DÖVLƏT QULLUĞUNDA KİŞİ-QADIN BÖLGÜSÜ
Heç bir dövlət gender problemini birdəfəlik həll etdiyini deyə bilməz. Çünki bu problemi yaradan obyektiv və subyektiv səbəblər var. Obyektiv səbəblər sırasına həyata baxışdan və adət-ənənədən, subyektiv səbəblər sırasına isə qanunvericilikdən doğan, məmurların yaratdığı səbəbləri aid etmək olar. Bu səbəbləri Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələr üzrə araşdıraq.
2000-ci ildə qəbul olunmuş “Dövlət qulluğu haqqında” qanuna gender probleminin yaranmasının qarşısının alınması məqsədi ilə belə bir müddəa daxil edilib: “İnzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müvafiq icra hakimiyyəti orqanı müsabiqə elan edir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir” (28.2-ci maddə).
Dövlət qulluğunun daha yaxşı təşkili və idarə olunması üçün prezident İlham Əliyevin 2005-ci il 19 yanvar tarixli fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. 2006-cı ilin oktyabrından fəaliyyətə başlayan komissiyanın qarşısına qoyulan məqsədlərdən biri vətəndaşların dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsidir.
İndiyə kimi dövlət qulluğuna qəbulla bağlı 6 müsabiqə keçirilib. Komissiya təşkil etdiyi bütün müsabiqələrin nəticələrini müxtəlif sahələr üzrə araşdırır. Belə araşdırmaların bir sahəsi də gender sahəsidir. Gender sahəsini komissiya sadəcə ümumi nəticələr üzrə deyil, yaş qrupları üzrə də araşdırır. Araşdırma nəticəsində aşağıdakı nəticələr alınıb:
müsabiqələrdə iştirak edənlərin 22.64%-ni (2408 nəfər), test imtahan mərhələsində uğur qazananların 23.01%-ni (479 nəfər), müsahibə mərhələsində uğur qazananların 23.30%-ni (168 nəfər), vakant dövlət qulluğu vəzifəsinə təyin olunanların 23.54%-ni (141 nəfər) qadın namizədlər təşkil edib. Göstəricilərdən də göründüyü kimi, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin sənəd qəbulundan başlayaraq vakant vəzifəyə təyin olunana qədər bütün mərhələlərində qadın namizədlərin xüsusi çəkisi 23% olub.
Müsabiqədən müsabiqəyə dövlət qulluğuna qəbulda dövlətin qadın və kişilərə verdiyi bərabərlik imkanlarından istifadədə vəziyyət, demək olar, eynidir. Birinci müsabiqədə iştirak edən qadınların xüsusi çəkisi 20.32% (189 nəfər) olmuşdusa, 6-cı müsabiqədə cüzi artım müşahidə edilib, qadın namizədlərin xüsusi çəkisi 22.78% (652 nəfər) təşkil edib. Bu nisbət test imtahanı mərhələsindən uğurla keçib, vəzifəyə uyğun bilinib və vəzifəyə təyinat almış qadın namizədlərin xüsusi çəkisində də, demək olar, eyni qalıb. İkinci, üçüncü, dördüncü və beşinci müsabiqələrdə də ciddi dəyişiklik olmayıb.
Məlum olduğu kimi, gender probleminin formalaşması insan dünyaya gələndən başlayır və ömrünün sonuna kimi davam edir. Bu məsələyə mentalitet, təhsil, öz hüquq və azadlıqlarını, öhdəliklərini bilmə, mədəniyyət, iqtisadiyyat və s. amillər təsir edir. Cəmiyyətlər imkişaf etdikcə gender münasibətlərində də müəyyən dəyişiklik baş verir. Bu fonda kişi və qadın münasibətləri də dəyişir.
Azərbaycanda dövlət qulluğuna qəbulda qanunvericilikdə olan boşluğun yaratdığı gender problemi “Dövlət qulluğu haqqında” qanunun qəbulundan və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılmasından sonra tam aradan qaldırılıb. Əgər əvvələr hər hansı bir məmur dövlət qulluğuna qəbulda öz istəyinə uyğun və ya nəyinsə müqabilində kimisə dövlət qulluğuna qəbul edir və bununla da bu sahədə gender məsələsini öz istəyinə uyğun müəyyən edirdisə, qanunun qəbulundan və komissiyanın yaranmasından sonra məmurların yaratdığı səbəblər sona çatıb.
Obyektiv səbəblərə gəlincə isə burda vəziyyət fərqlidir. Azərbaycan cəmiyyətində uşağın anadan kişi və ya qadın cinsində dünyaya gəlməsi bəzi hallarda onun gələcəkdə cəmiyyətdə tutacağı yeri müəyyən edir. Bu, ilk növbədə uşağın ata-anasının həyata baxışından və adət-ənənədən asılı olur.
Birinci faktor. Məlumdur ki, Azərbaycan əhalisi, özəlliklə də kənddə yaşayan əhali adət-ənənəyə sıx bağlı olur. Belə ailələrdə uşağın gələcəyi, onun cəmiyyətdəki mövqeyi adəti üzrə ailədə müəyyən edilir. Tanrı qadını həyat verən, yəni dünyaya uşaq gətirən müqəddəs bir varlıq kimi yaradıb. Buna görə də qızı olan bütün valideynlər onları daha çox ana olmağa, ər ocağını qorumağa hazırlayırlar.
