əgər alınmırsa yenə axtarış sisteminə baş vurun gətirin bu xanımın simasını gözünüz önünə. Bir şey alınır?
Keçək “Azercell”-ə. Bu yarışma adı çəkilən şirkətin jurnalistlər üçün keçirdiyi sayca ikinci müsabiqə idi. Iki il öncə “Bizi birləşdiən dəyər” adı ilə müsabiqə təşkil olunmuşdu, indi də “Daş – bizi qədimdən bu günə qədər daşıyan vasitədir” müsabiqəsi keçirildi. Əvvəla müsabiqədə iştirak edən həmkarlarım da təsdiqləyərlər ki, müsabiqənin predmeti mücərrəddir. Söhbətin nədən getdiyi, sosial, ya siyasi, bədii olmasını ayırd etmək üçün əlavə bir müsabiqəyə ehtiyac var. İkincisi, bu gizli reklamdır. Şirkətin sonuncu müsabiqəsinə deyilənə görə 75 yazı təqdim olunub. Bu o deməkdir ki, şirkətin adı 75 dəfə havayı olaraq reklam edilib. Bu böyük marketinq planıdır ki, şirkət bunda da qazanıb. Üçüncüsü, deyilirdi ki, yazılar şirkətə təqdim olunduqdan sonra mətbu orqanlarda dərc ediləcək. Burada açıq-aşkar şəffaflıq prinsipi pozulub. Bu belə.  
Gəlin müsabiqədə qalib gələnlərin seçiminə ötəri baxaq, sonra fikirlərimizi cəmləyərik. Məsələ bundadır ki, tanınmış media-müəllimi Zeynal Məmmədlinin münsiflər heyətində olduğu elə bir müsabiqə olmayıb ki, orada “Azadlıq” qəzeti yer tutmasın. Hər halda mən beləsini xatırlamıram. Gültəkin xanımın qələminə şübhəm yoxdur. Amma səhv etmirəmsə yazı müsabiqəsi “Daş – bizi qədimdən bu günə qədər daşıyan vasitədir” adlanırdı. Burada Şuşada olan abidələrdən söz açmaqla həmin abidələri bu günümüzə nə ilə daşıdıqlarını anlaya bilmədim. Bir az mütaliə edin, müasir olun. Hərdən internetdə “gəzişin”. “Hayastan” Fondunun “Şuşanın yenidənqurulması” marafonunu, Şuşanın yeni merinin bəyanatlarını oxuyun, ondan sonra belə bir yazı yazını qalib edərsiniz. Qalib yazı ilə bağlı daha bir irad. Cənablar, müsabiqənin şərtlərinə görə yazı bir qəzet səhifəsi həcmində, yəni 9-11 min işarədən çox olmamalı idi. 14 min işarəlik yazını müsabiqədə qalib etməklə nə əldə edirsiniz? Bununla özünüzə hörmət qazanırsınız? 
Müsabiqədə ikinci yerə layiq görülmüş "Tarixin yol daşı” yazısı maraqlı alınıb. Lakin burada elə bir məqam var ki, onu qeyd etməyə bilmirəm. Cənablar, həmin ölçüdə fotolarla birgə bu yazının ümumi həcmi nə qədərdir? 8,5 ölüçülü “Arial”şriftlərlə yazı 12 səhifə alınır. Bilirsiniz bu nə deməkdir? Ikincisi, yazıda bir məqam var ona diqqət yetirin. Mirteymur Məmmədov adlı birisi ekspert kimi rəy bildirib. Onun “100 illə müqayisədə Azərbaycanda heç bir inkişaf olmayıb, biz qabağa getməmişik”-deyirsə və bunu jurnalsit yazırsa, münsiflər də yüksək qiymətləndirilərsə, şirkət mükafatlandırırsa, daha mənim sözüm yoxdur. Doğrudanmı, 100 illə müqayisədə Azərbaycanda heç bir inkişaf olmayıb? 
Bu da belə. 
Bax bu yazıda "Azərcell"dən şəbəkə daxili zənglərin qiyməti ilə digər şəbəkəyə zənglərin qiymətləri arasındakı fərqin iki dəfə çox olmasından, Azərbaycan mobil telefon danışıqlarının qiymətinin baha olmasına görə dünyada ilk yerlərdən birini tutmasında bu şirkətin rolundan, 30 kontura 3 dəqiqə fırıldağından, 9133 soyğunçuluğundan, “Gecə balansı” yalanından, “Bilərəkdən yalan reklama yol verilməklə” qanun pozmalarından, KİV-lər arasında ayrı-seçkilik salmasından, Antalya səfərlərindən kifayət qədər yaza bilərəm. Buna lüzum görmürəm. Amma çoxdan dəftərimin qırağına yazdığım qeydləri xatırladacam. 
Demək keçən il bu şirkət jurnalistlər üçün pulsuz ingilis dili kursları təşkil edirdi. Tələb ərizə formasını doldurub, müəyyən olunmuş vaxt ərzində təqdim etmək idi. Ərizəni təqdim etdim və dədə-baba qaydası ilə gözləməyə başladım. Əslində bu kurslara ehtiyacım o qədər də çox deyildi. Yekə çıxmasın çulumu sudan çıxarda bilirəm. 
