Axtarış: 
Azərbaycan Pakistanın bu ağır günündə ona yardım edən ilk dövlətlərdən biri olub
+  -  Çap 
Yerləşdirilib: 02.09.10 | Baxılıb: 323
“525-ci qəzet”in suallarını Azərbaycanın Pakistan İslam Respublikasındakı müvəqqəti işlər vəkili Daşqın Şikarov cavablandırır 
 




– İlk öncə ölkəmiz ilə Pakistan İslam Respublikası arasındakı mövcud əlaqələr barədə məlumat vermənizi istərdim? 
 
– Bildiyiniz kimi Pakistan 12 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanıyan (Qardaş Türkiyədən sonra) ikinci dövlət olub. Diplomatik əlaqələr isə, 1992-ci il iyun ayının 9-da qurulub. Hər iki ölkə qarşılıqlı olaraq – Pakistan 1992-ci ildə Azərbaycan isə, 1997-ci ildə səfirliklərini açıb. İki ölkə arasında dostluq əlaqələri strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar (BMT, İKT, İƏT) çərçivəsində uğurla inkişaf etməkdədir. Pakistan İslam Respublikası hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həllinə dair ölkəmizin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin Azərbaycanın maraqlarına uyğun şəkildə ədalətli həllinə tərəfdardır. Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün bu günə kimi Pakistan nəinki Ermənistanla diplomatik münasibətlər qurub, ümumiyyətlə Ermənistanı bir dövlət kimi tanımayıb. Ölkə rəsmiləri 170 milyon əhalisi olan Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində Azərbaycana hərbi yardım da daxil olmaqla hər cür kömək göstərməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasında iqtisadi, ticari əlaqələri inkişaf etdirmək məqsədilə Hökumətlərarası Birgə İqtisadi Komissiya fəaliyyət göstərir. İndiyədək Azərbaycan və Pakistan arasında əməkdaşlığa dair otuzdan çox sənəd imzalanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında mövcud olan qarşılıqlı dostluq və qardaşlıq münasibətlərinin daha yüksək mərhələyə qaldırılmasına, əlaqələrin daha da intensivləşdirilməsinə, əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verib. 
 
– Sizcə, bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hansı işlər görülməlidir? 
 
– Qeyd etdiyim kimi, iki ölkə arasında siyasi əlaqələr hər iki ölkə rəhbərliyinin səyləri nəticəsində çox yüksək səviyyədədir və hər iki ölkə bu əlaqələri daim inkişaf etdirmək niyyətindədir. Bildiyiniz kimi Pakistan bu gün bir çox problemlərlə üzləşməkdədir, xüsusilə də iqtisadi sahədə. Ölkədə enerji çatışmazlığı ən yüksək həddədir. Baş vermiş sel fəlakəti nəticəsində ölkəni elektrik enerjisi ilə təmin edən əsas elektrik stansiyasının zərər görməsi, düyü, taxıl, pambıq və.s zəmilərin su altında qalaraq yararsız hala düşməsi gələcəkdə daha çox problemlərin ortaya çıxmasına səbəb olacaq. Bütün bunları nəzərə alaraq, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi, xüsusilə də enerji sahəsində Pakistanın üzləşdiyi problemlərin aradan qaldırılması üçün ölkəmizin Pakistana köməklik göstərməsi, qardaş ölkə ilə birbaşa təyyarə reyslərinin açılması mövcud əlaqələrin inkişafına güclü təkan verə bilər. 
 
– Hazırda Pakistan təbii fəlakətlə üzləşib. Bilmək istərdik, bu fəlakətin acı nəticələrinin aradan qaldırılması məqsədilə hökumət nə kimi tədbirlər görür? 
 
