qhtxeber.az // Bu gün “Park İnn” hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT mövzusu üzrə ölkə jurnalistləri üçün elan etdiyi yazı müsabiqəsinin nəticələrini açıqladı və qalibləri mükafatlandırdı.
Tədbirdə giriş sözü ilə Şuranın mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı çıxış etdi:
- Hörmətli media mənsubları, millət vəkilləri, xarici ölkələrin səfirləri, qonaqlar, bizim dəvətimizi qəbul edib törənə qatıldığınız üçün Sizin hamınıza təşəkkür edirik. Bu tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycan mətbuatının 135 illiyi ərəfəsində keçirilir. Tədbirdə məqsədimiz mart ayından etibarən QHT mövzusu üzrə elan edilmiş yazı müsabiqəsinin nəticələrini açıqlamaq və qalibləri mükafatlandırmaqdır.
Birlirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası media ilə əməkdaşlığa həmişə böyük önəm verib və jurnalistlərin çətin əməyini həmişə yüksək qiymətləndirib. Bizim müxtəlif vaxtlarda media mənsublarını mükafatlandırma məqsədi ilə tədbirlərimiz olub. Bu gün keçirilən tədbir də qeyd edilən tədbirlərdən biridir. Və güman edirik ki, media ilə builki münasibətlərimiz sona yetmir və ilin sonunda biz növbəti media müsabiqəsinin yekunlarını açıqlayacağıq.
Bu gün Azərbaycan jurnalistikasının banisi, Azərbaycan mətbuatının əsasını qoymuş Həsən bəy Zərdabinin xatırlmamaq mümkün deyil. Azərbaycanın gələcək nəsilləri Onu etiramla yad edəcək və Allahdan ona rəhmət diliyəcək. Bilirsiniz ki, 135 il öncə Azərbaycanda “Əkinçi” qəzeti nəşrə başlayanda Azərbaycan ziyalı potensialı bir qəzetin nəşrinə yetmirdi. Yəni, Həsən bəy Zərdabi nadir savadlı insanlardan biri olaraq həm qəzetin yığılmasında, həm redaktəsində, məqalə yazılmasında, çapında bilavasitə şəxsən iştirak etməyə sadəcə məcbur idi. Zərdabi o günləri xatılayaraq sonralar yazırdı: “Bizim müsəlman şəhərində bir savadlı müsəlman yoxdur ki, qəzetə baxdıqda onun qələtini düzəltsin”. Daha sonra cəmiyyətin və mətbuatın ümumi səviyyəsi haqda öz fikirlərini Həsən bəy Zərdabi belə izah edirdi: “Bizə diqqət edənlər, bu qəzetin kəsirini görəndə gülməyin! Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlman şəhərimizdə bir qəzet belə basdırmağa adam yoxdur”.
Nə yaxşı ki, bu gün Azərbaycan belə bir mühit çoxdan aradan qaldırlıb. Azərbaycanda böyük jurnalist ordusu mövcuddur. Çətinliklərə baxmayaraq bu ordu Azərbaycan mediasının inkişafına təkan verir. Mətbuatın yeni qolları yaranıb. Televiziya, yaxın keçmişdən etibarən mənimsəməyə başladığımız internet, elektorn qəzetlər və s. mətbuat formaları var ki, Azərbaycan jurnalistləri həmin missiya və vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Biz bu gün jurnalistlərimizi mükafatlandırmaqla mediayaya, bu böyük orduya diqqət və ehtiramımızı bildiririk. Bununla da gələcək əməkdaşlığımızı daha da davamlı və etibarlı etməyə çalışırıq.
