“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinlinin regiondakı hərbi balansla bağlı araşdırması. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Ermənistan və Rusiyanın avqustun 20-də imzaladığı hərbi əməkdaşlıq protokoluna münasibət açıqlayarkən maraqlı mövzuya toxunub.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Ermənistan və Rusiyanın avqustun 20-də imzaladığı hərbi əməkdaşlıq protokoluna münasibət açıqlayarkən maraqlı mövzuya toxunub. O deyib ki, Cənubi Qafqazın təhlükəsizliyi, bölgədə adi və strateji silahların yerləşdirilməsi, onların miqdarı məsələsi təkcə iki dövlət arasında olan məsələ deyil, bu, eyni zamanda ATƏT-in Avropada Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq cinah sazişi ilə nizamlanır.
Şöbə müdiri bildirib ki, müvafiq cinah sazişinə əsasən, Cənubi Qafqazda yerləşdirilə biləcək adi silahların kvotası təyin olunub: “Ermənistan Silahlı Qüvvələrinin kvotasına eyni zamanda Rusiyanın orada yerləşdirdiyi baza daxildir. Yəni Rusiyanın Cənubi Qafqazda yerləşdirdiyi silahlar Ermənistanın kvotasına uyğun olmalıdır, ondan kənara çıxmamalıdır. Bu məsələlər dövlətlərarası münasibətlərlə nizamlansa da, ATƏT-in tələblərinə cavab verməlidir. Hazırda bizim hərbi mütəxəssislər, həmçinin ATƏT-in bu məsələ ilə məşğul olan rəsmiləri kvotanın pozulub-pozulmadığını hesablayır”.
Cinah sazişi nədir?
Avropada Adi Silahlı Qüvvələrə Dair Müqavilə (Treaty on Conventional Armed Forces in Europe (CFE) iki hərbi-siyasi ittifaq – NATO və Varşava Müqaviləsi Təşkilatı arasında 1990-cı noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Müqaviləni NATO-dan 16, Varşava Müqaviləsi Təşkilatından 6 ölkə qollamışdı. Bu, iki hərbi blok arasında uzun sürən danışıqlardan sonra ortaya çıxan, Avropa qitəsində adi silahların (tank, zirehli texnika, artilleriya qurğuları, hərbi təyyarə və vertolyotlar) yerləşdirilməsini tənzimləyən mühüm sənəd idi.
Baltikyanı ölkələr, keçmiş Yuqoslaviyanın (o nə NATO-nun, nə də Varşava blokunun üzvü idi) hazırda müstəqil olan 6 ölkəsi, həmçinin NATO-dan kənarda qalan digər Avropa ölkələri (məsələn, İsveç, Finlandiya) bu müqavilədə təmsil olunmurlar.
1990-cı ildə imzalannmış sənəd adi silahlanmanın sabit və təhlükəsiz balansını təyin etməyi nəzərdə tutur. Sənəd sabitliyə və təhlükəsizliyə xələl gətirən silahların, qəfil hücum və genişmiqyaslı hücum hərəkətlərinin başlanması potensialının ləğvini tələb edirdi. Bu məqsədlərə çatmaq üçün saziş tankların, döyüş zirehli maşınlarının, 100 mm-dən yuxarı olan artilleriya silahlarının, eləcə də zərbə təyyarələrinin və vertolyotlarının sayını, demək olar, iki dəfə azaldırdı.
CFE çox faydalı idi. Çünki o, hərbi qarşıdurma səviyyəsini qəfil aşağı saldığından müharibənin alovlanması riskini azaldırdı. Saziş əsas etibarilə silahlanma kvotasının yerinə yetirilməsinə nəzarət üzrə konkret tədbirlər nəzərdə tuturdu. İştirakçı dövlətlərdən hər biri silahlanma səviyyəsi və hərbi texnikasının sayı ilə bağlı il ərzində iki dəfə tərəfdaşlarına məlumat vermək öhdəliyi götürmüşdü. Əcnəbi hərbi nümayəndələr isə əsl vəziyyətin nədən ibarət olmasını yoxlamaq üçün bu və digər hissələrə baş çəkmək imkanına malik idilər.
Amma tezliklə Varşava Müqaviləsi Təşkilatı (VMT), ardınca isə Sovet İttifaqı dağıldı. VMT-nin bir sıra dövlətləri NATO-ya daxil oldular və bununla da qitədəki silahlı qüvvələr balansında kəskin dəyişiklik baş verdi. Ümumilikdə CFE-yə bağlı xeyli sayda sənədlər mövcuddur. Bu müqavilələr arasında 1990-cı il Budapeşt, 1992-ci il Daşkənd sazişləri, 1996-cı il Vyana sənədi, 1996-cı il Paris sənədi, 1999-cu il İstanbul müqaviləsi var. Bütün bu sənədlər əsas müqaviləni dəyişkən tarixi və geosiyasi vəziyyətə uyğunlaşdırırdı. Müqavilə Atlantik okeanından Ural dağları məkanına qədər yerləşən dövlətlərin quru ərazisindəki adi silahların kvotasını tənzimləyirdi.
