Sentyabrın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İmişli şəhərində “XXI əsrdə zorakılıq əleyhinə əsas kimi daxili mədəniyyətin möhkəmləndirilməsi” mövzusunda regional görüş keçirilmişdir.
Görüşdə İmişli, Naftalan, Ağcabədi, Beyləqan və Goranboy rayonları təmsil olunmuşlar. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra qadınların toplantısı keçirilmişdir. Görüşdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev respublikamızda qadınlara göstərilən dövlət qayğısından danışaraq demişdir ki, ulu öndər Heydər Əliyev həmişə qadınlara qayğı göstərmiş, onların bütün sahələrdə fəal çalışmasına zəruri şərait yaratmışdır. Ümummilli liderin ideyaları bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Natiq qeyd etmişdir ki, İmişlidə də qadınlar rayonun ictimai-siyasi və mədəni həyatının bütün sahələrində yaxından iştirak edirlər. Bələdiyyələrə seçilmiş 240 üzvdən 61-i qadındır. Bu, onlara göstərilən qayğının və etimadın nəticəsidir. Rayonda çalışan 1611 müəllimin 924-ü, 905 səhiyyə işçisinin 383-ü qadındır. Bundan əlavə, digər sahələrdə 40-dan çox qadın çalışır. Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova ölkəmizdə qadınlara göstərilən qayğı, onlara yaradılan şəraitdən söz açaraq bildirmişdir ki, ölkəmizdə gender bərabərliyinin təminatı haqqında qanun qəbul edildikdən sonra gender balansının qorunması ilə bağlı tənzimləmə mexanizmi öz əksini tapmışdır. Natiq qeyd etmişdir ki, ölkəmizin Avropaya inteqrasiyası, eləcə də uşaq hüquqları və qadınlara qarşı hüquqi ayrı-seçkiliyə qarşı konvensiyalara qoşulması, “Məişət zorakılığı haqqında” Qanunun qəbul olunması qadınlara göstərilən xüsusi diqqət və qayğıdan xəbər verir. Tədbirdə ailə mədəniyyətinin formalaşmasından, vaxtından əvvəl boşanmaların qarşısının alınması, azyaşlıların ailə həyatı qurmaları və digər həlli vacib məsələlər haqqında da ətraflı fikir mübadiləsi aparılmışdır. Cəmiyyətin aparıcı qüvvəsi olan qadınlara qarşı daim diqqətli olmağın, onlara yönəlmiş hər hansı zorakılığın qarşısının alınması üçün birgə mübarizə aparmağın vacibliyi vurğulanmışdır.
|