Gürcüstan-Azərbaycan-Türkiyə konfederasiyası bölgəni
öz oxu ətrafında fırlada bilərmi? Ekspertlər Gürcüstan-Azərbaycan-Türkiyə
konfederasiyası yaranacağı təqdirdə, Qafqazın Avropa üçün enerji məsələsində
şah damar rolunu oynayacağını proqnozlaşdırırlar.
Bu ayın ortalarında Batumda Azərbaycan və Gürcüstan
prezidentləri İlham Əliyev və Mixail Saakaşvili arasında keçirilən görüşdə
maraqlı bir fikir ortaya çıxdı. Saakaşvili danışarkən orjinal bir layihə ilə
çıxış etdi. O bəyan etdi ki, Gürcüstan-Azərbaycan konfederasiyası yaratmaq
lazımdır. Gürcü prezizenti bu fikirlərini iki ölkə arasındakı yüksək
münasibətlərlə əsaslandıraraq, vurğulayıb ki, «biz mütləq konfederartiv
münasibətlər qurmalyıq, çünki bu iki ölkə arasında adi münasibətlərdən daha
üstündür». Bu fikirlər Gürcüstan və Azərbaycanda, o cümlədən Rusiya və
Ermənistanda hazırda geniş müzakirə mövzusuna çevrilib.
İdeya Ağ Evdən gəlib?
Qeyd edək ki, Qafqazda yeni bir konfederasiyanın
yaranması məsələsi hələ xeyli əvvəldən gündəmə gəlmişdi. Hətta bununla bağlı
belə bir fikir də vardı ki, ideyanın müəllifi Amerikadır. Qərb politoloqları
bəyan edirdilər ki, Ağ Ev Qafqazda nəzarəti tam ələ almaq və təhlükəsiz enerji
koridoru yaratmaq, habelə bölgənin münaqişələrini həll etmək üçün belə bir
variant ətrafında uzunmüddət düşünüb.
Bəzi məlumatlara görə isə itlk təkliflərdə Gürcüstanla
Ermənistanın adı çəkili, Azərbaycan isə bir müddət sonra prosesə qoşulacaqmış.
Lakin sonradan qərar dəyişib və tərəflərin hər üçünün bir konfederasiyada
birləşməsi üzərində baş sındırmağa başlayıblar.
Hərçənd məsələ deyilənə əsasən uzunmüddət müzakirə
predmeti olmasa da, reallaşdırılmayıb. Bunun üçün xeyli səbəblər gətirən
analitiklər hesab edirlər ki, faktiki dönəmdə ideyanın özü yarımçıqdı. Onların
fikrincə, ABŞ bu layihəni həyata keçirmək üçün ilk növbədə bölgədəki
münaqişələri həll etməlidir. Hələliklə Ağ Ev bu istəyinə nail ola bilməyib və
yaxın gələcəkdə belə bir naliyyətə malik olacağı da inandırıcı görünmür.
«Saakaşvili özünü xilas etməyə çalışır»
Şübhəsiz, Qafqazda hər hansı bir addım atılan zaman
ilk növbədə Rusiya mövqeyini ortaya qoyur. Elə buna görədir ki, Saakaşvilinin
açıqladığı fikirlərə ilk reaksiya da Moskvadan gəlib. Qafqaz məsələləri üzrə
mütəxəssis, ekspert Stanislav Tarasov deyir ki, burada birinci məsələ
iqtisadiyyatı əhatə edir. Onun sözlərinə görə, Qərbin dəstək verdiyi
Gürcüstanda «dollar yağışı» dövrü artıq başa çatıb. Yaxın gələcəkdə isə
Mozdok-Tiflis-İrəvan qaz magistralının satışa çıxarılması həyata keçiriləcək.
«Bundan başqa, digər obyektlərin də satışı nəzərdə tutulub. Səbəb birdir:
2013-cü ildə Gürcüstan BVF-dən aldığı pulların ilk hissəsini qaytarmalıdır. Ona
görə də, Saakaşvili MDB məkanından istənilən donor ölkəylə birləşməyə hazırdır.
Yuşşenko dövründə Gürcüstan Ukrayna ilə belə bir imkan qazanmağa yaxın idi.
Hətta Tiflis bununla bağlı maraqlı manevrlər də etmişdi. Artıq Kiyev həminki
deyil. Amma Belarusiya ilə eyni «kartı» oynamaq istəyi də var».
Tarasov deyir ki, ikinci məsələ Azərbaycana doğru
gərəkən addımların atılması ilə əlaqədardır. Onun sözlərinə görə, burada
geosiyasi maraqlar da öz sözünü deyir. Rus ekspert vurğulayır ki, Gürcüstan
Bakıdan təkcə kredit almaqla qazanc əldə etmir, həmçinin Acariyanın
iqtisadiyyatını tamamilə ələ keçirmiş Türkiyənin təzyiqlərini Azərbaycanın
əliylə azaltmaq imkanı qazana bilər. Digər tərəfdən, Tiflis
bu yolla özünün bir çox sosial-iqtisadi problemlərini də çözməyə nail olacaq.
«Bunun üçün Tiflisin ilk işi azərbaycanlıların yaşadığı Borçalı mahalının
problemlərini həll etməlidir. Onlara hansısa səviyyədə status verməlidir.
Sadəcə, burada problem ondan ibarətdir ki, analoji statusu Cavaxetiyada
ermənilər də istəyə bilər. Bu isə yetərli qədər təhlükəlidir. Ancaq Saakaşvili
bütün bunlara rəğmən Azərbaycanı inandırmağa çalışacaq ki, daxildəki
milli-etnik narazılıqlar baş qaldırmadığı üçün Borçalıya əlavə status verə
bilmir».
Rusiyalı analitikin fikrincə, Gürcüstanda yaxşı
bilirlər ki, gec-tez MDB məkanında bir sıra etnik problemlər yenidən baş
qaldıracaq və həmin sırada Tiflisin də «payı»na az şey düşməyəcək. «Tiflis bu vəziyyət yaranacağı təqdirdə vəziyyətdən çıxmaq
üçün tək çıxış yolunu konfederasiyada görür. Gürcüstanda hesab edirlər ki, əgər
belə bir ideya reallaşarsa, o zaman ümummilli parlament formalaşdıraraq, oraya
bütün millətlərin nümayəndələrini salmaqla ıproblemi çözmək olar».
«Layihə reallaşarsa, bölgə Avropanın şah damarı
olacaq»
Gürcü politoloqları isə düşünürlər ki, Saakaşvilinin
fikirləri bir qədər qarışıq və metoforikdir. Tanınmış ekspert Ramaz Sakvarelidze
deyir ki, Azərbaycanın bu ideya ilə razılaşması mümkündür. «Azərbaycan faktiki
olaraq bölgənin iqtisadi cəhətdən ən yüksək səviyyədə inkişaf etmiş ölkəsidir.
Neftin pulları ilə Bakı özünün bütün iqtisadi və sosial problemlərini həll
edib. Hətta imkan düşdükcə Gürcüstana da yardımlar etməkdən qalmır».
Sakvarelidze hesab edir ki, əgər tərəflər bu məsələni
reallaşdırarsa, o zaman bölgədə «geosiyasi ox» yaranacaq. Onun sözlərinə görə,
bunun vasitəsi ilə tərəflər Avropanın vahid enerji təhlükəsiliyi sistemini
formalaşdıracaqlar. «Təbii ki, bu bölgənin bufer zonası olmaq deməklə yanaşı,
həm də Şərqdən Qərbə enerji resurslarının daşınmasını təşkil edəcək şah damar
funksiyasını oynamalarına imkan verəcək».
Gürcü analitik vurğulayır ki, hər hansı bir şəkildə assossasiyanın
yaranması bir tərəfin başqa birinin problemlərini üzərinə götürməsi anlamına
gəlir. Onun sözlərinə görə, hazırda ideya reallaşmadığından bu barədə danışmaq
tezdir. O hesab edir ki, məsələnin detalları barədə müzakirələr yalnız proses
başladıqda danışmaq mümkündür.
Saakaşvili separatçıları da buraya daxil edəcək?
