“Talış” sözü etnonimdir, yoxsa toponim?
Neçə müddət keçməsinə baxmayaraq “Zerkalo” qəzetinin 13 iyul sayında Fəxrəddin Aboszodenin “talış dövlətçiliyinin bərpası”na çağırışı və ona verilmiş cavab haqqında bir neçə söz demək istəyi fikirimdən çıxmır. Tərəddüdümün səbəbi məsələnin çox incə və həssas olmasıdır. Adətən bu mövzuda obyektiv, müsbət mənada deyilən fikirləri də bədxahlar başqa rakursdan, başqa yöndən yozurlar. Amma buna baxmayaraq çoxdan deyilib yazılmalı olan bir gerçəklik haqqında düşüncələrimi bölüşmək qərarına gəldim. Xatırladım ki, günahsız qanların axıdılmasına səbəb olmuş Əlikram Hümbətovun ən yaxın silahdaşlarından olan F. Aboszode iyulun əvvəlində Kazanda 3-cü Avrasiya elmi forumunda Rusiya və İranı “demokratik talış dövləti”nin bərpasına çağırıb. Mən nəyə görə məhz demokratiya sarıdan mağmın olan bu iki ölkənin”demokratik talış dövlətinin bərpası”na çağırılması məsələsinə toxunmaq istəməzdim... Bu forum elmi bir toplantı adlandırıldığı üçün mən də siyasəti, “demokratik dövlət” anlayışını kənara qoyub, yazımı hadisələrin ətrafında cövlan etdiyi “talış” sözünün kökünü, mənşəyini, onun necə yaranmasını araşdırmaqla başlamaq istəyirəm. Çünki bu söz nəinki Azərbaycan torpaqlarında, həmçinin Türkiyədə, Orta Asiya respublikalarında, Dağıstanda, hətta Suriyada işlənir. Yəqin ki, Goranboyda, Qərbi Azərbaycanın Göyçə mahalında “Talış” kəndlərinin adlarına rast gələndə çoxları təəccüblənib çiyinlərini çəkirlər. Çünki bilmirlər ki, İsmayıllıdakı “Talıstan”, Cəbrayıldakı “Tulus Hacılı” kəndləri, Qazaxıstan və Qırğızıstanda “Talas meşələri”də eyni sözün dəyişilmiş şəklidir. Bir az dərinə gedəndə orta əsrlərdə Türküstanda Ağru Talas şəhərinin olmasını görürük. Yuxarıda qeyd etdiyim kimi, bu sözlərin hamısı eyni kökə malikdir. Sadəcə bir çox dillərdə S – Ş səsləri bir-birini əvəzləyir.
Biz bu gün “baş”, “beş”, “daş”, kimi tələffüz etdiyimiz sözləri qazaxlar, qırğızlar “bas”, “bes” və “das” kimi səsləndirirlər. (İsmayıllıdakı Basqal – Baş qala da bunlar kimi) Qədim ivrit, ərəb dillərindəki “Şaytan” sözü bir çox Avropa dillərində “Satan” kimi tələffüz edilir. Ötən əsrin 70-ci illərində mən Suriyada hərbi dilmanc işləyərkən Talas soyadı ilə rastlaşmışdım. O zaman Suriya Ərəb Respublikasının daxili işlər naziri general Mustafa Talasla çox mühüm bir toplantıda Sovet general-leytenantı, əslən qaraçay olan Sultan Göygözoviç Moqametova tərcüməçilik edərkən tanış olmuşdum. Dar çərçivədə olan görüşdə general Moqametov Qafqazlılarla bu ərəb ölkəsinin əski əlaqələrinə işarə edərkən, Suriya Ordusunun baş qərargah rəisi M. Talası göstərərək “Elə general da sizlərdəndir” demişdi. Yalnız illər keçəndən sonra elmi araşdırmalar zamanı Talas soykökünün mənasını anlamışdım... Bu söz Bayat, Türkeş və s. kimi məşhur bir türk tayfasının adıdır.