1994-cü ildə Şimali Qafqazda rus ordusunun birinci çeçen kampaniyası başlandı. Moskva bəyan etdi ki, Rusiya üçün AASQM-də nəzərdə tutulmuş kvotalar azdır. Bu zaman müqavilə iştirakçısı olan ölkələr kvotaların hərbi əməliyyatlar vaxtı artırılmasına razı oldular. İki ildən sonra Paris müqaviləsinə imza atanlar AASQM-i “köklü təmir” etmək qərarına gəldilər.
1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində iştirak edən bir sıra dövlətlərinin liderləri hər bir ölkəyə ayrıca silahlanma kvotasının müəyyən olunması istiqamətində müəyyən dəyişikliklər edilməsi, onun müasir şəraitə uyğunlaşdırılması fikrinə gəldilər. İstanbulda bir qədər dəyişdirilmiş sənədi 30 ölkə (o cümlədən, Azərbaycan, Ermənistan Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Qazaxıstan) imzaladı. Onun qüvvəyə minməsi üçün bütün iştirakçı dövlətlər sənədi imzalamalı idilər. Lakin indiyədək yalnız dörd ölkə – Rusiya, Ukrayna, Belarus və Qazaxıstan bu sənədi ratifikasiya edib. AASQM-in digər iştirakçıları sənədi ratifikasiya etmədilər. NATO bildirdi ki, bu addımı alyans ölkələri yalnız Rusiya Gürcüstan və Moldovadakı silahlı qüvvələrini çıxardıqdan sonra atacaqlar.
Rusiya 2006-2007-ci illərdə Gürcüstan ərazisindəki hərbi birləşmələrini (Qudauta (Suxumi), Vaziani (Tbilisi), Batumi və Axalkalakidəki bazalar) çıxarsa da, 2007-ci il iyulun 14-də Rusiyanın o zamankı prezidenti Vladimir Putin “Rusiya Federasiyasının Avropada Adi Silahlı Qüvvələrə Dair Müqavilə və onunla bağlı beynəlxalq müqavilələrdəki fəaliyyətinin dayandırılması” barədə sərəncam imzaladı. Bunun ardınca – 2008-ci ilin avqustunda Gürcüstanın iki separat ərazisinə hərbi qulluqçularını və bazalarını yerləşdirdi. Qərb düşüncə mərkəzləri Rusiyanın bu hərəkətini məcazi olaraq CFE-nin “tabutuna sonuncu mismarın vurulması” kimi şərh edirdilər. Təsadüfi deyil ki, müqavilənin birtərəfli dayandırılmasından sonra Rusiyanın Şimali Qafqazda istədiyi qədər silah-sursata malik olmasına “yaşıl işıq” yandırıldı. Rusiya 2009-cu ildən eribarən Qafqaz üzrə hərbi birləşmələrinin yenidən qurulması işinə başladı və orduya məxsus silah-sursatın və hərbi texnikanın əhəmiyyətli hissəsi bu istiqamətə köçürüldü.
Moldovadakı keçmiş SSRİ-nin 14-cü ordusunun hissələrinə gəldikdə isə, Rusiya hələlik onları çıxarmaqdan imtina edir.
Rusiya nədən narazı idi?
CFE üzrə Rusiyanın kvotası 6350 tank, 11280 zirehli maşın, 7030 artilleriya qurğusu (diametri 100 mm-dən çox), 3416 hərbi təyyarə və 855 vertolyot təşkil edir, amma bu silahların sözügedən cinahlarda yerləşdirilməsi ilə bağlı məhdudiyyət öhdəliyi var. Rusiyanın əsas narazılığı nələrdir?
CFE-yə qoşulmayan Baltik dövlətləri – Litva, Latviya və Estoniya ərazisində faktik olaraq yaranmış “boz zona” Rusiyanı hiddətləndirir. Çünki buraya Rusiya tərəfindən nəzarət olunmayan istənilən qədər silah və ağır texnika yerləşdirmək olar. Eyni zamanda bu ölkələrin zabitləri NATO nümayəndələri qismində Rusiyanın Kalininqrad, Pskov, Leninqrad vilayətlərindəki hərbi hissələri təftiş etməkdədirlər. Bu, Kremli narazı salır.