Söz verilir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclsiin deputatı Azay Quliyevə
Azay Quliyev:
- Əziz dostlar, hörmətli həmkarlar, icazə verin mən də Səfər Alışarlının təbriklərinə qoşulum. Hörmətli mətbuat işçilərini, media mənsubalrını, qələm əhlini, həmklarlarımı, Azərbaycan ictimaiyyətini təbrik edim. Həqiqətən də 135 illik mətbuat tarixi olan xalq ən xoş sözlərə layiqdir. 135 ildir ki, qələm sahibləri vuruşa-vuruşa öz məfkurasini, ideyalarını Azərbaycan xalqının maarifləndirilməsi istiqamətində çabalarını əsirgəmədən, milləti nicat yoluna çıxarmaq kimi böyük bir missiyaya nail olub. 135 illik müddətdə əlbəttə ki, həm ölkə çapında, həm dünyada tanınan jurnalistlərimiz olub. Jurnalistlər də məşhur kəlamda deyildiyi kimi cəmiyyətin aynası olduğu üçün hamı tərəfindən həmişə hörmətlə qarşılanıb. Bəzən jurnalist yazılarına görə dözümsüzlük nümayiş etdirənlər də olub. Bütövlükdə cəmiyyət fikir pülüralizminə, söz azadlığıa alışıb. Dövlətimiz bu istiqamətdə kifayət qədər iş görüb.
Bu gün biz məsləyə başqa rakursdan yanaşmağa çalışmışıq. Bu müsabiqəni keçirməklə jurnalsitləri QHT-lərə daha da yaxınlaşdıqmaq istəmişik. Onu hədəf götürmüşük ki, bu gün jurnalistlər vətəndaş cəmiyyətinin əsas lokomativi olan QHT-lərin fəaliyyətini işıqlandırsın. Biz həm də onu qarşımıza məqsəd qoymuşuq ki, jurnalistlər Azərbaycanda QHT obrazını yaratmaqda öz töhvəsini vermiş olsunlar. Jurnalistlər həm də QHT-lərin cəmiyyətə yönəlik fəaliyyətlərini sadə vətəndaşlara çatdırsınlar. Bu gün cəmiyyətdə QHT-lərə münasbibət birmənalı deyil. Bu gün onları “qrantyeyən”lərdən tutmuş “fədakarlar” sırasına qədər adlara layiq görürlər. Hesab edirəm ki, hər iki sözdə həqiqət yükü olsa da, böyük ağırlıq “fədakarlıq” adının üzərinə düşür. Bu gün vətəndaş cəmiyyəti təmsilçiləri, QHT sektorunun nümayəndələri sözün əsl mənasında fədakardırlar, vətənpərvərdilər. Bu vətənpərvərlik, fədakarlıq jurnalist təfəkkürünün, biliyinin sücgəcindən keçirilərək ictimaiyyətə çatdırılmalıdır. Bu baxımdan biz jurnalistlər arasında belə bir müsabiqəni keçirdik. Ən yaxşı jurnalist yazısına mükafat müəyyənləşdirmişik. Jurnalistlərin bu istiqamətdə əməyini yüksək qiymətkləndirirəm. Mətbuatda diqqətimi cəlb edən yazılar oldu. Bildiyiniz kimi 6 yer uğrunda mübarizəyə 30 yazı təqdim olunmuşdu. Bizi qane edən yazılar var idi. Bu müsabiqənin keçirilməsinin şərtləndirən əsas məsələlərdən biri də QHT jurnalistikasının inkişaf etdirilməsdir. Mənimlə razılaşarsınız ki, bizim gözlədiyimiz QHT jurnalistikası arzuladığımız səviyyədə deyil. Bəlkə də mənim fikrim sərt səslənir. Niyə görə mən bunu deyirəm? Bəzən jurnalistlər QHT fəlsəfəsini bilmədən, onun qarşıya qoyduğu vəzifəni olduğu kimi dəyərləndirmədən QHT haqqında yazılar yazırlar. Çox istərdik ki, QHT fəlsəfəsini bilən, onun mahiyyətini olduğu kimi qələmə ala biləcək jurnalistlərimiz olsun. Necə ki, iqtisadiyyat, idman və digər sahələrdə ixtisaslaşmış jurnalistlər var, eləcə də QHT sahəsində də ixtisaslaşmış jurnalistlərimiz olsun. Mən çox istərdim ki, jurnalistlər QHT araşdırması işini yaxşı bilsinlər. QHT konkret fəaliyyətlərini, gördükləri işi işıqlandırmaqla yanaşı tənqid etsinlər. Bəzən biz baxırıq ki, reportajlar faktların ardıcıl sıralanmasında başqa bir şeyd eyil. Çox yaxşı olardı ki, QHT –fəaliyyətini incəliklərinə qədər geniş audirotiyaya çatdıra bilən jurnalsitlərimiz yetişsin.