Beləliklə, yuxarıda deyilənlərdən ortaya bir sual çıxır: Azərbaycan Respublikasının cənubunda işlənən “Talış” sözü etnonimdir, yoxsa toponim? Yəni hansısa millətin, etnik qrupunmu, yoxsa yerinmi adını bildirir? Sübhəsiz, bu həqiqəti istər Azərbaycan, istərsə də Rusiya türkoloq alimləri bilirdilər. Ancaq Sovet – bolşevik və ermənizm ideoloqlarının ortaya atdığı, türkdilli xalqlara və müsəlmanlara qarşı amansızcasına işlətdiyi “pantürkizm”, “panislamizm” damğası həqiqəti deyib yazmağa imkan vermirdi. Yeri gəlmişkən hamının bildiyi bir məsələni də təkrarlamaq istərdim: bu iki anlam – etnonim və toponim çox hallarda bir-birini əvəzləyir. Yəni tayfa, etnik qrup, xalq öz adını məskunlaşdığı yerə verir, həmin məkan bu tayfanın, xalqın adı ilə çağrılır. Bəzən isə tayfa, etnik qrup yer adını götürür və bu halda əksinə, toponim etnonimə çevrilir. Tarixi bir paradoksu da göstərmək istərdim... Sovet qoşunları Əfqanıstanı tarımar edərkən Türkiyə oradakı türkdilli, İran dövləti isə farsdilli etnik qruplara yiyə durdu: qaçqınlara müxtəlif yardımlarla yanaşı vizalar da verilirdi. Bu zaman Əfqanıstanda yaşayan xəzərlər qaldılar ortalıqda... Çünki vaxtıilə Dərbənddən indiki Rusiyanın Krasnodar adlandırdığı ərazidən keçib Kiyevədək uzanan torpaqlarda hökmranlıq etmiş xəzərlərdən Əfqanıstana köç etmiş etnik qrup adını saxlasa da, farsca danışırdı... Maraqlı burası idi ki, Rusiya dövlətində Uraldan tutmuş Altaya, Saxalinədək onlarla etnik qrupun dillərini, dinlərini məhv edərək, qıyıqgözlülərə İvanov, Petrov soyadlarını, xristianlığı, rus dilini qəbul etdirmiş Sovet hakimiyyəti dağılma ərəfəsində Moskvada talış, kürd mədəniyyət mərkəzləri yaratdı. Lakin o zamanlar Azərbaycanın cənub bölgəsinin əhalisi bunu dəstəkləməsə də xainlər tapıldı.
Adətən belə işlər üçün lazımi savad və təhsilə malik olmayan, hakimiyyət, var-dövlət vədlərinə şirnikləşən dayaz adamları seçirlər. Xarici qüvvələrin Azərbaycanı parçalamaq cəhdləri, onun bir-birinə qaynayıb qarışmış xalqının arasına nifaq salmaq fitnəsi baş tutmadı. El məsəlində deyildiyi kimi, ətlə dırnağın arasına girən, çirk olub çıxar. Siyasətdən az-çox başı çıxan hər kəs yaxşı bilir ki, kiçik xalqları, etnik qrupları qızışdıran dairələr öz maraqlar xatirinə hər vasitəyə əl atırlar, qanunları istədikləri səmtə əyirlər, hətta elmi və tarixi dəlillər icad edirlər. Xususilə, əhalisi islama etiqad edən dövlətlərə təsir və təzyiq etmək üçün “milli müqəddəratın təyini”, “demokratiya”, “insan azadlığı” istilahlarından bir vasitə, bəhanə kimi məharətlə, bəzən kobud şəkildə istifadə edirlər. Bu yazıda mən dərin ehtiram bəslədiyim, aralarında çox dəyərli dostlarım, qohumlarım olan cənub bölgəsi əhalisindən özlərini “talış” adlandıranlara bu reallığı xatırlatmaq istədim. Sözügedən mövzuda obyektiv nəticəyə gəlmək üçün düzgün elmi-tarixi tədqiqatlar aparmaq, çox da dərində olmayan gerçəkliyi ortaya qoymaq gərəkdir.