Moskva iddia edir ki, Şimali Atlantika alyansı ağır silahlanma üzrə Rusiyanı 3-4 dəfə geridə qoyub. Rus mütəxəssisləri faktik olaraq ilkin qəfil zərbə potensialının yarandığını bəyan edirlər. Rusların narazılığına səbəb olan məsələlərdən biri də Moldovadan Rusiya qoşunlarının çıxarılması barədə tələblərin fonunda ABŞ-ın Şərqi Avropa ölkələrində öz hərbi mövcudluğunu təmin etməsidir.
Hələ 2007-ci il iyunun 12-15-də Vyanada Moskvanın təşəbbüsü ilə CFE-nin ratifikasiyası ilə bağlı yaranmış böhrandan çıxış üzrə fövqəladə toplantı keçirilmişdi. Rusiya nümayəndəsi tərəfdaşlar qarşısında bir sıra prinsipial şərtlər qoydu: bu, Litva, Latviya və Estoniyanın danışıqlar meydanına qaytarılması ilə bağlı idi. Rusiyanın tələbləri aşağıdakılar idi:
- NATO-nun Şərqə doğru genişlənməsi ilə əlaqədar olaraq onun adi silahlarının və döyüş texnikasının icazə verilmiş səviyyəsinin endirilməsi, Rusiyanın NATO ilə şimal və cənub sərhədi boyunca hərbi qüvvə yerləşdirməsi ilə bağlı cinah məhdudiyyətlərin ləğvi;
- Rusiya ərazisi üçün cinah məhdudiyyətlərinin ləğvi üzrə siyasi qərarın qəbulu;
“mövcud döyüş qüvvələri” termininin ümumi anlayışının hazırlanması;
- CFE-nin uyğunlaşdırılmasına dair sazişin müvəqqəti tətbiqinin 2008-ci il iyulun 1-dən gec olmayaraq qüvvəyə minməsi;
- müqaviləyə yeni iştirakçıların qoşulması və sənədin növbəti dəfə müasirləşdirilməsi.
O zaman Rusiya nümayəndələri bildirdilər ki, bu tələblərə əməl olunmasa, ölkə müqavilənin tətbiqinə moratorium qoyacaq, Moskva tərəfdaşlarına hərbi hissələrin yerləşməsi və döyüş texnikası ilə bağlı məlumat verməyəcək və əcnəbi hərbi təftişi qəbul etməyəcək.
Amma bu açıqlamalar NATO-nun narahatlığına səbəb olmadı. Alyansın o zamankı baş katibi Yaap de Hoop Sxeffer 2007-ci ilin iyun ayının sonlarında Moskvaya səfəri zamanı bəyan etdi ki, “o, Rusiyanın CFE-də iştirakını dayandırmayacağına ümid edir”.
Azərbaycan nə istəyir?
1999-cu il noyabrın 19-da ATƏT-in İstanbul sammitində iştirak edən Azərbaycanın mövqeyi əslində Rusiya ilə eyni idi. Rəsmi Bakı da hər bir ölkəyə ayrıca silahlanma kvotasının müəyyən olunması istiqamətində müəyyən dəyişikliklər edilməsi, onun müasir şəraitə uyğunlaşdırılması təklifini dəstəkləyirdi. Azərbaycanı narahat edən digər məsələ isə işğal olunmuş ərazilərdə çoxsaylı silah və hərbi texnikanın yerləşdirilməsi idi. Bakı bunların qanunsuz və CFE-dən kənar olduğunu bəyan edirdi və indi də bu fikirdədir. Ötən müddətdə beynəlxalq təşkilatlar, o cümlədən CFE-nin hamisi olan ATƏT rəsmi Bakının arqumentinə zidd olacaq hər hansı ifadə səsləndirməyib.
Rusiyanın 2007-ci il iyul ayındakı hərəkətindən sonra Bakıda da bu sazişdən çıxmaq zamanının yetişdiyi barədə fikirlər səslənməyə başlamışdı. Səbəblər sadə idi. 5 növ ağır hərbi texnika üzrə limitləri müəyyən edən sənədin Cənubi Qafqaz ölkələrinə ayrı-ayrılıqda 220 tank, eyni sayda zirehli döyüş maşını, 285 artilleriya qurğusu, habelə 100 döyüş təyyarəsi və 50 zərbə vertolyotu saxlamaq kvotası verməsi rəsmi Bakını razı salmırdı. Çünki Azərbaycan həm ərazi, həm də əhali baxımından Ermənistan və Gürcüstandan üstündür və onun təhlükəsizlik qayğıları da çoxdur Eyni zamanda Azərbaycan torpaqları işğal edilib. Elə 2007-ci ildən rəsmi Bakının bu məsələ ilə bağlı CFE üzrə tərəfdaşları qarşısında məsələ qaldıracağı və sənəddə Yerevanla Bakıya aid nəzərdə tutulan kvotaların dəyişdirilməsini tələb edəcəyi bildirilirdi.