Onu demək istəyirəm ki, bu müsabiqədə də hər bir müsabiqədə olduğu kimi yarışmanın şahidi oldum. Amma biz çalışdıq ki, münsiflər heyətini elə formalaşdıraq ki, onlara kənar müdaxilələr olmasın, münsiflər heyəti yalnız yazıya qiymət versinlər. Əvvəlki təcrübədən yararlanaraq yazıları kodlaşdırdıq, münsiflərə yalnız yazılar təqdim olundu. Yəqin ki, münsiflər özləri fikirlərini bildirəcəklər. Mən onlarla iki dəfə görüşmüşəm. Yekunda yalnız bir xahişim olub. Çalışın məsuliyyəti öz üzərinizə götürün. Onlara bildirdim ki, bu müsabiqənin məsuliyyəti münsiflərin üzərindədir. Qaliblər də, qalib olmayanların müəyyən olunmasının məsuliyyəti münsiflər heyətinin üzərindədir. Hər hansı bir iddiaya Şura deyil, münsiflər cavab verəcəklər. Bu məqsədlə münsiflərə tam sərbəstlik verdik. Hesab edirəm ki, bu həm də münsiflər heyətinə olan sayğımızdan irəli gəlirdi. Çünki burada Azərbaycanın çox tanınmış jurnalistləri, qələm əhli, qəzet baş redaktorları təmsil olunurdular. Mən hesab edirəm ki, biz buna nail olduq. Əlbəttə ki, hər bir müsabiqənin qalibi, mən məğlub deməzdim, qalib olmayanı da var. Qalib olmayanlar adəti üzrə öz fikirlərini bildirə bilərlər. Biz bunu müzakirə etməyə hazırıq. Münsiflər heyəti də bu prosesdə iştirak edə bilər. Bütün halda nəticə budur. Hesab edirəm ki, nəticələr şübhə doğurmamalıdır.
Sonda bur məsələyə də fikrimi bildirmək istəyirəm. Əziz jurnalistlər, bəlkə də bu ilk təcrübədir. Çalışmaq lazımdır ki, gələcəkdə bunu aradan qaldıraq. Biz çox istərdik ki, bu cür müsabiqələrin yazısı, hədəfi, predmeti ümummili xarakter daşısın, QHT fəaliyyətini tam əks etdirsin. Müəyyən nöqsanları qabarıq şəkildə təqdim etsin, maarifləndirmə yükü olsun.
Bir daha fürsətdən istifadə edib jurnalistləri, qələm əhlini, həmkarlarımızı, QHT və KİV ekiz qardaşlarını, dostlarımızı, mətbuat günü münasibətilə təbrik edirəm. Qaliblərimizi də təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Şübhə etmirəm ki, bu kiçik mükafat bu sahədə onları daha da ruhlandıracaq. Hesab edirəm ki, qalib olmayanlar gələcək yarışmalarda da iştirak edəcəklər və nailiyyət qazanacaqlar. Yeri gəlmişkən deyim ki, bu bizim son müsabiqəmiz deyil. Yəqin ki, müsabiqənin ikinci hissəsi yaxın günlərdə elan olunacaq və həmin müsabiqəyə dekabr ayında yekun vurulacaq.
