Ölkənizin bu qədər gözəl olduğunu bilmirdim
Keçən həftə iki qonağımız var idi: biri Avstraliyadan, digəri isə Türkiyədən gəlmişdi. Əvvəlcə Bakı ilə tanış olduq, sonra isə Xaçmaza və Qubaya səfər etdik, onları Qubada ötən əsrin əvvəllərində ermənilərin soyqırımına məruz qalmış azərbaycanlıların toplu məzarına apardım. Yəni qonaqlarıma Azərbaycanın mətbəxini, mədəniyyətini, tarixini, gözəl təbiətini göstərməyə çalışdıq. Geri dönərkən onların hər ikisi hava limanında mənə eyni şeyi söylədilər: “Süleyman bəy, həqiqətən də biz Azərbaycanın bu qədər də gözəl olduğunu ağlımıza da gətirməmişdik. Bu ölkə çoxlarının düşündüyündən çox-çox zəngindir, gözəldir”.
Qonaqları yola salandan sonra bir xeyli düşündüm. Düşündüm ki, Avstraliyadan gələn qonağın Azərbaycanı tanımamasını təbii qarşılamaq mümkündür. Amma Türkiyədən gələn qardaşımızın Azərbaycanı tanımaması, bu yurdun gözəlliklərindən xəbərdar olmaması heç də sevindirici hal deyil. Dünya bir tərəfə qalsın, Azərbaycanı heç Türkiyədə layiq olduğu qədər tanıda bilməmişik.
Hələ Avstraliyada olarkən bir italiyalının Azərbaycan təəssüratlarını eşitmişdim. Turist kimi Azərbaycana gəlmiş həmin italiyalı söhbət zamanı “Azərbaycanın tarixini, təbii gözəlliklərini, xalqının milli dəyərlərinə bağlı olduğunu, xeyirxahlığını, səmimiyyətini görən hər kəs Azərbaycana gözəl duyğular bəsləyəcəyinə və hara gedirsə-getsin, bu ölkə və onun insanları haqqında xoş sözlər söyləyəcəyinə inanıram”, - demişdi. Ona görə də ötən həftə Azərbaycanı ziyarət edən iki qonağımızın bu vətəni və bu xalqı sevərək buradan ayrılmalarından çox məmnun oldum. Ola bilsin ki, insan hansısa ölkəyə turist kimi bircə dəfə gəlib və əgər gəldiyi o ölkəni sevirsə, hər dəfə adı çəkilərkən onun haqqında xoş sözlər söyləyir. Ölkə daimi olaraq onun yaddaşında ən xoş təəssüratlarla qalır. Həmin turist getdiyi hər yerdə Azərbaycan adı çəkilən kimi burada gördüyü gözəlliklərdən bəhs edir, çəkdiyi fotoları göstərir və özü də bilmədən bu yurdun təbliğatçısına çevrilir, cəmiyyətdə Azərbaycan haqqında müsbət rəy formalaşdırır. Elə buna görədir ki, inkişaf etmiş bütün ölkələr xarici turistlərin rəğbətini qazanmaq, onların yaddaşında xoş təəssürat buraxa bilmək üçün hava limanlarının təmizliyinə, gözəlliyinə xüsusi diqqət yetirərlər. Hava limanlarında çalışan işçilər xüsusi diqqətlə seçilir, onların ölkəyə gəlib-gedən sərnişinlərə qarşı münasibəti ciddi nəzarətdə saxlanılır. Çünki hava limanı bir ölkənin, bəzən də bir şəhərin aynasıdır. Turistin ölkə haqqında təəssüratları hava limanından başlayar, sonra isə gəzdiyi şəhərlərlə, kəndlərlə davam edər. Gəzdikcə tanıyar, ya sevər, ya da xoşuna gəlməz, onda müəyyən qənaət formalaşar.
Elə buna görədir ki, ötən həftə əvvəlcə Bakıda, sonra isə gəzdikləri rayonlarda hər yeri olduğu kimi görən və sonra da bu ölkədən xoş duyğularla ayrılan qonaqlarımızı xatırlayanda bu yurd üçün az da olsa, bir iş görə bilməyimin qürurunu yaşayıram.
Ötən həftə qonaqlarımızı yola salandan sonra bəzi redaksiya əməkdaşları ilə birlikdə ikinci səfərimizi gerçəkləşdirdik. Şənbə günü Qəbələyə getdik. İşin yorğunluğundan uzaqlaşıb birgünlük də olsa, dincəlmək fürsəti qazandıq. Yol boyunca bəzi yerlərdə yolların yenidən bərpasının şahidi olduq və inanırıq ki, yaxın zamanda bu işlər tamamlanandan sonra gediş-gəliş daha rahat, daha zövqlü olacaq. Yol boyunca bir də onu müşahidə elədim ki, rahat yollarda sürət həddinin artırılmasına ehtiyac var. Əlbəttə, avtomobil qəzalarının ən çox yüksək sürətdən qaynaqlandığını bilirik, amma bu da bir gerçəkdir ki, dümdüz, hər hansı maneəsi olmayan yollarda sürət həddinin çox məhdudlaşdırılması da sürücülərin ürəyincə deyil. Yol boyu biz yanımızdan sürətlə ötüb keçən avtomobillərin çoxluğundan bu dediklərimin əsassız olmadığına bir daha inandım.
Səfər zamanı keçdiyimiz rayonlardan ayrı-ayrılıqda bəhs etmək istərdim, amma bu yazıda Qəbələdən danışmağı üstün tutdum. Qəbələnin təbiəti o qədər gözəldir ki, bunu sözlə ifadə etmək mümkün deyil və əslində bu gözəl məkanın reklama ehtiyacı da yoxdur. Qəbələ şəhərinin kənarında meşəliklərdə çox sayda Bakı nömrəli avtomobillərə rast gəldik. Bu da onu göstərir ki, Bakıda işin yorğunluğundan, yayın istisindən qaçanların əksəriyyəti üzünü buraya tutur. Əslən Qəbələdən olan iş yoldaşımız Vüsal bəy Qəbələ səfərində bizə bələdçi oldu. Mən orada Çömçəli bulaqda gördüyüm gözəllikdən çox təsirləndim və bu qənaətdəyəm ki, hər kəs o gözəlliyi görsə, yaxşıdır. Meşə, sərin dərələr, buz kimi bulaqlar insana o qədər zövq verir ki, yol yorğunluğu bir andaca canından çıxır. Yeddi gözəl Şəlaləsinin yanında oturub su səsinin verdiyi rahatlıq altında istirahət etmək insana bir özgə duyğu bəxş edir.
Azərbaycanın hər bölgəsinin özünəməxsus gözəllikləri var. Meşəsi olmayan rayonların da başqa bir cazibəsi diqqəti çəkir. Məsələn, Kürdəmirdə bostandan yenicə dərilmiş yemişi doğrayıb yeməyin zövqünü də kimsə inkar eləməz.
Azərbaycanı gəzib tanıdıqca bu yurdun maddi və mənəvi zənginlikləri ilə tanış olursan və bu gözəllikləri dünyaya tanıtmağı özünə borc bilirsən.