Üstundən 3 il keçəndən sonra bu məsələ yenidən gündəmə qayıdır. Amma bu dəfə Cənubi Qafqazda hərbi-siyasi vəziyyət 3 il bundan öncəkindən fərqlidir. Birincisi, Rusiya Gürcüstanın iki separatçı ərazisində baza yerləşdirib, ikincisi isə Ermənistanla məlum hərbi əməkdaşlıq sənədi imzalayıb. Necə deyərlər, 3 il bundan əvvəllə müqayisədə Rusiyanın Cənubi Qafqaza hərbi-siyasi təsiri hiss ediləcək dərəcədə artıb.
Belə bir məqamda Əli Həsənovun bəyanatları maraq doğurur və Azərbaycan-Rusiya əməkdaşlığının hazırkı gedişi nəzərə alınsa, bu bəyanatların heç də Rusiyaya qarşı yönəlmədiyi bəllidir, səbəbkar Rusiya olsa belə. Hətta 2006-2007-ci illərdə Rusiyanın Gürcüstandakı hərbi bazalarından çıxarılan silah-sursatın əhəmiyyətli hissəsinin Ermənistan ərazisində yerləşdirilməsi belə Bakını kəskin addımlar atmağa, CFE üzrə tərəfdaşlarını “ayağa qaldırmağa” vadar etmədi.
Nə gözləmək olar? Müşahidələr göstərir ki, CFE üzrə təkmilləşdirmələrin aparılması Azərbaycan üçün hərbi-siyasi baxımından geniş imkanlar açır. Ən azı ona görə ki, bu məsələ, yəni sənəddə hər bir dövlətə fərqli münasibətin təsbit olunması Azərbaycanın geniş şəkildə silahlanması üçün rəsmi əsaslar yarada bilər. Rusiya üçün də bu vacibdir. Çünki hazırda Rusiyanın Qafqaz üzrə silahlı birləşmələrinin istifadəsində olan hərbi texnikanın sayı CFE-də nəzərdə tutlan göztəricini bir neçə dəfə üstələyir.
Məsələnin qeyd olunan şəkildə qaldırılması bir daha ATƏT-in və digər beynəlxalq təşkilatların diqqətini münaqişə bölgəsinə yönəltmək məqsədi güdür. Bəllidir ki, bu ilin payızında NATO Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılması gözlənir. Nəzərə alınmalıdır ki, CFE prosesində aktiv iştirak edən strukturlardan biri məhz NATO-dur. Təsadüfi deyil ki, NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons CFE üzrə illik olaraq Vyanada keçirilən konfransın daimi iştirakçısına çevrilib və o tez-tez təmsil etdiyi regionda silah və hərbi texnikanın vəziyyəti ilə bağlı hesabatlar verir. 2008-ci ildə Bakıda səfərdə olan Simmons ermənilərin silahlanma limitini aşması barədə suala cavab verərkən bildirmişdi ki, təmsil etdiyi qurum silahlanma limitinin aşılması faktları ilə bağlı daim məsələ qaldırır. “Hər il biz Vyanadan bütün dövlətlərin silahlanması ilə bağlı məlumatlar alırıq” deyən R.Simmons bildirmişdi ki, münaqişə bölgəsində kütləvi silahlanma məsələsinin Vyanada ATƏT-in egidası altında aparılan müzakirələrdə həlli yaxşı olardı. Mümkündür ki, Azərbaycanın hazırkı niyyəti məhz NATO PA-nın qarşıdakı toplantısına hazırlıq planının tərkib hissəsidir. Ya da ola bilər ki, bu məsələ növbəti Vyana müzakirələrinə çıxarılsın.
Bütün bu proseslər Ermənistana sərf etmir. Çünki onun ərazisindəki hərbi texnikanın sayı CFE üzrə nəzərdə tutlan saydan orta hesabla 3 dəfə çoxdur və belə bir vəziyyətdə Yerevanın təzyiqlərə məruz qalacağı istisna deyil. Amma düşündürücü məsələ odur ki, Ermənistanın bu vəziyyətə düşməsində həm də Rusiya günahkardır.
Görəsən, CFE-də Azərbaycanın maraqlarına uyğun dəyişikliklər arzulayan Rusiya cənub forpostunu cətin durumdan necə xilas edəcək?