Xalq Cəbhəsi qəzeti// Bakıda Bayraq Meydanının açılışı olub. 20 min kvadratmetr ərazini əhatə edən meydanda 162 metr hündürlükdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Uzunluğu 70, eni 35, çəkisi 350 kiloqram olan dövlət bayrağı 2450 kvadratmetr sahəni əhatə edir. Üçrəngli bayrağımızın başımız üzərində dalğalanması uğrunda yüzlərlə insanımız canını fəda edib, şəhid olub.
Artıq şəhidlərimizin ruhu dinclik tapır. Çünki uğrunda canlarından keçdikləri bayraq bu gün ən uca zirvələrdə dalğalanır. Bayrağımızın göylərdə dalğalanması hansı hissləri oyadır?
Millət vəkili, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyeva bu münasibətlə gözəl duyğular yaşadığını bildirdi: "Bunu sözlə təsvir etmək doğrudan çətindir. Təbii ki, bayraq bizim qurur mənbəyimizdir. Azərbaycan türkünün əsrlər boyu azadlıq, özgürlük və bayraqlarının yüksəklərdə dalğalanmasıyla bağlı arzuları vardı. Əsrlərin, minillərin arzusunu biz indi reallaşdırdıq. Açılış mərasimində yaşadığımız dəqiqələrin fəlsəfəsindən danışmağa həqiqətən sözün gücü çatmır. Bunu möcüzə də adlandırmaq olar. Çünki bayrağımız elə bir zirvədə dalğalandı ki, dünyanın heç bir yerində, heç bir ölkənin bayrağı həmin hündürlüyə yüksəlməyib. Bir vətəndaş üçün bundan əziz nə ola bilər? Həmin vaxt biz arzularımızın göylərdə dalğalanmasını, istəklərimizin həyata keçməsini, Azərbaycanın azadlığını, müstəqilliyini görürdük. O, bayraqda Qarabağ görünürdü. Azərbaycan prezidenti İlham Əliyev də çıxışında bildirdi ki, bu bayraq mütləq Qarabağda ən uca zirvələri bəzəyəcək. Biz həmin tədbirdə bir daha əmin olduq ki, analoqsuz şəkildə, sözün əsl mənasında Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır və heç bir qüvvə bu müstəqilliyimizi əlimizdən ala bilməz. Fikrimcə, Azərbaycanı sevməyənlərə, düşmənlərimizə, torpaqlarımızı işğal etmiş güclərə bu çox tutarlı bir ismarıc idi ki, bu insanlardan, onların gücündən, qüdrətindən qorxun. Bu bayrağı özünə qürur mənbəyi, namus, ismət vətən simvolu seçən insanların intiqamı, qisası da çox dəhşətli olar. Ona görə də bu intiqamdan, qisas hissindən qorxmaq və bu dövlətin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü tanımaq lazımdır. Düşünürəm ki, bu bayraq bütün Türk Dünyasından görünəcək. Onun mehi, dalğası bütün qədim Azərbaycan torpaqlarında da hiss olunacaq. Torpaqlarımız, məmləkətimiz ümumiyyətlə, var olmağımız uğrunda nə qədər canını fəda etmiş Azərbaycan oğulları var, onların ruhu bundan sonra xeyli rahatlıq, dinclik tapdı. Çünki qeyd etdiyim kimi onların min illər, əsrlər boyu ən böyük arzuları olub ki, Azərbaycanın bayrağı göylərdə dalğalansın, daima azadlığı xatırlatsın. Elə gözəl duyğular idi ki, bunu, ancaq yaşamaq mümkündür və sözə, dilə gətirmək çox çətindir. Mən orda hər kəsin dolmuş gözlərində yalnız və yalnız Azərbaycana sevgi görürdüm. Dünyada heç nə bu səhnəni seyr etməkdən gözəl ola bilməzdi. Arzu edirəm və əminəm ki, bizim bayraq məhz prezidentimizin səyilə Qarabağda da dalğalanacaq. Buna heç kəsin şübhəsi olmasın. İstərdim ki, hər bir Azərbaycan türkü hər an, hər dəqiqə buna dua etsin. Allah duaları eşidəndir. Allah özü bu məqsədimizə çatmağa bizə yardımçı olacaq".
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı ilk növbədə Bayraq Meydanının açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik etdi: "2010-cu il 1 sentyabr ən yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Azərbaycan prezidentinin təşəbbüsüylə yaradılmış bu böyük monumental kompleks bundan sonra Azərbaycanın həm mədəniyyət, həm də siyasi mərkəzinə çevriləcək. Xüsusilə qeyd etmək lazımdır ki, həmin bayraq bütün ölçülərinə görə Rekordlar Kitabına düşəcək bir həddədir. Bundan sonra da Azərbaycan çox rekordlara imza atacaq".