Azərbaycanda “Elektron məktəb” layihəsi çərçivəsində məktəblərə kommunikasiyaları daha effektiv şəkildə qurmağa imkan verən videozəng funksiyası tətbiq olunur.Bu barədə APA-ya İKT Mərkəzindən Azərbaycan Təhsil Şəbəkəsinin (“AzEduNet”) rəhbəri Səməd Abbasova istinadən məlumat verilib.
“Elektron məktəb” layihəsi “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı, Sumqayıt və digər şəhərlərin 30 məktəbində reallaşdırılır. Sözügedən layihə çərçivəsində “AzEduNet” ən qabaqcıl «Cisco» texnologiyalarını tətbiq edir. Məktəblər şəbəkəyə fiber-optik kabel ilə qoşulur. Məktəblərdə «Cisco» avadanlığı və videozəngli İP-telefoniya sistemi quraşdırılır. S.Abbasovun sözlərinə görə, əvvəl şəxsi kommunikasiyalar üçün nəzərdə tutulmuş videozəng funksiyasını bir çox müəllimlər məktəblər arası videokonfransların təşkili üçün istifadə edirlər. Ona görə də müəllimlərin videotexnologiyalara olan marağını nəzərə alaraq “AzEduNet” bu il tədris prosesində keyfiyyətli videonun (SD/HD/FullHD) geniş şəkildə istifadəsi üçün şərait yaradacaq videotexnologiyaların pilot tətbiqini planlaşdırır. AzEduNet şəbəkəsi vasitəsilə çoxnöqtəli videokonfransların, interaktiv videokommunikasiyaların və s. keçirilməsi mümkün olacaq. Hazırladı: İlkin Muradov
|