|
qhtxeber.az// Gənclər üçün Təhsil Mərkəzi 2012-ci ilin əvvəlindən etibarən gənclərin elmi yaradıcılığına dəstək verəcək yeni proqrama başlayacaq. GTM-in mətbuat xidmətindən qhtxeber.az-a verilən məlumata görə, Proqramın əsas məqsədi gənclərin elmi yaradıcılıq fəaliyyətinə marağının artırılması, müxtəlif elm sahələri üzrə araşdırma və tədqiqat işlərinin aparılmasında gənclərə dəstək verilməsi, gənclərin elmi mübadilələrinin təşkil olunması, gənclərə elmi işlərin hazırlanmasında texniki yardımın göstərilməsi və elmi yaradıcılıq işlərinin nəticələri barədə ictimaiyyətin məlumatlandırılmasına kömək etməkdir. Bunun üçün Mərkəz müxtəlif ali təhsil ocaqları və elmi-tədqiqat institutları ilə qarşılıqlı əməkdaşlıq etmək, onlarla birgə müxtəlif tədbirlərin keçirilməsi üçün tədbirlər planı üzərində işləyir. Qeyd edək ki, növbəti ildən etibarən proqram çərçivəsində intensiv olaraq, elmi işlərin və məqalələrin hazırlanmasına, eyni zamanda elmi müdafiələrin təşkili qaydalarına həsr olunmuş təlimlər də keçiriləcək. Mərkəz elmi yaradıcılıq fəaliyyətinə gənclərin marağının artırılması məqsədilə gənclər üçün müxtəlif yay və qış məktəblərinin, təlim və seminarların, elmi-praktik konfransların, beynəlxalq səfər və mübadilələrin təşkilini, elmi saytların və məlumat bazalarının yaradılmasını və yaddaş kitabçalarının hazırlanmasını planlaşdırır.
|