“Çarli” və “ixrac olunan Demokratiya” qasırğası
Əziz oxucular, Siz dünyanın elektron kütləvi informasiya vasitələrindən bilirsiniz ki, il yarımdan çox müddət ərzində planetimizdə “Çarli”, “Frensis”, “İvan” və “Janna” (dağıdıcıların necə də zərif adları var – heç düşünsən, ağıla gəlməz) kimi qasırğalar tüğyan edib və indi də yoluna çıxan hər şeyi məhv etməkdədir. Yer üzündə əsas həyat mənbəyi olan Günəş də qəzəblənib. Tarixçilər və sinoptiklər deyirlər ki, bu cür dağıdıcı gücə malik olan və ən başlıcası, belə qısa müddət ərzində bu qədər qasırğa, sel və quraqlığın müşahidə olunduğunu xatırlamırlar. Digər tərəfdən, tanınmış şaman və falçıların sözlərinə görə, təbiət “kataklizmləri” (doğrudan da qəribə səslənir) təbiətin, səma qüvvələrinin Tanrının hökmü ilə ayrı-ayrı ölkələr və hətta qitələrə qarşı yönəldilmiş cəzalandırma aksiyalarıdır. Keçmişdə buna Yer planetinin sakinlərinə qəzəblənmiş “Tanrıların ziyafəti” də deyərdilər. Əfsanələrə görə, adətən kütləvi “edamlardan” sonra bu cür nümunəvi “ziyafətlər” iyirmi ildə bir dəfə keçirilir və bir qayda olaraq, günahın dərəcəsindən və cəza təşkilatçılarının əhval-ruhiyyəsindən asılı olaraq orta hesabla 1-3 günə qurtarırdı.
Bu cür insan-təbiət qarşıdurmalarında həmişəki kimi günahsız uşaqlar, yaşlı və xəstələr, bitki və heyvanat aləmi də əziyyət çəkib və çəkir. Bu, hər zaman insanlarda – belə deyək, Allahın qul-bəndələrində uzun müddət yığılıb qalmış və genetik olaraq nəsildən-nəslə ötürülmüş daxili etiraza səbəb olurdu. Hər kəs öz bildiyi kimi etiraz edir və adətən bununla da hər şey başa çatırdı.
Tarixdə elə hallar olub ki, ayrı-ayrı şəxsiyyətlər özlərini tanrı hesab edərək fikirləşiblər ki, onlar da təbiət qüvvələrindən heç də geri qalmayan qasırğalar törədə bilərlər. Belə düşünənlər sırasında Yuli Sezar, topal Teymur, Napoleon Bonapart, Adolf Hitler və hətta kiçik Corc Buş və b. da var. Lakin tarix qəti surətdə göstərir ki, onların qəzəbinə heç bir təbii, əsaslanmış səbəb yox idi və özlərini Yer allahı hesab edənlərin hərəkətləri real tarixi şəxslərin xəstə təxəyyüllərinin məhsulu, həmin insanların psixoloji vəziyyətində ciddi pozuntular kimi qiymətləndirilir. Lakin Yer planetinin vətəndaşları bu cür qasırğalarla tanışdır və artıq onlar da sakit, səbirli yanaşmağa başlayıblar və bu cür fəlakətlərə səbəb olanların əməllərini əsrlərlə eyni ahənglə davam edən köləlik payının əvəzi hesab edirlər. Onları qənaətləndirən ən əsas amil o idi ki, din adamlarının nəzərində hər şey Yaradanın əlindədir. O, nə və necə etməyi daha yaxşı bilir. Hər şey tale və ya alın yazısına əsaslanaraq əvvəlcədən müəyyənləşdirilib və s.
XXI əsrin əvvəllərində müxtəlif mənşəli bir neçə fırtına oldu: təbii və hərbi (məsələn, “Səhrada fırtına”, 34 ölkədən ibarət dünya güclüləri tərəfindən təşkil edilmiş İraqdakı “fırtına”). Xoşbəxtlikdən, bir həftəyə “Buş fırtınası” sakitləşdi və hamı düşündü ki, bu, uzunmüddətli olmayacaq. Bir çoxları hətta fikirləşirdilər ki, bu fırtınanın nəticələri heç vaxt insanları yenidən bu cür “qəhrəmanlıqlar” etməyə ruhlandırmayacaq. Lakin “Səhradakı fırtına”dan estafeti alan qəribə, lakin hamı üçün adi və doğma adı olan “Demokratiya” qasırğası İraqda çox ləngidi, xroniki xəstəlik xarakteri aldı.
İctimai fəlakətlər və anomal hadisələr sahəsinin mütəxəssisləri XXI əsrin başlanğıcında yaranmış “Demokratiya qasırğası”nın gücünü qiymətləndirməkdə çətinlik çəkirlər. Lakin məhz o öz gücünə və davamiyyətinə görə artıq “Ginnes rekordlar kitabında” xüsusi yerə iddia edən bir rekord müəyyənləşdirib. Çətin ki, kimsə nə vaxtsa bu rekordu artıra bilsin. Təəccüblü olsa da, bu gün “demokratiya” sözü artıq bir çoxlarında istehzalı gülüş doğurur – “yenə də başlandı”. Xalqın azad iradəsi, əksəriyyət üçün yeganə qəbul oluna bilən idarəetmə forması kimi, hamımıza doğma və lazımlı olan demokratiyanı həddən artıq ləkələyiblər, xalq dilində desək, biabır ediblər. Onun əvvəlki bakirəlik qismində ortaya çıxması artıq mümkünsüz olub.
Dedi-qoduçular danışırlar ki, bütün dünyada “Demokratiya qasırğası”nı yenə də dünyəvi qüvvələr idarə etmirlər: guya ki, hansısa kiçik tanrılar onlar üçün darıxdırıcı, yeknəsəq görünən “böyük Tanrıların ziyafətlərində” iştirak etməkdən bezib və Allahın yaratdığı qeyri-insani niyyətli Yer sakinlərindən istifadə edərək, öz imkanlarını “müstəqil” şəkildə sınaqdan keçirmək qərarına gəliblər.
Və budur, onlar artıq iyirmi ildən çoxdur ki, bayram edirlər, lakin bu ilahi-insani tədbirin, yəni tanrı-separatistlər və onların planlarının yerdəki icraçılarının ziyafətinin başa çatmasının aşkar əlamətləri hələ ki görünmür.
Bəzi müşahidəçilər bunu səma və Yer planetinin separatistlərinin, həyat və tükənməz mənəvi sərvət qənimi Bin Laden və onun ABŞ və Avropada siyasi hakimiyyət və hərbi-sənaye kompleksinin ən yüksək eşelonlarındakı dostları kimi qiyamçı terroristlərin əlaqəsi kimi qiymətləndirirlər. Digər, daha güclü Tanrılar, görünür, böyük səbir nümayiş etdirir və ya onların mələkləri “fırıldaqçı tanrı-separatistlərin” yeni “dəcəlliklərini” müşahidə edirlər. “Səmavi dəftərxana” göy və yer canilərinin sirli əlaqəsindən xəbərsizdir.
Tanrıların işinə qarışmaq təkcə böyük və bağışlanmaz günah deyil, həmçinin təhlükəli məşğuliyyətdir. Lakin hər halda, biz bir ağızdan (fərdi məsuliyyətdən yayınmaq üçün), bütün dünya ilə birlikdə bir dəfə söyləyə bilərik: “Ey Tanrılar, “Demokratiya qasırğası”nı dayandırın, aranızda insanları ələ salan separatistləri cəzalandırın. Axı, bizlər Sizin yaratdığınız, Müqəddəs kitabda yer üzündəki “xəlifələr” adlandırılan məxluqlarıq. Biz başa düşürük ki, bəzi “xəlifələr” şeytanla iş görür, lakin Siz Mərhəmətli və Rəhmlisiniz: xahiş edirik, günahsız uşaqlara, yaşlı və qadınlara yazığınız gəlsin. “Demokratiya qasırğası”nı dayandırın!”
Əminəm ki, Tanrıya ünvanlanmış bu müraciəti oxuduqdan sonra bir qədər rahatlayacağıq. Çünki bununla bizim hər birimiz əsil demokratiya və beynəlxalq hüququ müdafiə işində ciddi addım atarıq, təcavüzkar səma və yerli separatistlərin mövqelərinə güclü zərbə endirərik. Əziz oxucular, bu çağırış-duanı ucadan demək, öz dostuna ötürmək və beləcə zəncir xəttini davam etdirmək əsas şərtlərdəndir.
Biz hamımız dünyadakı “Demokratiya qasırğası”nı diqqətlə izləyirik. Hətta, bu qasırğanın əks-sədası, demək olar ki, demokratiyadan dərs ala biləcək cüzi sayda savadlı insanın belə qalmadığı Afrika cəngəlliklərində, Somali, Efiopiya və Əfqanıstanda da eşidilməkdədir. Onlar istənilən ictimai-siyasi quruluşa razıdırlar, təki demokratiya adından öldürməsinlər, qarət və təhqir etməsinlər. Bizim bir arzumuz var: qoy bu qarmaqarışıq dünyada niyyətimizi hamı bilsin. Bu bizim ilk birgə qitələrarası aksiyamızdır. Müxtəlif növ qasırğaların hərəkətini az da olsa, dayandırmağa müyəssər olsaq, özümüzü hər növ və adda kataklizmlərə – dünya miqyaslı dağıdıcı fəlakətlərə qarşı mübarizə aparan dəstənin bir hissəsi hesab edə bilərik.
Görürsünüzmü, “kataklizm” sözü ilk baxışda göründüyündən daha qorxuncdur və müəyyən olundu ki, onun müalicəvi tibbi praktika ilə heç bir əlaqəsi yoxdur. Bu qasırğaların əsas fərqli cəhətlərindən biri məhz özünəməxsus şəkildə başa düşülən təbii və qeyri-təbii kataklizmlərin xüsusiyyətindən ibarətdir.
Əsl Yaradan yardımçınız olsun!