Axtarış: 
Tarixi memarlıq abidələrimizin qorunmasına diqqət artırılacaq
+  -  Çap 
Yerləşdirilib: 09.07.10 | Baxılıb: 638
qhtxeber.az// Tarixən daş insanın həyatında olduqca böyük rol oynayıb. Təsadüfi deyil ki, ən qədim insanların yaşadığı dövr daş dövrü adlandırılır. Həmin dövrdə əmək alətlərindən tutmuş silahlara qədər hər şey daşdan hazırlanırdı.
Füzuli rayonunun yaxınlığındakı dünyaca məşhur Azıx mağarasından tapılan müxtəlif tipli daş alətlər, daşdan hazırlanmış silah nümunələri dediklərimizə əyani sübutdur.
Zaman keçdikcə insanlar hətta öz istək və arzularını, adət və ənənələrini də daş üzərinə həkk ediblər. Bunun ən gözəl nümunəsi isə dünyanın mədəni irsi siyahısına salınmış Qobustan qaya rəsmləridir.

Açıq səma altında daş muzey

Məlumat üçün bildirək ki, Qobustan petroqliflərini açıq səma altında muzey də adlandırırlar. Burada çoxsaylı qayaüstü təsvirlər, qayaların altında yerləşən qədim insan məskənləri və kurqan qəbrləri aşkar edilib. Bu qayalarda regionun 15 min illik həyat tarixi - yuxarı paleolit dövründən orta əsrlərə qədər böyük bir zaman kəsiyi əks olunub.
Bu gün Qobustanda 4000-dən çox petroqlif (daş üzərində oyma texnikası əsasında çəkilmiş qayaüstü rəsmlər) aşkar edilib. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, ceyran, dağ keçisi, şir, keçi kimi heyvanların təsvirləri, qamışdan düzəldilmiş qayıq, iki təkərli araba və insan izlərinin rəsmləri var. Qobustanda qeyri-adi "qablar" - daş üzərində çapılmış və hətta naxışlarla bəzədilmiş oyuqlar salamat qalıb. Burada qeyri adi "çalğı alətləri" - güclü səslər verən daşlar da var. Hər daşın öz tembri olduğuna görə onlara "qaval daş" deyilir.
Qeyd edək ki, Yuneskonun ümumdünya irs komitəsinin 2007-ci ildə Yeni Zelandiyanın Kristçorç şəhərində keçirilən 31-ci sessiyasında Qobustan dünya mədəni irs siyahısına daxil edilib.
Ümumiyyətlə, ölkəmizin ərazisi tarixi abidələrlə zəngindir. Tarixin daş yaddaşı sayılan hər bir abidə mənsub olduğu xalqın tarixinin əvəzolunmaz salnaməsi hesab olunur. Xüsusən orta əsrlər dövründə Azərbaycanda çoxlu sayda abidələr, saraylar, qalalar və digər memarlıq nümunələri ucaldılıb. Bu abidələrdən dövrümüzə qədər gəlib çıxanları ölkəmizə gələn turistləri valeh etməklə yanaşı, Azərbaycan xalqının necə böyük mədəniyyətə malik olmasından xəbər verir. Bu abidələrdən bir neçəsi ilə sizi yaxından tanış etmək istəyirik.

Alınmaz Qız qalası

Qız qalası - Baki şəhərində, Qədim qala divarlarının (İçərişəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın yaxınlığında yerləşən tarixi abidədir. Divarlarının hündürlüyü 28, qalınlığı 5 metr olan bu qala Abşeron yarımadası ərazisində ən möhtəşəm və ən qədim feodal müdafiə tikilisidir. Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılıb: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lakonik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz həmin dövrdə tikildiyi ehtimal edilir.
Qız qalası qüdrətli, əzəmətli bir müdafiə tikintisi olmaqla bərabər ümumi həcm quruluşunun, nisbətlərinin və nəhayət, hörgüsünün düşünülmüş şəkildə işlənməsi cəhətdən də yüksək səviyyəli memarlıq və bədii qiymətə malik bir əsərdir.
Onu da bildirək ki, qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlayıb, 2000-ci ildə YUHESKO-nun qorunmalı tarixi abidələr siyahısına salınıb.

