Axtarış: 
Sahib Məmmədov: Təəssüf ki, bir ömrüm var, o da keçid dövrünə düşdü
+  -  Çap 
Yerləşdirilib: 20.06.10 | Baxılıb: 290
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovun lent.az-a müsahibəsi



- Niyə coğrafiya müəllimi kimi sənətinizin arxasınca getmədiniz, QHT sektounda çalışmağa üstünlük verdiniz?

- Atam dəmiryolçu olub. Həm Ələt qəsəbəsində, həm də Ucar rayonunun Müsüslü kəndində evimiz olub. Orta məktəbi Ucar rayonunun Müsüslü kəndində qurtarmışam. Mən orta məktəbdə coğrafiyanı yaxşı oxumuşdum. Tale elə gətirib ki, orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul ola bilməmişəm, 1 il Bakı şəhəri 19 saylı Şəhər Peşə Təhsili Məktəbində oxudum. Hərbi xidmət dövrü çıxmaqla, Bakı Tunel Tikintisi İdarəsinin 7 saylı Tunel Dəstəsində bərkidici, qazmaçı peşələrində çalışdım. Mən əmək fəaliyyətinə Kabarda-Balkarda Elbrus dağında kosmik fəzanın öyrənilməsi ilə bağlı tikilən tuneldə işləməklə başlamışam. Belə tunel dünyada iki dənədir, biri də ABŞ-da And dağlarında tikilib. Sonra Bakıda teleqüllənin 80 metr uzunluğunda tunelinin və gövdəsinin tikintisində çalışmışam. Naxçıvanda Arpa hidrotexniki qurğunun tikintisindən tutmuş “Elmlər Akademiyası”, “Əhmədli” metrostansiyalarının tikintilərində fəhlə işləmişəm.
1981-1984-cü illərdə, 3 il 2 ay əsgərlikdə, Sakit Okean Hərbi dəniz Donanmasında xidmət etdim. Hamı kimi olmadı, əsgərliyim çox çəkdi. Hərbi xidmətdən qayıdandan sonra 1-ci il çatmadım, növbəti il Bakı Dövlət Universitetində coğrafiya fakültəsinin hazırlığına girdim. O vaxt buna “rabfakt” deyirdilər. Coğrafiya fakültəsinə qəbul oldum, qiyabiyə keçirdim. Coğrafiya fakültəsini 1992-ci ildə qurtardım. Mən hələ də hesab edirəm ki, coğrafiya üzrə ixtisasımı yaxşı bilirəm. Müdafiəm də “Üst pleystosen-holosen dövründə Xəzərin inkişafı” ilə bağlı olmuşdu. Əslində bu, iqlim dəyişiklikləri ilə bağlı idi, 20 il əvvəl mənim diplom işimdə yazdıqlarım indi bəşəriyyət üçün aktual problemdir. Mən bunu davam etdirmək istəyirdim, sadəcə, Xalq Hərəkatında fəal iştirak etdim. Elə dövrə düşdü ki, o zaman Xalq Cəbhəsi hakimiyyətə gəldi və mən də əvvəlcə Yasamal rayonunda İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə birinci müavini, sonra RİH başçısı, daha sonra Prezident Aparatında Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri oldum. Bu vəzifədən də 4 iyun hadisələrindən sonra istefa verib getdim. Biz Neft Sənayesində Azad Həmkarlar İttifaqını yaratmışdıq. İstefa verəndən sonra bu İttifaqda hüquq müfəttişi işlədim. Sonra da BP və xarici şirkətlərin gücü ilə Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqını da parçaladılar, süqut etdirdilər. 1997-ci ildə həmfikirlərimizlə bir yerdə ona uyğun olaraq Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası adlı bir təşkilat yaratdıq. Belə alındı ki, öz ixtisasım üzrə işləyə bilmədim.
Sonradan, 2003-cü ildə Odlar Yurdu Universitetində hüquq təhsili aldım və paralel olaraq 2002-2004-cü illərdə Polşada İnsan Hüquqları üzrə Beynəlxalq Ali Kursu oxudum. MDB üzrə 30 nəfərə qədər şəxs orada oxuyub, bahalı təhsil idi. Təkcə Polşada yox, hər sessiya Cenevrədə, Strasburqda, Haaqada, Rusiyada, yaxud Ukraynada keçirdi. Beynəlxalq məhkəmələrin, beynəlxalq təsisatların olduğu yerdə bahalı bir təhsil idi və bunu hüquq müdafiəçiləri üçün təşkil etmişdilər. Bu təhsili bizim üçün bir Polşa təşkilatı təşkil etmişdi və təhsil rus dilində idi. Əmək hüquqlarının müdafiəsi ilə daha çox məşğul olmağıma baxmayın, Polşadakı müdafiəm işgəncələrlə bağlı olub.


- Söhbətimiz iyun ayına təsadüf edir. Maraqlıdır, Prezident Aparatının şöbə müdiri postundan getmənizə yol açan 4 iyun hadisələri yaddaşınızda hansı izi buraxıb?


