Beynəlxalq Xeyriyyə Yardım Fondu (Charities and Aid Foundation) təşkilatı “Əliaçıqlıq” indeksinə əsaslanan hesabatını açıqlayıb. BBC xəbər verir ki, bu özünəməxsus hesabatda əliaçıqlığın dərəcəsi heç də təkcə pul yardımına görə müəyyənləşdirilməyib.
Dünyanın 153 ölkəsində aparılmış sorğu əsasında hazırlanan hesabatda həm də nə qədər vaxtın xeyirxahlığa və yardıma sərf olunduğu və qərib insanlara himayə faktoru nəzərə alınıb. Bundan başqa, hesabatda xeyriyyəçiliyin müxtəlif ölkələrdə adambaşına düşən milli gəlir və adamların rifahı ilə əlaqəsi kimi məsələlər də əksini tapıb.
Ümumilikdə götürdükdə hesabat müddətində dünya əhalisinin 20 faizi könüllü humanitar yardım edib, 30 faizi pul verib, 45 faizi isə qərib insanlara arxa olub.
Hesabatda deyilir ki, xoşbəxt adamlar xeyriyyəçiliyə daha çox meyllidirlər. Hesabat bunu da əks etdirir ki, biz yaşlaşdıqca daha əliaçıq və xeyirxah oluruq.
Hesabata görə, əliaçıqlıq cinsdən-cinsə də fərqlənir. Məsələn, bütün dünya üzrə pul yardımının əksərini qadınlar edirlər. Qəriblərin himayə olunmasında isə kişilər üstünlük təşkil edir. Hərçənd Şimali Amerika və Qərbi Avropada bu sahədə də üstünlük qadınlardadır.
Dünyanın ən əliaçıq ölkələri sırasında ilk onluğa Avstraliya, Yeni Zelandiya, Kanada, İrlandiya, İsveçrə, ABŞ, Hollandiya, Britaniya, Şri-Lanka, Avstriya, Laos, Syerra Leone daxildir.
Regional bölgüyə əsasən ən xeyirxah ərazilər Avstraliya, Şimali Amerika, Qərbi Avropadır. Bu sahədə ən aşağı göstərici Şərqi Avropaya aiddir.
Yardımın pul formasına görə Azərbaycan keçmiş sovet respublikaları arasında, demək olar, ən yüksək göstəriciyə malikdir. Burada yardımın 22 faizi pulla edilibsə, 23 faizi yaxşılığa həsr olunan vaxtla edilib. Azərbaycanda xeyirxahlığın qəriblərə əl tutulması forması 48 faiz təşkil edir. Ümumilikdə isə Azərbaycan “Əliaçıqlıq” indeksinə əsaslanan 153 ölkənin siyahısında 67-ci yeri tutur.
Hesabat bu ərazidə Ermənistanı ayrıca qeyd edir və bildirir ki, bu ölkə əhalisinin yalnız 6 faizi pul yardımı göstərib ki, bu da ən aşağı göstəricidr.
Ermənistan siyahıda 115-ci, Gürcüstan isə 134-cü yerdədir. Rusiyanın yeri daha pisdir – 138.
Ümumilikdə Azərbaycan Şərqi Avropa regionunda Kipr və Sloveniyadan sonra üçüncü yerdədir. Azərbaycan “əliaçıqlıqda” Belarus və Ukraynadan, Baltikyanı ölkələrdən, Qırğızıstan və Qazaxıstandan da xeyli irəlidədir.