Moskvada çıxan, təsisçisi və naşiri “Rodina” jurnalı
olan “Vestnik aktualnıx proqnozov. Rossiya: tretye tısyaçeletiye” jurnalının
23-cü nömrəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın kursu: sabitləşmədən
modernləşməyə doğru” adlı məqaləsi dərc edilib.
Məqalədə Azərbaycan dövlətinin təşəkkülü və inkişafı
faktoloji material əsasında yeni müstəqil dövlətlərin gündəliyində duran
başlıca məsələ - totalitarizmdən demokratiyaya, komanda iqtisadiyyatından azad
bazar münasibətlərinə, böyük bir imperiyanın tərkib hissəsindən milli dövlətə
keçidin zəruri olması məsələsi təhlil edilib. Azərbaycan bu yolda keçid
dövrünün mürəkkəb şəraitində siyasi, iqtisadi və sosial böhranları dəf etməli
olmuşdur. Vəziyyəti mürəkkəbləşdirən bir amil də ondan ibarət idi ki,
Azərbaycan özünün iradəsindən asılı olmayaraq qonşu Ermənistanla silahlı
münaqişəyə cəlb edilib.
Akademik R.Mehdiyev məqaləsində yazır: “Bu münaqişə
nəticəsində bir milyondan çox azərbaycanlı özlərinin daimi yaşayış yerlərindən
zorla qovulmuş və ya həmin yerləri tərk etməyə məcbur olmuşdur. Azərbaycan
yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hərtərəfli düşünülmüş və
uzaqgörən siyasəti sayəsində XXI əsrə siyasi və iqtisadi cəhətdən sabit dövlət
kimi qədəm qoya bilmişdir”.
Ölkəmiz Azərbaycanın fəaliyyət qabiliyyətini sınağa
çəkən iqtisadi böhrandan da şərəflə çıxıb. Müəllif yazır: “Enerji
daşıyıcılarının qiymətinin kəskin azalmasına baxmayaraq, Azərbaycan büdcə
kəsirini aşağı səviyyədə, dövlətin xarici borcunu tənzimlənən səviyyədə
saxlamaq, milli valyutanın sabitliyini və valyuta ehtiyatlarının qorunmasını
təmin etmək sahəsində özünün əsas vəzifələrini yerinə yetirmişdir. Dövlət
xərclərinə münasibətdə məqsədyönlü və mühafizəkar siyasət, böhrana qarşı
vaxtında görülmüş tədbirlər sayəsində ölkəmiz beynəlxalq maliyyə təsisatlarının
kreditlərini cəlb etmək zərurətindən xilas olmuş, bu isə milli iqtisadiyyatın
sabit və davamlı olmasını bir daha təsdiqləmişdir.
2009-cu ilin yekunları göstərir ki, keçən il
Azərbaycanda ÜDM 9,3 faiz artmışdır. Bundan əlavə, nəzərdə tutulan bütün
infrastruktur layihələri və sosial proqramlar həyata keçirilmişdir. Dünya
iqtisadiyyatının heç də ürəkaçan olmayan xarakteristikaları fonunda 9,3 faiz
rəqəminin özü əyani şəkildə göstərir ki, 2009-cu il Azərbaycan üçün çox uğurlu
olmuşdur. Hələ 2008-ci ildə ölkəmizin iqtisadiyyatı bütün Cənubi Qafqaz
iqtisadiyyatının 2/3 hissəsini təşkil edirdi”.
Beləliklə, Azərbaycan iqtisadiyyatında keçid dövrü
başa çatmışdır: ölkədə onun öz resurslarına əsaslanan liberal, müstəqil,
davamlı iqtisadiyyat qurulub.
Modernləşmənin iqtisadi bazisini formalaşdıran
Azərbaycan suveren dövlət kimi, artıq yeni tarixi və iqtisadi şəraitdə
iqtisadiyyatın inkişafı problemlərini həll edir, prinsipial baxımdan yeni olan,
iqtisadi sərbəstliyə, dünya təsərrüfat sisteminə inteqrasiya etməyə yönəlmiş
iqtisadiyyat qurur. Müəllif yazır: “Biz belə güman edirik ki, bu, ictimai
şüurun daha da demokratikləşməsinə gətirib çıxaracaq, vətəndaş cəmiyyətinin
bazisinin təşəkkülü mərhələsini başa çatdırmağa, “azad vətəndaş – güclü dövlət”
konseptinin şüurlu şəkildə başa düşülməsinə şərait yaradacaqdır”.
Milli inkişafda intellektual dirçəliş məsələsinə
toxunan akademikin fikrincə, Azərbaycan dövlətçiliyinin davamlı və sabit inkişafının
əsas amili kimi, təhsilin və elmin səviyyəsini, gənclərin intellektual
səviyyəsini daim artırmaq zəruridir. 2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı da bu mühüm vəzifənin
yerinə yetirilməsinə xidmət edir. Həmin proqram çərçivəsində Dövlət Neft
Fondunun vəsaitləri hesabına təqribən 5000 nəfərin xaricdə təhsil alması
nəzərdə tutulur.
R.Mehdiyev Azərbaycan-Rusiya münasibətlərinin
dinamizmini vurğulayaraq, ölkələrimiz arasında əməkdaşlığın tamamilə yeni
müstəviyə - Azərbaycan-Rusiya strateji əməkdaşlıq müstəvisinə keçdiyini qeyd
edir.
Məqalədə deyilir: “İkitərəfli münasibətlərin yeni
səviyyəsinin təsbit olunduğu əsas sənəd 2008-ci ilin iyul ayında Azərbaycan
Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən
imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və
strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir.
Akademik R.Mehdiyev Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi probleminə toxunaraq qeyd edir ki, ATƏT-in Minsk qrupunun
həmsədri kimi Rusiyanın vasitəçilik səyləri, Rusiya Prezidenti D.Medvedevin
danışıqlar prosesində şəxsən iştirak etməsi Azərbaycanda yüksək
qiymətləndirilir.
Məqalədə qeyd edilir ki, iki dövlət arasında hərbi və
hərbi-texniki əməkdaşlıq inkişaf edir, iqtisadi sahədə olduğu kimi, qarşılıqlı
faydalı əməkdaşlıq da Azərbaycan-Rusiya münasibətlərinin mühüm tərkib
hissələrindən biridir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətlərinin
bütün spektrini, o cümlədən humanitar əlaqələri də təsbit edən tərəfdaşlıq
“getdikcə zənginləşən, daha yeni çalarlar kəsb edən ənənəvi dostluq və
əməkdaşlıq münasibətlərinin varisliyini bir daha sübut edir. Təcrübə göstərir
ki, Azərbaycan və Rusiya liderlərinin görüşləri dövlətlərimizin əməkdaşlığının
inkişafına həmişə müsbət təsir göstərmiş, bu prosesləri sürətləndirmiş, onlara
yeni təkan və keyfiyyətcə yeni məzmun vermişdir. Bundan əlavə, həmin görüşlər
Cənubi Qafqazda ümumi siyasi atmosferə əlverişli təsir göstərir”.
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri
akademik R.Mehdiyevin fikrincə, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın
daha da dərinləşdirilməsi üzrə nəzərdə tutulan proqramların uğurla həyata
keçirilməsinin ən etibarlı qarantı isə Azərbaycan Prezidenti İlham Əliyev ilə
Rusiya Prezidenti Dmitri Medvedev arasında mövcud olan, qarşılıqlı etimada
əsaslanan xalis insani münasibətlərdir.
/AzərTAc/