Almaniyada “Qarabağ” sədası (Məqalə Almaniya mətbuatı üçün nəzərdə tutulub)
Tarixi araşdırmalara nəzər salsaq, görərik ki, hələ XV əsrdən başlayaraq alman alim və səyyahlarının Azərbaycana səfərləri olmuşdur. Əgər Şitilberger, Tektander Şərqə səfərləri çərçivəsində Azərbaycan torpağlarından keçmişlərsə, A.Oliarius və E.Kempfer səyahətləri zamanı araşdırmalar aparmış və Şərq-Qərb kontekstində Almaniyaya geriyə döndükdə öz xatirələrini yazmışlar.
Heç təsadüfi deyil ki, məhz 1819-cu ildə əsasən Baden-Vürttenberq torpağından Azərbaycana yaşamaq üçün gəlmiş beş min alman ailəsi Gəncə quberniyası ətrafında Helenendorf və Annenfeld qəsəbələrini salaraq, öz yaşayış evlərini, məktəb, fabrik və kilsələrini tikərək azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşamışlar.
2009-cu ilin avqust ayında Bakıda Azərbaycan-Almaniya komandasının Dünya Çempionatı seçmə oyunundan ertəsi gün o dövr Baden-Vürttenberq torpağının baş naziri işləyən Günter Ettinger də daxil olmaqla, böyük bir nümayəndə heyyəti ilə bərabər almanların tarixən Azərbaycanda məskunlaşdıqları Helenendorf qəsəbəsinin 190 illiyi münasibəti ilə təntənəli bayram şənlikləri keçirmək üçün Azərbaycanın qərbində yerləşən Göygöl rayon mərkəzində yığışmışdıq. Hökümət nümayəndələri, səfirlərlə yanaşı, alimlər və ictimai xadimlər də bu mərasimdə xoş xatirələrlə tarixi yad etmişlər. Helenendorfda yaşayan almanlar təkcə tarixi, mədəniyyəti ilə deyil, həmçinin idmanı ilə də seçilmişdir. Helenendorfdakı futbol komandasının üzvü olmuş P.Reyx sonradan Azərbaycanda bir alman futbolçusu kimi məşhur olmuşdur.
Siemens qardaşlarının keçən əsrdə Bakıda neft bumu öncəsi Gədəbəydə mis mədənlərini aşkar etmiş, orada infrastruktur yaradaraq ilk dəmir yolu xəttini çəkmişlər. Bakıda neft bumu ərəfəsində Almaniyanın müxtəlif sənaye şirkətləri burada öz kantoralarını açaraq çalışmışlar. Şoller tərəfindən aşkarlanmış su mənbəyi Azərbaycanın şimalından təxminən 200km məsafəni qət edərək almaniyalı mühəndis V.Lindleyin səyi nəticəsində Bakıya içməli su xətti 1915-16-cı illərdə çəkilmişdir.
İlk Demokratik Azərbaycan Cümhuriyyəti dövründə Azərbaycanın tanınmış neft milyonçularının Alamniyaya səfərləri ilə yanaşı, Helenendorf və Annenfelddən Gümmel və Forer qardaşlarının şərab məhsulları Almaniyaya, eləcə də Avropa ölkələrinə ixrac edilmişdir. Elə o dövrdə Azərbaycan hökümətinin, sonralar isə Helenendorf almanlarının dəstəyi ilə əlli azərbaycanlı tələbə o dövrdə Almaniyanın müxtəlif universitetlərində təhsil almaq üçün oraya göndərilmişlər.
Müasir dövrümüzdə Almaniya-Azərbaycan əlaqələri müxtəlif sahələrdə inkişaf etməkdədir. Istər elm sahəsində Mainz universiteti ilə Bakı Slavyan Universiteti, istərsə də partnyor şəhərlər dostluğunda Lüdviqshafen-Sumqayıt, Bakı-Mainz, istər Bakıda dağüstü parkda salınan Alman-Azərbaycan dostluğ bağı, Bakı Slavyan Universitetində yaranmış Humbolt adına tədris və mədəniyyət mərkəzi, İçəri Şəhərdəki Altştadt Qonaq Evi, Bakıdakı Pauls alman restoranı, Berlin etnoqrafiya Muzeyində saxlanılan sədəfli Azərbaycan musiqi alətləri, geyim,kilim və xalçaları, Almaniya universitetlərində təhsil alan çoxsaylı Azərbaycanlı tələbələr, Azərbaycan Milli Kitabxanasında saxlanılan minlərlə qədim alman kitabları, Drezden şəhər kitabxanasında saxlanılan qədim “Dədə Qorqud” eposu və s. müasir dövrdə dostluğumuzu əks etdirən əlamətlərin bir qismidir. 2008-ci ildə Almaniyada Azərbaycan mədəniyyət ili, 2009-cu ildə isə Azərbaycanda Almaniya mədəniyyət həftələri və günləri keçirilmişdir ki, bu da bir daha iki ölkə arasında dostluq əlaqələrinin inkişafından xəbər verir. Əlbəttə bütün bunları sadalamaqla keçən zamanlarda Azərbaycan-Almaniya əlaqələrində tarixə bir baxış olaraq alman oxucularına, futbol həvəskarlarına qısa bir anlayış vermək niyyətində idim.
2008-ci ildə azərbaycan milli komandasının sükanı arxasına gələn alman futbol məşqçisi Berti Vogts bugünə kimi uğurlu nəticə əldə etməsə də, almaniyalı futbol sevərlər Azərbaycan haqda məlumat əldə edərək ölkəni təkcə neftinə görə yox, həm də tarixi və mədəni irsinə görə tanımağa başladılar. Bundan sonra iki dəfə həm DC-2010, həm də AC-2012-ci ilin kvalifikasiya turnirində Almaniya yığması ilə bir qrupda yer almağımız isə möcüzə və sirr olaraq qalmaqdadır. Əlbəttə, bu çox xoş və sevindirici bir haldır. Onsuz da Bakıda müxtəlif yaş qrupuna aid yığmalarla çalışan alman müttəxəssisləri əsasən təlim-məşq toplanışlarını Almaniyada keçirir. Gənc futbolçular isə Almaniya Bundesliqasında çıxış edən aparıcı klublarda qısa müddətli məşq prosseslərinə də qoşulurlar.
Tarixə nəzər salsaq görərik ki, əgər zamanında Azərbaycan futbolçuları SSRİ dövründə yığmada, komanda tərkibində Avropa Çempionatının finalında (1972) Frants Bekerbauerə (Almaniyanın əfsanəvi futbolçusu olan F.Bekerbauerlə olan xatirə şəkilləri onların dostluğundan xəbər verir və ara-sıra mətbuatda da göstərilir) qarşı çıxış edən bakılı Anatoli Banışevski ilə tanınırdısa, klub səviyyəsində isə “Neftçi” futbol klubunun əsasən “Münhen 1860” klubu ilə 60-cı illərin ortalarında keçirdiyi yoldaşlıq görüşləri, sonralar Dinamo-Moskva futbol klubu heyyətində V.Şefferin rəhbərlik etdiyi “Karlsruye” futbol klubuna qarşı 1990-cı ilin əvvəllərində forma geymiş ilk Rusiya çempionatının bombardiri kimi tarixə düşmüş Vəli Qasımov indi Berti Vogtsa yığma komandasında kömək edən məşqçilərdən biridir.
1993-cü ildə UEFA kuboku turnirində Rusiyanın “Alaniya” komandası ilə “Borrusiya – Dortmund” klubuna qarşı forma geyinən hücümçu azərbaycanlı Nazim Süleymanov Vestfalen stadionunda “Alaniya”nın heyyətində çıxış edən və qolsuz heç-heçə ilə meydanı tərk edən rəsmi oyunda ilk azərbaycanlı idi.
Onu da qeyd edim ki, çox sevindirici haldır ki, Azərbaycana məşqçi kimi işləməyə gəlmiş “Bakı” klubunun baş məşqçisi Vinfrid Şeffer ilk çempionat oyununun baş məşqçisi Nazim Süleymanov olan “Azal” komandasına qarşı oynamışdır. Gördüyünüz kimi indiyə qədər qismən də olsa, futbolda kəsişmələr olmuşdur.
Əlbəttə Bakıda üç dəfə səfərdə olmuş dostumuz məşhur futbol məşqçisi Bernd Ştangenin dəstəyi ilə əfsanəvi Ə.Məmmədovun rəhbərliyi ilə Azərbaycan veteran futbol komandasının üzvləri “Nürnberq 1968-ci il”, “Karl Zeys Jena” və Essen şəhər futbol veteranları ilə 1997-ci ildə dostluq görüşləri keçirmiş və Almaniyada Azərbaycan rəssam və musiqiçilərinin iştirakı ilə mədəniyyət proqramı ilə təmsil olunmuşdur.
Məhz həmin dövrdə indiki “Qarabağ” klubunun istedadlı baş məşqçisi Qurban Qurbanovun Almaniya klublarına transferi gündəmdə olmasına rəğmən, sonda klubun və yığmanın uğursuz çıxışı ucbatından Q.Qurbanov Almaniyada yox, Rusiya çempionatında top qovmuşdur. Sevindirici haldır ki, bu əlaqələr qarşılıqlı inkişaf edərək keçən il AFFA-nın dəvəti ilə Bakıda Almaniyanın veteran futbolçuları ilə Azərbaycan veteran futbolçuları arasında dostluq görüşləri keçirilmiş və bu oyunda dünya çempionu V.Kaltz, Avropa çempionu D.Ayalts kimi tanınmış futbolçular iştirak etmişlər. Əlbəttə hakimlərin məktəbi ilə seçilən Azərbaycan futbolunun yetişdirmələri E.Əzimzadə, R.Rəhimov, A.Xudiyev Almaniyada müxtəlif zamanlarda beynəlxalq oyunları idarə etmişdirlərsə, son dövrlərdə alman futbol hakimləri hətta Azərbaycan cempionatında fit çalmışlar.
Almaniyalı futbol sevərlərin nəzərinə çatdırım ki, Dortmundun “Borrusiya” futbol klubunda çıxış edən Türkiyə millisinin üzvü Nuri Şahini azərbaycanlı futbol həvəskarları tanıyır və onu həvəslə izləyirlərsə, Almaniya yığma komandasının üzvü Mesut Özelin 2010 DC-dakı uğuruna sevinirlər. Tarixə nəzər salsaq Bakıda 1996-cı ildə İsveçrə yığması ilə rəsmi seçmə oyuna gəlmiş və uğursuz nəticə ilə geriyə dönmüş “Borrusiya” Dortmund futbol klubunun tanınan futbolçusu Şapiuza ilə tanış olaraq “Borrusiya” klubunun o dövrki uğurlarından söhbət açmışdıq.
2009-cu ilin sentyabr ayında Hannoverdə görüşən yığma komandalarımızın seçmə oyunu öncəsi, Hannover yaxınlığında Payne şəhərində iki dost şair Mirzə Şəfi Vazeh və Fridrix von Bodenştedtin Azərbaycan höküməti, Payne şəhər meri və Alman-Azərbaycan Cəmiyyəti adından dostluğunu əks etdirən bürüncdən hazırlanmış xatirə lövhəsinin açılışı rəsmi şəkildə keçirilmişdir. Açılş günü azərbaycanlı rəssam A.Axundzadənin sərgisi və Payne şəhər orkestrinin konserti ilə yanaşı, Payne şəhər TS.V.”Bildung-1863” komandası ilə Azərbaycan veteran futbolçularının dostluq matçı da keçirilmişdir.
Növbəti gün rəsmi oyunda Hannover stadionunda dalğalanan Azərbaycan və Almaniya bayraqları yarış zamanı dostluq rəmzini əks etdirirdi. Azərbaycanlıların da yer aldıqları stadionda səslənən iki ölkə himni bizlərə sevinc bəxş edirdi.
Indi isə yeni mərhələ, yeni qismət ilk dəfə klub səviyyəsində Almaniyada Vestfalen stadionunda, eləcə də Bakıda tanınmış futbol hakimi Tofiq Bəhramovun adını daşıyan mərkəzi respublika stadionunda çox izdihamlı və maraqlı “Borrusiya-Qarabağ” oyununun keçirilməsini səbirsizliklə gözləyirik.
Nəzərə alaq ki, “Qarabağ” klubu məhz Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonunu təmsil etdiyindən bütün dünya azərbaycanlılarının, türk dünyasının gözü bu oyunda olacaqdır.
Sentyabrın 7-də türklərin və azərbaycanlıların daha çox yaşadığı Köln şəhər stadionunda Almaniya və Azərbaycan milli komandalarının seçmə oyun öncəsi bütün diqqət Dortmund şəhərinə yönələcəkdir.
Dortmund şəhəri futbol görüşü ilə yanaşı, digər idman növləri ilə də məşhur olan bir şəhərdir. Belə ki, Dortmundda Şparkasse Bankının dəstəyi ilə bu yaxınlarda keçirilən beynəlxalq turnirdə Azərbaycanlı şahmat ustası Şəhriyar Məmmədyarov uğurla çıxışı yadda qalmışdır. Dortmundda 2011-ci ilin mart-aprelində azərbaycanın ənənəvi idman növü olan güləş üzrə Avropa çempionatı zamanı Azərbaycan ab-havasının yaşamını isə tezliklə duyacağıq.