qhtxeber.az// İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Sabirabad rayonunda “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda növbəti tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən qhtxeber.az-a verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, eləcə də Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. İqtisadi İnkişaf Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Fərid İsayev və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin baş məsləhətçisi Amil Məmmədov çıxış edərək prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı olaraq inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər. Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlığın inkişafına dövlət dəstəyindən danışıb. Tədbir çərçivəsində həmçinin, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Nürəddin Eynullayev sahibkarlar üçün “Biznesdə risklərin idarə edilməsi” və “Biznesin sığortalanması” mövzularında məruzələrlə çıxış edib və təqdimatlar keçirib. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini digər rayonlarda da davam etdirəcək.
|