- 4 iyun hadisələri dövlətçiliyimiz üçün böyük təhlükə oldu. Mən o zaman Prezident Aparatında Ərazi idarəetmə şöbəsinin müdiri idim. O hadisələr başlayan, insanlar girov götürülən kimi dərhal Goranboya getdim. Goranboyda qərargah təşkil olunmuşdu. Sonra Yevlaxa keçdim, 4 gün oranın müdafiəsinin təşkilində iştirak etdim, aeroporta getdim. Yevlax aeroportunda məni nişan alıblar, amma yanımdakı bir nəfər onların yaxın adamı olub, ona görə vura bilməyiblər. Sonra da girov götürmək istəyiblər, götürə bilməyiblər. İyun hadisələri ərəfəsində Xalq Cəbhəsi hökuməti, ümumiyyətlə, dövlət çox böyük təhlükələr qarşısında idi. O dövrdən çox böyük ağır itki ilə çıxdıq, torpaqlar getdi. Onu demək istəyirəm ki, bizim hakimiyyətin daxilində olan qarşıdurma əsas rol oynadı. O qarşıdurma o qədər ziddiyyət halına gəlib çatmışdı ki, 4 iyunda o qiyam Xalq Cəbhəsinin sifətini qoruyub saxladı. Əgər o qiyam olmasaydı, Xalq Cəbhəsi hakimiyyətinin daxilində nələr baş verəcəkdi, mən onu proqnozlaşdıra bilmirəm. Amma bu, başqa bir mövzudur. Sadəcə, indi Pənah Hüseyn hərdən danışır, mən qulaq asıram. Çox şeyi düz demir, yaxın tarixi çox təhrif edir. Bu barədə ona görə danışmıram ki, hakimiyyətdaxili etika var, bir yerdə olmuşuq. Yevlaxda olanda mənimlə bir yerdə Naxçıvandan olan Yaşar vardı, Allah rəhmət eləsin, sonradan intihar etdi. Elə hadisələr vardı ki, yalnız o mənə şahidlik edə bilərdi. İndi zaman keçib, bilmirəm. Həm də bu gün mən iyun hadisələrindən danışsam, deputatlığa namizədliyə hazırlaşan insanlar elə biləcəklər ki, kiminsə sifarişi ilə danışıram. Danışdıqlarım onlara qarşı çevriləcək. Sadəcə, demək istəyirəm ki, Pənah Hüseyn danışır, çox şeyi də səhv danışır. Bir az ehtiyatlı olsun, ən azı o tarixi bilənlər, hadisələrin içərisində olanlar var.


- İcra başçısı, Prezident Aparatında şöbə müdiri postlarından QHT sektoruna gəliş həyata baxışlarınıza necə təsir göstərdi?


- Məmur olub, sonra ictimai sektora transfer etmək çox çətin məsələdir. Mənim məmur kimi fəaliyyətim qısa oldu, 1 il davam etdi. Müharibə dövrü idi, çətindir. Mən 21 gün icra başçısının humanitar məsələlər üzrə birinci müavini işləmişəm. Əmək fəaliyyətimə 2 şəhidin dəfn mərasimini təşkil etməklə başlamışam. Bu, ağır dövr idi. Sonra mən Yasamal rayonunun icra başçısı olanda həm də Müdafiə Qərargahının rəhbəri kimi çağırış məsələlərinə baxırdım, iştirak edirdim. Görəndə ki, orada həmyaşıdlarım var, döyüşə gedirlər, sözün düzü, bir qədər də xəcalət çəkirdim. O dövr mənim üçün şirin xatirə deyil. Amma mən əvvəllər ictimaiyyətçi olmuşdum, Sakit Okean Hərbi Donanmasında qulluq etdiyim zaman gəmidə 8-9 ictimai vəzifənin hamısını mən aparırdım. Ümumiyyətlə, orta məktəbdən başlamışam, sinif nümayəndəsindən tutmuş komsomola qədər təşkilati işlər mənə tapşırılıb. Xalq Hərəkatı dövründə də Yasamal rayonunda fəal təşkilatçılardan biri mən olmuşam, ən böyük şöbə orada idi. Sonra da məmur vəzifəsinə, siyasi posta gəldim, sonra yenə də Neft Sənayesində Azad Həmkarlar İttifaqına qayıtdım. 4 il burada işlədim, bu da transformasiya üçün bir xeyli yol açdı. Amma təəssüf ki, məmur düşüncəsi hələ də qalır. Məmur düşüncəsi ictimai fəaliyyətin mahiyyətini tam axıracan dərk etmir. Belə alındı ki, məndə keçid dövrü təkamüllə keçdi, radikal olmadı. Ona görə uyğunlaşdıq. Əgər mən Həmkarlar İttifaqındakı 4 ili saymasam, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını 1997-ci ilin iyununda, 13 ildən artıqdır ki, təsis etmişik, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərirəm. Ən çox stajım olan sahə buradır.



- Həyatınızın əsgərlik dövrünə qayıdaq. Bu dövr necə keçib?


- Nə qədər qəribə gəlsə də, mənim ömrümün ən maraqlı və ən şərəfli dövrü Sovet Hərbi Dəniz Donanmasında xidmət dövrüdür. Mən Sakit Okean Hərbi Dəniz Donanmasında hərbi xidmətdə olmuşam. Bizim baza Petropavlovsk-Kamçatkada idi. Hər şeyi sovetləşdirə bilmişdilər, amma donanma rus donanması olaraq qalmışdı, ənənəsi ilə sovetləşdirilməmiş donanma idi. Burada rus donanmasının ənənələri böyük idi, dəniz ənənələri yaşayırdı. İlk dəfə Vyetnamda, Cənub-Şərqi Asiya, Afrika ölkələrində olanda ideoloji pərdə mənim üçün cırıldı. Onda başa düşdüm ki, biz Əfqanıstanda beynəlmiləl xidmət yerinə yetirmirik, sadəcə, Əfqanıstanı qəsb etmişik. Bu da xalqların iradəsinin əleyhinədir. Tale elə gətirdi ki, bizim gəmi təmir üçün Polşaya göndərilməli oldu, gəmimiz Polşa istehsalı idi. Mən Qdansk, Qdınyada, yəni “Solidarnost”un mərkəzində oldum. Qdanskda gəmi təmiri zavodunda Lex Valensa 5-ci dərəcəli çilingər işləyirdi. Orada ideoloji təsir altına düşdük, Xatın hadisələri haqqında ilk dəfə orada eşitdik. O vaxt “Solidarnost”un baş ideoloqu Adam Mixnik gizli nəşrlər buraxdırırdı. O nəşrlər bizə də gəlib çıxırdı, çünki gəmidə polyaklar təmir işləri aparırdı, biz zavoda gedirdik. Polyaklar həmin gizli nəşrləri bizə ötürürdülər və mən onun cəzasını da çəkmişəm. Çünki o qəzetin birini oxuyurdum, mənə də olmazdı. Mən komsomol təşkilat katibi, siyasi məsələlər üzrə komandirin müavini, təbliğatçı idim. Gəmidə bütün siyasi işlər məndə idi. Məni tutdular və ona görə bir az məni cəzalandırdılar.

