qhtxeber.az// Xəbər verildiyi kimi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə bir qrup yazar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə görüş üçün müraciət etmişdilər.
17 iyunda Şuranın konfrans zalında 20-yə qədər qələm sahibi ilə Şura rəhbərinin görüşü baş tutdu.
Tədbiri giriş sözü ilə
Şura sədri, Milli Məclisin deputatı A.Quliyev açaraq bildirdi ki, yazarların görüşlə bağlı müraciəti dəyərləndirilmiş, belə bir görüşün keçirilməsi məqsədəuyğun sayılmışdır. Bu görüşü şərtləndirən əsas amil isə vətəndaş cəmiyyətinin möhkəmlənməsində qələm adamlarının potensialından istifadə yollarını müzakirə etmək olub.
Sonra Şura sədri Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu yolunda Şuranın gördüyü işlər, maliyyələşdirilən layihələr barədə ətraflı məlumat verdi. Daha sonra A.Quliyev ədəbi mühitdə baş verən son gəlişmələrə də toxundu. O bildirdi ki, ədəbi mühitdə yeni yanaşmalar hamı üçün maraqlıdır. A.Quliyev vurğuladı ki, Şura mədəniyyət məsələləri, o cümlədən ədəbi mühitlə bağlı irəli sürülən dolğun, effektli layihələri dəstəkləməkdə maraqlıdır. Lakin təəssüf ki, Şuranın elan etdiyi müsabiqələrə gözlənilənləri əks etdirən layihələr təqdim olunmur. Şura sədri onu da əlavə etdi ki, Şura dəfələrlə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliğatın genişləndirilməsini özündə ehtiva edən layihələri reallaşdırıb. Bu cür layihələrin reallaşmasında qələm əhlinin də iştirakı vacib sayılır.
Görüş qarşılıqlı diskussiya və geniş dialoq şəraitində keçdi.
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydınxan Əbilov görüşün keçirilməsi səbəblərindən danışaraq bildirdi ki, Şura sədri Azay Quliyev ədəbiyyatla maraqlanan, ona qayğı göstərmək istəyən insandır: o, postmodernizmlə maraqlanır, ədəbiyyatın ayrı-ayrı cərəyanları ilə bağlı fikirlərini bölüşürsə, deməli, əsl ədəbiyyat adamıdır. A.Əbilov Şuranın yaradılması və bundan sonra vətəndaş cəmiyyətinin institutlarının inkişafına təsiri haqda fikirlərini həmkarlarına çatdıraraq qeyd etdi ki, vaxtilə adi bir layihəni həyata keçirmək üçün aylarla donor axtarışında olurduq, çox nadir hallarda istədiyimizə çatırdıq. Əksər hallarda isə təkliflərimiz donor tərəfindən qəbul edilmirdi. Şura yaranandan sonra isə saytlar, kitablar və sənədli filmlərin çəkilişi maliyyələşdirilib.
Sara Nəzirova: Son günlər, küçə ticarəti qadağan olunandan bəri, şəhərdə səyyar kitab satışı da qadağan edilib. Dünya təcrübəsinə görə kitab satışı şəhərlərin imici, mədəniyyət göstəricisidir. Şuranın yaxınlığında olan parkda neçə illərdi ki, səyyar kitab satışı var idi. İndi artıq o da yığışdırlıb. Bu, kitaba olan pis münasibətdir.
Azay Quliyev: Bu haqda tam məlumata malik deyiləm. Amma bizdə olan məlumata görə həmin parkda yenidənqurma və abadlıq işləri aparılacaq. Əgər bu səbəbdəndirsə, yəqin ki, abadlıq işləri yekunlaşandan sonra kitabların satışına daha münasib şərait yaradılacaq.
Rəşid Göyçəli: Mən təklif edərdim ki, ölkədə mədəniyyət kanalı yaradılsın. Mənəvi ekologiya təbliğatı aparaq, efirin ictimai yer olduğunu anladaq, kitablarımızı, yazarlarımızı, onların yaradıcılığını tanıdaq.
Zirəddin Qafarlı: Sovet dövründə kitablar mərkəzləşmiş qaydada kitabxanalara paylanılırdı.
