
Hər bir cəmiyyətin gələcəyi həmin ölkənin gəncləridir. Bu, şüar deyil, elmi cəhətdən əsaslandırılmış dinamik bir prosesdir. Əgər biz Azərbaycanda gələcəkdə demokratik dövlətin və vətəndaş cəmiyyətinin bərqərar olmasını istəyiriksə, onda bu məqsədə çatmaq üçün ciddi iş aparmalıyıq.
Azərbaycanda əhalinin çox hissəsi gənclər olsa da, onların ictimai və siyasi həyatda iştirakı kifayət qədər yüksək deyil. Bunun bir çox obyektiv və subyektiv səbəbləri olsa da, əsas səbəblər cəmiyyətin təhsil sahəsindəki maliyyə çətinliyidir. Dünyada təhsil sisteminin maliyyələşdirilməsinin üç formasından istifadə olunur. İlkin forma kimi, təhsil bütövlükdə dövlət tərəfindən maliyyələşdirilir, yəni təhsil pulsuz olur. Təhsil müəssisələrinin maliyyələşməsini dövlət öz üzərinə götürür. İkinci forma kimi, bütövlükdə təhsil alanlar, biznes strukturları tərəfindən maliyyələşdirildiyini qeyd etmək olar. Ali məktəblər öz gəlirləri hesabına dolanır. Üçüncü forma olaraq, qarışıq formada, bir hissəsini dövlət maliyyələşdirir, bir hissəsi isə təhsil alanlar tərəfindən maliyyələşir. “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova düşünür ki, əgər dövlətin imkanı varsa bütünlükdə vətəndaşların təhsilini öz üzərinə götürməlidir: “Oxumaq istəyən Azərbaycan vətəndaşları üçün təhsil pulsuz olmalıdır. Ancaq inkişaf etmiş ölkələrdə bu fikir real deyil. Azərbaycanın təhsil sistemində qarışıq formadan istifadə olunur. Yəni təsilin bir hissəsini dövlət maliyyələşdirir, bir hissəsi isə təhsil alanlar tərəfindən maliyyələşir. Nəticədə təhsilin ödənişli formasının payı sürətlə artır. Dövlət Ali Məktəblərində onun xüsusi çəkisi artıq 50 faizi ötür. Eyni zamanda təhsil haqları da sürətlə artmaqdadır. Ölkədə orta aylıq əmək haqqının 300 manat ətrafında, büdcə təşkilatlarında çalışanların orta aylıq maaşlarının isə 200 manatdan da aşağı olduğu bir şəraitdə təhsil haqları bundan qat-qat yüksəkdir. Respublikada “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri olaraq mən düşünürəm ki, aztəminatlı ailələrdən çıxan gənclər ödənişli qaydada təhsil aldıqda ciddi problemlər ilə qarşılaşır, bəzən də maliyyə imkansızlığı üzündən daxil olduqları universitetləri tərk etməli olurlar. Vəziyyətin bu cür davam etməsi aztəminatlı ailələrdən çıxan xeyli saylı istedadlı gəncin ali təhsildən kənarda qalması deməkdir. Bu isə Azərbaycan intellektual potensialı, insan kapitalının inkişafı və gələcəyi üçün böyük təhlükədir. Ona görə də, bu problemin həlli üçün müxtəlif yollar araşdırılmalı, təhsil ilə bağlı yeni qanunlar qəbul edilməlidir. Təhsil Qanunun müvafiq məqamları əsasında hazırlanması zəruri olan qanunlardan biri də Təhsil Kreditləri haqqında Azərbaycan Respublikasının Qanunudur. “Təhsil Krediti” ifadəsinə təkcə akademik yox eyni zamanda iqtisadi anlayış kimi də yanaşılmalı və hazırda ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan vətəndaşlarımız da nəzərə alınmalıdır. Bütün bunlara diqqətlə yanaşılsa respublikada aztəminatlı ailələrin problemlərinin yumşaldılmasına nail olmaq olar”.
