Ombudsman Elmira Süleymanovanın iştirakı ilə insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) icra vəziyyəti ilə əlaqədar növbəti ictimai dinləmələr Saatlı və Sabirabad rayonlarında keçirilmiş, həmçinin bələdiyyələrin işi də müzakirə edilmişdir.
Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, tədbirlərdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, seçki dairəsi dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak etmişlər.
İctimai dinləmələrdə insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyəti qeyd edilmiş, hər iki rayonda bu sahədə görülmüş işlər, insan hüquqları ilə bağlı tədbirlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması və digər tədbirlər haqqında ətraflı məlumat verilmişdir.
Ombudsman ictimai dinləmələrin əhəmiyyətini qeyd edərək, Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırmışdır. E.Süleymanova ölkəmizdə, o cümlədən Saatlı və Sabirabadda icra olunan MFP, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat vermişdir.
Müvəkkil qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırmışdır.
Müzakirələrdə çıxış edənlər MFP və insan hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durum, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat vermişlər.