- Rütbənizi aldılar?

- Növbəti rütbələr verilmədi, xidmətimin axırına qədər baş matros olaraq qaldım. Halbuki tutduğum statusa görə birinci dərəcəli starşina olmalı idim, vermədilər. Çox fəal olduğum üçün ictimai vəzifələri əlimdən almadılar, amma 5-6 ay məni nəzarətdə saxladılar. Mən o qəzetləri oxuyurdum, polyak dilini qismən öyrənmişdim, hər halda başa düşürdük. Mən o vaxt Polşadakı Hərəkatı görürdüm. Sonradan elə oldu ki, Polşada il yarım oxuyanda müəllimim, həmin vaxt həbsxanada olmuş Marik Navitski aksiyaların necə təşkil olunmasından danışırdı. Amma o aksiyaların hamısı mənim gözümün qarşısında olmuşdu.


- Lex Valensa ilə görüşmüşdünüz?


- Lex Valensanı ötəri görmüşdüm. Onlar bir dəfə toplantı keçirirdi. Lex Valensa işə nadir hallarda gəlirdi. Ona Nobel mükafatı verilmişdi, o cümlədən İsveç beynəlxalq mükafat vermişdi, “Mercedes” markalı maşını da vardı. Onun tərəfdarlarının hamısını tutdular, onu tutmamışdılar. Bunda da məqsəd o idi ki, Lex Valensanı təcrid etsinlər. Lex Valensa da işə çox gəlib-getmirdi, beşinci dərəcəli elektrik çilingəri idi. Amma hərbi vəziyyətin başa çatmasına baxmayaraq, Polşada hərbi vəziyyət qalmışdı və polyaklar çox güclü aksiyalar keçirirdilər. Yadıma gəlir, komsomol təşkilatına təklif etdim ki, gəmidən Leninin şəkillərini çıxaraq. Bu, komandirin siyasi məsələlər üzrə müavininin çox acığına gəldi. Amma bir neçə gün keçəndən sonra gördük ki, divarların birində Leninin başına ox qoyub, sinəsinə yazıblar ki, “Solidarnost yaşayır!” Sonradan gəmini doka qaldıranda belə gördük ki, su axını olan yerə yazıblar ki, “Solidarnost yaşayır!” Onlar bu cür aksiyalar keçirirdilər. Amerikalılar onlara radioqurğular paylamışdılar. Xəbər verirdilər ki, axşam saat 8-də hamı televizorun ekranını pəncərəyə çevirsin, işıqların da hamısını söndürsün. Baxırdın ki, şəhər gömgöydür. Yaxud xəbər verirdilər ki, saat 5-6 arası hamı şəhərdə küçənin sağı ilə getsin. Hamı sağ ilə gedirdi, polis də heç nə edə bilmirdi. Polyaklar hərbi vəziyyət dövründə “Solidarnost”u yaşatmaq üçün bu cür mübarizə apardılar və Polşa sosializm sisteminin süqutunda sonradan ən fəal ölkələrdən biri oldu. Mən də əsgərlikdən qayıdandan sonra metro tikintisində işləyərkən bir neçə dostumla Azad Həmkarlar Birliyi adlı yarımleqal bir təşkilat yaratdıq.


- Yəni Polşada gördüklərinizin həyata baxışınıza ciddi təsiri oldu?


- Təbii. Azad Həmkarlar Birliyini yaratdıq və sonradan 1988-ci il avqustun 6-da artıq Xalq Cəbhəsinə birləşdik.


- Yeri gəlmişkən, Vyetnamda olarkən döyüşlərdə iştirak etmisiniz?

- Vyetnamda əsas müharibə 1976-cı ildə qurtarmışdı, amerikalılar çıxıb getmişdilər. Ancaq Vyetnamda təxminən 1 milyona yaxın buraxılmış Sayqon Ordusu vardı. Onların zabit heyətinin hamısı ABŞ-a miqrasiya etmişdi. Məni 1982-ci ilin oktyabr ayında Vyetnama göndərdilər, orada yenidən komplektləşdirmə gedirdi. Tale elə gətirdi ki, 1999-cu ildə ABŞ-a gedəndə həmin zabitlərin Hyustondakı qəsəbəsində oldum. Amma başlı-başına buraxılmış əsgərlər cəngəlliklərə çəkilmişdilər və uzun müddət müqavimət göstərdilər. Kamçatka donanmasından 80 nəfər fəal topladılar və Vyetnama döyüş xidmətinə göndərdilər. Mən orada Sakit Okean Donanmasının 27-ci Operativ Eskadrasının tərkibində olmuşam. Cənubi Vyetnamla Şimali Vyetnam birləşmiş, Sayqon şəhərinin adı dəyişdirilərək Xo-Şi-Min qoyulmuşdu, ancaq müqavimət uzun müddət davam etdi. Sovet qoşunları da Vyetnama kömək edirdi. Həm də sovet bazalarından biri də orada idi. Sovet bazalarının olduğu digər yerlərdə, Ərəbistan dənizində Sakkotra yarımadasında, Efiopiyada Daxlak adasında da olmuşam. Amma əsas fəaliyyətim Vyetnamda olub və bu, döyüş xidməti sayılırdı. İnsan kimi formalaşmağımda o donanmanın rolu böyük idi. O dövrdə Vyetnamda açıq döyüş getmirdi, amma ölüm halları da çox olurdu. Biz Sayqon ordusunun qalıqlarına, yəni fəaliyyətdə olan təxribata qarşı mübarizə aparırdıq. Bu, açıq səngər döyüşü deyildi.


- Ölümlə üz-üzə gəldiyiniz anlar olub?