Naxçıvan memarlığının incisi - Möminə Xatun türbəsi

Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Mömünə Xatun türbəsi 1186-cı ildə Haxçıvan şəhərinin qərb hissəsində memar Əcəmi Əbubəkr oğlu Haxçıvani tərəfindən tikilib. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Mömünə Xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar verib, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan hicri 582-ci ilin məhərrəm ayında (aprel, 1186) başa çatdırıb. Elin yaddaşında "Atabəy günbəzi" adı ilə qalıb. Abidənin baş tağında kufi xətti ilə bu sözlər həkk olunub: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar".
Ümumi hündürlüyü 34 m olmuş, sonralar 8 m hündürlüyündə xarici örtüyü dağılıb. Türbə yeraltı (sərdabə) və yerüstü hissələrdən ibarətdir. Sərdabə hissəsi planda 10 bucaqlıdır. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə doğru bir tağ salınıb. Türbə sərdabəsindəki bu quruluş sonralar Qərbdə, qotika memarlığında tətbiq edilib. Kompozisiyaya, yetkinliyə, ayrıntılarının incə, zərif işlənməsinə və memarlıq həllinə görə türbə orta əsrlər memarlıq sənətinin şah əsərlərindən sayılır. Türbə 2003-cü ildə yeniden bərpa olunub.

Şirvan şahlarının iqamətgahı - Şirvanşahlar sarayı

Şirvanşahlar saray ansamblı XV əsr Azərbaycan memarlığının incisidir. Saray kompleksinə daxil olan abidələr İçəri şəhərin ən yüksək təpəsində yerləşir. Bir-birindən fərqli olan üç həyət - terrasda yerləşən ansambl yüksəkdən baxdıqda gözəl rəsm əsərini xatırladır.
Gözəl memarlıq forması, daşların yonulması və hörülməsindəki valehedici dəqiqlik, portalın məharətlə oyulmuş xalçavarı ornament bəzəyi və gümbəzlərlə tamamlanan abidə bu günədək öz formasını itirməyib. Abidə bütövlüklə daşdan ibarətdir.
Ansambla saray binası, divanxana, Seyid Yəhya-Bakuvinin türbəsi, saray türbəsi, minarəli saray məscidi, hamam və bir qədər sonra tikilən Şərq darvazası portalı daxildir. Kompleksin başlıca tikilisi olan saray binası öz lakonik forması, daşların düzülüşündəki işıq oynaqlığı, portalının möhtəşəmliyi, birinci və ikinci mərtəbənin pəncərə və mazğallarındakı şəbəkə ilə nəzər-diqqəti cəlb edir.
Divanxana xüsusi qəbul və dövlət məsələləri məşvərəti yeridir. Onun ratondası tağlı eyvanlarla əhatə olunmuş çoxbucaqlı gümbəzlə örtülmüş, məharətlə oyulmuş nəbati ornament bəzəyi və yazılardan ibarət olan portalla qurtarır.
Türbə ilə yanaşı, minarəsində abidənin 1441-ci ildə tikildiyini göstərən yazı olan saray məscidi yerləşir.
Ansamblın cənub həyətində saray alimi Seyid Yəhya-Bakuvinin çox da böyük olmayan gümbəzlə örtülmüş səkkizbucaqlı türbəsi ucalır.
Aşağı həyətdə, yerin altında, maraqlı abidə olan XV əsr saray hamamı yerləşir. Hamam bizə uçub-dağılmış formada gəlib çatsa da, qalıqlar binanın rasional kompozisiyaya uyğun olaraq tikildiyini qeyd edir. Memar Əmirşahın yaratdığı Şərq darvazası portalı (1585-ci il) ansamblın XVI əsrə aid olan yeganə tikilisidir.

Şəki xan sarayının valehedici təsvirləri

XVIII əsrdə tikilən xan sarayları icərisində ən qiymətlisi Şəki xanlarının Şəkidəki sarayıdır. Binanın hər iki mərtəbəsi eyni quruluşdadır. Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar var. Binanın plan quruluşu yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilib.
Tavan 5 mindən artıq rəsmli həndəsəli fiqurlardan hazırlanmış bədii tərtibatdan ibarətdir. Şəki xan sarayının rəngli naxış, şəbəkələri təşkil edən ağac oyma, salon və otaqlardakı rəsm təsvirləri qiymətli rəsm əsərləridir. Burada ümumi memarlıq quruluşu ilə yanaşı əsas cəhətlərdən biridə odur ki, bu binada müftəlif sənəd nümunələri toplanıb. Suvaq üzərində həmdə rəngli şüşə parçalardan bərkidilmiş həndəsi naxışlı pəncərə şəbəkələri diqqəti cəlb edir. Sarayın içərisindəki təsvirlər nəbati, ornament konpazisiyalarından, ov və müharibə səhnələrindən ibarətdir. Şəki xan sarayı 1955-1956-cı illərdə memar H.Q. Rzayevin lahiyəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılıb və abidə ilkin halına salınıb.
Ermənilər tarixi abidələrimizi məhv edirlər