Amma buna da müxtəlif baxışlar var. Birinci baxış: bir qisim valideyin qızlarının orta təhsillə kifayətlənməsini qəbul edir, onların yaxşı ana olmaları üçün ali təhsil almasına ehtiyac görmür. Yəni qadının təbiətdən doğan missiyasını - ailə sahibi olub ocağı qorumaq, dünyaya uşaq gətirmək və onları böyüdüb ərsəyə çatdırmaq kimi missiyasını əsas sayırlar.
İkinci baxış: orta statistik azərbaycanlı ailəsində qızlara peşəni adəti üzrə valideyinlər seçir. Valideyinlərin seçimi isə ənənəvi olaraq ya təhsil, ya da səhiyyə sahəsi olur. Onların düşüncəsinə görə, “Qız uşağı gələcəyin anasıdır, müəllimlik və ya həkimlik onun gündəlik vaxtının bir hissəsini alar və o, qalan vaxtını evinə və uşağlarına sərf edər.” Buna görə də səhiyyədə və təhsildə çalışanların mütləq çoxu qadınlardır. Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə belə müdaxilələrin sayında ciddi azalma var.
Üçüncü baxış: valideynlər qızlarının cəmiyyətdə daha aktiv mövqeyə malik olmaları üçün onların peşə seçiminə müdaxilə etmir, əksinə, hüquq, iqtisadiyyat və s. sahələrdə təhsil alması üçün onlara dəstək olurlar. Bu valideynlərin düşüncəsinə görə, qız uşağı gələcəyin anasıdır, lakin o, ailədə anadır, cəmiyyətdə isə (hüquq, siyasət, iqtisadiyyat, dövlət qulluğu, mədəniyyət, idman və s. sahələrdə) müəyyən bir mövqeyə sahib olub dövlətin yaratdığı bərabər imkan, bərabər hüquq və bərabər öhdəlikləri bölüşməlidir. Məhz belə valideynlərin hesabına xaricdə təhsil alan Azərbaycan gəncləri sırasında qızların sayı artmaqda davam edir.
İkinci faktor. Azərbaycanda ailə müqəddəsdir. Dövlət həm cəmiyyətdə, həm də ailədə qadın və kişi bərabərliyini qanunla təsbit etsə də, ailədə bir çox məsələlər, o cümlədən də ailənin xanımının ictimai işlərdə fəallığı ailə adət-ənənəsi ilə həll olunur. Yəni ailə başçısı - ər razılıq verməsə, evin xanımı heç bir ictimai işlə məşğul olmur.
Üçüncü faktor. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin böyük qismi mərkəzi icra hakimiyyəti orqanlarının yerli şöbələrində və onlara tabe olan təşkilatlardakı boş yerlər olub. Bakı, Gəncə və digər böyük şəhərlərdən fərqli olaraq rayonlarda qadınların ictimai fəallığı nisbətən aşağı olduğu üçün mərkəzi dövlət qurumlarının yerlərdəki vakansiyalarını tutmaq məqsədi ilə müraciət edənlərin də mütləq əksəriyyətini kişi namizədlər təşkil edib.
Sovet dönəmində SSRİ Ali Sovetinə seçkilər zamanı bütün müttəfiq respublikalara plan qoyulurdu: “seçilən” deputatlardan neçəsi qadın olmalı, onlardan neçəsi sağıcı, neçəsi fəhlə, neçəsi pambıqçı, neçəsi ziyalı, neçəsi rəhbər vəzifədə çalışan və s.olmalı idi. Eyni hal müttəfiq respublikaların yerli səviyyəli seçkilərində də təkrar edilirdi. Bu da Kommunist Partiyasına və icra strukturlarına bağlı qanunverici orqanların, yerli səviyyədə isə ümumiyyətlə adı olub, özü olmayan qurumların yaranması ilə nəticələnirdi.
Hər hansı sahədə gender probleminin dövlət tərəfindən məcburi şəkildə həll edilməsi, fikrimizcə, heç də həmin sahəni inkişafa aparmaz. Bu məsələdə hər kəsə bilik və bacarığına görə dəyər verilməlidir. Gender məsələsinin həlli ilk növbədə vətəndaşların özlərindən asılıdır. Dövlət gender bərabərliyinə nail olmaq üçün zəruri qanunvericilik bazasını müəyyən edib. Bura bərabər hüquq və azadlıqlar, bərabər maddi rifah, bərabər imkanlar, bərabər məsuliyyət, qərarların qəbul edilməsi prosesində qadın və kişilərin bərabər hüquqlu iştirakı və s. sahələr daxildir. Vətəndaşlar da, istər qadın olsun, istərsə kişi, yaradılan bərabər imkanlardan yararlana bilmək üçün yaxşı təhsil almalı və ictimai, siyasi, iqtisadi, mədəni, idman və s. sahələrdə daha aktiv olmalıdır.