Cəmiyyətin təhsil kapitalına münasibəti
Bu gün respublikamızda gedən təhsil islahatları insanların şüurunu dəyişib. Hazırda cəmiyyət təhsilə daha çox diqqət yetirir. Bu onunla bağlıdır ki, valideynlər övladlarının təhsil almasına yer ayırırlar. Təhsil elə bir məkandır ki, orada bütün nəsillər görüşür. Bu gün təhsilə cəmiyyətin üz döndərməsi bilavasitə gələcək nəslin savadlı, faydalı vətəndaşları böyütməsi ilə əlaqədardır. Cəmiyyət elə bir səviyyədə təhsilə diqqət yetirməlidir ki, təhsildə həqiqətən də ciddi dəyişiklik olsun. Cəmiyyət deyəndə, biz cəmiyyətin üzvləri olan valideynləri nəzərdə tuturuq. Çünki, valideynlər təhsilin sifarişçisidir. Buna görə də, valideynlər özlərinin təlim- tərbiyədə rolunu dərk etməlidirlər. Əfsuslar olsun ki, bu gün bütün valideynlər belə deyil. Həm passiv, həm də fəal valideynlərimiz var. Passiv valideynlərin məktəbə gətirilməsi 50 faiz məktəbin üzərinə düşürsə, 50 faiz də həmin valideynlərin üzərinə düşür. Çünki, valideyn cəmiyyətdə böyük bir qüvvədir və uşağa daha çox təsir edə bilirlər. Demək olar ki, bu gün hələ də Azərbaycanda valideyn hərəkatı formalaşmayıb. Valideyn hərəkatının formalaşması üçün cəmiyyətdə gedən proseslərə biganə qalmamaq lazımdır. Təhsildə çox gözəl islahatlar gedir, təhsil qanunu qəbul olunub. Təhsil qanunun ən vacib istiqaməti ali məktəb müəsisələrinin ailələrlə əlaqələrinin gücləndirilməsi və valideynlərlə birgə işidir. Təəssüflər olsun ki, bu gün valideynlərimiz məktəbi yalnız “ali məktəbə daxil olmaq pilləsi” kimi qəbul edirlər. Valideynlər çox vaxt yaddan çıxarırlar ki, məktəb gələcək nəslin formalaşdırılması üçün bir məkandır və insan yetişdirməlidir. Ali məktəb üçün kadr yetişdirmək məkanı deyil. Biz vətən üçün layiqli bir vətəndaş yetişdirməliyik. Ona görə də, cəmiyyətin təhsildə hələ də rolu yüksək deyil. Buta Humanitar Uşaq Fondunun rəhbəri Nazim İbadov hesab edir ki, bu istiqamətdə cəmiyyətin rolu artmalıdır: “Təhsil sahəsində ciddi reformalar istəyiriksə, cəmiyyəti buna hazırlamaq lazımdır. Bu nə vaxtsa, olacaq. Gürcüstan səfərim zamanı oranın təcrübəsi ilə tanış oldum. Belə ki, orada məktəb direktoru valideynlər tərəfindən 5 namizəd arasından iki ay müddətinə seçilir. Məktəb bazar iqtisadiyyatının içərisində olan təhsil ocağıdır. Bu normal bazar iqtisadiyyatı yanaşmasıdır”. Azərbaycan Milli Valideyn və Müəllim Assosiasiyasının sədri Təranə Şərifovanın sözlərinəə görə, valideynlərin tələbələr üçün məsuliyyətini artırmaq daha məqsədəuyğundur: “Məsuliyyətin artması isə, təhsilin keyfiyyətinin artmasına gətirib çıxarır. Valideyn məktəbə pul xərcləyəndə bilməlidir ki, o uşağının sağlam məktəb mühitində təhsil alması üçün edir. Biz valideyn kimi uşağının yaxşı dərs məkanı ilə təmin olunmasını hələ edə bilməmişik. Bu tərbiyə də ailədən məktəbə gəlir.