Göründüyü kimi Azərbaycan ərazisi tarixi abidələrlə olduqca zəngindir. Lakin təəssüflə qeyd etməliyik ki, ermənilər tərəfindən işğal olunan torpaqlarımızda yerləşən abidələrimizin bu günkü taleyi ilə bağlı yaxşı heç nə söyləyə bilmərik. Dağlıq Qarabağ ərazisində, həm də ona sərhəd və ermənilər tərəfindən hazırda işğal olunmuş zonada külli miqdarda xanəgahlar, türbələr, pirlər, orta əsr qəbiristanlıqları, məscidlər və s. müsəlman abidələri yaxın zamanlara qədər mövcud olub. Lakin artıq neçə ildir bu ərazilər Azərbaycanın nəzarəti altında olmadığından bu abidələrin indiki vəziyyətindən dəqiq məlumat yoxdur.
Əldə olunan məlumatlara görə, ermənilər artıq bir çox abidələrimizi məhv ediblər, salamat qalanlarını isə xristianlaşdıraraq dünyaya erməni abidəsi kimi təqdim edirlər.

Memarlıq abidələri restoran və kafelərə çevrilib

Təəssüflər olsun ki, ayrı-ayrı dövrlərdə bir çox tarixi abidələrimiz zəmanətsiz qalıb. Nəticədə bəzi abidələrimiz dağılıb, bəziləri isə işbazların qurbanına çevrilib. Dəfələrlə mətbuatda bu haqda yazılar yazılsa da, bu sahədə elə bir ciddi addım atılmayıb. Elə indinin özündə də bu baxımdan vəziyyət tam qənaətbəxş deyil. Xüsusən Bakının fəxri sayılan və YUNESKO-nun abidələri siyahısına salınan İçərişəhərin taleyi ciddi narahatlıq doğurur. Dövlət tərəfindən bir sıra tədbirlərin görülməsinə baxmayaraq burada tarixi memarlıq binalarının və digər tikililərin dağıdılması hallarına hələ də rast gəlmək mümkündür.
Qanunda nəzərdə tutulmasına baxmayaraq, abidələrin mühafizə zonasının olmaması onların qorunmasında böyük problemlər doğurur. Memarlıq abidələrindən istifadə problemi də həll olunmamış qalır. Bu gün bəzi memarlıq abidələrindən öz ilkin funksional təyinatlarına uyğun olaraq deyil, ancaq mənfəət götürmək üçün - restoran, kafe və s. kimi istifadə edilir. Bu cür istifadə zəruri kommunikasiya, bəzən isə yenidən planlaşdırma işləri tələb edir ki, bu da gec-tez abidələrin məhvinə səbəb olur.

Tarixi abidələrin siyahıya alınmasına başlanıb

Lakin sevindirici haldır ki, son illər dövlət tərəfindən tarixi abidələrin bərpası və təmir olunması istiqamətində ciddi işlər görülür. Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı nəticəsində abidələrin mühafizəsinə və bərpası ilə bağlı ciddi işlər görülməkdədir.
Nəzərinizə çatdıraq ki, hazırda Azərbaycanın tarixi abidələrinin yeni siyahıya alınması prosesi gedir və bu iş cari ilin sonunadək başa çatacaq. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin sözlərinə görə, bu siyahının hazırlanması prosesi əsasən yeni tapılmış, kəşf olunmuş tarixi abidələrlə əlaqədardır: "Azərbaycanda abidələrin sonuncu siyahıya alınması ilə bağlı 2001-ci ildə Hazirlər Kabinetinin təsdiq etdiyi siyahıya alınmaya 6543 tarixi tarixi abidə daxildir. Dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli abidələrə bağlı da təsnifat aparılıb. Lakin iki il əvvəl ölkə başçısının yenidən tarixi abidələrlə bağlı imzaladığı sərəncama əsasən, Azərbaycan ərazisində olan tarixi abidələrin yeni siyahıya alınması, daha doğrusu sonralar və bu gün də tapılmış, kəşf olunmuş tarixi abidələrin siyahıya alınması prosesinə başlanılıb. Güman edirəm ki, ilin sonunadək bu proses artıq başa çatacaq".

Hazırladı: Səbinə Cahandarova

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo