İki idarədən fərqli sözlər çıxdı. "Biz məktəbli geyimlərini dükanlara vermirik. Çünki biz geyimləri firma dükandan başqa digər dükanlara versək, sabah Urumçi və digər yerlərdən gəlmiş keyfiyyətsiz malları da həmin mallarla qatışdıraraq bizim fabrikin geyimi kimi təqdim edəcəklər. Buna görə də geyimlərimizin satışı üçün bizə müraciət edən mağazaların sayı çox olsa da, bu təkliflərlə razılaşmırıq. Biz yalnız firma maqazinlərdə və məktəbin özündə satış təşkil edirik".
Bu sözləri APA-ya açıqlamasında vahid məktəbli geyimlərinin hazırlandığı yeganə müəssisə olan "Bakı Tikiş" Açıq Səhmdar Cəmiyyətinin sədri Fədai Rəhimov deyib. Onun sözlərinə görə, hazırda geyimlərin satışı üçün 3 mərkəz fəaliyyət göstərir. Bununla yanaşı, geyimlərin səyyar satışı da keçirilir. Geyimlərin standart qiyməti isə 40 manatdır (yubka-kofta, şalvar-pencək 30, köynək, cemperlər 5 manat). F.Rəhimov deyib ki, məktəbli geyimlərinin satışında güzəştlər də edilir. Geyimlər şəhid ailələrinə pulsuz verilir, fabrik işçilərinə isə həm qiymətdə, həm də ödəmə müddətində güzəşt edilir. "Bakı Tikiş"in rəhbəri məktəbli geyimilə təminatda imkansız ailələrə köməyə hazır olduğunu da söyləyib: "Bakı şəhəri üzrə Təhsil İdarəsi geyimi almağa imkanı çatmayan ailələrin siyahısını bizə təqdim edərsə, biz onlara kömək etməyə hazırıq. Biz bu siyahı olmadan həmin ailələri necə müəyyənləşdirə bilərik?" F.Rəhimov gələcəkdə məktəbli geyimlərinin satışında güzəştlərin artacağını da söyləyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, onlar "Bakı Tikiş" ASC-yə heç bir siyahı təqdim etmək niyyətində deyil: "Onlar forma satırlar, valideynlər isə alıcıdır, Bakı Şəhər Təhsil İdarəsi bu alış-satış prosesinə müdaxilə etmir. Buna görə də imkansız ailələr birbaşa fabrikə müraciət etsinlər. Fabrik kimə məqbul bilərsə, ona da geyimin satışında güzəşt etsin". Qeyd edək ki, bu il ilk dəfə olaraq BŞTİ-nin tabeliyində olan 326 orta məktəbin I-IV sinif şagirdləri məcburi qaydada məktəbə vahid məktəbli geyimində gələcək. 2011-2012-ci tədris ilindən Bakının V-XI şagirdləri də vahid məktəbli geyiminə keçəcək. Həmin sinif şagirdləri məktəbə bu il əvvəlki ilin məktəbli geyimində gələcək.
|