Azay Quliyev: Dünyada belə bir təcrübə varmı ki, yazarların kitabları mütləq şəkildə kitabxanalara paylansın? Bəlkə bununla bağlı xüsusi mexanizmi özündə ehtiva edən layihə hazırlayasınız
Eyvaz Əlləzoğlu: Gürcüstanda belə bir təcrübə var. Orada nəşriyyatlar yazıçılarla müqavilə bağlayıb, onların kitablarını nəşr edirlər. Müqavilədə gələcəkdə qarşıya çıxacaq bütün məsələlər öz əksini tapır.
Azay Quliyev: Bilirsiniz, cənab Prezidentin sərəncamı ilə vaxtilə kiril əlifbası ilə nəşr edilmiş kitablar, klassiklərimizin əsərləri yenidən latın qrafikası ilə nəşr olundu. Tam səmimi deyirəm mən orada axtardığım bir çox kitabları tapdım. Demək istəyirəm ki, əsərlərin gücündən, ona olan maraqdan da çox şey asılıdır.
Bəsti Əlibəyli: Azay müəllim, sizə bu görüşü dəyərləndirdiyinizə görə təşəkkürümü bildirirəm. Hazırda bu sahədə problemlər var. Bunlardan biri yazıçılarımızın və onların əsərlərinin təbliği məsələsidir. Tanınmış yazıçıların, qələminə hörmət etdiyimiz yazarların əsərləri nəşr olunsa da, onu geniş kütləyə çatdırmaq imkanları aşağıdır. Maddi imkansızlıq üzündən yazıçı 500 ədəd kitab nəşr etdirir. Bu 500 ədəd isə milyonluq oxucu auditoriyası üçün çox kiçik rəqəmdir. Ona görə təklif edirəm ki, TV kanallardan birində yeni kitabların nəşr olunması, yazının özü haqda qısa məlumat verən veriliş formatı hazırlansın. Bu layihəyə Şura dəstək verə bilərmi?
Azay Quliyev: Çox maraqlı təklifdir. Əgər layihə formasında hazırlanarsa, buna baxmaq olar.
Murad Köhnəqala: Doğrudan da, cəmiyyətdə çox böyük informasiya, eləcə də kitab bolluğu var. Bu kitabların arasında ziyanlıları da az deyil. Amma həqiqi bədii dəyəri olan kitablar mütləq TV vasitəsilə təbliğ olunmalı, həmin verilişlərdə normal ədəbi söhbətlər aparılmalı, kitabların qiyməti, satış ünvanı və sair tamaşaçıya çatdırılmalıdır.
Eyvaz Əlləzoğlu: Mən təklif edərdim ki, nəşriyyatlara maliyyə dəstəyi edilsin. Müəllifin pulu yoxdur ki, kitabı öz hesabına nəşr etdirsin, özü də onu reklam etdirsin.
Azay Quliyev: Bizim işimiz fərqlidir. Biz burada bütövlükdə ölkədə kitab nəşrinə dəstək verməyi müzakirə etmirik. Bu bizim səlahiyyətlərimiz daxilində deyil. Məşhur deyimi xatırladıram: biz sizə balıq verməyəcəyik, balığı tutmağı öyrədəcəyik. Yeni nəşr olunan, digər dəyərli kitabları, ayrı-ayrı əsərləri, tərcümələri və sairi təbliğ etmək məsələsi isə fərqlidir. Bu artıq ictimai məsələdir. Burada layihə işləyib onu reallaşdırmaq olar.
Bəsti Əlibəyli: Amma elə etmək lazımdır ki, kitab aləmini basmış boz ədəbiyyat nümunələri -makulatura ora ayaq açmasın.Yalnız istedadlı bədii əsərlər və yazarlar təbliğ olunsun. Çünki indiki mənzərə reallıqdan çox fərqlidir.
Azay Quliyev: Bəsti xanım, bu da bizim səlahiyyətlərimiz daxilində deyil. Bunun üçün ayrıca qurumlar var. Siz özünüz də buna nəzarəti təşkil edə bilərsiniz. Əgər kitab reklamı üzərində qurulmuş veriliş hazırlanacaqsa, orada elə əsərlər reklam edilməlidir ki, onların həqiqi bədii yükü və mənəvi dəyəri olsun.