- Vyetnamda ölümlə üz-üzə gəldiyim anlar olub. Amma ilk dəfə ən real ölümlə 20 Yanvarda rastlaşmışam. Yanımda güllə dəyib, yerə yıxılanlar olub. Əsgərlikdə Aralıq dənizində batmaqda olan sualtı gəmini xilas etmişik. Süveyş kanalından çıxandan sonra “sos” siqnalı aldıq, mən də xilasetmə işlərində iştirak etmişəm.
Tale elə gətirdi ki, hərbi xidmətim 1983-cü ilə, Anovun hakimiyyəti dövrünə düşdü. Soyuq Müharibə artıq isti müharibə fazasına keçmək mərhələsinə gəlmişdi. Kamçatkada sualtı qayıqlar bazasının yerləşdiyi buxtanın üstündən Cənubi Koreyaya uçan sərnişin təyyarəsini SSRİ vurdu. Təyyarədəki 200 nəfərdən artıq sərnişin öldü. Bu, dünyada çox ciddi qarşıdurmaya gətirib çıxardı. O zaman Silahlı Qüvvələrin Baş Qərargah rəisi Oqarkov və digərlərini işdən çıxarıldı. Amma hadisələr qızışdı və müharibə həddinə gəldi. O zaman real müharibə təhlükəsi vardı. O zaman ABŞ-ın 7-ci operativ donanmasının gəmiləri silahları bizə tərəf çevirirdi. Amerikalıların vertolyotları çox aşağıdan uçur və bizi təhqir edir, söyürdü. Hər an gözləyirdik ki, bir təxribat, insident ola bilər. Amma eyni zamanda arxayın idik ki, gəmidə olsaq da, suyun altında bizi müşahidə edən sualtı qayıqlar var. Biz o vaxt sovet hərb gücünə inanırdıq. Bir məqamı da deyim. Orada hiss etmişəm ki, böyük, nəhəng dövlətin vətəndaşı olmaq hissi nə deməkdir. Anlayıram ki, xüsusən iri dövlətləri vətəndaşlarının, məsələn, rusların şovinizmi nə ilə bağlıdır. Mən öz vətənimlə fəxr edirəm, amma hiss etmirəm ki, nəhəng dövlətin vətəndaşıyam. Bizi orada söyürdülər, təhqir edirdilər, amma deyirdik ki, siz bizdən qorxursunuz. Baxmayaraq ki, Polşada olandan sonra bizdəki rejimin də nə olduğunu bilirdik. Rus hərb tarixi mənim üçün çox maraqlıdır. Məsələn, biz döyüş xidmətinə gedəndə Koreya boğazından keçirdik. “Varyaq” gəmisinin qərq olduğu yer var - Susima. Orada bütün gəmilər dayanırdı, böyük mitinq keçirilirdi, çələnglər dənizə buraxılırdı. Sonra hamı “Varyaq” mahnısını oxuyurdu. O mahnı hamıda böyük ruh yüksəkliyi yaradırdı. Mən o ruh yüksəkliyini dillə ifadə edə bilmirəm. O xalqlar həmişə qalib gələcək ki, məğlubiyyət tarixlərini də şərəf tarixinə çevirə bilir. Məsələn, rus-yapon müharibəsində ruslar biabırcasına uduzdular. Amma admiral Makarovun qəhrəmanlığı hərb salnaməsinə daxil oldu. Təsadüfi deyil ki, Böyük Vətən Müharibəsində Stalin məcbur qalıb, “Makarov” ordeni təsis etdi. “Varyaq” gəmisi qərq oldu, ruslar biabırcasına uduzdu. Amma rus donanması komandanının və şəxsi heyətin qəhrəmanlığı rus hərb salnaməsinin şərəfli səhifəsinə çevrildi. General Səməd Ağa Mehmandarov da Port-Arturda qəhrəmanlıq göstərdi. Görün məğlub müharibənin nə qədər şərəfli salnaməsi var. 1953-1956-cı illərdə Krım müharibəsində ruslar uduzdular, amma admiral Naximovun qəhrəmanlığı salnaməyə çevrildi. Bizim də tarixdə belə məqamlar var. Məsələn, Gəncə qalası süqut etdi, amma Cavad xanın qəhrəmanlığı qaldı. Biz bəzən məğlub müharibənin qəhrəmanları ifadəsini işlədirik. Qəhrəmanlıq fərdi şeydir, bu baxımdan bütün qəhrəmanlarımızla fəxr edirəm. Bu qəhrəmanlıqları biz yaxşı təbliğ edə bilmirik. Hətta məğlub müharibə tariximizin şərəfli hissələrini qabartmağa borcluyuq. Bizdə o ideoloji iş yoxdur.


- 20 Yanvarda ölümlə üz-üzə gəldiyiniz anlan yadınızda necə qalıb?


- 20 Yanvarda fəallardan idim. Tunel Tikintisi İdarəsində də 50 nəfərlik qrup hazırlamışdıq ki, Zəngilana gedək, Nüvədi kəndinin müdafiəsində iştirak edək. Amma 20 Yanvar ərəfəsi Müdafiə Şurası yarandı, biz Bakıda qalası olduq. Soyğunçuluğun qarşısının alınmasında iştirak etdik. Sonra elə oldu ki, Müdafiə Şurasında məlum qrupa daxil olduq. İlk atəşlərdən biri də “Şmidt” zavodunun yanında açıldı. Avtobusları qoyub, barrikada düzəltmişdik, əlimizdə də armatur çubuqları ilə arxasında dayanmışdıq. Zərdüşt Əlizadə də kitabında yazır ki, ora 3,5 ton armatur çubuğun doğranıb yığılmışdı, mənim də adımı ora qeyd edib. Amma özüm də bilirdim ki, bu, gülünc bir şeydir. Amma prosesin axınından çıxmağım, mənim kimi fəal insanın qıraqda qalmağı başa düşülən deyildi. Ona görə də məcbur idim ki, orada gedəm. Bizə demişdilər ki, arxayın olaq, onlar boş patronlar atacaq, atəş açmayacaqlar. Biz də gözləyirdik, onlar gəldi. Gənclik stadionundan çıxıb indiki Odlar Yurdu Universiteti istiqamətindən aşağıya doğru gəldilər. “Çapayev”, indiki “Təbriz” küçəsində atəş açmağa başladılar. İnsanlar yerə yıxılırdılar, biz hələ nə baş verdiyini dərk edə bilmirdik. Sonra yaralıları taksilərə qoyduq. Bizim 50 nəfərlik qrupdan Əflatun şəhid oldu. Mən orada səpilən güllələri və açıq qanı görmüşəm. Əlbəttə, bu məni sarsıtdı. Biz sonra 40 günlük tətil təşkil etdik. Yadımdadır, tətil iştirakçıları üçün xüsusi fond yaradılmışdı. Əhali ora pul verirdi. Mən bir dəfə indi QHT-lərə Dövlət Dəstəyi Şurasının yerləşdiyi binada Fəzail Ağamalı, Vurğun Əyyub və Qabil Məmmədovdan pul götürüb ailəli işçilərə payladım. Onların qolu ilə məndə “zapiska” durur. Məndə olan kağıza Fəzail Ağamalı, Vurğun Əyyub, Qabil Məmmədov qol çəkiblər, təhvil götürmüşəm.