– Pakistan hökuməti baş vermiş sel fəlakətinin nəticələrini aradan qaldırmaq üçün əlindən gələni etməkdədir. Hazırda fəlakət bölgəsində insanlar evakuasiya olunur, onların zəruri ehtiyacları ödənilməyə çalışılır. Hökumət ordu da daxil olmaqla bütün qüvvələrini bu istiqamətə yönəldib. Lakin baş vermiş fəlakət son 100 ildə yaşanmış bu cür olaylar arasında ən dəhşətlisi və genişmiqyaslısı olduğu üçün Pakistan hökuməti ölkənin daxili potensialı hesabına dövlətə dəymiş ziyanı aradan qaldıra bilmir. Məhz bu məqsədlə avqustun 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilərək dünya ölkələrinə Pakistana yardım edilməsi üçün müraciət edildi. Bundan əlavə avqustun 29-də İslam Konfransı Təşkilatının Baş Katibi Ekmeleddin İhsanoğlunun rəhbərliyi, Pakistan Xarici İşlər Naziri Ş.M.Qureşinin və İKT-yə üzv ölkələrin İslamabaddakı diplomatik missiyalarının rəhbərlərinin iştirakı ilə İKT-nin fövqəladə iclası keçrildi. İclasda Pakistan Xarici İşlər Naziri Qureşi və İKT-nin Baş Katibi İhsanoğlu fəlakətin nəticələrinin dəhşətli həddə çatdığını qeyd edərək yardımların artırılması üçün təcili tədbirlər görülməsini xahiş ediblər. 
 
– Pakistanın Azərbaycana qarşı səmimi və dostluq münasibətinə ölkəmiz heç zaman biganə qalmayıb. Əvvəllər də Pakistanda baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan öz köməyini pakistanlılardan əsirgəməyib. Bəs indiki vəziyyətdə necə, ölkəmiz Pakistan xalqına yardım edə bilibmi? 
 
– Qeyd etdiyiniz kimi, Pakistanın Azərbaycana qarşı səmimi və dostluq münasibətinə ölkəmiz heç zaman biganə qalmayıb. 8 oktyabr 2005-ci il tarixində Pakistan İslam Respublikasında baş vermiş dəhşətli zəlzələ zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən ölkəmiz həm maddi, həm də humanitar yardım göstərməklə bərabər 40 nəfər həkim və xilasedicilərdən ibarət heyəti Pakistana göndərmişdi. Bundan əlavə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə zəlzələ bölgəsində müasir standartlara cavab verən məktəb inşa edilmişdir. Azərbaycan bu gün də dostluq və qardaşlıq prinsiplərinə sadiq qalaraq Pakistanın bu ağır günündə ona yardım edən ilk dövlətlərdən biri olub. Belə ki, fəlakətin baş verdiyi ilk günlərdə Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə qardaş ölkəyə iki milyon ABŞ dolları maliyyə yardımı göstərilib. Maliyyə yardımından əlavə cənab Prezident Pakistana hamanitar yardım göstərilməsi haqqında da təlimat verib. Prezidentin göstərişini əsasən birinci təyyarənin gətirdiyi 35 tonluq humanitar yardım avqust ayının 27-də, ikinci təyyarənin gətirdiyi 37 tonluq humanitar yardım isə avqustun 29-da Pakistan rəsmilərinə təhvil verilib. Ölkəmizin seldən zərər çəkmiş insanlara göstərmiş olduğu maddi və humanitar yardım Pakistan rəsmiləri və ictimaiyyəti tərəfindən olduqca rəğbətlə qarşılanıb, ölkədə dərc olunan “Al-Qamar”, “Pakistan Observer”, “Frayday Times”, “Daily Jinnah”, “Daily Ittihad”, “The Pakistan Times”, “Associated Press of Pakistan” və digər kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, Pakistan Dövlət televiziyasında Azərbaycanın göndərdiyi humanitar yardımları əks etdirən sujetlər nümayiş etdirilib. Bundan əlavə səfirliyimizin əməkdaşları da avqust ayının əvvəllərində iki günlük əmək haqqlarını Pakistan Baş Nazirinin sel fəlakətinin nəticələrinin aradan qaldırma fonduna köçürüblər. 
 
– Azərbaycan vətəndaşlarının bu məsələdə nümayiş etdirdiyi dəstək yetərincədirmi? 
 
– Bildiyiniz kimi, bir müddət əvvəl Pakistan – Azərbaycan parlamentlərarası dostluq qrupunu rəhbəri Eldar İbrahimov və bir qrup deputat Pakistanın ölkəmizdəki səfirliyinə gedərək onlarla həmrəyliklərini nümayiş etdiriblər, maliyyə yardımı ayırıblar. Biz çox istərdik ki, sadə Azərbaycan vətəndaşları da bu məsələdə daha fəal olsun, bizə həddindən artıq səmimi münasibət göstərən və dost ölkə olan Pakistanın bu çətin günündə ona daha çox dəstək versin. 
 
Rufik İSMAYILOV


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo