Azərbaycan Media Mərkəzində “Müstəqil Həyat”
İnkişaf və Dəstək Mərkəzi tərəfindən həyata keçirilən “Hər bir uşaq-bir
istedad” adlı layihə çərçivəsində görülən işlərə, eyni zamanda İnklyüziya
anlayışı, Müyəssərlik və Əlilliyi olan uşaqların (insanların) problemlərinin
həlli yolları mövzusuna həsr olunmuş konfrans keçirilib.
Mərkəzin
rəhbəri Aydın Xəlilov layihə barədə məlumat verərkən ölkəmizdə xüsusi qayğıya
ehtiyacı olan uşaqların mövcud durumundan danışıb. O, rəsmi məlumatlara istinad
edərək Respublikamızdakı 2 milyon 34 min 400 uşaqdan 56 min 433-nün müxtəlif
dərəcəli əlil olduğunu diqqətə çatdırıb: “Səhiyyə nazirliyinin Uşaq
Ruhi-Nevroloji Dispanserinin 2009-cu il məlumatına görə 10 min 102 uşaq tibb
müəssisəsində qeydiyyatda durur. Bakı şəhəri Uşaq Nevroloji Xəstəxanasında isə
ötən ilin məlumatlarına görə xüsusi qayğıya ehtiyacı olan uşaqlardan uşaq
serebral iflici diaqnozu ilə 800-ə yaxın uşaq səhiyyə müəssisəsində müalicə
alır. Həmin uşaqlar müalicə müddətində dərsləri müvəqqəti dayandırmaq
məcburiyyətində olurlar. Bundan başqa ölkəmizdəki 5 min 869 uşaq fiziki
qüsurludur və onlardan 2 min 968 nəfəri çətin hərəkət qabiliyyətinə malik olan
insanlar qrupuna aiddirlər. Təcrübə göstərir ki, əlil uşaqların cəmiyyətdən
təcrid olunmalarının əsas səbəblərindən biri də onların əqli inkişafına təsir
edəcək təlimlərin düzgün aparılmamasıdır. Məhz bu səbəbdən hazırda fiziki
cəhətdən qüsurlu olan uşaqların 80 faizi evlərdə təhsil alırlar. Bu da onların
cəmiyyətdən tam təcrid olunmuş şəkildə yaşamaları ilə nəticələnir. Həmin
uşaqlar əlilliyi olmayan digər yaşıdları kimi təhsil ala, müxtəlif tədbirlərdə
iştirak edə bilmirlər. Digər uşaqlarla ünsiyyətin qurulmaması isə onları bütün
cəmiyyətdən ayırır. Bununla da xüsusi qabiliyyətə ehtiyacı olan uşaqlar təhsil
sisteminin bütün proqramlarından geri qalırlar. Onların intellektual səviyyəsi
həmyaşıdlarından ciddi şəkildə fərqlənir”.
Aydın
Xəlilov “Hər bir uşaq-bir istedad” layihəsi çərçivəsində əlil uşaqların
qarşılaşdığı problemlərin, xüsusən də onların təhsil sahəsində üzləşdiyi
çətinliklərin aradan qaldırılmasına yönəlik tədbirlər həyata keçirildiyini
söyləyib: “Artıq 5 ildir ki, YUNESKO-nun dəstəyi ilə təhsil nazirliyi
tərəfindən həyata keçirilən “İnklüziv təhsil” layihəsi gücünə fiziki və əqli
problemli uşaqlar sağlam uşaqlarla orta təhsil almaq üçün məktəbə gedə
bilirlər. Lakin təhsilə cəlb olunan əlil uşaqlar asanlaşdırılmış proqram
əsasında təhsil alırlar. Tətildə isə 4 ay müddətində oxumur, təhsildən uzaq
düşürlər. Onlara tətil günlərində məşğul olmaları üçün heç bir tapşırıq
verilmir. Bu zaman il boyu öyrədilən proqramlar əlil uşaqlar tərəfindən
unudulur. Nəticədə isə növbəti pedaqoji-tibbi komissiya həmin uşaqların
intellektual ləngiməsi barədə rəy verməli olur. Bizim Mərkəz bu kimi
problemlərin həllinə dəstək məqsədilə “İnklyuziv təhsil uğrunda hərəkata
qoşul!” aksiyasına start verib. 3 ay nəzərdə tutulmuş aksiya zamanı əlil uşaqların
yay tətilində səmərəli istirahət keçirməsinə çalışılır. Yəni əlil uşaqlara
müvafiq dərs tapşırıqları verilir, onların istirahəti də paralel olaraq təmin
edilir. Bundan başqa əhaliyə İnklyuziv təhsil barədə geniş məlumat veririk.
Adıçəkilən təhsil prosesində mərkəzi fiqur kimi tədris proqramının deyil,
xüsusi qayğıya ehtiyacı olan uşağın əsas götürüldüyünü anlatmağa çalışırıq. Hər
kəs bilməlidir ki, əlilliyi olan uşaqların əsas ehtiyacları bütün uşaqların
ehtiyacları ilə eynidir. Onlara qida, ev, sevgi və diqqətlə yanaşı, müdafiə və
təhsil də lazımdır”.
Tədbirdə
xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərindən Esmiralda Rəhimova və
başqaları da çıxış edərək, İnklyuziv təhsilin əhəmiyyətindən danışıblar.
Rufik İsmayilov 525-ci qəzet
|