- Vyetnamda oldunuz, amerikalılar haqqında sizdə hansı təəssürat yarandı?

- Mən bilmirdim ki, müharibə necə aparılır. Yuxarıda da dedim, baxmayaraq ki, Vyetnamda əsas müharibə 1976-cı ildə qurtarmışdı, amerikalılar çıxıb getmişdilər. Mən 1982-ci ildə Vyetnama getdim. Orada ilk dəfə müharibənin nəticələrini gördüm. Orada o qədər kimyəvi silahlar tətbiq olunmuşdu ki… Vyetnamda bizim eskadranın üzvləri də tez-tez kimyəvi təsirdən zəhərlənirdilər, müxtəlif xəstəlik tapanlar, ölənlər vardı. Təsadüfi deyil ki, 27-ci operativ eskadranın bir böyük üzən hərbi hospitalı da vardı. Mən ABŞ-da olanda onların məşhur “Siyerra club” adlı ekoloji təşkilat var. Onların ofisində görüşdə də dedim ki, sizin necə müharibə aparmağınızı yaxşı bilirəm, onun izi məndə də var. Sonradan dərk etdim ki, Vyetnamda nə qədər qəddar müharibə gedib. Əlbəttə, vyetnamlıların da müqaviməti çox kəskin idi. Vyetnamda kiçik qüvvəni məhv etmək üçün tonlarla döyüş sursatı, o cümlədən kimyəvi silahlar tətbiq olunub, yerə çökmüşdü. Vyetnamda musson yağışlar yağır, buxarlanma da yüksəkdir. Bəzən kölgədə 55 dərəcə isti olur. Nəm bütün kimyəvi qarışıqlarla bir yerdə yuxarı qalxır və insanlar əzab çəkirlər. 1983-cü ildə Sayqon şəhərində çox faciəli vəziyyət idi, görürdün ki, insanlar küçədə ölüb, heç götürən də yoxdur. Vyetnamda o zaman 140 donq əməkhaqqı alırdılar, amma bir “Marlboro” siqaretinin qutusu 160 donq idi. İndi mən izləyirəm, Vyetnam inkişaf edir. Onlar bizim bazanın yerləşdiyi Kam-Ran yarımadasını kurort zonasına çevirirlər, beynəlxalq aeroport tikirlər. Çox sevinirəm ki, o mərd xalq ayağa qalxır və sürətlə inkişaf edir. Amma o zaman çox ağır dövr idi.


- QHT sektorunda fəal insansınız. QHT sektoruna dəstək verən əsas dövlətlərdən biri də ABŞ, bu dövlətdəki institut və fondlardır. Vyetnamı gördünüz, proseslərdən keçdiniz və ən böyük qrant donoru olan ABŞ institutları, fondları ilə işlədiniz. Sizin üçün çətin olmadı ki?

- Bu da görünür bir ziddiyyətdir. Mən 22 yaşımda 66 min kilometr dəniz yolu keçmişəm, yer ətrafı səyahətdə iştirak etmişəm. Yeganə dövlət təltifim uzaq səyahətlərə görə medaldır. Sovet dövründə Sviqun “Gizli Cəbhə” adlı kitab yazmışdı. Mən hələ orta məktəbdə o kitabı oxumuşdum. Qərb, xüsusən də ABŞ sosializm sistemini dağıtmaq üçün milyardlarla pul xərcləyirdi. İndi bu sistem dağılıb və burada demokratiyanı qorumaq lazımdır. İndi o milyardların çox az qismini təzədən vətəndaş cəmiyyətinin qurulmasına yönəldib. Qərbin bu yardımına normal baxıram. O başqa məsələdir ki, burada qüsurlar da var. ABŞ dünyanın yeganə dövlətidir ki, orada QHT-lər dövlətdən 200 il əvvəl yaranıb. Dövlət yox idi, amma icmalar, QHT-lər vardı. Mən 1999-cu ildə Dövlət Departamentinin proqramında iştirak etmişəm, ABŞ-da olmuşam. O zaman ABŞ-da 16 milyon QHT vardı. Onların QHT-lərinin ümumdaxili məhsulda payı 11 faiz, federal hakimiyyətin payı isə 18 faiz idi. 1998-ci ildə yalnız QHTİ-lərə, fiziki şəxslərin verdikləri ianə 175 milyard dollar olub. Onların nəhəng, trilyonlarla ölçülən büdcəsi var. Onlar da istəyir ki, burada vətəndaş cəmiyyəti qurulsun, Qərbin üzdə görünən siyasəti budur. Bunun arxasında hansısa fond hansısa iş aparırsa, bunu bilmirəm. Məsələn, mən 13 ildir ki, proseslərdə fəal iştirak edirəm. Bizim təşkilat iri qrantlarla işləmir, çox kiçik büdcəsi var. Amma o büdcədə ABŞ vəsaiti həmişə olub. Nə mən, nə də bizim təşkilatın fəalları indiyə qədər hansısa asılılıq, yaxud bağlılıq hiss etməyiblər. Bir misal çəkmək istəyirəm. 1998-ci ildə amerikalılar hüquq müdafiəçiləri üçün Resurs Mərkəzi yaratmışdılar. O vaxt Beynəlxalq Amnistiya Təşkilatı uşaq hüquqlarının pozulması ilə bağlı kampaniya keçirirdi. O zaman həmin resurs mərkəzində ABŞ səfirliyinin işçiləri, səfirin müavini gəlib otururdu, mən çox həvəslə orada ABŞ-da uşaq hüquqlarının pozulması ilə bağlı kəskin leksiyalar deyirdim. Bu o dövr idi ki, mən Dövlət Departamentinin dəvəti ilə ABŞ-a getməyə hazırlaşırdım, təşkilatımız ABŞ səfirliyindən ilk qrantını almışdı. Həm də ofisimiz yox idi, ABŞ-ın dövlət büdcəsinin vəsaiti ilə maliyyələşmiş Resurs Mərkəzində oturmuşduq.
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yarananda məndən soruşdular ki, hökumət QHT-ləri asılı vəziyyətə salmayacaqmı? Mən onda dedim ki, asılılığa meyli olanlar, xaricdən asılılığa düşənlərin buradan da asılı vəziyyətə düşmək təhlükəsi var. Kim ki, özünü müstəqil aparmağı bilir, onun üçün təhlükəsi yoxdur. İndi təşkilat tanıyıram ki, Şuradan layihə alır, amma həmin pula Avropa Məhkəməsinə Azərbaycana qarşı iş hazırlayır. Qərb qrantı şərtidir. Dünya bizim ümumi evimizdir. Ola bilməz ki, ABŞ, Avropa firavan yaşasın, dünyanın digər hissələrində problem olsun. O problemlər mütləq axıb gələcək. Görürsünüz ki, miqrantlar Avropanı basıb və baş ağrısına çevrilib. ABŞ da Meksikadan gələnlərin qarşısını almaq üçün divar çəkir, qarşısını ala bilmir. Narkomaniya, terrorizm, silah qaçaqmalçılığı inkişaf edir. Bunun qarşısını almaq üçün o vəsaitin bir hissəsini yönəldirlər. Bunun qarşısını silahla almaq mümkün deyil. Görürsünüz ki, Əfqanıstanda qarşısını ala bilmirlər. Yeganə yolu vətəndaş cəmiyyətinin, demokratiyanın inkişaf etdirilməsindən keçir. O başqa məsələdir ki, Qərb bu vəsaitləri nə dərəcədə səmərəli buraxırlar? Verdikləri 1 milyon pulun 850 mini özləri təzədən dolayı yollarla mənimsəyib götürürlər, qəpik-quruşu bizə verirlər. Bu, başqa məsələdir, amma məqsəd özü yaxşı məqsəddir. Terrorizmə, qlobal təhlükəsizliyə yönələn pullar əlbəttə ki, qlobal təhlükə yaradır. Terrorizmdən istifadə edib dünyada insan hüquqlarını sıxışdırırlar. Amma mən dediyim qrantlar müqəddəs məqsədlərə yönəlib. Nə dərəcədə səmərəlidir, başqa məsələdir.


- Hüquq müdafiəçisisiniz. Həyatda sizə qarşı hansı hüquq pozuntusu bu günə kimi yadınızdan çıxmır?

- Bizi müstəqil dövlət qurana qədər tuturdular, həbs edirdilər, bunlar heç. Amma müstəqillik illərinin ilk ağrısı, təqiblər biz hakimiyyətdən gedəndən sonra oldu. Mən köçüb getmədim. İndi fikirləşirəm ki, bəlkə getməli, miqrasiya etməli idim?! 1993-1997-ci illərdə xüsusən psixoloji təzyiq və təqiblər məni sarsıtdı və səhhətimdə də izləri qalmaqdadır. Hesab edirdim ki, mən hakimiyyətdə olanda çox düzgün işləmişəm, təmiz, vicdanlı olmuşam. Səhvlər olubsa da, bilərəkdən olmayıb. Lakin bunun əvəzində o cür təhqirlər, psixoloji təzyiqlər, izləmələr bir mərhələ idi. Sonradan vəziyyət bir qədər düzəlməyə başladı. Həmkarlar İttifaqında işlədim, oranı da parçaladılar, bir müddət işsiz qaldım, qeyri-hökumət təşkilatını yaratdım.
İndi də bir kiçik daşınmaz əmlakım var, 1992-ci ildə tikilib, xanımım evimizi satıb dördüncü əldən onu alıb. İndi hökumət onu söküb, kompensasiya vermək istəmir. Mən Avropa Məhkəməsinə işlər hazırlayan, neft şirkətlərinə qarşı strateji işləri udub, əhaliyə kompensasiya ödənilməsində tək ölkədə yox, ölkə xaricində də tanınan bir şəxs öz hüququma qarşı çox acizəm və heç bir şey edə bilmirəm, özümün gücsüzlüyümü hiss edirəm. Çox çarəsizliyimi hiss edirəm. Bakı şəhərinin 90 faizinin nə sənədi varsa, bizim daşınmaz əmlakın da o sənədlər var. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı, rayon icra hakimiyyətinin sərəncamı, 4 dəfə alınıb-satılıb və s. Azərbaycanda siyasi məhbus məsələlərini çox qabardırlar. Mən həmişə hökumət nümayəndələrinə də deyirəm ki, bundan tək Qərb yox, ölkədə bəzi adamlar yox, siz də bəhrələnirsiniz. Azərbaycana gələnlər iki-üç nəfərin məsələsi ilə maraqlanırlar. Mülkiyyət hüquqlarının pozuntusu və s. arxada qalıb. Azərbaycanda daşınmaz əmlakla bağlı problemlər çoxdur. İnsanların özləri də çoxlu qanunsuz sahələr tuturlar.
Məhkəmə çəkişmələrində özümlə bağlı uduzduğum vaxtlar olub. Bu yaxınlarda bir dövlət orqanı ilə münasibətim vardı, onu mən həll edə bilmədim. Şikayət etmək istədim, şikayətimə qulaq asan olmadı. Çox gücsüzlüyümü hiss etdim. Sonra da fikirləşirəm ki, axı başqalarının hüquqlarını müdafiə edəndə nailiyyətlərimiz olur?! Sonra özümü günahlandırıram ki, özümə, qohum-əqrəbama, yaxınlarıma gələndə mən bacarmıram, aciz oluram, başqalarına münasibətdə isə fəal oluram…
15 mayda dinc toplantı keçirmək istəyən uşaqları tutmuşdular, məhkəmənin qabağına getdim. Məhkəmənin qabağında bir polislə söhbət etdim, dedim ki, onlar dinc toplaşıblar, niyə tutmusunuz? Polis qayıtdı ki, sən nə kütbeyin adamsan?! Başladı mənə izah etməyə ki, başa düşmürsən, mitinq keçirmək olmaz! Təkcə Qərb ölkələri mənə 200 min dollar xərc çəkib ki, savadlandırsınlar, polis mənə dərs keçir. Mən o polisə cavab verə bilmədim, aciz qaldım. Yol polisi ilə mübarizədə də mən acizəm. Mübarizə aparıram, amma çox çətindir.

- Hansısa qrant müsabiqələrində QHT-lərlə rəqib olursunuz, yəqin ki, incikliklər də olur. Bu baxımdan maraqlıdır, QHT sektorunda dost tapmaq nə dərəcədə mümkündür?

- Bir var ki, dost, bir də var ki, dost münasibət bəslədiyim insanlar. Mənim üçün dost ayrı şeydir. QHT sektorunda dost münasibət bəslədiyim insanlar var. Cəmiyyətdə, dövlətdə, mətbuatda olan problemlər vətəndaş cəmiyyətində də var. Bu yaxınlarda Varşavada ATƏT-in tədbirində idim. Orada tanıyanlar dedilər ki, mənimlə bağlı yazıblar ki, guya həyat yoldaşım Milli Təhlükəsizlik, oğlum Ədliyyə Nazirliyində işləyir. Oğlum 11-ci sinfi bu il qurtarır. Belə böhtan yazılar gedir. Halbuki mən hüquq müdafiəçisiyəm, ofisimiz yoxdur. İşçilərin pulunu vermək, onları saxlamaq üçün orada-burada leksiyalar deyirəm, sifarişlər götürüb, gecə kompüterdə işləyirəm. Çətin vəziyyətdir, amma qıraqdan baxanda bəzi jurnalistlər də deyirlər ki, onlar firavan yaşayır, dolanırlar. Şükür Allaha, aciz deyilik, amma bəzən bizim gəlirlərimizi o qədər şişirdirlər ki... Bəli, bəzi QHT-lər var, sakitcə oturub, üzdə bir şey, altda bir şey… Mən hesab edirəm ki, ən böyük nailiyyətim odur ki, hamının gözünün içinə dik baxa bilirəm. Həyatda ən böyük uğurum odur. Qalan məsələlər xırda-para şeylərdir. Hökumətdə də, müxalifətdə də elə bir adam tanımıram ki, onun yanında gözü kölgəli olam. 48 yaşa keçmişəm, ən böyük uğurum budur.

- Dostlardan danışmadınız.

- Dost münasibət bəslədiyim insanlar var. Amma mənim bir dostum var, hamısından fərqlənir. O da QHT sektoru ilə bağlı olmayan insandır. Mən icra başçısı olanda bir struktura rəhbərlik edib, vəfalı çıxıb. Amma QHT sektorunda istər xanım, istər kişilər olsun, əməkdaşlıq dostluq etdiyimi və hörmət bəslədiyim insanlar çoxdur. Mən özüm də dost olmaq sarıdan görünür o qədər də bacarıqlı deyiləm.

- Bir gün həyat yoldaşınız, yaxud oğlunuz hüquq müdafiəçisi olmaq istədiyini söyləyərsə, onların bu istəyini necə qarşılayardınız?

- Xanımım ali məktəblərin birində pedaqogikadan dərs deyir. Əvvəllər də evlənənə qədər dövlət orqanlarında da işləyib. QHT sektorunda çalışmaq istəyirsə buyursun, sadəcə, məni yükləməsin. Yəni mən onun üçün işləməyim. Özü yarada bilirsə, buyurub yaratsın. Amma oğlum bu işlərdə fəaldır. 11-ci sinfi bitirir amma bu yaxınlarda Estoniyada bir proqramda da iştirak etdi.

- 11 sinif şagirdi kimi?

- Tədbiri Avrasiya Hüquqşünaslar Assosiasiyası təşkil etmişdi. Oğlum artıq bu işi bilir, bir az da mənim kimi demaqoqdur. Məni məhz dilimin üstündə orta məktəbdən qovmuşdular. Mən orta məktəbi 3,9 balla qurtarmışam. Mənim heyflərimi qiymətlərimdən çıxıblar. İndi görürəm ki, oğlum da müəllimlərə etiraz edir, fikir söyləyir. Müəllimlərə asanca deyə bilər ki, Təhsil Nazirliyinə qaynar xəttə zəng edəcəyəm. İstənilən halda o, ictimaiyyətçi olacaq. Mən oğlumun bir ailə qurarkən seçiminə, bir də həyat yolunu müəyyən edərkən qarışmaram, yalnız məsləhət verə bilərəm. Ancaq deyim ki, mən ailə məsələlərində çox liberal adamam, bir az yalan olar. Ortodoksal Azərbaycan kişisiyəm.

- Nə qədər Avropa, QHT sektorunda fəaliyyət olsa da, bu, dəyişmir...

- Dəyişmir. Biz Avropaya gedirik, Avropada özümüzü avropalı kimi aparırıq. Zibili zibil qabına atırıq, davranışlarımız yerindədir. Bakıya qayıdanda dəyişirik. Mən görürəm ki, çox bahalı, 130-150 min manatlıq qiymətli maşın sürür… O gün bir xanım “Lexus”un düyməsini basdı, bir torba zibili küçəyə atıb getdi. Mən əminəm ki, o xanım dünyanın yarısını gəzib. Ola bilməz ki, o xanım 150 min manatlıq maşın sürsün, Avropada olmasın. Amma görürsüz ki, düzəlmirik. Bizim sanitar mədəniyyətimiz çox aşağıdır. Elə şeylər var ki, biz onlarda əbədi geridə qalmışıq. İsveçrəyə tez-tez gedirəm. Sürətli qatarın pəncərəsindən onların kəndlərinə baxıram. 100 il də əvvəl də onların evləri səliqəli idi, evlərin arasında çəpər əvəzinə gül var. Amma bizdə milyoner qəsəbələrinə baxın, sağlıqlarına qismət, tikiblər. Amma nə infrastruktur, nə yolu var. Yöndəmsiz, hərəsi bir cür tikib. Biri çəpəri 5 metr, biri 4 metr hündürlüyündə edib. Biri yarım metr qabağa çəkib. Bu, o deməkdir ki, biz özümüzdən başlamalıyıq. Hökuməti tənqid etməliyik, amma ümummilli problemlərdən danışmaq lazımdır. Mən icra başçısı işləyəndə məsələ qoymuşdum. Bakı nekropola, qəbiristanlıqlar şəhərinə çevrilib. Bakıda o yerdə ki, yaşayış üçün evlər olmalıdır, orada qəbiristanlıq, o yer ki, qəbiristanlıq olmalıdır, ora evdir. O vaxt mən deyirdim ki, bu məsələ həll olunmalıdır. Amma indi hər il neçə hektarlarla qəbiristanlıq Bakı şəhərini basa-basa gedir. Özü də qəbir 50, 60, 100 il ərzində itib getməlidir, bizdə qəsr tikirlər. Bu, cəmiyyətin problemidir. Görün gələcək nəsillərə nə qədər problemlər qoyuruq.

- Dinə münasibətiniz necədir?

- Mən Allaha inanıram. Ana tərəfdən də Göyçayda şeyx ailəsiyik. Amma mən dindar deyiləm. Dinin inkişaf etdiyi ölkələrə baxıram. Nə Səudiyyə Ərəbistanından, nə İrandan nə cəmiyyət, nə də özüm üçün nümunə götürə bilmərəm. Din hər kəsin öz əqidə işidir. Amma adətlərdə, yas, toy mərasimlərində bayağılaşma gedir. İkisi də eyni dərəcədə ifratdır, tənzimləməyə ehtiyac var.
Mən dindar deyiləm. Amma şəriət qaydalarına görə, qəbirə tut ağacından döşəmə qoyur və tut ağacından da dirək basdırırdılar. O dirək 50-60 il çürümürdü, övladları sağ olan dövrdə çürümürdü. Məsələn, mən babamın qəbrinin yerini bilmirəm. Mənim övladım babasının qəbrinin yeri ilə maraqlanmayacaq. O qəbir nəyə görə əsrlər boyu qalmalıdır? Məşhur ailə, familiya, soy olanda bu, başqa məsələdir, ona da abidə qoymaq olar. Ya da Qərbdəki kimi skeplis sistemi olmalıdır. Xaricdə ən çox getdiyim yerlərdən biri də qəbiristanlıqdır. Məsələn, Fransada Per Laşe qəbiristanlığında olmuşam. Onlar qəbiristanlığı da park kimi edirlər. Orada skleplər var, eyni yerdə hamısını basdırırlar, daha böyük sahə tutmur. Qərb bu məsələni həll edib, gərək biz də həll edək.

- Yaşadığınız taleyə təəssüflənmirsiniz ki?

- Təəssüf ki, bir ömrüm var, o da keçid dövrünə düşdü. Mən 1962-ci ildə anadan olanda o vaxt Kommunist Partiyasının 22-ci qurultayı keçirildi və sosializmdən kommunizmə keçid dövrü elan etdilər. 1986-cı ildə yenidənqurma oldu. Sonra da biz müstəqil olduq, keçid dövrü başladı. Nə yaxşı ki, bu yaxınlarda elan olundu ki, iqtisadiyyatda keçid dövrü başa çatıb. Deyilir, amma hələ tam başa çatmayıb. Ömrümün əsas şüurlu hissəsi keçib, amma mən hələ də keçid dövründə yaşayıram. Bu, insan həyatının rəngarəng keçməsi baxımından mənim uğurumdur. Amma eyni zamanda keçid dövrünün öz problemləri var, mənim nəslim onu yaşamalı oldu. Bu, bizim həm acı, həm şirin taleyimiz, həm xoşbəxtliyimiz, həm bədbəxtliyimizdir.
Bir məqamı da sonda deyim. 1983-cü ildə mənim üçün qış olmayıb. Yayı Kamçatkada, qış olacaq fəsildə ekvatorda olmuşam. Mən Atlantik, Hind, Sakit və Şimal Buzlu okeanlarda, dünyanın bir çox dənizlərində olmuşam, Süveyş kanalını dəfələrlə keçmişəm. Dünya okeanını qarış-qarış gəzmişəm. İndi də çox səyahətlər edirəm, ancaq 22 yaşım olanda bütün dünyanı görüb gəlmişdim. Dünya, siyasi sistem, ideologiyalar haqqında məlumat bazası ilə gəlmişdim. Elə olub ki, 1 il məktub almamışam, amma məktub göndərmişəm. Azərbaycana ən yaxın olduğum yer Ərəbistan dənizi olub. Bizdə Xaçmazdan Telman adlı oğlan vardı. Sakkotra adasında idik, gəmidən çəllək boşaldırdıq. Həm də sevinirdik ki, Bakı vaxtıdır. Çünki o meridian Bakıdan da keçirdi...

Ramiz Mikayıloğlu


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo