Suraxanı rayonu Əmircan kəndində onu tanımayan yoxdur. Böyükdən kiçiyə hər kəsin sevimlisi olan Xalid Musayevə kəndin ən təhlükəli yolunda uşaqları qarşıdan-qarşıya keçirdiyinə görə “Canlı svetofor” deyə müraciət edirlər. Bu günlərdə yolumu Əmircandan salıb 13 ilini bu işə həsr eləmiş “Canlı svetofor”la həmsöhbət oldum.
II qrup əmək veteranı olan X. Musayev kəndin məşhur simalarından birinə çevrildiyindən yerini tapmaqda çətinlik çəkmirəm. Onu iş başında görüb yaxınlaşıram. Əynində xüsusi geyimlə və yol polislərində görməyə alışdığımız dəyənəklə yolda hərəkət edən maşınları saxladan “Canlı svetofor” bağçaya gedən iki uşağı yoldan keçirməyə çalışır. Təhlükəli yolda sürətlə gedən avtomobillər Xalidi görcək tez dayanırlar.
“Canlı svetofor” məni “butka”sına dəvət edir. Bir tərəfi yol nişanları, bir tərəfi isə maşın yağı, sabun və şampun ilə bəzədilən bu kiçik “butka”da oturan Xalid Musayev gününün yarıdan çoxunu uşaqlara həsr etdiyini söyləyir: “Səhər, günorta, axşam məktəbə və bağçaya gedib-gələn uşaqları yolda qarşıdan-qarşıya keçirirəm. Eyni zamanda qarşı tərəfdəki mağazaya bir şey almağa gedən kənd sakinlərinə də yolu keçməkdə yardımçı oluram. 1997-ci ildən bu işlə təmənnasız olaraq məşğulam. Gördüyünüz bu kiçik ”butka"nı qardaşım Qarabağda şəhid olduğuna görə mənə veriblər. Yağlar, şampun, sabun və s. kimi xırdavat alveri ilə məşğulam".
“Nəyə görə ”Canlı svetofor", - sualıma isə müsahibim gülərək cavab verir. O, deyir ki, bu adı ona ilk dəfə Aytən adlı balaca bir məktəbli qız verib: “O, yolun qarşı tərəfində durub məni çağırdı ki, ”ay “Canlı svetofor”, gəl məni yoldan keçirt. Bundan əvvəl isə uşaqları yoldan keçirirdim. Çox adam heç adımı da bilmir. Hər kəs mənə “Canlı svetofor” deyə müraciət edir".
“Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!”
X.Musayevin artıq devizi də var. “Sürücülər ehtiyatlı olun! Qarşınıza öz övladınız çıxa bilər!” - devizini yoldakı böyük lövhəyə vurub. “Canlı svetofor” yolda piyada keçidinin olmamasından gileylənir və deyir ki, Dövlət Yol Polis İdarəsindən ona söz veriblər ki, uzun müddət pozulmayan boya ilə piyada keçidi çəkəcəklər: “Çox yaxşı olar. Çünki bəzən sürücülər mənimlə ağır tonda danışır. Onları başa düşürəm. Birtəhər yola verirəm. Yeni başlayanda işim çox çətin idi. Uşaqların əlindən tutub birdən yola atılırdım. Bu mənzərə sürücülərin heç də xoşuna gəlmirdi. Sonradan yaxın dostlarımdan biri mənə dedi ki, ”özünə taxtadan nişanlı dubinka düzəlt". Mən də onun dediyi kimi elədim".
“Canlı svetofor” deyir ki, Nəqliyyat Nazirliyindən xüsusi nişanları olan jileti alandan sonra işi bir qədər rahatlaşıb: “Artıq gecə-gündüz görünən jiletim və işıqlı ”dubinkam" var. “Butka”ma güzgü quraşdırmışam ki, içəridən yolu keçmək istəyən insanları görüm. İmkan vermirəm ki, onlar məni çağırsın. Yolun kənarına yaxınlaşan bir nəfər görən kimi tez çölə atılıram. Yolu keçmək istəyirsə onu keçirirəm".
“Canlı svetofor” DYP ilə əməkdaşlıq edir
Söhbət zamanı X.Musayev dedi ki, o bu işi görməklə həm də, Dövlət Yol Polisi İdarəsi (DYP) ilə əməkdaşlıq edir: “Sağ olsunlar mənə çox kömək edirlər. Xüsusilə Suraxanı rayon icra başçısını və rayon yol polisinin rəisi Fəxrəddin Paşayevi qeyd etmək istəyirəm. Gördüyünüz bu yolda küçə işıqları yox idi. Rayon icra başçısına müraciət etdim. Onlar tez bir zamanda küçəyə işıqlar quraşdırdılar. DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev və Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Ərəstun Məcidov tez-tez məni ziyarət edirlər. Srağagün mənə DYP-dən ”Piyada təhlükəsizliyi ayı"na görə xüsusi kitabçalar verdilər ki, uşaqlara paylayım. Uşaqlar yol hərəkət qaydalarına aid olan kitabçaları həvəslə oxuyurlar. Çalışıram onlara bir şey öyrədim".
“Hər gün yoldan 122 uşaq keçirirəm”
X.Musayev deyir ki, 13 illik fəaliyyətində hər gün yoldan keçirdiyi insanların adlarını yazıb. O, qeydiyyat kitabçasını çıxarıb mənə göstərir və deyir ki, hər gün yoldan 122 uşaq keçirirəm: “Mənim xatirə kitabçam da var. Hansı ki, uşaqlar ora öz ürək sözlərini, şeirlərini yazırlar, birgə çəkdirdiyimiz şəkilləri yapışdırırlar. Kitabçanın ilk səhifəsinə isə həmin Aytən adlı qız ”Canlı svetofor- Xalid" yazıb. Bundan əlavə, “Uşaq və yol” adlı bir albom düzəltmişəm. 97-ci ildən indiyənə kimi uşaqları yoldan keçirərkən çəkilən şəkillərimi həmin albomda toplamışam".
X.Musayev həmçinin söylədi ki, bir müddət əvvəl maddi durumu yaxşı olmadığından Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edib ki, ona kömək etsinlər: “İcra hakimiyyəti adımı Mənzil Kommunal İstismar Sahəsində fəhlə kimi qeydiyyata aldı. 78 manat da maaş yazdılar. İcra başçısı mənə dedi ki, işə getməyim. Əvvəlki kimi uşaqlara yoldan keçməyə kömək edim”.
Kənd sakinləri də X.Musayev haqqında razılıqla danışdılar. Sevinc adlı kənd sakini söylədi ki, Xalidin sayəsində uşaqları maşın vurması halları azalıb: “Xalid olmamışdan qabaq, iki gündən bir bu yolda uşağı maşın vururdu. Allah ondan razı olsun. İşini-gücünü atıb bu xeyirxah, məsuliyyətli işlə məşğul olur”.
Əmircanlı “Canlı svetofor” Xalid Musayevlə söhbət zamanı öyrənirik ki, o, həmçinin yaşlı kənd sakinlərinə də kömək edir: “Yaşlı insanlar kəndin mərkəzindəki bankomata gedib pensiyalarını çəkə bilmirlər. Mən onların yerinə pensiyaları çəkib, gətirib verirəm. Düzdür, dəfələrlə buna görə mənə pul vermək istəsələr də, mən qəbul etməmişəm. Bu işi xeyirxahlıq üçün edirəm. Çünki vaxt olacaq mən də qocalacam. Sizə bir şeyi də deyim. Artıq mənim vaxtı ilə əlindən tutub yoldan keçirərək məktəbə yola saldığım iki gənc ailə həyatı qurub. Doğrusu, onları görəndə çox duyğulanıram”.
Söhbətimizi burada tamamlayırıq. Məni yolun qarşı tərəfinə keçirən “Canlı svetofor” Xalid Musayevə gözəl söhbətə görə çox sağ ol deyib, redaksiyaya tələsirəm.
Fərahim İLQAROĞLU