Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin lent.az-a müsahibəsi
Azay müəllim, Şuranın QHT-lər üçün elan etdiyi
növbəti maliyyə yardımı müsabiqəsinə sənədlərin qəbulu iyulun 23-də yekunlaşdı.
Yaranmış mənzərəni necə təsvir edərdiniz?
Bəli, ölkə
QHT-lərinin bizə layihə təqdim etməyə bir ay vaxtı vardı. Şuraya 210 layihə
təklifi daxil olub. Bunlar, elanda göstərildiyi kimi, 10 mövzunu əhatə edir.
Qeyd etməliyəm ki, müsabiqədən-müsabiqəyə QHT-lərin layihə yazmaq, layihə idarə
etmək, hesabat vermək kimi professional vərdişləri yüksələn xətt üzrə gedir. Bu
sevindirici haldır. Eləcə də, milli donor olaraq Şuraya təqdim edilən
layihələrin kəmiyyət göstəricisi artır. Əgər 2008-ci ildə Şuraya ölkə
QHT-lərindən cəmi 361, 2009-cu ildə isə 569 layihə daxil olmuşdusa, 2010-cu
ilin ilk yarısında bu rəqəm artıq 827-dir. Bu onu göstərir ki, hörmətli
Prezidentimiz cənab İlham Əliyevin QHT-lərin inkişafı ilə bağlı 3 il öncə
imzaladığı Konsepsiyada göstərilən müddəalar uğurla həyata keçirilir. Yəni ölkədə QHT
sektoru inkişaf edir, QHT-lərin maddi-texniki bazası güclənir, onların
fəaliyyət imkanları genişlənir, həyata keçirilən layihələrin sosial, ictimai
səmərəsi artır.
Azay müəllim, elandan da göründüyü kimi, bu maliyyə
yardımı müsabiqəsinin ümumi fondu cəmi 175000 manatdır. Bu pul 210 layihəni
maliyyələşdirməyə yetəcəkmi?
Əlbəttə,
daxil olmuş bütün layihələri maliyyələşdirmək üçün 175 000 manat yetərli
deyil və bu baxımdan müsabiqədə rəqabət çox böyük olacaq. Təsəvvür edin ki, QHT-lərin
bizdən istədiyi məbləğ 1,5 milyon manatdır. Burada hər layihəni maksimum büdcə
rəqəmilə hesablasaq, ən yaxşı halda 10 layihədən birinin maliyyələşmək imkanı
var. Belə vəziyyət ilkin, yəni texniki seleksiyanın daha sərt və güzəştsiz
aparılmasını da zəruri edir.
Bəs belə sıxlıqda seçimi necə aparacaqsınız?
Seçim Şuranın
müəyyən etdiyi qaydalar əsasında gedir. Şuraya təqdim olunan layihələr ilk
növbədə Şuranın katibliyi tərəfindən araşdırılır və ilkin seleksiya işləri
aparılır. Təqdim olunan sənədlərin müsabiqənin şərtlərinə uyğunluğu, yəni
ərizənin və ona əlavə olunan sənədlərin Şuranın təlimatlarına uyğunluğu,
ərizəyə əlavə olunması tələb edilən sənədlərin mövcudluğu, həmçinin büdcənin
müsabiqə mövzusu üzrə 1 layihə üçün müəyyən edilmiş maksimum məbləğdən çox olub-olmaması
kimi məsələlər araşdırılır və bütün bu tələblərə cavab verən layihələr növbəti
mərhələyə - ekspertizaya təqdim olunur. Onu da xüsusi olaraq qeyd etməliyəm ki,
qaydalara əsasən maliyyə ili ərzində hər QHT yalnız 1 dəfə Şuradan yardım ala
bilər. Başqa sözlə desək 2010-cu ildə keçirilən əvvəlki müsabiqələrdə Şuradan yardım alan QHT-lər bu müsabiqə çərçivəsində maliyyə
ala bilməzlər. Bu qaydanı tətbiq etməkdə əsas məqsəd daha çox QHT-nin dövlət
yardımından faydalanmasına kömək etməkdir.
Beləliklə,
göstərilən məsələlərlə bağlı çatışmazlığı olan layihələrin hər biri
ekspertizadan kənarlaşdırılır və müvafiq məktubla layihə müəllifinə qaytarılır.
Ekspertiza mərhələsində isə layihələr kodlaşdırılaraq ekspertlərə təqdim olunur
və hər bir layihə 2 ayrı-ayrı ekspert tərəfindən qiymətləndirilir. Ekspertlərin
tərkibinə dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri daxildir.
Müstəqil ekspertlərimiz də var. Ekspert qiymətləndirilməsindən sonra Şuranın
katibliyi hər bir layihə haqda arayış hazırlayaraq Şuraya təqdim edir. Şura
müzakirələr zamanı bütün bu sənədləri, ekspert rəylərini nəzərə alır və hər bir
layihə haqda müvafiq qərar qəbul edir.
Bəzi müsabiqələrdə QHT-lərin layihə üçün
istədikləri məbləğlərin azaldılması prosesləri də baş verir. Sizdə necə, bu
müsabiqədə belə hallar ola bilərmi?
Dediyim
kimi, rəqabət çox böyükdür. Əsaslandırılmış, ictimai aktuallıq kəsb edən
layihələri Şura heç vaxt diqqətdən kənarda qoymur. Hər bir müsabiqədə Şura
üzvlərinin əksəriyyətinin səsini toplayan layihələr baxılması üçün büdcə
komissiyasına təqdim olunur və büdcə komissiyası həmin layihələr üzrə nəzərdə
tutulan işləri araşdıraraq büdcəyə müvafiq dəyişikliklər edir. Hesab edirəm ki,
bu müsabiqədə də həm layihələrin çoxluğu, həm də vəsaitin azlığı layihələrin büdcəsində
nəzərdə tutulan məbləğlərin azalmasına ciddi təsir göstərəcək.
Layihə rəhbəri bununla razılaşmasa?
Şuranın
qərarına uyğun olaraq, Katiblik müsabiqə qalibi olan QHT-ləri Şuraya dəvət
edir, Şuranın qərarını və büdcə komissiyasının rəyini onların diqqətinə
çatdırır. Büdcə azalmasının səbəbləri QHT-lərə izah olunur. Əgər hər hansı bir
QHT bu büdcə ilə razılaşmasa, Şura həmin layihənin maliyyələşməsi ilə bağlı
qərarına yenidən baxır və bu qərarı ləğv edir.