Gürcüstanda bununla bağlı başqa fərqli fikirlər də
var. Məsələn, Tiflis müxalifəti hesab edir ki,
Saakaşvilinin bu hərəkəti özünüqorumağa hesablanıb. Onların rəyinə görə,
2013-cü ildə prezidentlik müddəti başa çatacaq Saakaşvili bundan sonrakı
müddətdə baş nazir olmaq fikrindədir. Müxalifət düşərgəsi hesab edir ki, həmin
müddətə qədər sözügedən dövlət başçısı ölkənin Konstitusiyanı dəyişərək,
Gürcüstanı prezident-parlament deyil, parlament-hökumət dövlətinə çevirəcək.
Münaqişəli Vəziyyətlərin Öyrənilməsi İnstitutunun baş
direktoru Tengiz Beqişvili isə hesab edir ki, burada başqa bir ssennari daha
ola bilər. «Azərbaycan və Gürcüstan konfederasiya yaradır, ardından dost
şəraitində hərəkət edirlər, sonra isə vahid orqanizmə çevrilirlər. Burada
Gürcüstan dövlətinin yox olmasından söhbət gedə bilməz. Əksinə, Gürcüstan
dövlətinin qalıqları Azərbaycan sayəsində həyatda qala bilər».
Beqişvilinin fikrincə, bu praktiki baxımdan Qafqaz
ölkələrinin problemlərinin də həllinə yadrımçı olacaq. Misal üçün o, Cənubi
Osetiya, Abxaziya və Qarabağ münaqişələrini göstərib. «Gələcəkdə Ermənistanı bu
konfederasiyaya salmaqla, münaqişələrin həllini reallaşdırmaq mümkündür. Bunun
ardından isə konfederasiyanı Avropa Birliyinin üzvü etmək məsələsi gündəmə
gələcək. Bunu reallaşdırmaq mümkün olacaq, ya olmayacaq bəlli deyil».
Ermənilər yuyulmamış qaşıq kimi ortaya atılırlar
Ermənilərin hər məsələdə özlərini ortaya atması adi
hal alıb. Elə bu məsələ ilə bağlı da yuyulmamış qaşıq kimi özlərini o dəqiqə
mərəyə salmağa çalışıblar. Məsələn, erməni siyasətçi Armen Martirosyan deyir
ki, Saakaşvilinin ideyası ciddi əhəmiyyət daşıyır. Onun fikrincə, belə bir
konfederasiyanın yaranması Cənubi Qafqazda maraqlı olan dövlətlərin işlərini
çətinə sala bilər və balansı pozmaq iqtidarındadır.
Ancaq Martirosyan yenə də Ermənistanı ortalığa
soxaraq, iddia edir ki, Qərb belə bir konfederasiyanı İrəvan da prosesə daxil
olduğu təqdirdə ciddi qəbul edir. Sanki ermənilər olmasa, bölgədə ittifaq
qurmaq mümkün deyil. «Ermənistanın bu konfederasiyaya daxil olması mütləq
şərtdir. Çünki Qərb başqa şəkildə bu birliyin ciddiliyini qəbul etməyəcək».
Erməni siyasətbaz daha sonra onu da deyib ki, belə
söhbətlər hazırda aktual deyil. «Bu barədə perspektivdə danışmaq olar. Həmin
birliyin Avropa Birliyinə daxil olması məsələsi isə bir qədər çətin məsələdir.
Çünki proses hələ başlamayıb və AB-nin buna münasibəti də aydın deyil».
«Bakı İrəvanı çətinliyə salan bütün addımları atacaq»
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Elxan
Şahinoğlu isə vurğulayır ki, Saakaşvilinin konfederasiya təklifi üzərində ciddi
düşünmək lazımdır. O qeyd edir ki, tarixdə bunun nümunəsi olan. Belə ki,
Gürcüstan, Azərbaycan və Ermənistan 1918-ci ildə Rusiyadan ayrılaraq,
müstəqilliklərini elan edən zaman Tiflisdə Cənubi Qafqaz Seymi yaratmışdılar.
«Gürcü, azərbaycanlı və ermənilərin yer aldığı həmin parlamentin ömrü qısa olsa
da, bu bölgədəki xalqların birgə yaşamasının mümkün ola biləcəyinin yaxşı bir
nümunəsidir».
Şahinoğlu deyir ki, Gürcüstanla Azərbaycanın
bir-birinə ciddi ehtiyacı var. Onun fikrincə, Rusiyanın təzyiqləri ilə üzləşən
Gürcüstan iqtisadiyyatının böyük bir qismi Azərbaycanın əlindədir. «Gürcüstan
həm Azərbaycanın neft və qazını münasib qiymətə alır, həm BTC, BTƏ
kəmərlərindən faydalanır, həm də qonşusundan müxtəlif kreditlər ala bilir.
Azərbaycan isə enerji ehtiyatlarını və ixracını Gürcüstan vasitəsi ilə dünya
bazarlarına çıxarır. Bununla yanaşı, Tiflis
üzərində ciddi təsir imkanları əldə etməklə, Ermənistanı təzyiqləri artırmağa
çalışır».
Ekspert bildirir ki, buna rəğmən Azərbaycan
hakimiyyəti Gürcüstanla konfederasiya danışıqlarına başlamaqla, Rusiya ilə
əlaqələrini çətin vəziyyətə sala bilər. «Çünki Gürcüstanla Azərbaycan arasında
konfederasiya iki ökənin təhlükəsizlik, müdafiə və xarici siyasət sahələrində
də birgə siyasət həyata keçirmələri deməkdir. Krem lisə Saakaşvilinin sözügedən
siyasətini qəbul etmir. Bundan başqa, Gürcüstan-Azərbaycan konfederasiyası Ermənistanın
siyasi və iqtisadi blokadasını gücləndirmək deməkdir ki, Moskva da Cənubi
Qafqazdakı yeganə strateji müttəfiqini tək buraxmaq istəməz».
«Bakı-Tiflis-Ankara ittifaqı daha realdır
Şahinoğlu deyir ki, Bakı Rusiyaya görə, NATO və Avropa
Birliyinə üzvlük məsələsini açıq şəkildə dilə gətirmir. Onun sözlərinə görə,
Moskva ilə müxtəlif neft-qaz və ticarət müqavilələri imzalayan Azərbaycan bunun
heç bir işə yaramadığını da görür. «Kremlin əvvəlki illərdə olduğu kimi, Dağlıq
Qarabağ münaqişəsinin həllində heç bir şeyi olmayan Ermənistanın maraqlarını
nəzərə alır. Bu yöndəki tarazlıqların dəyişməyəcəyini Azərbaycanın siyasi
dairələrin də artıq başa düşməyə başlayıblar. Buna görə də, Azərbaycan üçün
önəmli olan Rusiyanın hansı mövqe nümayiş etdirməsindən asılı olmayaraq,
işğalçı Ermənistanı çətinliyə salacaq bütün addımlara dəstək verməkdir».
Ekspert bildirir ki, Gürcüstanla konfederasiyaya
gedilməsi bu cəhdlərdən biridir. O, hesab edir ki, belə olan təqdirdə,
konfederasiyanın şərtlərinə uyğun olaraq, Azərbaycan Abxaziya və Cənubi
Osetiyanın, Gürcüstan isə Dağlıq Qarabağın işğalına qarşı eyni mövqe nümayiş
etdirməlidirlər.
Lakin Elxan Şahinoğlu maraqlı bir fikri də gündəmə
gətirir. O, deyir ki, Gürcüstanla Azərbaycan arasındakı mümkün konfederasiya
danışıqlarına Türkiyənin də qatılması real variantlardan biridir. «Fakt odur
ki, Türkiyə Bakı və Tiflislə strateji müttəfiqdir. Əslində, Saakaşvilinin
konfederasiya təklifi Ankaranın bir neçə il əvvəl irəli sürdüyü Qafqaz Sabitlik
və Əməkdaşlıq Platforması ideyasının bir başqa formuludur. Ankaranın təklifi o
vaxt ona görə dəstək qazanmadı ki, orada Rusiya və Ermənistan da yer almışdı.
Rusiya Gürcüstanın, Ermənistan isə Azərbaycanın torpaqlarını işğal etdiyindən
bu dövlətlərin bir yerdə olması mümkün deyildi. Bölgənin strateji müttəfiqləri
olan Türkiyə, Azərbaycan və Gürcüstanın birgə ittifaqda birləşməsinə isə mane
ola biləcək heç bir faktor yoxdur».
Fikrət
Fəraməzoğlu
Milli.Az