 Yerli kabel televiziyalarının fəaliyyətə başlaması tamaşaçıların ürəyindən oldu. Məlumatlara görə kabel televiziyalarının bazara daxil olması nəticəsində çanaq antenlərinə əhalinin tələbatı azalıb. Əvvəllər əhali 150-200 manat verib çanaq anteni alıb xarici kanalları izləyirdisə indi ayda cəmi 9-10 manat ödəməklə kabel televiziyası vasitəsilə buna nail olur.
Kabel televiziyaları abunəçilərə təzə xidmət göstərməyə başladıqda yayımı tam qüsursuz şəkildə həyata keçirirdi.
Amma axır vaxtlar onlar müştərilərinə keyfiyyətli yayım əvəzinə baş ağrısı əsəb gərginliyi bəxş edir. Ən çox şikayət edilən kabel televiziyası isə KATV 1-dir. Abunəçilər qarşısında qüsursuz keyfiyyətli yayım təqdim etmək öhdəliyi götürən KATV 1 müştərilərin etimadını doğrultmamağa başlayıb. Belə ki abunəçilər redaksiyamızla əlaqə saxlayaraq yayım zamanı kifayət qədər problemlə üzləşdiklərini deyir. Əsas şikayət isə Suraxanı Nəsimi Nizami Xətai rayonlarından gəlir. Müştərilərin dediyinə görə KATV 1 onlara heç bir xəbər vermədən yayımı dayandırır. Hətta ötən ay kabel dəyişilməsi səbəbindən xeyli abonent bir sutka(!) televiziya üzünə həsrət qalıb. Abonent onlara bunu irad tutduqda isə qurumun xanım əməkdaşı ev telefonlarına zəng vurularaq xəbərdarlıq edildiyini lakin çoxunun evdə tapılmadığını bildirib. Halbuki sənədləşmə zamanı onlar abonentin mobil telefonunu da qeyd edirlər.
Şirkətin ofisinə zəng vurub yayımın hansı səbəbdən bir neçə saat dayandırıldığını soruşduqda isə operatorlar "qəza yarandığı üçün yayım dayandırılıb qısa vaxt ərzində bərpa ediləcək" deyir. Abunəçilər bildirir ki kanallarda hansısa bir maraqlı filmə proqrama baxdıqları yerdə yayım dayanır və ekranda "net siqnal" yazısı peyda olur. Müştərilər bildirir ki vacib deyil KATV 1 hər bir abunəçisinə zəng vurub bu haqda məlumat versin onun əlində böyük bir efir var o problemi kanallar vasitəsilə də verə bilər. Yəni xəbər titrdə gedən yazı ilə də müştərilərə çatdırıla bilər.
Abunəçilər bildirir ki KATV 1 keyfiyyətli yayımı bərpa etməsə bu kabel televiziyası ilə əməkdaşlıqdan imtina edib digər kabel televiziyalarının imkanlarından bəhrələnəcəklər.
Onlar deyir ki həm Konnekt TV-nin həm "Ailə" TV-nin həm də digərlərinin yayımı KATV 1-dən xeyli keyfiyyətlidir. Bundan əlavə tamaşaçıların bildirdiyinə görə o yayımçıların təqdim elədiyi kanalların sayı da KATV 1-dən çoxdur.
Yazı həftənin bazar günü çapa hazırlandığı üçün müştərilərin şikayətilə bağlı KATV 1-in mövqeyini öyrənə bilmədik.
Yalnız onu qeyd edə bilərik ki əməkdaşlarımız arasında KATV 1-in bir neçə abunəçisi var. Onlar da bu kabel televiziyasının keyfiyyətsiz yayımından narazı olduqlarını müştərilər qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyini bildirir.
Ümid edirik KATV 1 rəhbərliyi tezliklə məsələni araşdıracaq və müştərilərin narahatlığına son qoyacaq.
|