Sonra Səfər Alışrarlı münsiflər heyətinin üzvlərini təqdim etdi: Aydın Quliyev (“Bakı Xəbər” qəzetinin baş redaktoru), İradə Tuncay (“Ədalət” qəzetinin baş redaktoru), Bahəddin Həziyev (“Bizim yol” qəzetinin baş redaktoru), Sevinc Seyidova (“Həftə İçi” qəzetinin baş redaktoru), Sevinc Osmanqızı (ANS şirkətlər qrupunun əməkdaşı)
Aydın Quliyev:
- Mən də həmkarlarımı və müsabiqədə qalib gələnləri təbrik edirəm. Bu gün həm QHT, həm də mətbuat tarixində çox önəmli bir müsabiqəyə yekun vururuq. Həm QHT, həm KİV problem yaşayıb. Həmişə QHT və mətbuat arasında bir qapı olub. O QHT-lər ki, siyasi partiyalara yaxın olublar, onların mətbuatda reklamı, tanınması asan başa gəlib və onlar cəmiyyətdə tanınıbalr. O QHT-lər ki, siyasi proseslərdən uzaq olub öz işləri ilə məşğul olublar onlara mətbuatda tanınmaq çətin olub. QHT-lərə Dövlət Dəstəyi Şurasının keçirdiyi bu müsabiqə mətbuatla QHT arasında bu baryeri aradan qaldırmağa yönəlib və bu əməkdaşlığın genişlənməsində böyük rol oynadı. Yəqin ki, bundan sonra da davam etdiriləcək. Məhz bu cür yanaşma ilə QHT sektoru ilə mətbuatın sıx əməkdaşlığının yaranmasına səbəb olur.
30-a qədər yazı ilə tanış oldum. Sizi əmin edirəm ki, ekspertlərin hər biri qərar verməkdə tam müstəqil idilər. Qiymətləndirmə prosesində münsiflərdən başqa heç kim iştirak etməyib. Demək istəyirəm ki, ekspertlər tam müstəqil işləyiblər. Bir məsələni də qeyd edim ki, qiymətləndirmə zamanı ekspertlərin rəylərində kəskin fərq olmayib. Cəmi 1-2 yazı müəyyən müzakirəyə səbəb olub. Əlbəttə ki, münsiflər heyətinin ideal formalaşdırıldığını iddia etməkdən uzağam. Təbii ki, narazılıqlar olacaq. Lakin mənim heç şübhəm yoxdur ki, razı qalanlar çox olacaq. Qəbul edirəm ki, bu ilkin addımdır. Azay müəllim də çox gözəl qeyd etdi ki, Azərbaycan mətbuatında QHT jurnalıstikası formalaşmayıb.

Mən Şura rəhbərliyində o iradəni gördüm ki, bu problemlərin aradan qaldırmaq üçün ciddi addımlar atır və yaxın gələcəkdə belə tədbirlər davam etdiriləcək. Onu da müşahidə etdim ki, Şura rəhbərliyi müsabiqənin obyektiv keçirilməsi üçün əlindən gələni edir və bir əminlik yarandı ki, onlar bütün müsabiqələri bu qaydada keçirirlər. Bunun üçün mən sizə təşəkkür edirəm Azay müəllim. Hesab edirəm ki, bu cür yanaşa ilə obyektiv yarışma keçirməklə gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqsınız.
Münsiflər heyətinin üzvü İradə Tuncay:
- Ümumiyyətlə belə məsələlərdə narazıların sayı çox olur. Amma yaxşı yer, yaxşı mükafat az olduğu üçün qalib gəlməyənlərin çox olmasını qəbul etmək lazımdır. Məhz bir şey az olduğu üçün yaxşı sayılır. Mən bu yazıları oxuyarkən QHT mövzusunda azca da olsa maarifləndim. Əmin edim ki, mən bu haqda iki cümlə belə yaza bilməzdim. Yadınızdadırsa “Qaraj” filmində bir epizod var. Yanında oturan qızdan soruşur ki, müdafiə etmisən, mövzun nədir. Qız cavab verir ki, satira. Sual edir: “XIX əsr?”. Qız “xeyr, sovet dövrü” deyəndə “Olmayan bir şeydən müdafiə etmisən”. İndi yeni formalaşan bir mövzu haqda yazmısınız. Afərin sizə. Aydın müəllim bütün təfərrüatları danışdı. Mən bir onu əlavə edirəm ki, münsiflər heyətinin fikirləri hər zaman üst-üstə düşüb. Mənə elə gəlir ki, biz yaxşıları seçmişik.
Hamınızın mətbuat bayramınızı təbrik edirəm. Hesab edirəm ki, məbuat bayramı digər milli bayramlar kimi ümumi bayramdır. Bayramınızı təbrik edirəm.
