qhtxeber.az// Onunla görüşümüz klubun yubiley ərəfəsində oldu. Söhbətimiz maraqlı alındı. Əslində belə də olmalı idi. Çünki müsahibim sözün həqiqi mənasında intellekt sahibi idi. Hardan soruşsan cavab hazır idi. Özü də etiraf edir ki, bu artıq vərdiş halını alıb. O, altıncı hissə, instinktə çox arxalanır. Həmişə çətin sualları cavablandırmağa alışmış müsahibimizi sadə sualların sınağına çəkdik.
«Xəzər» İntellektual Gənclər Klubunun 10 ildə gördüyü işlər barədə soruşduqda uzun-uzadı statistik məlumatlar, yaxud da görülən hər iş barədə danışmadı. Qısaca, 10 illik fəaliyyətlərini 1-2 cümləyə sığışdırdı. Amma bu o demək deyil ki, 10 il ərzində Klubun fəaliyyəti geniş olmayıb. «Xəzər» İntellektual Gənclər Klubu bu müddət ərzində 16 min gəncə xidmət göstərib. Bunun özü artıq bir göstəricidir. Klub hər il 1000-2000 min insanla üzləşir, müxtəlif tələbələr, şagirdlər, gənclərlə görüşürlər, yarışlar keçirir. «Xəzər» İntellektual Gənclər Klubunun sədri Seymur Teymurov deyir ki, təşkilatın ən uğurlu illəri 2005-2007-ci illərdir: - Çox təəssüf ki, o illərdən sonra bizə müraciət edən, oyunlarda iştirak edən gənclərin intellektual potensialı aşağı düşməyə başladı. - Bunu nə ilə əlaqələndirirsiniz? - Məncə, 2005-ci ilə qədər vəziyyət ona görə yaxşı idi ki, klubun əksər üzvləri Sovet təhsil sistemi görmüşdülər. Müstəqilliyimiz bərpa olunandan sonra təhsil sistemimizdə aparılan dəyişikliklər öz təsirini göstərdi. Baş verənlər gənclərin intellektual baxımından hədsiz zəifləməsinə gətirib çıxardı. İndiki gəncliyin təhsilə, kitaba, mütaliəyə marağı azdır. Burda valideynlərin də böyük rolu var. Onlar övladlarında kitaba maraq oyatmalıdırlar. Əlbəttə, heç bir valideyn istəməz ki, övladı savadsız olsun. Lakin bir məqamı da xüsusi qeyd etməliyəm. Lazımı kitabları da tapmaq çox çətin olur. Bu gün elə paytaxt Bakının azsaylı kitab mağazalarında Azərbaycan dilində ədəbiyyat rus dilli ədəbiyyatdan qat-qat azdır. Olan-qalan həmin mağazalara da gedəndə ana dilimizdə istənilən sahə üzrə ədəbiyyat tapmaqda çətinlik çəkirsən. Burdan isə o nəticə çıxır ki, Azərbaycanda rus dilli insanlar azalsa da, rus dilli ədəbiyyata maraq hələ də itməyib. Deyəsən bir az sualınızdan kənara çıxdım. - Əksinə, indi cavablandırmağınız istədiyimiz sual elə dillə bağlıdır. Söhbət sizin klubun dilindən gedir. Biz bilirik ki, «Xəzər» İntellektual Gənclər Klubu ilk təşkilatdır ki, Azərbaycanda intellektual oyunları ana dilimizdə keçirməyə başladı. O zaman rus dilində keçirilməsi ənənə halını almış bu oyunların Azərbaycan dilində hazırlanması çətinliklər törətmədi? - Əlbəttə çətin idi. O qədər çətinliklərimiz olub ki... Ancaq indi onlar xoş bir xatirə kimi yaddaşımıza həkk olub. Bu işə təzə-təzə başlayanda Bakı Dövlət Universitetinin sınıq-sökük auditoriyalarında toplaşırdıq. Hər həftənin şənbə-bazar günləri gah Tarix, gah Hüquq, gah bir başqa fakültədə yığışıb oyunlarımızı keçirirdik. Hər dəfə də səs-küy çox olduğuna görə bizi fakültədən çıxarırdılar. Bir müddətdən sonra bizi ümumiyyətlə universitetdən çıxartdılar. Dediyim kimi, səsimiz-küyümüz çox idi. Hər sualın düzgün cavablandırıldığını eşitdikdən sonra necə sakit durmaq olar? Əlbəttə, sevinc hissini saxlamaq olmurdu. Buna görə də danlanırdıq. Sonra Azərbaycan Dillər Universitetində, bir ildən sonra isə Bakı Slavyan Universitetində yığışmağa başladıq. İndi atrıq öz məkanımız var və biz hər həftə sonu toplaşır, oyunlarımızı orada təşkil edirik. Onu da qeyd edim ki, hazırda müxtəlif universitetlərdə üç klub yaratmışıq. Bu klublar Slavyan, Texniki və Bakı Dövlət Universitetində fəaliyyət göstərir. Biz bu klublardakı oyunları sinxron olaraq təşkil edirik. - Demək olarmı ki, bu yola çıxarkən qarşınıza qoyduğunuz məqsədə çatmısınız? - Bəli, belə demək olar. Bizdən əvvəl Azərbaycanda intellektual oyunları “Atəşgah” klubu təşkil edirdi. Bu klub 1988-ci ildən fəaliyyət göstərir. Biz Azərbaycan dilli oyunlar klubunu yaratmazdan öncə “Atəşgah” klubunda çıxış edirdik. 1988-ci ildən 2001-ci ilə qədər xeyli vaxt keçməsinə baxmayaraq Azərbaycan dilli oyun klubu yox idi və bunu biz yaratdıq. 10 il ərzində yetişdirdiyimiz klub üzvləri arasında nəinki Azərbaycan dilində, hətta rus dilində beynəlxalq arenada təmsil olunan yaxşı oyunçular var. Biz çalışırıq ki, cəmiyyətə xeyrimiz dəysin. - Klubun üzvlərin arasında məşhurlar, tanınmışlar varmı? - Var, niyə yoxdur? Onlar arasında gənc liderlər çoxdur. Sıramızda televiziya aparıcıları, müxtəlif bankların hüquqşunasları, özəl sektorda çalışan piar menecerlər var. Hətta aramızda dövlət qurumlarında fəaliyyət göstərən şəxslərin, həkimlərin, müstəntiqlərin sayı da kifayət qədərdir. - Sıralarınıza qatılmaq üçün nə etmək lazımdır? - Bizim kluba üzv olmaq çox sadədir. Öz komandanızla şənbə və bazar günü klubumuza gəlin, oyunlarda iştirak edin və qeydiyyata düşün, vəssalam. Hazırda “Xəzər” İntellektual Gənclər Klubunun 360 üzvü var. Klubda iştirak edənlər çox maraqlı, qeyri-standart fikirləşmək bacarığına malikdirlər. - Bu oyunlar sizə nə verib? Yaxud da, belə deyək, nəyi öyrədib? - Biz bir dəqiqə ərzində çətin vəziyyətdən çıxmağı öyrənmişik. Hər oyuna getdikdə 40–50-yə yaxın suallar bizə ünvanlanır. Biz isə 1 dəqiqəlik vaxt ərzində hər bir sualın cavabını tapmalıyıq. Bu oyun bizə çoxlu biliklər verib. - Bəs fəaliyyətinizi genişləndirmək, regionlarda da oyunlar təşkil etmək fikriniz varmı? - Əslində, bir neçə il bundan qabaq Gəncə, Şəki, Lənkəran və Mingəçevirdə öz filiallarımızı yaratmışdıq. Biz onları maliyyələşdirmirdik, sadəcə suallarla yarışlara dəstək verir, fəaliyyətlərini koordinasiya edirdik. Amma sonradan həmin klublar müəyyən çətinliklərlə üzləşdilər və bu, onların fəaliyyətinin davamlığına son qoydu. Buna baxmayaraq bu məsələ bizim diqqətimizdədir və region gənclərinin də intellektual potensialının inkişaf etdirilməsinə öz töhfəmizi vermək niyyətindəyik. - Hansı donorlarla əlaqə saxlayırsınız? - Açığı indiyədək klub özü özünü saxlayıb. Üzvlərimizin ianələri hesabına xərclərimizi qarşılamışıq. Yalnız bir dəfə dövlətdən maliyyə dəstəyi almışıq. Gənclər və İdman Nazirliyi layihələrimizdən birini qismən maliyyələşdirib. Biz gənclərlə işləyirik, onların intellektual potensialının aşkarlanmasına yardımçı oluruq. Bu isə sağlam vətəndaş cəmiyyətinin formalaşmasına bir töhfədir.
P.S. «Xəzər» İntellektual Gənclər Klubunun üzvlərini yubiley münasibətilə təbrik edir, oyunlarında uğurlar diləyirik. 10-un arxasına daha bir sıfırın əlavə olunmasını arzulayırıq.