Qadınların sahibkarlığının inkişaf etdirilməsi sayəsində maariflənməsi üçün xüsusi təlim kursları təşkil edirik. Eyni zamanda, təcrübə mübadiləsi keçmək üçün onların xarici ölkələrə səfərlərini təşkil edirik. Orada onlar sərgi və biznes-forumlarda iştirak edir, xarici iş adamları ilə ikitərəfli görüşlər keçirirlər. Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklərin maliyyə dəstəyi ilə 2009-cu ildə təqribən 80 nəfərdən artıq qadın sahibkarlarımız xarici ölkələrdə təcrübə mübadiləsi keçib. Öyrəndikləri təcrübəni isə ölkəmizdə yəni öz işlərində tətbiq ediblər. 250 nəfərdən artıq gənc qız sahibkarlığı öyrənmək üçün təlim kurslarına cəlb olunub. Gənc qızlar arasında sahibkarlığa həvəsi artırmağa nail olmuşuq.
Gənc qızların məşğulluğunu artırmaq, onların asudə vaxtlarını səmərəli keçirtmək üçün ayda 4 gün sənət yarışı keçirilir. Birliyin nəzdində sənətkarlarla görüşlər keçirilir və gənclər də çox həvəslə bu görüşlərdə iştirak edirlər.
Bundan əlavə sahibkarlıqla məşğul olan və ya bu sahəyə yenicə başlayan qadınlarımıza, müasir dövrün vazkeçilməz və çox mühüm tələblərindən biri olan ingilis, alman, rus dili və kompüter biliklərinin, xüsusi ilə də proqramlardan, internetdən düzgün və səmərəli istifadə qaydalarını öyrətmək üçün kurslar da təşkil olunur. Bunların hamısı gənclərin iqtisadiyyata marağının artmasına, ölkədə sənətkarlığın inkişafına, məşğulluq əmsalının yüksəlməsinə və qadınlarımızın iqtisadi, ictimai fəallığına nail olmaq üçündür.
Siz sahibkar qadınlarımızın beynəlxalq miqyasda təcrübə mübadiləsini qeyd etdiniz. Bu barədə bir az ətraflı danışa bilərsinizmi?
Təkcə 2008-ci ildə yanvar ayında 5 sahibkarı, fevral ayında 8 sahibkarı, mart ayında 12 sahibkar qadını Gəncə şəhərindən xaricə göndərmişik. Onlar Hindistanda, Fransada, Türkiyədə, Yunanıstanda, Ruminyada və digər ölkələrdə keçirilən biznes-forumlarda iştirak etmişlər və təbii, bu sahədə dünyagörüşləri artmış, yeni təcrübəyə nail olmuşdular.
2008-ci il mart ayının 12-15 tarixdə Türkiyənin Mersin Şəhərində dünya Sahibkar qadınlarının “Girişimci İş Kadinlari Derneği” başlığı altında qurultay keçirilmişdir. Bu qurultayda Azərbaycandan 26 nəfər nümayəndə heyəti iştirak etmişdir. Bunlardan biri Qadın, Ailə və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin üzvləri Jalə Əliyeva və Lalə Abbasova, İctimai Televiziyanın əməkdaşı Qərənfil Xəlilova, 9 nəfər Gəncə regionunun sahibkar qadını, 13 nəfər isə digər regionlarımızı qurultayda təmsil edirdilər. Sahibkar qadınlarımız həmin qurultayda digər iştirakçı ölkələrin sahibkarları ilə tanış olmuş və hal-hazırda onlarla biznes əlaqələri qurmuşlar. Hər rayonda 1 nəfər olması nəzərdə tutulsa da, 26 nəfərin 9-u Gəncədən olmuşdur. Sahibkar qadınların sürətli biznes inkişafı onlar üçün Gəncədə yaradılmış münbit şəraitin və Gəncə şəhər icra strukturlarının sahibkarlara xüsusi diqqət və qayğısının nəticəsidir.
Elə ona görə də bir ildə 170 nəfərdən artıq gənc qadınımız sahibkarlıq fəaliyyətinə başlayıb. Ölkəmizdə gedən iqtisadi inkişaf qadınlarımızın sahibkarlıq fəaliyyətinə başlamaq meylini daha da gücləndirmişdir.
Gəncə-Qazax regionlarının iqtisadi inkişaf proqramının həyata keçirilməsində qarşıya qoyulan problemlərin həllinə nail olunubmu?
2004 - 2008-ci illərdə Gəncə - Qazax regionlarının iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramının həyata keçirilməsi çox uğurla başa çatmışdır. Gəncə şəhəri üzrə proqramda qeyd olunan bütün bəndlər yüksək səviyyədə öz həllini tapmışdır. Yeni yollar çəkilmiş və təmir olunmuşdur, məktəblər və uşaq bağçaları tikilmişdir, səhiyyə binaları təmir olunmuş, eləcə də yeniləri inşa olunmuşdur, milli adət ənənələrimiz uyğun abidələr yeniləşdirilmiş və yeniləri tikilmişdir. Eyni zamanda şəhərimizdə böyük idman kompleksi, milli parklar və böyük xiyabanlar gənclərin istifadəsinə verilmişdir. Əvvəldə qeyd etdiyimiz işlərin həyata keçirilməsi sahibkarlığın inkişafında böyük dönüş yaradaraq, uğurlar əldə etməyə imkan yaratmışdır. Bu uğurları qadın sahibkarların uğurlarına da şamil etmək olar.
Hörmətli prezidentimiz cənab İlham Əliyev prezident səlahiyyətlərini həyata keçirəndən bu günədək Gəncəyə 9 dəfə səfər etmişdir. Hər səfərində Gəncədə mədəniyyət abidələrinin, parkların, fəvvarələrin açılışında iştirak etmişdir. Elə bu səbəbdəndir ki, Gəncədə sahibkarlara nəzərə çarpacaq dərəcədə münbit şərait yaradılıbdır. Şəhərimizin icra orqanlarının sahibkarlara diqqət və qayğısının nəticəsidir ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlara kömək milli fondundan 2009-cu ildə Gəncə regionundan 5 nəfər sahibkar qadın güzəştli kreditlə təmin olunub. Həmçinin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə əməkdaşlıq edir və onların maliyyə yardımı ilə qadın sahibkarların maariflənməsi və digər məsələlərlə bağlı layihələr həyata keçirdirik.
Qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməyimizə baxmayaraq, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Qadın Ailə və Uşaq Komitəsi, Əmlak Komitəsi ilə sıx əməkdaşlıq edir və birgə fəaliyyət göstəririk. Gəncədə bizə “Qızıl Əllər” Məhdud Məsuliyyətli Cəmiyyət, ”Zirvə” Məhdud Məsuliyyətli Cəmiyyət, AQRO bank və “Turan” bank kimi təşkilatlar da maliyyə dəstəyi göstərmişdilər.
Gəncə şəhərində yaradılan münbit sahibkarlıq şəraiti nəticəsində 1300 nəfər sənətkarlıqdan təcrübə qazanmış və ailə sahibkarlığı ilə məşğul olan gənc vətəndaşımızı qeydiyyata almışıq. “Bu günün sənətkarı sabahın sahibkarıdır ”- devizi ilə işləyirik. Bizə bu münbit şərait yaradan ölkə rəhbərliyinə bütün sahibkar qadınlar adından təşəkkürümüzü bildiririk. Sahibkar qadınlar heç də kişilərdən geridə qalmır, onlar daha məsuliyyətli işləyirlər. Bu gün sahibkar qadınlar öz potensialından istifadə etmək üçün bütün imkanlara malikdirlər.
Müsahibə: Sevinc