Yaxın günlərdə temperaturun 40 dərəcəni ötəcəyi xəbəri insanlar arasında əsl təşvişə səbəb olub. Artıq 47 nəfərin günvurma ilə əlaqədar xəstəxanalara müraciət etdiyi təsdiqlənib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin temperaturun yaxın günlərdə 40 dərəcəni ötəcəyi ilə bağlı proqnozları belə halların artacağını istisna etmir.
Departamentdən verilən xəbərə əsasən, yaxın bir həftə ərzində gecə 23-26, gündüz 35-40, Abşeron çimərliklərində isə dəniz suyunun hərarəti 28-29 dərəcəni ötəcək. Hətta dağlıq ərazilərdə də temperaturun 29-34 dərəcəyə yüksələcəyi gözlənilir. Bu həftəsonu meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, isti və rütubətli hava meteohəssas olanlarda narahatlıq hissi yaradacaq.
Yay mövsümü başlayandan bəri 47 nəfərin günvurma şikayəti ilə əlaqədar həkimə müraciət etməsi bu təşvişin əsassız olmadığından xəbər verir. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyevin kütləvi informasiya vasitələrinə verdiyi məlumata görə, vəziyyəti nisbətən ağır olan 12 nəfər xəstəxanaya yerləşdirilib. Hadisələrdən heç biri ağır sonluqla nəticələnməyib. R.Nağıyev ən çox günvurma hallarının gənclər və uşaqlar arasında təsadüf edildiyini qeyd edib. "Yaşlılar, qadınlar çox vaxt özlərini qoruduğu üçün günəşli havada küçəyə çıxmır. Buna görə də yaşlılar arasında günvurma halları müşahidə olunmayıb".
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov bu cür neqativ halların əsasən əhalinin verilən məsləhətlərə əməl etmədiyindən yaşandığını deyir:
"Tibbi Yardım Stansiyasına belə müraciətlər, demək olar ki, hər gün daxil olur. İnsanlar bəzən hansı saatlarda açıq havada gəzə biləcəklərinə bir o qədər önəm vermirlər. Nəticədə onların səhhətində fəsadlar yaranır. Məsələn, açıq havada, eləcə də çimərliklərdə səhər və axşam saatlarında olmaq məqsədəuyğundur".
Qeyd edək ki, səhər saat 11:00-dan axşam saat 17:00-a kimi çimərliklərə getmək tövsiyə olunmur. O cümlədən açıq havada birbaşa günəş şüaları altında gəzmək də.
Çünki bu vaxtlarda günvurma ehtimalı çox yüksəkdir. Bu intervalda həm temperatur, həm də radiasiya yüksək olur. İstivurma, günvurmadan əlavə, günəş şüalarından dəridə yanıqlar əmələ gələ bilər. 15-20 dəqiqə günəş altında gəzən hər adam günvurmaya məruz qala bilər. M.Həmidov deyir ki, günvurmaya ən çox məruz qalanlar əsasən yaşlı insanlar və uşaqlar olur. O cümlədən açıq havada uzun müddət fiziki işdə işləyən fəhlələr də daha tez günvurmaya məruz qalırlar.
Bəs açıq havada işləyənlər?
Maraqlıdır, qızmar istilərdə açıq hava şəraitində işləyənlər özlərini necə qoruya biləcək? Çünki Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, eləcə də ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən, onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. Havanın temperaturu 41 dərəcədən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Hazırda bir sual aktuallaşır. Temperaturun 42 dərəcəni ötdüyü günlərdə iş dayandırıla bilərmi? Məsələyə münasibəti bildirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib ki, 41 dərəcədə iş prosesinin davam etdirilməsinə icazə verilmir:
"Amma iş yerlərində bu tələbə çox vaxt əməl edilmir. Bəzi qapalı yerlərdə ola bilsin ki, sərinləşdirici sexlər var və orada iş prosesinin davam etdirilməsi mümkündür. Lakin belə yerlərdə də işçilərin istidən əziyyət çəkməməsi üçün zəruri tədbirlər görülməlidir".