Bir gün TV-də  həmin kurslara qəbul olunan dinləyiciləri göstərəndə şoka düşdüm. Ona görə yox ki, mən həmin siyahıda deyildim. Məhz ona görə ki, bu şirkət abunəçilərinə necə hörmət qoyursa, biz jurnalistləri də o hörmətsizliyə layiq edir. Kurslara qəbul olmamışamsa, bunu yazılı formada bildirmək olardı. İkincisi, hansı səbəbə qəbul etməmələrini açıqlamalı idilər ən azından. 
Şirkətin bir mətbuat katibi var idi. Ona e-mail göndərdim. Başladı nə başladı. Ay nə bilim Reuters-də belə işləmişəm, CNN elə gəldi, BBC belə getdi. Sonradan marketinq haqda kitab yazıb özünə mədhiyyə dedirdən bu cavan oğlanı təbii ki, cavabsız qoymadım. Dediyim odur ki, orada kimin işləməyindən asılı olmayaraq ənənə dəyişmir. 
Yenə də təkrar edirəm: Bir sözlə göy üzünün hər yerdə mavi olduğunu anlamaq üçün, dünyanı dolaşmağa ehtiyac yoxdur.
Qaldı ki, 4 milyon səs, bu daşın, qayanın, daha nə bilim nəyin səsidir... Cənablar, onsuz da bu istehlakçının hesabına yaşayırsınız, evinizə çörək pulu nədir, gələcək nəsil-nəcabətiniz üçün də gün ağlamısınız, bu insanları belə təhqir etməyin. Sizin abunəçilər insanlardır. Onlar daş- torpaq deyillər. Babalarımız səsi isə heç vaxt mobil telefondan gəlməyib. Nə isə, bu haqda fikirləşməyə dəyər. Amma 4 milyon məsələsinə toxunum. Bu yazı hazırlanarkən “Azercell” axtarışından sonra belə bir xəbərə rast gəldim. 3-4 ilin söhbətidir: “Milli təhlükəsizlik və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan Bakı şəhər sakini Nəsirov Hikmət Şəmsəddin oğlu və Qazaxıstan Respublikasının Cambul vilayətində müvəqqəti məskunlaşmış Əhmədov Rafiq Musi oğlu yaxalanmışlar. 
Hikmət Nəsirov və Rafiq Əhmədov Qırğızıstan Respublikasında yaşayan pakistanlı Asqar Ali adlı tanışlarının tapşırığı ilə Azərbaycanda müxtəlif şəxslərin adına «Azərcell»dən 40, «Bakcell»dən isə 13 ədəd GSM mobil telefon nömrələri əldə edərək, poçtla Böyük Britaniyaya Adam Şah adlı digər pakistanlıya göndərmişlər“...
Hörmətli mobil operator 40 nömrənizi mən saydım. Qalanlarını özünüz sayın, görün istifadəçiləriniz 4 milyon edir? Metro girişlərində istifadə olunan nömrələr, yanmış, bağlanmış nömrələr (bir tanışımızda 7 nömrə var), daha nə bilim istifadə olunmayan nömrələri aktiv istifadəçi kimi təqdim etməklə nə əldə edirsiniz? 
Mən 11-12 ildən artıqdır bir Azercell istifadəçisi kimi belə halları - keyfiyyətsizlik, fırıldaqlar, romaing xidmətinin düzgün işləməməsi, müştəri xidmətlərinin zəif olmasını çox ürək ağrısı ilə qarşılayıram. İstifadəçi sayını artdığını dönə dönə vurğulayıb bundan PR üçün istifadə edən bir şirkətin sistemini təkminləşdirib buna uyğunlaşdırmaması çox gülüncdür. 
O ki, qala müsabiqə keçirib ədalətdən dəm vurmağınız. 
Nə istiyirsiniz deyin, necə istəyirsiniz başa düşün, Azercell-in jurnalistlər arasında keçirdiyi sonuncu yazı müsabiqəsi Pişik Günelin qadın həbsxanasına getməsi ilə eynidir. 
P.S. Xətrinizə dəydisə, xurma yeyin





Son şərhlər - 4
Səhifələr : 1
Orxan



 09.06.10 11:52
Qeleminiz var olsun! Xalqin ureyinden kecenleri bele ustaliqla ifade etmisiz!
kebuter



 09.06.10 16:56
senan sizin yazilari izleyirem ve cox sevinirem ki metbuatda bele obyektiv qelem sahibleri var
Vuqar Tofiqli



 21.06.10 14:50
Yazida qaldirilan meseleler heqiqeten aktualdir. Ancaq dushunurem ki, bun shirketde mocvud problemler daha genush mustevide ictimaiyyetin muzakiresine cixarilmalidir.Muellife bir daha teshekkurler
Ceyhun



 26.06.10 16:29
Senan bey sizinle fexr edirik UltrAslan Azerbaycan derneyi. Yasasin Azerbaycan
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo