Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasında QHT-lərin vəziyyəti haqqında Milli Hesabatı ictimaiyyətə təqdim etdi. “Landmark” Biznes Mərkəzində dövlət nümayəndələrinin,
beynəlxalq təşkilatlar və xarici ölkə səfirlikləri təmsilçilərinin, QHT rəhbərləri və medianın iştirakı ilə keçən tədbiri giriş sözü ilə Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev açdı. Tədbirdən tam reportajı oxucuların diqqətinə təqdim edirik.
Azay Quliyev: Hörmətli qonaqlar, hörmətli həmkarlar.
Bu gün çox önəmli bir sənəd haqqında müzakirələr aparmaq üçün bura toplaşmışıq. Bu hesabat Azərbaycanda üçüncü sektor haqqında ilk rəsmi milli nəşrdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra qəbul etdiyi Konstitusiyanın preambulasında milli niyyətlər arasında vətəndaş cəmiyyətinin qurulmasını əsas məqsədlərdən biri kimi bəyan etmişdir. Konstitusiyanın bu müddəası Azərbaycan xalqının tarixi keçmişindən gələn milli-mənəvi qaynaqların bir daha təsbit edilməsi və onun gələcək arzularının qlobal istiqamətini müəyyən edən bir istəyin hüquqi ifadəsidir.
Ölkəmizdə ictimai fəaliyyətə münasibət hər zaman müsbət olmuş, xalqın öndə gedən dəyərli xeyriyyəçiləri, mütəfəkkir və ziyalıları cəmiyyət və ümumi mənafe üçün təmənnasız çalışmağı həmişə özlərinə borc bilmişlər. Qazanılmış tarixi nailiyyətlər və beynəlxalq təcrübə işığında Azərbaycan dövləti üç il öncə müasir ictimai fəaliyyətin aparıcı qurumları sayılan QHT-lərə dəstək siyasətinin yeni mərhələsini elan etmişdir. Bu siyasəti həyata keçirəcək qurum bilavasitə QHT-lərin aktiv iştirakı, şəffaf və demokratik seçki yolu ilə formalaşdırılaraq fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası keçən dövr ərzində dövlət dəstəyinin beş əsas istiqaməti üzrə öz fəaliyyətini davam etdirmişdir. Bu istiqamətlərdən biri də QHT sektorunun mövcud vəziyyətinin öyrənilməsi və onun inkişafı üçün uzunmüddətli strateji planların hazırlanıb həyata keçirilməsidir.
Bu məqsədlə Şura hələ 2008-ci ilin ortalarından etibarən QHT sektoru haqqında milli hesabatın hazırlanması üçün yerli və xarici ekspertlərlə məsləhətləşmələrə başlamış, hesabatın əsas çərçivələrini müəyyən etmişdir. Müəyyən edilmiş çərçivə planına uyğun olaraq, 2009-cu ilin payızında Şura müvafiq sahədə təcrübəsi olan yeddi eksperti müəyyən etmiş, Azərbaycan Maarifçi Gənclər Təşkilatına layihənin operatorluğunu həvalə etmişdir.
Hesabatın hazırlanması zamanı Azərbaycanın ictimai sektora aid göstəricilərinin əsasən qabaqcıl, sosial-iqtisadi inkişafın yüksək tempini yaşayan dövlətlərin müvafiq statistikası ilə tutuşdurulmasına xüsusi diqqət yetirilib. Tarixi ardıcıllıq prinsipi gözlənilməklə, müsbət meyllərin vurğulanmasına və çatışmamazlıqların üzə çıxarılmasına çalışılıb. Növbəti ildən etibarən bu sahə üzrə mütəmadi illik hesabatlar təqdim olunacaq, onda keçirilmiş tarixi yola belə bir metodologiya ilə yanaşmanın özünü doğrultduğuna şübhə yeri qalmaz. Çünki mövcud vəziyyəti yalnız tarixi keçmişi davamlı və obyektiv törəməsi kimi qiymətləndirməklə əldə edilmiş böyük uğurların mahiyyətini dərk etmək və açıqlamaq mümkündür. Hesabat Milli QHT Sektoru haqqında göstəricilərin müəyyən edilməsi baxımından çox vacib rola malikdir. Bu hesabat bir il yarım müddətində hazırlanıb və yeddi fəsli əhatə edir. Hesabatın ayrı-ayır fəsilləri üzrə ekspert seçimi Şura tərəfindən müəyyən edilib. Nəticədə Eldar Aslanov, Hafiz Həsənov, Əliməmməd Nuriyev, Qubad İbadoğlu, Vahid Qazı, Rauf Zeyni və Sahib Məmmədovdan ibarət ekspert qrupu yaradıldı.
Hesabatın birinci fəsili “İctimai Birliklərin yaranma tarixinə ümumi baxış”a həsr edilib.
Hesabatın II fəsli QHT-lərin hüquqi bazası haqqında məlumat verir. QHT-lərin yaradılması və fəaliyyətində bu qurumlarla bağlı formalaşdırılmış hüquqi baza mühüm əhəmiyyət kəsb edir. Belə ki, QHT-lərin yaradılması və fəaliyyəti üçün əlverişli və münbit hüquqi baza ölkədə III sektorun inkişafı üçün başlıca şərtlərdən biri kimi dəyərləndirilir. Hesabatın III fəsli Azərbaycan QHT-lərinin ümumi mənzərəsi (statistikası) haqqında məlumat verir.
IV fəsil QHT-lərin təsnifatı, V fəsil QHT-dövlət münasibətləri haqqında məlumat verir. VI fəsil əsasən QHT-lərin maliyyə mənbələri, VII fəsil isə Azərbaycan QHT-ləri beynəlxalq müstəvidə rolu, onların beynəlxalq təşkilatlarla əlaqəsini və bu istiqamətdə aparılan işlər haqqında ətraflı məlumat verir.
Hesabat bəzi istisnalarla da olsa, Azərbaycan Respublikasında QHT-lərin real vəziyyətini əks etdirir. Eyni zamanda, bu hesabat QHT palitrasının tam işıqlandırılmasına ilk təşəbbüs olduğu üçün əsasən keçilmiş yola ümumi baxış və inkişaf mərhələsini düzgün göstərmək cəhdi kimi qəbul olunmalıdır. Növbəti illərdə hesabat yalnız son ilin göstəricilərini əvvəlki bir neçə illə müqayisədə təqdim edəcəkdir. Bu baxımdan, hesabatla bağlı bütün qeyd və təkliflər Şura tərəfindən məmnuniyyətlə qəbul ediləcəkdir.
Ölkəmizin müasir inkişafının bütün sahələrində olduğu kimi, ictimai sektorda da keçən illərlə müqayisədə ciddi irəliləyişlər baş vermişdir. Bu irəliləyişlərin davamlı olması, çatışmazlıqların azaldılması və aradan qaldırılması baxımından hesabatın cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyinə şübhə yoxdur.
Güman edirik ki, hesabat Azərbaycanda üçüncü sektorun inkişafına çalışan insanların stolüstü kitabına çevriləcək və bu sahənin araşdırmaları üçün faydalı olacaqdır.
İndi isə çıxış etmək üçün söz Prezident Administrasiyasının şöbə müdiri cənab Əli Həsənova verilir:
Əli Həsənov: Hörmətli Şura üzvləri, hörmətli Azay müəllim, səfirlər və qonaqlar. Biz bu gün artıq Azərbaycan Respublikasında QHT hərəkatının inkişafından danışa bilərik. Bugünkü QHT sektorunun fəaliyyəti haqqında Milli hesabatın təqdim olunması bizə əsas verir ki, bir daha təsdiq edək ki, vətəndaş cəmiyyəti uğurlu fəaliyyət göstərir. Mən keçənilki hesabatda olduğu kimi, bu il də ötən illərdəki fəaliyyətlərlə bağlı keçmişə nəzər salmaq istərdim. Bu bizim keçmiş fəaliyyətdə etdiyimiz yalnışlıqlara nəzər yetirməyimizə imkan yaradar. Bu bizim fəaliyyətimizə müsbət impulslar gətirə bilər.
Bildiyiniz kimi, Azərbaycan müstəqilik əldə edənə qədər Azərbaycanda fəaliyyət göstərən birliklərin başında Azərbaycan Xalq Cəbhəsi dururdu. AXC İctimai Birlik idi. Azərbaycan dövləti müstəqilliyi əldə edərkən ayrı-ayrı siyasi partiyalar yaranmışdı. Onlar hakimiyyət uğrunda mübarizə aparırdılar. Belə bir vəziyyətdə dövlət QHT-ləri formalaşdıra bilməzdi. Belə bir vəziyyətdə dövlət hər hansısa bir qüvvənin ona xidmət etməsinə baxmayaraq, QHT-lərə vətəndaş cəmiyyətləri institutları, cəmiyyət faktorları kimi baxa bilməzdi. Biz bilirik ki, onlar hakimiyyət uğrunda mübarizə aparırdı. QHT təşkilatlarının 1995-ci ilə qədər olan dövrü belə bir qarmaqarışıq vəziyyətdə idi.
1995-ci ilə qədər Azərbaycanda hakimiyyət orqanları vətəndaş cəmiyyətlərini özlərinə rəqib hesab edirdilər. Vətəndaş cəmiyyəti institutlarına müxalifət kimi baxırdılar.
O zaman Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin fəaliyyətində mən də iştirak edirdim. Mən də hiss edirdim ki, Xalq Cəbhəsi Azərbaycanda öz funksiyasını yerinə yetirib və bundan sonra partiya kimi fəaliyyət göstərməlidir. Bu diskussiyalar konstitusiya qəbul olunana qədər davam etdi.
1995-ci ildə müstəqil dövlətin ilk Konstitusiyası qəbul olundu və ilk dəfə siyasi sistem üzrə parlament seçkiləri keçirildi. Pis olsa da, yaxşı olsa da, o dövr üçün məcburi parlament formalaşdırıldı. Bundan sonra siyasi partiyalara və QHT-lərə öz yerini, öz vəzifələrini göstərmək dövrü başladı.
O dövrdə bəzi QHT-lər siyasi partiyaların yedək funksiyası olmaqdan qurtula bilməmişdilər. Demək olar ki, 2000-ci ilə qədər QHT-lər ayrılıqda hüquqi şəxs kimi qeydiyyatdan keçə bilməmişdilər. 2000-ci il daxil olmaqla parlament seçkilərinə qədər, QHT-lərə olan münasibətlə siyasi partiyalara olan münasibət arasında bir az fərq var idi. Ona görə ki, hər bir QHT rəhbəri bir siyasi partiyanın üzvü idi. QHT-lərin fəaliyyəti siyasi fəaliyyətlə qarışdırılırdı. QHT-lər eyni zamanda fəal siyasətə müdaxilə edirdi. O zaman Azərbaycanda hakimiyyət uğrunda mübarizə var idi, belə bir şəraitdə biz bəzi QHT-lərə qarşılarına hakimiyyətə gəlməyi qoyan siyasi partiyalar kimi baxa bilməzdik. Eyni zamanda, onlara bir tərəfdaş kimi də baxa bilməzdik. Bu Milli Hesabatda qeyd olunduğu kimi, 10 illik fəaliyyətdə Azərbaycan dövlətində beynəlxalq təcrübəyə əsaslanan QHT fəaliyyəti formalaşdırıldı. Digər bir tərəfdən QHT-lər, nəhayət, siyasi fəaliyyətlə öz fəaliyyətlərini araşdırdılar. Bu günün özündə də bəzi siyasi partiyalar öz fəaliyyətini QHT-lər üzərində qurur. Amma bunu ümumi QHT-lərin fəaliyyəti kimi qiymətləndirə bilmərik. Bu gün biz QHT-lərə nə siyasi bir partiya kimi, nə də müxalifət kimi baxa bilərik. Onlar bizim tərəfdaşlarımızdır. Bu tərəfdaşlıq dəyərləndirməsi də Azərbaycan hökumətinin fəaliyyətini ona yönləndirdi ki, QHT-lərə dövlət dəstəyini nəzərdə tutan, dövlət dəstəyini istiqamətləndirən bir siyasət formalaşdırıldı.

Mən bu gün hakimiyyət nümayəndəsi olaraq buna çox şadam ki, Azərbaycanda bütün QHT-lərin iştirakı ilə hesabat hazırlanıb və belə geniş şəkildə onun müzakirəsi keçirilir. Azərbaycan hökumətinin bu istiqamətdə çəkinəcəyi heç bir şey yoxdur. Mən yenə də təkrar edirəm ki, biz bacardığımız dəstəyi verməyə hazırıq. Biz bilirik ki, bu günə qədər olan dəstək yetərli deyil. Amma Azərbaycanın bugünkü vəziyyətində bunu qənaətbəxş hesab etmək olar. Bu gün QHT-lərə Azərbaycan dövlətinin dəstəyi bilavasitə Şura vasitəsilə göstərilir. Bunu siz bilirsiniz, ayrılan vəsaitin miqdarını siz şəffaf şəkildə bilirsiniz. Vəsaitin paylanması, müsabiqələrin keçirilməsi bunlar sizin qarşınızda şəffaf şəkildə keçirilir. Sizin iştirakınızla keçirilən bu işlərə dövlət qətiyyən müdaxilə etmir. Şura formalaşdırılarkən sizin bəzilərinizin də iştirakı olub. Amma təəssüf olsun ki, bəziləri belə düşünürdülər ki, hakimiyyət bununla QHT-ləri fəaliyyətini məhdudlaşdırmaq istəyir, onları öz fəaliyyətinin dəstəkçisinə çevirmək istəyir, beynəlxalq aləmlə onların əlaqəsini kəsmək istəyir və.s. Onlarla belə əhəmiyyətsiz mülahizələr ortaya qoymuşdular. İndi mən buradan onlara səslənmək istəyirəm ki, bu müddət ərzində QHT-lərin fəaliyyətinə dövlətin müdaxiləsini görmüsünüzsə, buyurun, şəffaf şəkildə öz tənqidinizi səsləndirin. Dövlətin bu istiqamətdə əsas istəyi ondan ibarətdir ki, QHT-lərin fəaliyyəti tam şəkildə təmin edilsin. Bizim də istəyimiz ondan ibarətdir ki, siz QHT-lər də öz işlərinizi bu istiqamətdə gücləndirəsiniz, ayrı-ayrı daxili və xarici siyasi partiyaların, beynəlxalq təşkilatların antiazərbaycan siyasətinə qoşulmayasınız. Siz öz fəaliyyətinizi vətəndaş cəmiyyəti istiqamətində götürəsiniz və bu istiqamətdə biz Sizi lazımı şəkildə dəstəkləyəcəyik.
Azərbaycan dövləti təkcə QHT-lərə dövlət dəstəyi işini yerinə yetirmir. Ayrı-ayrı icra orqanları Azərbaycanda fəaliyyət göstərən QHT-lərə gördükləri işlərdə bilavasitə donor kimi dəstək verir. İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və.s yerli və mərkəzi icra orqanları QHT-lərlə birgə işlər görür, onlara maddi dəstək göstərirlər. Təbii ki, bu yetərli deyil. Amma biz çalışırıq ki, bunu qənaətbəxş şəkildə yerinə yetirək. QHT-lərlə bağlı Azərbaycan hökuməti arzusuz və istəksiz də deyil. Biz dünya ölkələrində müsbət təcrübələri Azərbaycanda QHT hərəkatının fəaliyyətinə yönləndəcəyik. Bəzi QHT-lər bura qoşularaq öz gəlirlərini, öz ailə dolanışıqlarını buradan əldə etməyə çalışırlar. Biz, əlbəttə, bunun əleyhinə deyilik. Biz istəyirik ki, bundan sonra QHT-lərin inkişafı üçün yeni bir stimul yaradaq, Azərbaycan QHT-lərini ən yüksək şəkildə fəaliyyət göstərən beynəlxalq QHT-lərlə müqayisə olunacaq bir şəklə gətirib çıxaraq.
Biz Azay müəllimlə Macarıstana səfər etmişdik, orada QHT-lərin nə qədər fəal şəkildə sosial siyasətlə məşğul olduğunun şahidi olduq. Hətta onlar o qədər gözəl fəaliyyət göstərirdilər ki, Macarıstanda hakimiyyət bəzi sosial fəaliyyətləri QHT-lərə həvalə etmişdi. Biz Azərbaycan QHT-lərini belə görmək istəyirik, getdikcə bu işlərin vüsət almasını istəyirik. QHT-lər cəmiyyətin inkişafı ilə bağlı dövlətin qəbul etdiyi qərarların icra olunmasında yaxından iştirak etməlidirlər. Siz elə bir şərait yaratmalısınız ki, biz istənilən işlərin görülməsində sizlərin dəstəyinizi hiss edək. Mən öz adımdan bütün QHT nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Sağ olun.
Azay Quliyev: Təşəkkür edirəm Əli müəllim, dövlətin QHT-lərin fəaliyyətinə dəstəyini bir daha qeyd etdiyinizə görə. Mən bir məsələni də etiraf etmək istəyirəm: bizim QHT sektorunun fəalları buradadır. Həqiqətən də biz bu gün böyük bir fəxarət hissi ilə deyə bilərik ki, dövlət Şuranı yaratmaqla bu sektorun inkişafına böyük dəstək verdi. Mən qeyd etmək istəyirəm ki, Əli müəllim də onu vurğuladı, dövlət QHT-lərin fəaliyyətinə, onların işinə qarışmadan, hesabatı hansı formada verməsinə baxmadan onlara bu dəstəyi verir. Bu dövlətimizin siyasətidir, bu dövlətimizin niyyətidir. Şuranın istənilən fəaliyyəti ilə bağlı biz Prezident Administrasiyasına müraciət etmişik, elə bir məsələ yoxdur ki, biz dövlətdən “yox” cavabı alaq. Bunun üçün mən fürsətdən istifadə edib cənab Prezidentimiz İlham Əliyevə, Əli müəllim, sizə öz minnətdarlığımı bildirirəm. Həqiqətən də Şuranın fəaliyyəti üçün belə bir münbit şərait yaradılıb. Bundan sonra da çalışmalıyıq ki, bu missiyanı şərəflə yerinə yetirək və həm ictimaiyyət tərəfindən, həm də dövlət tərəfindən göstərilən bu etimadı doğruldaq.
İndi sözü vermək istəyirik öz həmkarlarımıza. Çünki biz indi müzakirələrə başlayırıq. Müzakirələrdə öz narazılıqlarınızı, öz təkliflərinizi rahat şəkildə bildirin. Siz öz təkliflərinizi verin, bizim Katibliyin nümayəndələri onları qeyd edəcək. Sonrakı fəaliyyətimizdə sizin bu təklifləriniz nəzərə alınacaq. Sözü Məhərrəm Zülfüqarlıya veririk.
Məhərrəm Zülfüqarlı: Təşəkkür edirəm Azay müəllim. Biz bu gün yeni hesabatla tanış oluruq. Bu çox ciddi bir sənətdir. Bun u hazırlayanlar öz minnətdarlığımı bildirirəm. Mən QHT sektorunun və QHT-hökumət əlaqələrinin inkişafına dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Çünki, Azərbaycan dövlətinin inkişafında bu əməkdaşlığın xüsusi rolu var. Qarşıdan parlament seçkiləri gəlir və bu seçkilərdə QHT-lərin fəaliyyəti əvəzsizdir. Seçkilərin monitorinqi, müşahidəçilik, əhalinin maarifləndirilməsi baxımından çoxlu işlər görülüb. Məlum olduğu kimi 2005-ci ildə Azərbaycan respublikasının prezidenti seçkidə QHT-lərin müşahidə aparması üçün yaranan bütün maneələri aradan qaldıran sərəncam imzalayıb. Lakin bizi bununla bağlı narahat edən məsələlər var. Seçkidə müşahidə aparmaq istəyən elə təşkilatlar var ki, onların fəaliyyəti Azərbaycan dövləti üçün müəyyən problemlər yaradır. Adları korrupsiya hallarında hallanan, dövlətə qarşı çıxan belə təşkilatların yenidən fəallaşması bizi narahat edir. Çox istərdik ki, belə halların qarşısı alınsın və qeydiyyatı ləğv olub, başqa adla fəaliyyətə başlayan təşkilatlara seçkilərdə müşahidəçilik imkanı məhdudlaşdırılsın.
Azay Quliyev: Söz verilir Qubad İbadoğluna Qubad İbadoğlu: Belə bir tədbirdə iştirak etdiyinizə görə və Milli Hesabatın hazırlanmasında əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm. Hesabatın maliyyə bölməsinin hazırlanmasında iştirak etmişəm. Hesabat hazırlanarkən ciddi tədqiqat işi aparılmış, yerli və beynəlxalq təşkilatların hesabatlarına istinad edilmişdir.

Araşdırmalar nəticəsində məlum olub ki, qeydiyyatdan keçmiş qrant dövriyyəsi 2010-cu il üçün 4,6 milyon manatdır. Bu təkcə QHT-lərə Dövlət Dəstəyi Şurasının xətti ilə deyil, bəzi QHT-lərə ayrılan vəsaitin məbləği, toplam ifadəsidir. Dünya təcrübəsi, xüsusən də Mərkəzi və Şərqi Avropa dövlətlərinin təcrübəsi göstərir ki, dövlətin QHT-ləri maliyyələşdirməsində payı 10-40% arasındadır. Məsələn Bolqarıstanda 10, Macarıstanda 40%-dir. Dövlət bu maliyyələşmədə təkcə birbaşa deyil, dolayısı ilə də iştirak edir. Çox maraqlı bir təcrübə var. Buna “bir faiz” qaydası deyilir. İlk dəfə olaraq 1996-cı ildə Macarıstanda tətbiq olunmağa başlayıb. O qayda imkan verir ki, hər bir vətəndaş öz gəlirlərini bəyan edərkən öz gəlirinin 1%-ni ünvanı göstərməklə QHT-yə ünvanlasın. Bu qayda tətbiq olunandan sonra təkcə Macarıstanda 2006-cı ildə QHT cəmiyyətdən 30 milyon avroya yaxın dəstək almışdır. Həmin qayda hal-hazırda Polşada tətbiq olunur. Rumıniya və Litvada bu rəqəm bir az artıqdır. Bu ölkələrdə “2 faiz qaydası” tətbiq olunur. Hörmətli tədbir iştirakçıları!
Bizim tövsiyələrdən biri də belə qaydaların Azərbaycanda da tətbiq olunması və cəmiyyətin ictimai faydalı fəaliyyətlə məşğul olan QHT-lərin işində maliyyələşməsinə şərait yaratmaqdan ibarətdir.
Bizim apardığımız tədqiqatlar göstərdi ki, Azərbaycandakı QHT –lərin qrant dövriyyəsi 30 mln. manatdan çoxdur. Bu haqda hörmətli Azay müəllim də məlumat verdi ki, 2009-cu ilin yekunlarında 21 mln 634 min manatlıq qeydiyyatdan keçmiş qrant məbləği olub. Onun üzərinə 4, 6 mln. manat dövlət büdcəsindən birbaşa maliyyələşməni əlavə etsək məlum olacaq ki, qeydiyyatdan keçən qrant dövriyyəsi 25 mln. manatdan çoxdur. Biz ayrı-ayrı donorlara müraciət etdik. Onlardan Azərbaycanda qrant dövriyyəsi haqda məlumatlar əldə etdik və bu məlumatlar əsasında deyə bilərik ki, əlavə qeydiyyatdan keçməyən qrant dövriyyəsi nəzərə alınmadan 30 milyon manat vəsait dövlət və beynəlxalq təşkilatların xətti ilə ayrılmışdır.
İnanıram ki, bu bizim ilk sənəd olduğu üçün diqqətlə oxunacaq və Sizin tövsiyələriniz, təklifləriniz növbəti mərhələlərdə daha mükəmməl, daha sanballı sənədlərlə vətəndaş cəmiyyətinin işinə töhfə verəcəyik.
Azay Quliyev: Yenə də qeyd edirəm. Kimin ekspertlərə sualı olarsa, onun səsləndirə və yazılı şəkildə təqdim edə bilər. Digər ekspertimiz Rauf Zeyniyə söz verilir.
Rauf Zeyni: Bu gün ictimai sektorda bizim uzun müddətdən bəri gözlədiyimiz ictimai hadisə baş verir. Bu hadisənin nəticəsi olaraq milli hesabat ilk dəfə ictimaiyyətə təqdim olunur. İlk öncə bizə etimad göstərib, ekspert kimi dəvət edib hər hansı bir fəsli bizə etibar etdiklərinə görə ilk növbədə Şura üzvlərinə, Şuranın sədri Azay Quliyevə təşəkkür edirəm.
Bizim fəsilə aid hissədə çalışan bütün həmkarlarıma təşəkkürümü bildirirəm.
Mən bunun hadisə adlandırıram, ona görə ki, 90-cı illərin sonu, hələ QHT sektorunda fəaliyyət göstərməyə başlayanda Milli QHT Forumu yaranan mərhələdə bir çox məsələlər var idi, biz onu ifadə edirdik, qeyd edirdik, o dövrlərdə cəmiyyət buna fərqli yanaşırdı. Bu gün nə qədər sevindirici haldır ki, qeyd etdiyimiz məsələlər artıq hesabat şəklində, tarixi fakt kimi bugünkü hesabatda öz əksini tapıb. Birinci fəsilə aid olan məsələləri dedim.
Təbii ki, QHT-lərin statistik təsnifatı fəsli çox məsuliyyətli bir fəsildir. Təbii ki, 2483 QHT qeydiyyatdan keçib. Keçən ildən etibarən Şuranın rəsmi saytında da elan olunmuşdu ki, onlardan 1308 QHT qeydə alınıb amma onlar haqqında məlumat yoxdur. Onlardan cəmi 100 qədəri üzə çıxdı, qalanları isə yenə də yox siyahısındadır. Belə bir şəraitdə QHT-lər haqqında statistik mənzərənin hazırlanması nə qədər çətindir siz özünüz bunu bilirsiniz. Amma bütövlükdə mən yenə də bu fikirdəyəm ki, ilk dəfə olaraq milli hesabat Azərbaycan müstəqillik əldə edəndən sonra ilk rəsmi sənəddir ki, QHT sektorunu öz vəziyyətini bütün fəsilləri ilə özündə əks etdirir. Bizə etimad göstərən Şuraya və ekspertlərə öz minnətdarlığımı bildirirəm ki, belə bir məsuliyyətlə bu işləri hasil etdilər. Xüsusilə fürsətdən istifadə edib Eldar Aslanova öz minnətdarlığımı bildirirəm ki bu işlərin hamısını böyük təmkinlə, dözümlə ümumiləşdirdi və belə bir milli hesabatı ortaya qoydu. İctimai sektorun, qeyd olunduğu kimi 3-cü sektorun irəliləyişləri və nailiyyətləri də var. Əli müəllim xüsusilə vurğuladı ki, artıq biz bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından danışa bilərik. Bu doğrudan da böyük bir qiymət, böyük bir dəyərdir. İllərlə çalışdığımız, mübarizə apardığımız qurduğumuz vətəndaş cəmiyyəti belə bir qiymət alırsa, bu bizim əməyimizə, zəhmətimizə verilən qiymətdir. İkinci bir tərəfdən isə, sektorun problemləri var, görülməli işləri var. Dövlətimizin, dəstəyi ilə hökumətimizlə əməkdaşlıq edərək, eyni zamanda beynəlxalq təcrübədən bəhrələnərək, beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək bu işləri bir yerdə görməliyik. Mən düşünürəm ki, konkret bizim fəsildə daha geniş təfsilat vermək mümkün idi. Əgər QHT-lər e-maillərinə göndərilən sorğu suallara vaxtında cavab versəydilər, biz daha geniş təfsilat verə bilərdik. Yalnız 17 koalisiyanı, 36 QHT-də çalışanlar, fəaliyyət göstərənlər, faydalananlar, könüllülər haqda məlumat verə bildik. Bundan başqa regionlardakı regional resurs və təlim mərkəzləri haqda məlumat verə bildik.
Düşünürəm ki, Milli Hesabat ənənə şəkilində olacaq. Bundan sonra QHT-lər müraciətlərə doğru-düzgün cavab versinlər, təşkilatları haqda məlumatı əsirgəməsinlər.
Azay Quliyev: Akif Nağıya söz vermək istəyirəm. Akif Nağı: Təşəkkür edirəm. Böyük və uğurlu təşəbbüsdür. Hələlik hesabatla bağlı ciddi fikir söyləmək çətindir. Çünki az müddətdir tanış olmuşuq. Amma təşəbbüsün özünü qiymətləndirirəm. Doğrudan da Azərbaycanda QHT hərəkatı formalaşır. Vətəndaş cəmiyyəti institutları yaranır. Bu hesabat da QHT-lərin sistem şəklində formalaşması üçün çox ciddi töhfədir və ciddi təkan verəcək. Burada analiz var, QHT hərəkatına sistem şəklində yanaşma var. Burada təsnifat məsələsi ilə bağlı məsələyə toxunmaq istəyirəm. Təsnifat məsələsi çoxlu sual doğuracaq. Ağır bir məsələdir. Burada prinsipləri müəyyənləşdirmək, bölgü aparmaq çox çətin məsələdir. Elə prinsiplər müəyyənləşməlidir ki, həm QHT-lərin hamısı əhatə olunsun, həm də yanlışlığa yol verilməsin. Misal üçün, mən baxdım, bizim təmsil etdiyimiz Qarabağ Azadlıq Təşkilatı həmin təsnifata uyğun olaraq hansısa qrupa uyğunlaşdıra bilmədim. Təsnifatın üzərində işləmək lazım gələcək.
Bir neçə başqa məsələyə də toxunmaq istəyirəm. QHT Şurası yarananda bir neçə məsələ ortaya çıxdı, lakin zaman keçdikcə adiləşdi və səngidi. Mən hesab edirəm ki, adiləşməməlidir. Birinci məsələ, maliyyə yardımı ilə bağlı vergi məsələsi aradan qalxmalıdır. Mən mətbuatı izləmişəm, Azay müəllim də Milli Məclisdə bu məsələni qaldırıb. Bu ciddi məsələdir və xüsusi yanaşma tələb edir. İkinci məsələ, naşükürlük etmirik, maliyyə ayrılır və müəyyən işlərin görülməsi üçün böyük köməkdir. İmkan daxilində ayrılan maliyyə yardımlarının məbləği artırılmalıdır. Keyfiyyətli işin olması üçün, ən azı region miqyasında layihə reallaşdırmaq üçün maliyyə məsələsi vacibdir. Üçüncü məsələ hesabatla bağlıdır. Xüsusilə də maliyyə yardımı ilə bağlı hesabatların təqdimatı yolu sadələşdirilməlidir. Bu hesabatın hazırlanması üçün böyük bir şöbənin işləməsinə ehtiyac duyulur. Azay müəllim, bu çox çətinliklər yaradır. Təsviri hesabatlar kifayət qədər yüngülləşib. Orada da gördüyümüz işlər haqda düzgün məlumat veririk və təsəvvür də yaranır. Maliyyə hesabatlarının ağırlaşdırılmasına ehtiyac yoxdur. Bu haqda fikirləşməyə dəyər. Nəhayət sonuncu məsələ. Qubad bəy dedi ki, Estoniyada 29 min QHT qeydiyyatdan keçib. Azərbaycanda QHT-lərin qeydiyyatdan keçirilməsi ilə bağlı sadələşmə olmalıdır.
Azay Quliyev: Akif müəllim maraqlı təklifləriniz üçün təşəkkür edirəm. Təsnifatla bağlı məsələyə toxundunuz. Yəqin ki, həmin bölməni hazırlayan Sahib müəllim öz fikrini bildirəcək. Amma sırada Vahid Qazi var. Ona söz verilir.
Vahid Qazi: Bu hesabat ilk hesabatdır. Bütün ilklər həmişə çətinliklə qarşılaşırlar. Ümid edirəm ki, gələcəkdə daha uğurlu hesabatlar təqdim olunacaq. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafından danışırıqsa, həmişə müqayisə ortaya çıxır. Müqayisə edəndə bilərik ki, hansı səviyyədə inkişaf etmişik. Əgər müqayisəni Orta Asiya dövlətləri ilə aparsaq, görərik ki, inkişaf xeyli var və müəyyən həddə gəlib çıxmışıq. Burada Şərqi Avropa ölkələrindən çoxlu müqayisə aparırlar. Onlara baxanda hələ gediləsi yollarımız çoxdur. Bu gün təqdim olunan hesabat bizim hədəf kimi götürdüyümüz yola çatmağımız üçün yol xəritəsidir. Burada QHT-ləri əhatə edən hər bir cəhət cəmlənib. Güman edirəm ki, bunu inkişaf etdirməklə həmin hədəflərə çata bilərik və müqayisədə növbəti beş ildən sonra səslənən rəqəmlərdə böyük dəyişikliklər olacaq və uğurlar əldə edəcəyik.
QHT-lərin beynəlxalq aləmdə iştirakı bölməsi mənə həvalə olunmuşdu. Bu sahədə tədqiqat apararkən özümün də bildiyim məsələlər var idi. Amma başqa yeniliklərlə üzləşdim. Azərbaycanı dünyaya açan müxtəlif pəncərələr varsa, hər sektordan, sahədən öz töhfələrini veriblərsə, QHT sektoru bu pəncərəni daha geniş açmışdır. Nəyə görə? QHT-lərə Azərbaycanın intellektual insanları toplaşırlar. Hər halda intellektual insanlar özlərini dövlətdə, biznesdə və digər sahələrdən çox QHT sektorunda görmək istəyirlər, buna çalışırlar. Çünki burada özünü ifadə etmək daha rahatdır. Həmin adamlar müxtəlif tədbirlərdə, müxtəlif konfranslarda iştirak edirlərsə, birgə layihələrdə iştirak edirlərsə, bu Azərbaycanı xaricdə təmsilçiliyi deməkdir. Azərbaycanı kim təmsil edir? İdmançılar, mədəniyyət işçiləri. Bu kateqoriyada QHT sektorunun təmsilçilərinin fəaliyyəti getdikcə artır, əmsal böyüyür və bu çox sevindirici haldır.
Amma bunu inkişaf etdirmək üçün müəyyən tövsiyələr vermişik, müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün addımlar atılmalıdır. Burada dövlət dəstəyinə ehtiyac var. Burada söhbət getdi ki, dövlət –QHT inkişafına müəyyən dəstək verir və bəli, bu göz qabağındadır. Burada bir məsələni qeyd etmək istəyirəm. Bizə dövlətin bu sahədə də dəstəyinə ehtiyacımız var. Bu da biznes strukturlarının QHT-lərin fəaliyyətinə dəstəyidir. QHT-lərin dövlətdən və digər fondlardan aldıqları vəsaitləri var. Lakin biznes strukturları ilə əlaqə qurulmayıbsa, bu əməkdaşlıq genişlənməyibsə ciddi irəliləyişlərdən danışmaq mümkün olmayacaq. İlk dəfə olaraq İnam Plüralizm Mərkəzi yerli donorlara, yəni Azərbaycanda biznes strukturlarına Qarabağla bağlı layihəmizə dəstək vermək üçün müraciət etdik. Biz yerli strukturlara heç vaxt müraciət etməmişdik. Ən çox reklam olunan, ən güclü biznes strukturlarından sayılan “Azərsun”, “Bakcell”, “Azərcell”dən bu üç-dörd ayda cavab gəlmədi. Bu tək bizə aid deyil. QHT-lər biznes strukturlarla əməkdaşlıq qura bilmirlər. Fikirləşirəm ki, bu yöndə dövlətin dəstəyinə ehtiyacımız var.
Bir daha hər birinizi təbrik edirəm bu hesabatla bağlı. Əvvəldə qeyd etdiyim fikri bir daha təkrarlayıram. QHT-lərin müəyyən hədəfləri var və bu hədəflərə çatmaq üçün bu hesabat yol xəritəsi rolu oynayacaq.
Azay Quliyev: Digər ekspert Sahib Məmmədova söz vermək istəyirəm.
Sahib Məmmədov: Hər birinizi QHT-lərin həyatında baş verən bu mühüm hadisə münasibətilə təbrik etmək istəyirəm. Ümid edirəm ki, bu ilk və sanballı sənəd tədqiqatçılar, tələbələr və bu sahədə diplom işi yazan alimlərimizə mühüm mənbə rolu oynayacaq. Eyni zamanda gözləyirik ki, çoxlu tənqidi fikirlər və təkliflər də daxil olacaq. Təsnifatla bağlı qısa fikrimi bildirmək istəyirəm. Çox məsuliyyətli iş idi. Ən çox mübahisə doğuracaq məsələlərin məhz bu bölümdə olacağını gözləyirik.
Bizim işimizi asanlaşdıran o oldu ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının Konsepsiyası və Dövlət Dəstəyi Şurasının Əsasnaməsində əks olunan müddəalar, əsas hüquqi baza rolunu oynadı. Baxmayaraq ki, Əsasnamədə və konsepsiyada prioritetlərin müəyyən olunması təsnifatlaşmanın əsasını özündə ehtiva edirdi. Biz əsasən baza kimi bundan istifadə etdik. Bundan başqa ərazi, cins, yaş, sosial status, hətta davamlılıq üzrə də təsnifatlaşma aparmağa çalışdıq. Burada Akif müəllimə təşəkkür edirəm ki, belə bir məsələ qaldırdı. Amma Akif müəllim, sizin təşkilat xüsusi bir təşkilatdadır. Və heç bir çərçivələrə sığışdırmaq mümkün deyil. Amma mən, bir Azərbaycan vətəndaşı kimi, gözləyirəm ki, siz yığışıb təşkilatı buraxacaqsınız. Yəni elə bir vaxt gəlsin ki, sizin təşkilata ehtiyac qalmasın. Ondan sonra Qarabağın bərpası, işğaldan azad olmuş ərazilərin yenidən dirçəldilməsinə xidmət edən təşkilat yaradasınız. Biz sizi həm vətənpərvərlik, həm insan hüquqları, həm veteran, demək olar ki, bütün qruplara aid edə bilərdik.
Bir söz də demək istəyirəm. Azay müəllim bir neçə dəfə işçi müzakirələr keçirib. Bizim Şuranın növbəti hədəfləri müəyyən edilir. Artıq vətəndaş cəmiyyətinin özünü tənzimləmə prossesi zamanı yetişib. Bununla bağlı Şuranın birgə fəaliyyət göstərdiyi beynəlxalq partnyorları da var. QHT-lərin etik davranış kodeksinin və yaxud QHT-lərin məsuliyyət xartiyasının hazırlanması istiqamətində fəaliyyəti və QHT-lərin standartlarının hazırlanması kimi işlər var. Bu istiqamətdə artıq QHT-lərdən təşəbbüslər gözlənilir. Şura olaraq bu təklifləri gözləyirik. Görünür qeyd etdiyim məsələlərlə bağlı ciddi hadisələr olacaq.
Səadət Bənənyarlı: 
-Bu hesabatı görəndə çox razı qaldım. Razı qaldım ona görə ki, yazılı əldə olan hər bir məlumat, hər bir nəşrdə uzun müddət və kifayət qədər bəhrə alaraq işləmək olar. Bunlar burada çox gözəl qoyulubdur. Ümumi olaraq öz fikrimi demək istəyirəm ki, bu gün Azərbaycan QHT-lərinə QHT-lərə Dəstək Şurası çox dəstək verir. Digər fondları görürdük ki, fondları var, maliyyə vəsaitləri var və onların maliyyə vəsaitləri, əslində, dəstək Şurasına ayrılan büdcədən çoxdur, lakin heç bir dəstək vermirdilər. Fürsətdən istifadə edib istərdim ki, bəzi məqamları diqqətinizə çatdırım.
Gələcəkdə maliyyə yardımı almış QHT-lər bir qədər çətin vəziyyətlə üzləşməli olurlar. Xüsusən də regionlarda. Biz hesab edirik ki, iş istiqamətləri regionlara yönəlməlidir. Nazirlər Kabinetinin ezamiyyələrin miqdarı ilə bağlı verdiyi bir qərar var . Həmin qərarla ezamiyyət xərcləri çox aşağı miqdarda nəzərdə tutulub. Məsələn Xaçmaz və ya Quba rayonlarına ezamiyyə xərci, gecələmək şərtilə cəmi 15 manat nəzərdə tutulur. Bu həddən aşağı kiçik rəqəmdir. Biz büdcəyə minimum 25 və ya 30 manat yazırıqsa, bizdən hesabat götürəndə 15 manatdan hesablanır. Yəni, yalan yazmaq lazım deyil. Hamı bilir ki, bu xərc 15 manat deyil. Bunun üçün reyesterdə, büdcədə dəyişiklik etmək lazımdır.
Sonda bir də onu demək istərdim ki, sosial hüquqlarla bağlı regionlarda bir layihə həyata keçiririk. Təkliflər var ki, hətta kəndlərdə keçirilsin. Çünki insanların doğrudan da buna ehtiyacları var. Biz təbii ki, bir təşkilat olaraq bunların hamısını əhatə edə bilmərik. Təklif edərdim ki, regionlarda, kəndlərdə sosial hüquqlarla, əmək hüquqları, sosial müdafiə hüquqları ilə bağlı təlimləri ehtiva edən layihələr maliyyələşsin. İnsanları maarifləndirmək üçün heç olmazsa dəyirmi masalar keçirilsin.
Azay Quliyev: Sizin qaldırdığınız bütün məsələlər bu və ya digər formada bu hesabatda var. Amma buna baxmayaraq, yeni təkliflər olacağı təqdirdə həmin təklifləri ümumiləşdirərək Azərbaycan hökumətinə təqdim edəcəyik. Son vaxtlar bir neçə təşəbbüs irəli sürülüb və bu da dövlət tərəfindən dəstəklənib.
Eyyub Hüseynov: Mən vətəndaş cəmiyyətinin səsinin dövlət tərəfindən eşidilməsinə dair kiçik çıxış etmək istəyirəm. Bildiyiniz kimi, bizim təşkilat istehlakçı hüquqlarını qoruyur. Burada oturan hər bir QHT nümayəndəsi bilir ki, QHT nümayəndəsi olmaqla yanaşı həmin funksiyalarını yerinə yetirən dövlət orqanları da mövcuddur. Bizim təşkilatın nümunəsində bir neçə il öncəyə baxsaq görərdik ki, 97-ci ildən Azad İstehlakçılar Birliyi 21 min üzvü ilə fəaliyyət göstərir. Lakin konkret bu işi yerinə yetirən dövlət orqanı yoxdur. Azad İstehlakçılar Birliyinin apardığı iş, eləcə də dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq, 24 iyun 2009-cu ildə ayrıca əlahiddə dövlət orqanı yaradıldı. Qeyd etməliyik ki, ötən bir ərzində Cənab Prezidentin daha bir fərmanı imzalandı. İstehlakçı hüquqlarının qorunması haqda daha bir fərman imzalandı. 13 aprel 2010-cu ildə. 19 oktyabr 2009-cu ildə istehlakçıların qaz borclarının pozulması haqda sərəncam imzalandı. Mən demirəm bu Azad istehlakçılar Birliyinin uğurudur. Əvvəlcədən də qeyd etdim ki, bu dövlətin sosial siyasətinin tərkib hissəsidir. Elə də 17 mayda 2009-cu ildə qanunlarda olan boşluqlar aradan qaldırıldı və inzibati xətalar məcəlləsində ciddi dəyişikliklər oldu. İndi siz istehlakçıların hüquqlarını qoruyan qanunlar daha da kəskinləşib və hüquqlar daha yüksək səviyyədə qorunur. Mən bu fikirləri MDB çərçivəsində olan bir neçə yığıncaqda demişəm və çox yüksək qiymətləndirilib. Ona görə ictimai təşkilatın lideri olaraq konkret öz sahəmizdəki işlə məşğul olub. Hazırda hər şeylə məşğul olan QHT-lər var. Onları tənqid etmək istəmirəm. Hər bir təşkilat öz nizamnaməsinə uyğun nə iş görürsə, o istiqamətdə getsin mütləq və mütləq nailiyyəti olacaqdır. Hətta dövlət siyasətinə də təsiri olacaq. Bu dövlətin vətəndaş cəmiyyətinə diqqətlə yanaşması, dövlətin vətəndaşlara üzünü çevirməsi, dövlətin vətəndaşların səsini eşitməsidir.
Azay Quliyev: Təşəkkür edirəm. Sizi də son iki məsələ ilə bağlı təbrik etmək istəyirəm. Cənab Prezident çox önəmli sərəncam imzaladı. Milli Məclis cənab prezident tərəfindən göndərilən sənədləri dəstəklədi və qanunvericiliyimizə çox mühüm müddəalar əlavə edildi və indi istehlakçıların hüquqları daha etibarlı şəkildə müdafiə olunur. Həqiqətən də burada QHT-lərin də, digər ictimai qurumların da rolu oldu. Mən son çıxış üçün sözü “Uşaqların xilası” təşkilatının təmsilçisi Seymur Yusifliyə verirəm.
Seymur Yusifli: Biz Azərbaycanda beynəlxalq təşkilat kimi 17 ildir fəaliyyət göstərməkdəyik. Bu dövrdə çox sayda milli QHT-lərlə partnyorluq etmişik və bir çox sahələrdə onların bacarığının artırılması istiqamətində onlara dəstək göstərmişik. Mənim indi vurğulamaq istədiyim məsələlərdən biri budur: deyildi ki, ölkədə 2440-dan çox QHT qeydiyyatdan keçib. Bizim fikrimizcə, sayla bərabər keyfiyyətə də fikir vermək mühüm məsələdir. Bu QHT-lərin içərisində, demək olmaz ki, hamısı fəaliyyət göstərir. Yüzlərlə QHT var ki, onların sadəcə adı var. Onların inkişaf etdirilməsinə bacarıqlarının artırılmasına da ehtiyac var. Ona görə mən xahiş edirəm ki, Şura gələcəkdə onları bu tipli proqramların icra edilməsinə, milli QHT-lərin bacarıqlarının artırılmasına da maliyyə vəsaiti ayırsın.
Digər təklifin ondan ibarətdir ki, biznes qurumlarla əməkdaşlığın qurulmasına diqqət yetirilsin. Artıq bu məqam yetişib. “Uşaqları xilas” təşkilatı artıq bu sahədə ilkin fəaliyyətləri həyata keçirir. Daha böyük biznes qurumları ilə partnyorluq həyat keçirir. Bir təcrübəmiz var. Düzdür, bu regionlarda olub. Dövlət qurumları və biznes qurumları birləşmiş büdcə layihələri icra etmişdilər. Mən çox arzulayardım ki, biz bu təcrübəni milli səviyyədə , daha yüksək səviyyədə icra olunmasına çalışaq.
Azay Quliyev: Hamıya təşəkkür edirəm. Hörmətli dostlar, əziz həmkarlar. Mən bir daha bu hesabatı hazırlayanlara minnətdarlığımı bildirmək istəyirəm. Xüsusilə, vurğulamaq istəyirəm ki, 7 nəfər ekspert qarşılığı ödənmədən bu hesabatı hazırlayıblar. Bu şəxslər öz töhfələrini veriblər. Ayrıca olaraq Maarifçi Gənclər Təşkilatına təşəkkür edirəm. Bu təşkilat bu layihənin operatoru olub. Təşkilatın rəhbəri Eldar Aslanov bütün bölmələri bir-bir analiz edib, təhlil edib, hətta redaktorluğunu da həyata keçirib. Təəssüf ki, Eldar Aslanov xaricdə ezamiyyədə olduğu üçün iştirak etmir, lakin özümə borc bilirəm ki, onun da adını çəkib, qeyd edim və təşəkkürümü bildirim. Beynəlxalq təşkilatlara bir daha səslənirəm. Bu hesabat ingilis dilində də hazırlanıb. Yaxın zamanlarda saytda yerləşdiriləcək. Fürsətdən yararlanıb xahiş edirəm ki, ölkə haqqında vətəndaş cəmiyyəti, QHT haqda öz hesabatlarını hazırlayan zaman, bu Hesabata istinad etsinlər. Təəssüflər olsun ki, bəzən beynəlxalq təşkilatlar, xarici QHT-lər tərəfindən hazırlanan hesabatlarda faktlar heç bir ciddi əsaslara söykənmir, götürülən rəqəmlər reallığı əks etdirmir. Sanki bu insanlar Azərbaycanda görülən işləri gözaltı etmək, görülən işlərə kölgə salmaq məqsədilə hesabatlar hazırlayırlar. Mən açıq deyirəm, bu hesabatların hazırlanmasında həm də məqsədlərdən biri də bu idi ki, bu tipli təşkilatlar gələcəkdə hesabat hazırlayan zaman deməsinlər ki, Azərbaycanda istinad ediləcək mənbə, resurs yoxdur. Əlbəttə, bu hesabat haqda tənqidi fikirlərini səsləndirə bilərlər. Amma buna istinad edə bilərlər.
Xüsusi ilə Əli Həsənova təşəkkür edirəm ki, belə gündə bizimlə bir oldu, vaxt tapıb gəldi, fikirlərini bildirdi. Düşünürəm ki, biz QHT-lərə dövlətin yaxından dəstəyini görəcəyik. Hesabatda qeyd olunan tövsiyələr, təkliflər gələcəkdə nəzərə alınacaq. Çıxış etmək istəyənlər çox idi.
Sonda bir məsələyə də toxunmaq istəyirəm. Bu gün çox əlamətdar hadisə ərəfəsindəyik. Sabah bizim silahlı qüvvələrimizin yaranmasının 92-ci ildönümü qeyd olunacaq. Dünən Cənab Prezidnet İlham Əliyev silahlı qüvvələrin ayrı-ayrı bölmələrinin birgə keçirdiyi hərbi təlimi izlədi, müşahidə etdi. Sabah bütün Azərbaycan xalqı bu tarixi günü qeyd edəcək. Mən də fürsətdən sitifadə edib, QHT sektoru adından hərbi qulluqçualrı, əsgərləri, zabitləri, Ali Baş Komandan, Cənab Prezindeti təbirk etmək sityəyirəm. Səngərdə dayanan, gecə-gündüz səngərdə dayanıb özünü bu torpaq üçün fəda etməyə hazır olan bütün əsgər və zabitlərimizi təbrik etmək istəyirəm.
Mən bir daha hamınıza təşəkkür edirəm.