qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2-3 oktyabr 2009-cu ildə Naxçıvan MR-də keçirilən Türkdilli Dövlətlərin başçılarının zirvə toplantısında qəbul edilmiş tarixi qərarların həyata keçirilməsi
istiqamətində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bir sıra tədbirlər planlaşdırıb. Bu tədbirlərdən biri də Naxçıvanda Türk dünyası həkimlərinin və ziyalıların iştirakı ilə baş tutub.
28 iyun 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türk Gastroenteroloji Vakfının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında Türk Dövlətləri həkimləri üçün Gastroenteroloji ve Hepatoloji Konfrans keçirilib. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən dəstəklənən bu konfransa Türkiyə Cumhuriyyətindən 50-yə yaxın elm adamları, alimlər və həkimlər qatılıb. Konfransda Naxçıvan həkimləriylə yanaşı, Bakıdan da 20-ə yaxın elm adamları, gastroentoloqlar və həkimlər iştirak ediblər.
Konfransda çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, Türk Dövlətləri həkimləri üçün Gastroenteroloji ve Hepatoloji Konfransın Naxçıvan Muxtar Respublikasında keçirilməsi həkimlərin beynəlxalq təcrübə mübadiləsi aparması ilə yanaşı, Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatlarının əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir.
Türk Gastroenteroloji Vakfının başkanı prof.dr. Ali Özden də öz çıxışında bildirib ki, iki il öncə analoji Beynəlxalq Gastroenteroloji Konfrans Türk Gastroenteroloji Vakfı və ATXƏM-in birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində keçirilib. Konfransın nəticəsi olaraq Azərbaycan və Türk həkimləri arasında zəngin təcrübə mübadiləsi gerçəkləşib, tibb sahəsində qarşılıqlı əməkdaşlıq üçün gözəl imkanlar yaranıb.
Daha sonra, konfransda Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev də çıxış edib. O qeyd edib ki, Türkiyə Qastreonteroloji Vakfı ilə ATXƏM Bakı və Gəncədən sonra növbəti Beynəlxalq Qastreonteroloji Konqre keçirməyi qərara alıb. Bu toplantıda əsas məqsəd Türk dünyasını qovuşduran və Şərqin qapısı hesab olunan qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nəaliyyətlərlə tanış olmaq və həmçinin də Naxçıvan MR-də qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır. Əgər hər bir digər sahələr üzrə çalışan mütəxəssislərimiz də oxşar vətənpərvərlik coşqusu ilə hərəkətə keçib, təşəbbüslər göstərsələr yaxın zamanlarda – XXI əsrin ilk onilliyində Türk Dünyası birliyi yolunda əsil möcüzələr baş verə bilər.
Konfrans həkimlərin məruzələri ilə davam etdirilib. dr.Ahmet Aydın, dr.Selçuk Dişibeyaz, dr.Fulya Demirçeken, dr. Zeygam Süleyman, dr. Altay Çelebi, dr.Abdullah Sonsuz, dr. Galip Ersöz, Dr. Dilek Oğuz, dr.Nuru Bayramov, dr. Burhan Şahin, dr. Cihan Yurdaydın, dr. Yusuf Bayraktar, dr. Yılmaz Çakaloğlu, Dr. Ahmet Tezel, Dr. Erkan Parlak, dr. Mircelal Kazimi, dr. Eldar Əhmədov da çıxış edərək öz bilik və bacarıqlarını paylaşıblar.
Hazırladı:Turac Məmmədova