Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ATƏT Parlament Assambeyasının (PA) 19-cu sessiyasında iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib.
Nümayəndə heyətinin üzvü deyib ki, sessiya iyulun 6-dan 10-dək Norveçin paytaxtı Osloda keçiriləcək. Onun sözlərinə görə, budəfəki sessiyada “Hüququn aliliyi: transmilli cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə” mövzusu müzakirə olunacaq: “Bu mövzu həm Siyasi və təhlükəsizlik məsələləri komitəsində, həm Elm texnologiya və ətraf mühit komitəsində, həm də Demokratiya, insan haqları və humanitar məsələlər komitəsində müzakirə ediləcək” . E. İbrahimov iyulun 8-də ATƏT PA-nın xüsusi plenar iclasının keçiriləcəyini, iclasda qurumun sədri Kanat Saudabayevin çıxış edəcəyini, bundan sonra onunla deputatlar arasında debat keçiriləcəyini bildirib. Millət vəkili sessiyada ermənilərin işğal altındakı torpaqlarda mənəviyyata zidd hərəkətləri haqqında da çıxış edəcəklərini bildirib: “Biz ermənilərin Ağdam məscidini tövlə etmələri və orada inək bağlamalarına öz etirazlarımızı bildirəcəyik. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və Ermənistanın qeyri-konstruktiv hərəkətlərinə münasibətimizi açıqlayacağıq” . E. İbrahimov həmçinin bir neçə gün əvvəl Kanadada ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri bəyanatına münasibət açıqlayıb. Onun sözlərinə görə, sözügedən bəyanat Azərbaycanı qane edir və Ermənistan tərəfi meydandan qaçmasa, münaqişənin həlli istiqamətində ciddi irəliləyişə nail olmaq mümkündür. Qeyd edək ki, ATƏT PA-nın Oslodakı sessiyasında Azərbaycandan vitse-spiker Bahar Muradovanın başçılığı ilə Eldar İbrahimov, Fəttah Heydərov, Fazil Mustafa, Azay Quliyev və Rəbiyyət Aslanovadan ibarət nümayəndə heyəti iştirak edəcək. Hazırladı: İlkin Muradov
|