Rasim Qaraca: Azay müəllim, bu görüşə razılıq verdiyinizə görə Sizə təşəkkür edirəm. Bu çox təqdirəlayiq haldır. Qaldı ki, burada qeyd edilən məsələyə, mən hesab edirəm ki, kitabın oxucuya çatması üçün dörd komponent var ki, bunun hamısı yerinə yetirilməlidir. Bu yazıçı, nəşriyyat, oxucu və satış komponentləridir. Yazıçının sosial problemləri, nəşriyyatın güzəştlərə ehtiyacı var. Yəni bunlar bir-birilə sırf bağlıdır. Təklifə gəldikdə isə mən oxucu festivalları, oxuci yarışmaları keçirməyin tərəfdarıyam. Almaniyada 700 min şagirdin qatıldığı festivallar keçirilir. Biz də bunu təşkil edə bilərik.
Aydınxan Əbilov: İngiltərdə il ərzində hər bir şagirdə 10 kitab oxumaq tapşırığı verilir. Bura həm klassika, həm də müasir yazıçıların əsərləri daxil olur.
Azay Quliyev: Oxucu yarışmalarının keçirilməsi məntiqli fikirdir. Eyni zamanda, bizə QHT-lər tərəfindən verilən məlumatlarda da dərsliklərlə bağlı layihələrin reallaşmasını diktə edən məqamlar var. Bununla bağlı müraciətlər olub.
Fərasət Qurbanov: Tarix fənni ilə bağlı monitorinq keçirməyi özündə ehtiva edən layihəni ötən il maliyyələşdirdik.
Aydınxan Əbilov: Müzakirə aparırıqsa istərdim ki, hörmətli həmkarlarım məsələlərə qlobal yanaşsınlar. Çox istərdik ki, Azərbaycan yazıçılarının əsərlərini başqa dillərdə oxumaqla yanaşı, həmin əsərlərlə dünya azərbaycanlılarının da yaxından tanış olmaq imkanı yaradılsın. Niyə Cənubi Azərbaycandan olan soydaşlarımız bu imkandan mərhum edilsin? Bu məqsədlə ədəbi portalın yaradılması ideyasını təklif kimi irəli sürürəm.
Azay Quliyev: Mən bir daha təkrar edirəm. Biz yaxşı, hərtərəfli layihə axtarışındayıq. Çox təəssüf ki, Şuraya təqdim olunan layihələrdə qeyd etdiyiniz məqamlar heç də həmişə tam əks olunmur. Bir məsələni də qeyd etmək istərdim, bu ümumi bir bəladır: təəssüf ki, bizə təqdim olunan bir çox layihələrdə ideyanın reallaşmasından çox maliyyə əldə etmək niyyəti daha qabarıq görünür.
İbrahim İlyaslı: Bu tədbirə qatılan yazarlar Bakıda yaşayan qələm əhlidir. Onlar öz problemlərini izhar edirlər. İndi təsəvvür edin ki, regionda yaşayan qələm əhli hansı maneələrlə rastlaşırlar. Mən özüm Sumqayıt şəhərində yaşayıram. Vaxtilə orada kütləvi kitabxanalar, kitab mağazaları var idi. İndi həmin kitab mağazalarından əsər-əlamət qalmayıb.
Azay Quliyev: Əlbəttə, kitab mağazaları təkcə kimlər üçünsə gəlir mənbəyi deyil, həm də cəmiyyətin mədəni, intellektual simasının göstəricisidir. Xatirimdədir, Sumqayıtda Bəhram kişinin kitab mağazası var idi.
İbrahim İlyaslı: Təəssüf ki, o mağaza da artıq profilini dəyişib. İndi orada kitabdan başqa hər şey satılır. Sumqayıtda bizim həmkarımız Xan Rəsuloğlunun bir kitab mağazası qalır. Orada şərait çox acınacaqlı olsa da mağaza öz statusunu saxlayır.
Kəramət: Problemin bir tərəfi də ondadır ki, bu işə məsul təşkilatlar, qurumlar belə müzakirələri təşkil etmirlər. Mən təklifi edərdim ki, bu cür müzakirələr Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyində də daha geniş formatlarda keçirilsin.
Azay Quliyev: Bu başqa söhbətin mövzusudur. Burada məsələnin qoyuluşu haqda qeydimiz oldu. Şura bu yöndə üzərinə düşən bütün işləri görməyə hazırdır. Hətta layihə formasının hazırlanmasına kömək məqsədilə də təlimlər keçə bilərik. Monitorinq aparılması ilə bağlı layihələrə dəstək verərik. Məsələn, ölkədə nə qədər kitab mağazası qaldığının statistikası aparılıbmı?
Aydınxan Əbilov: Kitab mağazası var. Lakin həmin mağazalarda xarici dillərdə olan kitablar üstünlük təşkil edir.
Əfqan Nəsirli: Kitab satışı ilə bağlı konkret QHT və ya dövlət qurumu yoxdur. Necə ki, səsyazma studiyaları var, eləcə də kitab satışı ilə məşğul olan qurumlar yaradılmalıdır.
Azay Quliyev: Gəlin məsələyə başqa yöndən yanaşaq. Bu kitabların nəşr olunması üçün maliyyə yardımı ayrılarsa, kitablar nəşr olunsa belə satılmadıqda nə əldə ediləcək? Bunu nəzərə almısınızmı?
Səfər Alışarlı: Bu gün yazıçı üçün yalnız onun kitabının nəşr olunması azdır. Buradakı qələm sahiblərinin heç birinin imzasını tanıtmağa ehtiyacı yoxdur. Onlar orta nəsil yazıçılardır və onlar hər hansı bir dəyərli əsəri ortaya qoymaq üçün bəzən illər sərf edirlər. Ona görə də tamamilə haqlı olaraq yazdıqlarının müqabilində müəyyən maddi gəlir götürmək istəyirlər. Bu məsələ qlobal məsələdir, amma təklif edərdim ki, heç olmasa buradakı yazıçıların əsərlərindən ibarət toplular nəşr edilsin ki, onlar bu nəşrdən həm də maddi baxımdan faydalana bilsinlər.
Azay Quliyev: Yaxşı təklifdir. Burada iki saata qədər müzakirə apardıq. Nəticələr bəllidir. TV proqramın yaradılmasına dəstək verilə bilər, oxucu festivallarının keçirilməsi dəstəklənə bilər, dərsliklərin monitorinqi aparıla bilər, əsərlər toplu halında nəşr edilə bilər, eləcə də müasir ədəbiyyatla bağlı portalın yaradılması Şura tərəfindən layihə şəklində dəstəklənə bilər. Bunlar maraqlı təkliflərdir və hesab edirəm ki, onların reallaşması və cəmiyyət üçün fayda verməsinə birgə əməkdaşlıq nəticəsində nail olmaq mümkündür.

Bir məsələni də qeyd etməliyəm. Burada iştirak edən qələm sahibləri vətəndaş cəmiyyəti quruculuğunda mütəxəssis olmaya bilərlər, lakin onların vətəndaş cəmiyyəti quruculuğundan kənarda qalmasını biz istəməzdik. Qələm sahibləri, digər ziyalılar bu prosesə öz töhfələrini verməlidirlər. Bizin maliyyələşdirdiyimiz 15 prioritet istiqamət arasında mədəniyyət məsələləri xüsusi önəm daşıyır. Cənab Prezident İlham Əliyev bu istiqamətlərin hər birinin inkişaf etdirilməsinə, nailiyyətlərimizin, eləcə də problemlərimizin dünya ictimaiyyətinə çatdırılmasına həmişə böyük qayğı və həssaslıqla yanaşır. Biz indiyə qədər Qarabağ problemi, onun mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, təbliğ olunması istiqamətində addımlar atmışıq. İstərdik ki, bu işə sizlər də qoşulasınız. Döyüş bölgələrinə getmək istəyənlər, orada əsgərlərimizin mənəvi ruhunu yüksəltməyə dəstək olmaq istəyənlər varsa, biz bu səfərləri də QHT-lərin köməyilə təşkil edə bilərik. Mən sizinlə burada şərt kəsmək istərdim: bizə ünvanlayacağınız layihələr tutarlı, effektli, ictimai baxımdan aktual və faydalı olsa, qeyd etdiyimiz məsələləri əks etdirsə, biz bu cür layihələrin reallaşmasına yardım edəcəyik.
Hesab edirəm ki, görüşümüz çox uğurlu alındı. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.