S.Mehbalıyevin sözlərinə görə, həmkarlar təşkilatları fəaliyyət göstərən müəssisələrdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası orada bu işlərə cavabdehlik daşıyır. Həmkarlar təşkilatları olmayan müəssisələrdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumları bu işlərlə məşğul olmalı, lazımi tədbirlər görməlidirlər.
Tikinti sektorunda qaydalara əməl olunmur
Konfederasiya sədri bildirib ki, işçi hüquqlarının pozulmasına daha çox tikinti sektorunda yol verilir:
"Bu sektorda işçilərin istirahətinə, yemək təminatına fikir verilmir və onlar günün altında işləyirlər. İndiki vəziyyətdə asfalt salanlar daha çox əziyyət çəkir. Bir yandan 40 dərəcə isti, digər tərəfdən isə asfaltın özünün 30 dərəcəlik istisi işçilərin səhhətində problemlər yarada bilər. Bu cür problemlər inkarolunmazdır. Əmək qanunvericiliyinin tələblərinə əsasən, heç bir halda 41 dərəcədə iş prosesinin davam etdirilməsinə icazə verilmir. Amma iş yerlərində bu tələblərə əməl olunmur".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinnin Dövlət Əmək Müfəttişliyinin səlahiyyətlisi Məhərrəm Məhərrəmov isə hələ ki, hərarətin 40 dərəcəni ötmədiyini qeyd etdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometereologiya Departamenti iyul ayı ərzində günorta vaxtlarında hərarətin 40-42 dərəcəyə qədər yüksələcəyi ilə bağlı məlumat yayıb. M.Məhərrəmov deyir ki, 40 dərəcə dedikdə bu o demək deyil ki, termometri açıq havada günəş şüalarının altına qoyub ölçürlər:
"Çünki termometri günəş şüalarının altına qoyduqda o, 60 dərəcəni də göstərə bilər. Ona görə də hidrometereoloqlar havanın hərarətini ölçərkən xüsusi qaydalara əməl edirlər".
Mövcud neqativ hallarla mübarizəyə gəlincə, qurum səlahiyyətlisi bildirdi ki, bu sahədə mövcud problemlərin qarşısını reydlər keçirməklə almaq olar:
"Biz özəl müəssisələrdə İqtisadi İnkişf Nazirliyinin nümayəndəsi olmadan gedib işlərinə müdaxilə edə bilmirik. Ancaq buna baxmayaraq, biz bütün lazımi tədbirləri həyata keçirməyə çalışırıq".
42 nəfərlə bağlı günvurma faktına gəlincə, M.Məhərrəmov onları iş şəraitində gün vurmasını şübhə altına alır. "Həmin insanları gün 41 dərəcədən yüksək temperaturda vurduğunu dəqiqləşdirmək lazımdır. Neqativ hal aşkarlanarsa, həmin sahədə dərhal işin dayandırılacağı barədə göstəriş verilir", - deyə Dövlət Əmək Müfəttişliyinin nümayəndəsi qeyd etdi. Məlumat üçün bildirək ki, respublikada 400 mindən artıq işəgötürən var.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, əvvəllər qanunvericilikdə bu hədd 45 dərəcə göstərilmişdi:
"Lakin ölkə ərazisində 45 dərəcə temperatur xarakterik deyildi. Buna görə də həmin qanunda dəyişiklik edildi və bu hədd 41 dərəcə göstərildi. Amma işlərin dayandırılması o iş yerlərinə şamil olunur ki, orada havanın temperaturunu süni yolla nizamlamaq mümkün deyil. Yalnız açıq havada və havanın temperaturunu süni yolla tənzimləmək mümkün olmadığı yerlərdə temperatur 41 dərəcəni keçdikdə işlər dayandırılır. İşdə fasilələr də vermək olar. Yəni işəgötürən elə tədbirlər görməlidir ki, işçinin səhhətində hər hansı problem yaranmasın. Bu işlərə nazərati isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi həyata keçirməlidir".