“Azad həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 2001-ci ildə təsis edilib, 2004-cü ildə dövlət qeydiyyatından keçib.
Birliyimizin məqsədi siyasət, iqtisadiyyat, hüquq, tibb və s. sahələri üzrə əhali arasında maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir. Təşkilatımız öz gücündən istifadə edib, bir çox layihələr həyata keçirmiş və istədiyi nəticəni əldə etmişdir. 2005-ci ildən bəri İslam Konfransı Təşkilatı olaraq fəaliyyət göstərən İSESCO-nun təşəbbüsü ilə hər il islam mədəniyyətini əhatə edən regionların bir neçə şəhəri islam dünyasının mədəni paytaxtı kimi təqdim olunur və ilboyu həmin şəhərlərdə müxtəlif çeşidli mədəni-kütləvi tədbirlər keçirilir. Bakı öz mədəni rəngarəngliyi və mütərəqqi cərəyanların qədim ənənələrlə üzvi şəkildə uzlaşması ilə bütün dünyada tanınmışdır və buna görə də paytaxtımız bütün islam dünyasının mədəni mənzərəsində xüsusi yer tutur. Təşkilatımız bunları nəzərə alıb, Açıq Cəmiyyət İnstitutu – Yardım Fonduna (ACİ YF) “Bakı – İslam Dünyasının Mədəni Paytaxtı” adlı layihəsini təqdim edərək, İSESCO-nun layihəsinə elmi və mədəni ictimaiyyət tərəfindən təkliflərin hazırlanması və müzakirəsi ilə bağlı öz töhfəsini verməyi planlaşdırmışdır. ACİ–YF layihəmizə dəstək verdi. Mövzunun konseptual baxımdan işlənilməsi ölkənin nüfuzlu mədəniyyət tədqiqatçılarına həvalə edilmişdir. Hesab edirəm ki, Bakıda İslam Mədəniyyəti Paytaxtı proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə bizim layihə üzrə hazırladığımız təkliflərimiz də müəyyən müsbət təsirə malik ola bilər. Çünki bu təkliflərimiz yüksək peşəkarlıq səviyyəsi olan mütəxəssislər dairəsində geniş müzakirə olunmuş və paket formasında yekun sənəd kimi Mədəniyyət və Turizm Nazirliyinə təqdim edilmişdir. Həmin materialların elektron versiyası hazırlanıb mövcud veb-saytlarda yerləşdirilmişdir. Təşkilatımız bir layihə ilə kifayətlənməyib. İctimai, mədəni həyatımızın müxtəlif sahələri üzrə mövcud olan problemlərlə bağlı bir çox layihələr üzərində işləməyə başlamışdır. Belə ki, BMT İP Xəzər Ekoloji Proqramı çərçivəsində Sumqayıt şəhərində “Xəzərin ekologiyası və ətraf mühitin qorunması üçün yeniyetmə gənclərin maarifləndirilməsi ” adlı layihəni həyata keçirdik. Tədbirdə ekologiya ilə bağlı yeniyetmə gənclərimizlə ətraflı söhbətimiz oldu. Gənclərimiz öz fikirlərini bildirdilər. Ekoloji problemlərlə bağlı gənclərimizi lazımı səviyyədə maarifləndirdik. Əsas məsələ odur ki, gənclik problemlərin, o cümlədən ekoloji problemlərin ağırlaşmasına yox, hər kəsin öz qüvvəsi daxilində onların aradan qaldırılması düşüncəsinə malik olsun. Yalnız o zaman ətraf mühitin qorunması, şəhər və kəndlərimizin ekoloji baxımdan çiçəklənməsinə nail olmaq mümkündür. Daha sonra biz Avrasiya Fondu ilə Gəncə və Mingəçevir şəhərlərində “ 0-11-ci sinif şagirdləri üçün test imtahanlarına hazırlıq kurslarının keçirilməsi” adlı layihənin üzərində işlədik. Layihədə şagirdlərimizə lazımı səviyyədə dərslər keçirildi. Uşaqlar istənilən biliyi əldə edə bilirdilər. Layihələrimizdən biri də Britaniya Səfirliyinin dəstəyi ilə reallaşdırılan regional layihə idi. Layihə çərçivəsində Cənubi Qafqaz dövlətləri və QHT təmsilçiləri ilə birgə “Qafqaz bizim ümumi evimizdir” adlı tədbirimiz oldu. Burada Qafqaz xalqlarının yaxınlaşması və əməkdaşlığı üçün faydalı müzakirələr keçdi. Digər layihəmiz UNDP/NRTC-nin dəstəyi ilə Ağcabədi və Qəbələ rayonunda 2 orta məktəbin qismən təmirinə aid idi. Bu təmir işlərinin müvəffəqiyyətlə həyata keçirilməsinə görə müəllimlər və şagirdlər bizə öz təşəkkürlərini bildirdi. Bu donorun dəstəyi ilə Suraxanı rayonunda məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün “Kompyüter və mühasibat uçotu kurslarının təşkili” adlı bir layihə də həyata keçirdik. Tədbirlərimiz maraqlı və məhsuldar oldu. Burada insanlar lazımı kompyüter proqramları və dərsliklərlə maarifləndirilirdi. İndi “Azad həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi olaraq, reallaşdırmağa çalışdığımız bir neçə layihə var, onların planlaşdırılması üzrə gərgin iş gedir.
Hazırladı: Nərmin Sadıqova
|