Münsiflər heyətinin üzvü Sevinc Seyidova
- Obyektiv qiymətləndirmə olub. Nə etmək olar ki, 6 yer uğrunda 30 yazı mübarizə aparıb. Qalib gəlməyənləri məhz yarışmaya qatıldıqları üçün təbrik edirəm. Mən Şura sədrinə təşəkkür edirəm ki, mətbuat günü ərəfəsində jurnalistləri kiçik də olsa mükafatlandırdı.
Münsiflər heyətinin üzvü Bahəddin Həziyev:
- Bu müsabiqədə qalib gələnləri və həmkarlarımızı yubiley münasibətilə təbrik edirəm. Yazıları dəfələrlə oxumuşam. Özümü hər bir jurnalistin yerinə qoymuşam. Mükafat fondu böyük idi. Təəssüf etdim ki, mən də gərək iştirak edib, özümü sınayardım. Təbii ki, qaliblər az , qalib gəlməyənlər çoxdur. Mən hər kəsi öz fikrində qalmağa çağırırım. Ümid edirəm ki, qarşıdakı müsabiqələrdə bu gün qalib gəlməyənlər qalib gələcəklər.
Münsiflər heyətinin üzvü Sevinc Osmanqızı:
- Çox maraqlı bir müsabiqə idi. Çox müsabiqənin şahidi olmuşuq. QHT o sahələrdəndir ki, onun ictimaiyyət tərəfindən tanınmasında mətbuatın böyük rolu var. Onun mətbuata çıxışı heç də asan olmur. Çünki mətbuat bir nömrəli xəbər ardınca qaçır. QHT-nin mətbuata çıxışı obyektiv və subyektiv səbəblər mövcuddur. Ona görə Şuraya belə bir müsabiqəni keçirdiyinə görə minnətdaram. Jurnalistlərə də təşəkkür edirəm ki, bu işin öhdəsindən uğurla gəliblər. Həqiqətən də adi oxucu auditoriyası üçün nəzərdə tutulub, onları məlumatlandırmaq üçün yazılıb. QHT-lərin həyata keçirdikləri çox əhəmiyyətli məsələləri işıqlandırıblar. Ona görə hər iki tərəfə minnətdaram.
Sonra qaliblərin mükafatlandırılması mərasimi başladı.
İki I yerin qalibləri “Lent.az” İnformasiya Portalının xüsusi müxbiri Elxan Salahov və “Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy oldular.
İki II yerin qalibləri “Ekspress” qəzetinin müxbiri Aytən Fərhadova və “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli oldular.
İki III yerin qalibləri Azəri-Press İnformasiya Agentliyinin müxbiri Rəşad Süleymanov və “Modern.az” İnformasiya Saytının əməkdaşı, jurnalist Fərəh Sabirqızı oldular.
Müsabiqədə 10 ədəd həvəsləndirici mükafatın sahiblərinin də adları açıqlandı. Bunlar:
Famil Cəfərli, (“Yeni Müsavat” qəzetinin redaktoru)
Zahir Əmənov (“Cənub xəbərləri” qəzetinin baş redaktoru)
Qalib İbrahimoğlu (“Ekspress” qəzetinin redaktoru)
Sevinc Mürvətqızı (“525-ci qəzet”in müxbiri)
Sücəddin Şərifov (“Azadlıq” qəzetinin redaktoru)
Zülfiyyə Quliyeva (“Mərkəz” qəzetinin müxbiri)
İlkin Ağayev (“Palitra” qəzetinin müxbiri)
Alı Rza (“Azadlıq” qəzetinin redaktoru)
Nadir Azəri (“Yeni Azərbaycan” qəzetinin müxbiri)
Pərvanə Sultanova (“525-ci qəzet”in müxbiri)
Mükafatları qaliblərə millət vəkilləri Azay Quliyev, Fazil Mustafa və Məlahət İbrahimqızı, KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay, Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həbib Kaya və Şura üzvləri Sahib Məmmədov, Gülnarə Hüseynova və Dilarə Vəliyeva təqdim etdilər.
qhtxeber.az