 Güzəştli ipoteka kreditlərinin verilməsinin şərtləri dəyişdirilib və qaydalara bəzi əlavələr edilib. Qeyd edək ki, Mərkəzi Bank bu əlavə və dəyişiklikləri gələcək risklər göz önünə alınaraq borcalanın sabit gəlirlərinin olmasına daha dəqiq nəzarət etmək məqsədilə edib. Dəyişikliklərə görə, əgər əvvəlki şərtlərdə kreditin bazar qiymətinə uyğun məbləği hesablanırdısa, hazırki dəyişikliklərlə əlaqədar burada əmlakın likvid qiyməti nəzərə alınır.
Yəni veriləcək kreditin məbləği əmlakın likvid dəyərindən artıq olmamaq şərti ilə verilir. Eyni zamanda yeni dəyişikliklərdə borcalanın 12 aylıq iş təcrübəsinin olması əsas tələb kimi qoyulub. Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün ən azı son iki illik dövr ərzində sabit maliyyə gəlirlərinin olması rəsmi sənədlər əsasında təqdim olunmalıdır. Başqa tərəfdən əvvəlki qaydalarda yaxın qohumlardan əmlak alınmasına icazə verilmirdi. Hazırkı dəyişikliklərdə onların siyahısı da tələb olunur. Yenilik həmçinin ondan ibarətdir ki, əgər borcalanın, yəni kredit götürənin iş yeri şübhə doğurursa, Dövlət Sosial Müdafiə Fondundan həmin vətəndaşın şəxsi hesabından çıxarış tələb olunur.
Nəzərinizə çatdıraq ki, hazırda müvəkkil banklar tərəfindən adi ipoteka kteditlərinin verilişi davam etdirilsə də güzəştli ipoteka kreditləri dayandırılıb. Məlumatlara görə, güzəştli ipoteka kreditləri aprel ayına qədər daxil olan müraciətlər əsasında təmin olunur. Çünki aprel ayında Mərkəzi bank tərəfindən bütün müvəkkil banklara adı çəkilən kredit üzrə vəsait bitdiyindən kreditin verilməsinin dayandırılması haqqında göstəriş verilib. Dəyişikliklərə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, əlavə və dəyişikliklər proqramın daha da sərtləşdirilməsinə təsir edir: "İpoteka krediti alan üçün iş təcrübəsinin tələb kimi qoyulması, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslədən ən azı son iki illik dövr ərzində sabit maliyyə gəlirlərinin əks olunduğu sənədin tələb edilməsi şərtlərini ağırlaşdırılmasından xəbər verir. Qlobal maliyyə böhranı dövründə sahibkardan böhran dövründəki il üçün sabit gəlirlərlə bağlı arayışın tələb edilməsi nə iqtisadi, nə də digər faktorlarla izah edilə bilməz. Çünki böhran sahibkarlıq fəaliyyətinə neqativ təsir göstərib. Nəinki Azərbaycanda, MDB ölkələrində belə son iki ildə sabit gəlirlərə malik olan sahibkarların sayı kifayət qədər azalıb. Kredit almaq üçün son iki illə bağlı sabit gəlirlərin tələb olunması ipoteka kreditlərindən istifadə edənlərin sayının azalmasına və ya dairəsinin məhdudlaşmasına gətirib çıxaracaq. Bu eyni zamanda ipoteka üçün müraciət edənlərdən əlavə sənədin tələb olunması anlamına gəlir. Son dəyişikliklərdən sonra kreditin məbləğinin əmlakın likvid dəyərindən artıq olmamaq şərti ilə verilməsinə gəlincə, Mərkəzi Bank və İpoteka Fondu verilən ipoteka kreditlərinin qaytarıla bilməməsindən ehtiyatlanır. Hər iki qurum ipoteka krediti qaytarılmayanda girov şəklində alınan mənzilin dəyərinin daha çox olmasında maraqlıdırlar. Nəzərə alsaq ki, fond alınan mənzilin dəyərinin yalnız 85 faizini maliyyələşdirir, o baxımdan likvid dəyərlə bağlı qoyulan tələb ipoteka kreditləri hesabına mənzillərin satılması şərtlərini ağırlaşdırır. Dəyişikliklərdə ən ağırlaşdırıcı məqamlardan biri müvəkkil bankların borcalandan Dövlət Sosial Müdafiə Fondundakı şəxsi hesabından çıxarış tələb etmələridir. Belə çıxarışların istənilməsi tələb olunan sənədlərin sayının artmasına gətirib çıxaracaq. Eyni zamanda vətəndaşın kredit alması üçün qarşısındakı əngəllərin sayını artıracaq".
Mütəxəssis bildirdi ki, dövlət qurumlarından sənədlərin alınması, eləcə yığılması vaxt tələb edir: "Başqa tərəfdən ipoteka kreditlərinin alınması üçün tələb edilən sənədlərin sayı onsuz da çoxdur. Dəyişikliklərə qədər həmin sənədlərin iki rəqəmlə ifadə olunurdu. Məkəzi Bank ipoteka kreditləri üçün müəyyən limitlər müəyyənləşdirməyə çalışır. Bu xüsusən güzəştli ipoteka kreditlərinə ayrılan vəsaitin ilin birinci yarısında xərclənib başa çatması ilə bağlıdır. Vəsait bitdikdən sonra Mərkəzi Bank ipoteka kreditlərinin verilməsi ilə bağlı daha ağır şərtlərin tətbiqinə keçdi. Bu da heç bir halda qəbul edilən deyil. İpoteka proqramının uğuru heç də şərtlərin ağırlaşdırılmasından ibarət olmamalıdır. Digər ölkələrdəki kimi şərtlərin yüngülləşdirilməsinə, vətəndaşların kreditlərə əlçatanlığının təmin edilməsinə, bu istiqamətə daha çox vəsaitin ayrılmasına nail olunmalıdır. Təəssüflər olsun ki, Mərkəzi Bank ipoteka proqramının maliyyələşdirilməsi mənbələrinin artırılması, onların müxtəlifliyinə nail olunması əvəzinə şərtlərin ağırlaşdılrılmasına üstünlük verir. 2010-cu ildə güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə 14 milyon manat vəsait ayrılmışdı. Adi ipoteka kreditlərinin verilməsi üçün 75 milyon manatlıq ipoteka istiqrazlarının satışı proqnozlaşdırılır. İpoteka kreditlərinin verilməsi üçün yalnız iki mənbə var. Son dəyişikliklər də onu göstəririr ki, fond maliyyə mənbələrini müxtəlifləşdirmək imkanına malik deyil"
|