Azərbaycan qeyri-hökumətləri
Cəmiyyəti axsayan dövlət inkişaf edə bilməz. Məhz dövlətin əsas hərəkətverici qüvvəsi olan vətəndaş cəmiyyətinin inkişafı istənilən ölkədə demokratiyanı təmin edir. Bu gün vətəndaş cəmiyyəti dedikdə ilk növbədə göz önünə 3 hərfdən ibarət QHT abreviaturası gəlir. Qeyri-hökumət təşkilatı adlanan bu qurumların əsas məqsədi dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynamaq, vətəndaş təşəbbüslərini ictimailəşdirməkdir.
Ümumiyyətlə, vətəndaş cəmiyyəti mürəkkəb daxili struktura malikdir. Dövlətə xas olan şaquli iyerarxik əlaqələrin əvəzində vətəndaş cəmiyyətində üfüqi əlaqələr mütləq çoxluq təşkil edir. Üfüqi əlaqələr də öz növbəsində cəmiyyətin mövcudluğunun təmin edilməsinə xidmət edən münasibətlərə əsaslanır. İlk olaraq bunlar iqtisadi münasibətlərdir. Bundan savayı, sosial, mədəni, mənəvi və əlbəttə ki, ictimai-siyasi münasibətləri də qeyd etmək lazımdır.
Fikir verirsinizsə, bu gün ölkəmizdə qeyd edilən bütün bu münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərirlər. Bununla da vətəndaşlar bu kimi təşkilatlar yaradaraq və ya fəaliyyət göstərənlərə qoşularaq öz maraqları və azadlıqlarını təmin etməyə çalışırlar. Bu isə onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti artıq formalaşıb və onun inkişafı prosesi gedir. Beləliklə, onu deyə bilərik ki, Azərbaycan QHT-ləri artıq öz mövcudluğu ilə ölkədə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verirlər.
Hamıya məlumdur ki, istənilən inkişaf ya inqilabi yolla olur, ya da təkamül yoluyla. Demokratiya, vətəndaş cəmiyyətinin inkişafı, cəmiyyətin ümumbəşəri dəyərlərlə hərəkət etməsini inqilabi yolla əldə etmək mümkün deyil, bunu yaxın tarix bir neçə dəfə sübut edib. Buna görə də əsas odur ki, ölkəmizdə demokratik cəmiyyət qurmaq istəyi və iradəsi mövcuddur. Qalanlarına isə zaman lazımdır. Eyni zamanda dövlət özü də ondan asılı olan bəzi addımları atmalıdır. Vətəndaş cəmiyyətinin inkişafı özündə dövlətin nəzarət etdiyi bir çox sahələrin onun nəzarətindən çıxarılmasını ehtiva edir. Dövlət ancaq və ancaq onun nəzarəti olmadan cəmiyyətin mövcudluğu təhlükə altında qalacaq sahələri idarə etməlidir - ictimai asayişin qorunması, ölkənin müdafiəsi, qanunvericilik, xarici siyasət, büdcə, nəqliyyat, rabitə və s. Qalan sahələri isə vətəndaş cəmiyyətinin institutları tədricən özləri idarə edəcəklər.
Hər bir ölkədə vətəndaş cəmiyyətinin formalaşması və inkişaf səviyyəsi həmin dövlətin demokratik dəyərlərə nə qədər sadiq olduğunu göstərir. Yarandığı ilk illərdə daha çox xarici donor təşkilatlara üz tutan yerli QHT-lərimiz indi dövlətin ayırdığı maliyyə vasaitlərindən də yararlanmaq imkanı qazanıblar. Bu isə Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun yaranmasından sonra mümkün olub. Adıçəkilən qurum yarananda çoxları bunu dövlətin QHT-lərin maliyyələrini nəzarətdə saxlamaq cəhdi kimi dəyərləndirsə də, çox keçmədi ki, yanıldıqlarını bildilər. Belə ki, dövlətin başlıca istəyi III sektorun xarici donor qurumları və fondlarından tam asılılığını aradan qaldırmaq, milli donorluq institutunun yaradılması idi. Əslində, dövlət yerli qeyri-hökumət təşkilatlarına sahib çıxmaqla ölkədə vətəndaş cəmiyyətinin daha da inkişafında maraqlı olduğu göstərdi.
Bu proqramın həyata keçirilməsinin nəticəsidir ki, ölkənin III sektorunun əhatə dairəsi, maddi-texniki bazası daha da genişlənməkdədir. QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasnaməsində də aydın şəkildə qeyd olunur ki, dövlət tərəfindən verilən vəsait həmin təşkilatın xarici ölkələrdən və beynəlxaq qurumlardan aldığı vəsaitə hansısa maneəçilik törətmir və buna nativ deyil. Sadəcə olaraq, bu vəsaitin önəmi və əhəmiyyəti bunun dövlət tərəfindən ayrılmasındadır. Yəni dövlət vətəndaş cəmiyyətinin, QHT-lərin inkişafına dəstək verərək onlarla əməkdaşlığı gücləndirir.
Dövlət-QHT əməkdaşlığı həmişə olduğu kimi, indi də aktualığını saxlayır. "Dövlət orqanları qədər islahatlara mane olan ikinci böyük qüvvə yoxdur" deyənlər yəqin onu da bilməmiş olmazlar ki, istənilən islahat məhz dövlətin iradəsi, birbaşa əli ilə həyata keçirilir.
III sektorla dövlətin əməkdaşlığının ilk mərhələsi QHT-lərin dövlət qeydiyyatına alınmasından keçir. Ölkəmizdə özünəməxsus şəkildə təsnifatlanmış 2400-dən çox QHT qeydiyyatdan keçib. Təbii ki, qeydiyyatdan keçməyənlər də istənilən qədərdir. Bu isə istər-istəməz III sektorun dövlət orqanlarına inamını azaldır.
QHT-lərin problemi təkcə qeydiyyatla bağlı olsaydı, dərd yarıydı. Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu QHT-lərin layihə alarkən Ədliyyə, Maliyyə nazirliklərinə hesabat verməsi ilə razılaşmır. "Axı biz qrantı beynəlxalq təşkilatlardan alanda bunu bizə hədiyyə kimi verirlər. Əgər biz öz hökumətimizdən qrant alsaydıq, pulu hara xərcləməyimizlə bağlı hesabat verərdik" deyən müsabihibizə görə, əgər III sektor belə şəffaf işləyirsə, onda dövlət də aldığı qrantların hesabatını versin: "Əgər 10-25 min alırıqsa, dövlət 1-4 milyon alır. Necə ki, biz Maliyyə Nazirliyinə hesabat veririk, onlar da hesabat versinlər. Onlar bizi yoxlasınlar, biz də onları".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev də N.Cəfəroğlu ilə həmfikirdir: "Əgər dövlət özünün fəaliyyətində şəffaflığın və hesabatlığın təmin etməsində maraqlı olardısa, onda vətəndaş cəmiyyətinin işi xeyli dərəcədə asanlaşar".
Ümumiyyətlə, dövlət-QHT münasibətlərindən o qədər də razı olmayan Mehtiyev hesab edir ki, dövlət III sektora "siz mənim dediyim işlə məşğul olun" prinsipi ilə yanaşır. Onun fikrincə, nə qədər ki, münasibət buna söykənəcək, heç bir halda QHT-lərin təşəbbüskarlığının genişlənməsindən və vətəndaş cəmiyyətinin normal inkişafından danışmaq mümkün deyil.
Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov QHT-lər üçün Azərbaycanda hərtərəfli fəaliyyət imkanlarının mövcud olduğunu deyir. Bununla belə, o da problemlər sırasında QHT-lərin qeydiyyatı məsələsini önə çəkir. Dediyinə görə, hüquqi baxımdan hakimiyyət buna ciddi əngəl tərətməsə də, pratikada QHT-lərin qeydiyyatı ciddi problemə çevrilib: "Hakimiyyətin sevmədiyi istiqamətlərdə işləyən QHT-lərin qeydiyyata alınması ikiqat problemdir. Ədliyyə Nazirliyi müxtəlif bəhanələr irəli sürərək bu təşkilatların qeydiyyata alınmasını ləngidir. Bütün beynəlxalq aləmdə tanınan və fəaliyyət göstərən insan hüquqları və seçkilərlə məşğul olan təşkilatlar var ki, onları qeydiyyata almaqdan imtina edirlər".
Həsənov deyir ki, QHT-lər faktiki olaraq bir MMC-nin vergi qarşısında öhdəliyi səviyyəsində gəlir və sosial vergiləri ödəməklə də dövlətin müəyyən etdiyi çərçivədə fəaliyyət göstərir və davamlı vergi ödəyicisidir. Buna baxmayaraq o, III sektorun cəmiyyətin normal tərəfdaşı kimi qəbul olunmadığı qənaətindədir. Dediyinə görə, burada QHT-lərin hər zaman cəmiyyətdə ciddi suallar doğuran problemləri qaldırması, insan hüquqları, sərbəst toplaşmaq azadlığı və demokratik islahatların aparılmasında ardıcıl mövqeyə malik olmaları və bunun hakimiyyətin ürəyincə olmamasıdır.
Amma son zamanlar ölkədə QHT və hakimiyyət arasında münasibətlərin pozitiv istiqamətdə inkişaf etməyə başladığını deyən cəmiyyət rəhbəri buna misal kimi QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını göstərir: "Hakimiyyətin QHT-lərlə münasibətlərini normallaşdırması və onların fəaliyyətinə maliyyə və texniki dəstəyin göstərilməsinə başlaması yeni münasibətlərin başlanğıcı və hakimiyyətin vətəndaş cəmiyyəti ilə münasibətlərinin normallaşdırılması istəyindən irəli gəlir. Nəzərə alsaq ki, hakimiyyət QHT-lərin layihələrinin maliyyələşdirilməsi üçün indiyə kimi Azərbaycanda sınaqdan keçirilməyən təcrübə nümayiş etdirməklə onlarla münasibətlərini partnyor səviyyəsində görmək istəyini elan etdi".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev isə hesab edir ki, 2000-ci ildə "QHT-lər haqqında" Qanunun qəbulu ilə QHT-dövlət münasibətlərində yeni bir mərhələ başlanıb. "Həmin qanun QHT-lərin hüquqlarının bütün dövlət orqanları tərəfindən qorunmasını, dövlət hakimiyyət orqanlarının QHT-lərə maliyyə və başqa formalarda yardım edə bilməsini nəzərdə tutur".
Onun sözlərinə görə, üç il əvvəl QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi və sonra QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması ilə QHT-dövlət münasibətlərində prinsipial olaraq yeni keyfiyyət mərhələsinin əsası qoyuldu. Dediyinə görə, bu mərhələ III sektorla dövlətin əməkdaşlığının daha da möhkəmlənməsi, tərəfdaşlıq münasibətlərinə keçidin siyasi-hüquqi və iqtisadi əsaslarının formalaşması, QHT-lərə dövlət dəstəyinin, o cümlədən maliyyə yardımının verilməsi mərhələsi kimi xarakterizə oluna bilər.
Ə.Nuriyevin fikrincə, QHT-dövlət əməkdaşlığının və tərəfdaşlığının tam şəkildə reallaşması üçün hər iki tərəf buna hazır olmalı və can atmalıdır. “Hökumət öz siyasətində QHT sektoru ilə yeni münasibətlər modelinin formalaşdırılmasına üstünlük versə də, ayrı-ayrı dövlət orqanlarında QHT-lərə münasibətdə bəzən ehtiyatlı mövqe, stereotiplər hələ də qalmaqdadır" deyən Nuriyev eyni zamanda hesab edir ki, mövcud QHT-lərin əksəriyyəti də dövlət orqanları ilə konfrontasiyaya yox, əməkdaşlığa və tərəfdaşlığa üstünlük verməyə başlayıb.
Bununla belə, Ə.Nuriyev də QHT-dövlət münasibətlərində müəyyən problemlərin olduğunu deyir. Bu sırada o, bəzi dövlət orqanlarının QHT-lərə ehtiyatlı münasibəti, onlarla əməkdaşlıqdan və tərəfdaşlıqdan çəkinməsi, QHT-lərin təklif və təşəbbüslərinə diqqət yetirməməsi, QHT-lərin dövlət orqanlarının fəaliyyətinə tərəfdaş kimi deyil, tənqid obyekti kimi yanaşmasını göstərir: “QHT-lərin dövlət proqramlarının hazırlanmasına və icrasına zəif cəlb edilməsi, dövlət sosial sifarişlərini hüquqi cəhətdən tənzimləyən qanunvericiliyin olmaması da QHT-dövlət əməkdaşlığında problemlər yaradır”.
Bəs çıxış yolu nədir? Ə.Nuriyev MM-in sosial siyasət komitəsinin tərkibində QHT problemləri üzrə alt komitənin yaradılmasını, MM-in nəzdində QHT nümayəndələrindən ibarət ictimai ekspertlər şurasının yaradılması, insan hüquqları və azadlıqlarının tənzimlənməsi ilə əlaqədar qanunvericilik aktlarının ekspertizasına QHT nümayəndələrinin fəal cəlb olunmasını təklif edir. Bundan başqa, onun fikrincə, QHT-lərə birbaşa maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi, dövlət sosial sifarişləri haqqında qanunun hazırlanması və qəbulu, birbaşa dövlət maliyyə yardımı hesabına QHT-lər tərəfindən həyata keçirilən layihələrə münasibətdə vergi güzəştlərinin tətbiqi dövlət-QHT münasibətlərinə yeni çalarlar gətirə bilər.