Təhsilin maliyyələşdirilməsində ictimai qurumların təklifləri və tövsiyələri
Hazırda ali məktəblərdə valideynlərdən toplanan məktəb büdcəsinin şəffaflaşdırılması məsələsinə münasibət bildirən Nazim İbadovun sözlərinə görə, bu sahədə ali məktəblərdə də dəyişiklik olmalıdır: “Belə ki, ali məktəb yalnız dövlət büdcəsindən maliyyələşməməlidir. Ali məktəbə yardımlar cəmiyyət tərəfindən olmalıdır. Maraqlı tərəf isə valideynlər olmalıdır. Valideyn könüllü olaraq, övladının təhsil aldığı ocağa kömək etməlidir. İlk növbədə qanun çərçivəsində olmalıdır. Qanundan kənar addım qurumu nüfuzdan salar. Bu məsəllərlə bağlı biz valideynin hansı formada ali məktəbə kömək edə bilməsini araşdırma apardıq. Dünya təcrübəsi ilə tanış olduq. Azərbaycanda bank sistemi inkişaf etməyə başlayıb. Biz məktəbin idarəolunma prosesinə ictimaiyyəti, o cümlədən valideynləri geniş şəkildə cəlb etmək, büdcə fəaliyyətinin planlaşdırılmasında məktəbin potensialını gücləndirmək üçün ali müəssisə rəhbərliyi və valideynlərlə danışıq apardıq. Belə ki, valideyn vəsaitlərinin mərkəzləşdirilmiş qaydada leqal yığımının tətbiqini həyata keçirmək təklif edildi. Bu zaman könüllülük, büdcədənkənar vəsaitlərin mərkəzləşdirilməsi, büdcədənkənar vəsaitlərin istifadəsinə dair kollegial qərarların verilməsi və şəffaflıq əsas prinsiplər kimi götürülmüşdür. Hər bir valideyn öz adına bankda depozit hesabı açır. Bu depozit hesabından alınan faizlər məktəbin hesabına keçir. Bəzi valideynlərdə bu barədə inamsızlıq hiss olundu. Adətən cəmiyyətdə kiminsə pullarını saymaq dəbdir. Bəzi valideynlər isə faizin əminliklə məktəbin hesabına çatacağına inam nümayiş etdirmədilər. İnamsızlığı isə qeyri-sivil addımlar formalaşdırır. Layihə səkkiz ay davam etdi. Məktəbdə valideynlərlə təlimlər keçdik. Valideynlərə başa salmağa çalışdıq ki, uşaqla məşğul olmağın bütün məsuliyyətini dövlətin üzərinə yükləməyin. Uşağa görə, ən böyük məsuliyyəti valideynlər daşıyır. Valideyn uşağın məktəbi ilə maraqlanmalıdır. Bu da sovetdən qalma sistemdir. Sovet dövründə uşağı məktəbə verirdilər və sonra necə böyüyəcəksə, valideyn bilmirdi. Bu cür yanaşma ilə təhsilin səviyyəsini bundan artıq görə bilmərik. Məktəbin inkişafına yönələn vəsaiti birgə bölməliyik. Valideyn deməməlidir ki, bu mənim uşağımın məktəbidir. Valideyn deməlidir ki, bu mənim məktəbimdir”.
Mütəxəssisləri Azərbaycan respublikasının istər ölkə daxilindəki ali məktəblərdə ödənişli təhsil alan, istərsə də ölkədən xaricdə ali təhsil almaq istəyən gənclərinə kömək etmək üçün təhsilin kreditləşməsinə dövlət dəstəyinin normativ – hüquqi bazasının hazırlanmasına başlayıblar. Ölkəmizin təhsil sisteminin inkişaf etdirilməsi, ali məktəblərin fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlığı aradan qaldırmaq və Azərbaycan təhsilinin inkişafına müəyyən köməklik göstərmək üçün çox faydalı hesab edilə bilər. Buna səbəb Azərbaycan Respublikasının Prezidentinin azərbaycan gənclərinin xaricdə ali təhsil almalarına dair Dövlət Proqramının hazırlanmasına dair fərmanı olmuşdur. Dövlət proqramının hazırlanmasına kömək üçün mütəxəssislərimiz bir sıra ölkənin: Rusiya Federasiyası, Qazaxıstan Respublikası, Estoniya Respublikası, Çin Xalq Respublikası, Gürcüstan Respublikası və digər dövlətlərin bu məsələdə təcrübəsini araşdırmışdır. Məlum olmuşdur ki, bu problemin həlli xarici olkələrdə iqtisadi mexanizmlərlə tənzimlənir, yəni istər ölkə daxili ali məktəblərdə, istərsə də xaricdə təhsil almaq üçün gənclərə kreditlər verilir. Bu kreditlər, dövlətin dəstəyi nəticəsində, cox aşağı faizlə və təhsil alıb qurtardıqdan bir müddət keçdikdən sonra ödənilmək şərti ilə verilir. Bəzi ölkələrdə (Estoniya, Rusiya, Qürcüstan, Çin və s.) ali təhsil krediti agent banklar tərəfindən ( məsələn, Estoniyada Hansabank http://hanza.net/cgi-bin/hanzanet ) dövlət dəstəyi nəticəsində çox aşağı faizlə, bəzilərində isə bu məqsədlə dövlət proqramı ilə yaradılmış xüsusi fondlar, proqramlar vasitəsilə (məsələn, Qazaxıstan Respublikasının məşhur “Bolaşak” proqramı http://www.edu-cip.kz/ru) verilir.
Ölkəmizdə ali təhsil almaq üçün özəl banklar ( məs. “Respublika” kommersiya bankı) kredit verir. Lakin bu kredit 20-22% illik faizlə, 12 ay müddətinə valideyinlərə verilir. Bu kreditin şərtləri çox ağır olduğundan istifadə olunmur. Sadaladığımız ölkələrdə isə ali təhsilin kreditləşməsinə dövlət dəstəyi olduğundan bu şərtlər kifayət qədər yüngüldür. (4-5% illik, təhsili başa vurduqdan bir neçə il sonra kreditin qaytarılması) və gənclər istər öz ölkələrində, istərsədə xaricdə ali təhsil üçün kredit götürürlər. Fikrimizcə, problemin aktuallığı bu müqayisədən aydın görünür. Bu gün Azərbaycan respublikasının dövlət ali məktəblərində təhsil alan tələbələrin təxminən 60%- i ödənişli təhsil alırlar. Azərbaycanda isə ödənişli təhsil almağa məcbur olan bir çox gənc təhsil haqqını ödəyə bilmədiyindən ali təhsil almaqdan imtina edirlər. Bəzən isə, hətta təhsillərinin sonuncu kursunda belə təhsil haqqını ödəyə bilmədikdə rektorların əmri ilə ali məktəbdən xaric olunurlar. Bu səbəbdən ali təhsil üçün kreditlərin verilməsinə dövlət dəstəyi bu gün çox vacib olduğunu Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatı sədri Natiq Əhmədov söyləyir. Təhsil kreditləri haqqında qanun layihəsinin normativ-hüquqi sənədləri hazırlanmalı və bunun üçün qanun layihəsinin əsas maddələrinin (veriləcək kreditin maksimal məbləği, illik faizi, qaytarılma müddəti, üçtərəfli müqavilənin şərtləri, dövlətin, Təhsil nazirliyinin, təhsil müəsisələrinin və agent bankların bu prosesdə rolu və s.) müəyyənləşdirilməlidir.
Ali təhsilin kredit normativ-hüquqi aktları
Hazırlanan təhsil kreditləri haqqında qanun layihəsinin normativ-hüquqi sənədlərinin hazırlanması və müvafiq dövlət qurumlarına təqdim olunması, bu konsepsiyanın geniş təbliği, ictimai dəstəyin təmin olunması gözlənilən ilkin nəticələrdir. Hazırlanmış normativ-hüquqi bazanın Azərbaycan dövləti tərəfindən qəbulu və ali təhsil kreditləri vasitəsilə azərbaycanlı gənclərin ölkə daxilində və ölkədən xaricdə təhsil alması layihənin uzunmüddəli nəticəsi kimi planlaşdırılır. Layihə çərcivəsində hazırlanacaq ali təhsilin kreditləşməsinə dövlət dəstəyini əks etdirən normativ-hüquqi bazanın hazırlanmasının və dövlət tərəfindən qəbulunun mühüm istiqamətlərindən biri azərbaycanlı gənclərin xarici olkələrdə ali təhsil alması üçün imkanların yaradılmasıdır. Hazırlanacaq normativ-hüquqi bazanın dövlət qrumları tərəfindən qəbulu layihənin ən mühüm qiyməti ola bilər. Milli Məclisin Elm və Təhsil Daimi komissiyasında konsepsiyanın və qanun layihəsinin müzakirəsi və Milli Məclisin iclasında müzakirəyə çıxarılması ən əsas indikator olacaqdır. Layihə başa çatdıqdan sonra AKTAM təşkilatı tərəfindən müvafiq dövlət qrumları ilə, Milli Məclisin Elm və Təhsil Daimi komissiyası ilə mütəmadi əlaqələrin davam etdirilməsi planlaşdırılır. Millət vəkilləri ilə mütəmadi görüşlər keçirmək, layihənin qəbulu üçün onun Milli Məclisin müzakirəsinə çıxarmaq əsas fəaliyyət istiqaməti olacaqdır.
Səbinə Cahandarova