Müəllif hüququ © WWW : QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Araşdırma » BİZiM ARAŞDIRMA Qondarma quruma ayrılan qrantların əsl təyinatını gizlətmək mümkünsüzdür (4-cü yazı)
22.01.10 12:11

Ötən yazılarımızda da qeyd etmişdik ki, ABŞ Ermənistandan sonra Dağlıq Qarabağa birbaşa yardım edən ikinci dövlətdir.

1998-ci ildən bəri ABŞ Konqresi humanitar yardım alan dövlətlər sırasına Dağlıq Qarabağı da əlavə edib (Konqresin Araşdırma Xidməti, "1999-cu il üçün maliyyə ayrılması: xarici əməliyyatlar, maliyyə ixracı və müvafiq proqramlar", Konqres Kitabxanası, 2 noyabr 1998-ci il).
Maraqlısı budur ki, ABŞ-dan ayrılan maliyyəni USAİD (Beynəlxalq İnkişaf Agentliyi) idarə edir (ABŞ hökumət rəsmisinin Böhran Qrupunun əməkdaşına müsahibəsindən, 2005-ci il, may ayı). Bunu sübut etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, USAİD-in Konqres qarşısında hesabatını oxumaq kifayətdir: "2004-cü ildə ABŞ Dağlıq Qarabağa 23.274.992 dollar vəsait ayıracağını elan etsə də, faktiki olaraq 17.831.608 dollar xərclədi". Bu, USAİD-in həyata keçirdiyi layihələrin dəqiq rəqəmlərlə hesabatından bir bənddir. Hesabat 11 fevral 2005-ci ildə açıqlanıb. Yuxarıda qeyd etdiyimiz Amerika rəsmisinin sözlərinə görə, həmin maliyyə "Ermənistana Yardım Fondu", "Uşaqları qoruyaq" (Save the Children) və digər təşkilatlara ayrılır. Yeri gəlmişkən, onu da qeyd edək ki, ABŞ həm də Dağlıq Qarabağın xarici ölkədə nümayəndəliyi (1140 19th Street, NW, Suite 600, Washington, DC 20036) fəaliyyət göstərən ikinci dövlətdir. Nümayəndəliyin rəsmi saytı fəaliyyət göstərir. Saytın girişində "Hörmətli qonaq, Dağlıq Qarabağ Respublikasının ABŞ-dakı Ofisinin rəsmi saytına xoş gəlmisiniz. Bura Dağlıq Qarabağ Respublikasının nümayəndəliyidir" sözləri yazılıb. İndi istədiyiniz qədər bəhanə gətirə bilərsiniz. Fakt göz qarşısındadır. Bir ölkənin ərazi bütövlüyünü bu qədər sual altına almaq, separatizmin genişlənməsi üçün bu qədər imkan yaratmaq hər dövlətə qismət olası həyəsızlığa, beynəlxalq qanunlara fikir verməmək qədər etinasızlığa nadir hallarda rast gəlinir. Linklər arasında "xarici siyasət" avantürasına, "Artsax dostları" reallığına, "Dağlıq Qarabağ 1918-ci ilə kimi", "1918-1920-ci illər", "Sovet dövrü", "1923-1988 azadlıq mübarizəsi", "1988-90-cı il inkişafı" kimi nağıllara, "Azərbaycan diskriminasiyası" cəfəngiyatına, "Sumqayıt faciəsi" uydurmasına, "etnik təmziləmə siyasəti" şərinə, "İslam muzdurları Dağlıq Qarabağ müharibəsində" yalanına rast gəlmək olar. Hərçənd ABŞ demokratik dövlətdir və burada QHT yaratmaq, onu qeydiyyatdan keçirmək elə də problem deyil. Bu nümayəndəlik də Ədliyyə Nazirliyində məhz adi bir QHT kimi qeydiyyatdan keçib. Hər halda bu, ABŞ üçün başucalığı gətirən iş deyil. ABŞ maliyyəsindən, ABŞ qonaqpərvərliyindən və "demokratiya"sından geninə-boluna yararlanan "Hayastan" Ümumerməni Fondu Dağlıq Qarabağa ən çox yardım edən, bütün beynəlxalq norma və qaydalara məhələ qoymadan fəaliyyət göstərən təşkilatlardandır. Los-Ancelesdə keçirilən marafonun təşkilatçısının da məhz bu Fondun olduğunu ötən yazılarımızda qeyd etmişdik. Araşdırmalarımız nəticəsində dəqiqləşdirdik ki, mərkəzi ofisi İrəvanda yerləşən Fond ABŞ-ın ayırdığı maliyyənin bir hissəsini Qarabağ üçün bölüşdürür. Bu fond uydurma erməni soyqırımı şousunun Xankəndində keçirilən növbəti sayıqlamasının baş sponsoru olub. Orada iştirak edən 6 gənclər təşkilatı da ötən il ABŞ maliyyəsindən yararlanan QHT-lərdəndirlər. Fondun dəsti-xətti, strategiyası aydındır. Fond 1992-ci ildə Ermənistanın və xaricdəki erməni diasporunun köməyi ilə Dağlıq Qarabağın bərpası və separatçı fəaliyyətini davam etditrməsinə dəstək verməyi qarşısına məqsəd qoyub. Bəs kim tərəfindən təsis olunub? Bəlkə də bu fakt məqaləni oxuyanlar üçün inanılmaz olacaq, amma faktdır: Ermənistanın keçmiş prezidenti, indi demokratiyadan, söz azadlığından, insan haqlarından dürlü-dürlü danışan Levon Ter-Petrosyan tərəfindən. Hüquqi nonsensin növbəti dəfə erməni sifətində zühuru. Bir ölkənin prezidenti işğal etdiyi əraziyə maliyyə, hərbi və hüquqi yardımlar göstərilməsı üçün Fond təsis edir. Bəs indi kim rəhbərlik edir? Erməni xislətinə yaxşı bələd olan bizlər üçün adi hal olsa da, siz amerikalılar inanmayacaqsınız. Fonda 2003-cü ilin oktyabrından separatçı qurumun keçmiş xarici işlər naziri Naira Melkumyan rəhbərlik edir. Bəli, bəli, cənablar, məhz separatçı reyimin başbilənlərindən biri hazırda fondun icraçı direktorudur. Və sizlər belə bir Fondu maliyyələşdirməklə "ayı xidməti"nizi göstərmiş olursunuz. Pullarınız hara xərclənir? Təkcə bir layihəni qeyd edəcəyik. "Artsax" layihəsi Fondun ən çox pul xərclədiyi layihələrdəndir. Layihənin xərcləri 2002-2004-cü illərdə 2.310.128 dollardan 4.528.618. dollara qədər artıb. "Hayastan" Ümumerməni Fondunun 2002-2004-cü illərdə açıqladığı hesabatlarda bu pulların şimal-cənub nəqliyyat yolunun tikintisinə, evlərin təmirinə, məktəb və tibb müəssisələrinin yeniləşməsinə xərcləndiyi deyilir (mənbə http://www.himnadram.org/eng/ "Auditlərin hesabatı"). Əgər sizlər ermənilərin ayrılan vəsaiti separatizmi dəstəkləyən təşkilatlarla əməkdaşlığa, Azərbaycana qarşı qara piar kampaniyasının aparılmasına, hərbi xuntanın saxlanılmasına xərcləndiyini etiraf edəcək hesabat hazırlayacağına inanacaq qədər sadəlövhsünüzsə, biz bu mərhələni çoxdan keçmiş praqmatiklərik. Onların döyüşlərdə həlak olanların ailələrinə, əlillərə xərclənən 144.710 (2002-ci il), 175.816 dollarla (2003), 266.851 (2004-cü il) bağlı hesabatlarına bəlkə də inanmaq olar. Amma bundan o tərəfi yoxdur. Bu layihələr sosial yönümlü deyil. Başqa bir məqam. Dağlıq Qarabağ ərazisində hal-hazırda pul vəsaiti kimi dövriyyədə erməni dramıdır. Bu bir qanunsuzluqdur. İkincisi, Dağlıq Qarabağ ərazisində Mərkəzi Bank yoxdur. Bu işi İrəvanda fəaliyyət göstərən "Artsaxbank" həyata keçirir. Bankın fəaliyyətinə "Qarabağın dövlət büdcəsinin təminatı, büdcə təşkilatlarının maliyyələşməsi, erməni dramı ilə həyata keçirilən bütün köçürmələr, Dağlıq Qarabağda fəaliyyət göstərən kommersiya qurumlarının Ermənistana pul köçürmələrini təşkil etmək, Dağlıq Qarabağda fəaliyyət göstərən kommersiya qurumları haqda "DQR" rəhbərliyinin göstərişi ilə informasiya bazası yaratmaq daxildir. Bankın rəhbərləri Erməni Biznes Fondunun təsisçiləridirlər. Bu təşkilat isə Dağlıq Qarabağa ən çox kredit ayıran fonddur. Yeri gəlmişkən deyək ki, Dağlıq Qarabağda 5 erməni bankının nümayəndəliyi fəaliyyət göstərir: Armekonombank, Armimpeksbank, Ardşininvestbank, Unibank, Ardşininvestbank (Laçın). "Artsaxbank"ın rekvizitlərinə gəldikdə isə çox əhatəli və rəngarəng olduğu görünür. Bankın xarici banklardakı hesablaşma hesabları aşağıdakılardır: 1. "Via Dresdner Bank"dakı (FrankfurtMain) hesablaşma hesabı (SWIFT: DRES DE FF) account with institution: Artsakhbank CYSC, Armenia, Yerevan). 2. "Via Ubs Bank" (Sürix). (Payees Correspondent: Ubs Ag, Zurich, Bank Of Switzerland, swift: ubswchzh80a, account 230-36034.71H USD). 3. "Via Raifessen Bank" (Avstriya). (Payees Correspondent: Raifessen Bank, Swift: rzbaatww). Bu hesab nömrələrini qeyd etməklə ona işarə vururuq ki, bu bank Dağlıq Qarabağa ötürülən vəsaitlərin əsas körpüsü rolunu oynayır. ABŞ yardımları, QHT-lərə ayrılan pullar da bu bankın xətti ilə həyata keçirilir. Ən əsası odur ki, bank çirkli pulların yuyulması, narkotik ticarəti, silah alverindən əldə olunan çirkli vəsaitlərin yuyulmasında liderdir. Maliyyə haqda hələlik bu qədər. Minaaxtarma bəhanədir... ABŞ səfirliyinin açıqlamasında qeyd olunurdu ki, ABŞ-ın ayırdığı maliyyə ərazilərin minadan təmizlənməsi üçün də xərlənəcək. Bəlkə də başqa bəhanə gətirilsəydi, üstündən sükutla keçmək mümkün olardı. Amma nə edəsən ki, məhz ərazilərin minalardan təmizlənməsi kimi mahiyyətindən fərqli səbəblərin dayandığı bəhanələr gətirilir. Nəyi nəzərdə tuturuq və mina təmizləmək kimi böyük humanitar işə niyə "qara yaxırıq"? Xankəndinin Tumanyan küçəsində Ət Kombinatı ilə üzbəüzdə birmərtəbəli ağ binada İngiltərənin "Halo Trast" minalardan təmizləmə Humanitar təşkilatının ofisi yerləşir. (Böyük Britaniyada qeydiyyat nömrəsi no.1001813 və SCO37870). ABŞ qeydiyyat nömrəsi 501(c)(3) Not-for-Profit organisation). Bu təşkilat qədər Azərbaycan qanunlarına məhəl qoymayan, bütün beynəxalq hüquq və prinsipləri ayaq altına atan, humanitar işləri korrupsiya predmetinə çevirən ikinci bir təşkilat çətin tapıla. Böyük Britaniya rəsmiləri dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, ölkəni təmsil edən bu təşkilatın fəaliyyəti hər şeyi alt-üst edir. Krallıqda qeydiyyatdan keçmiş "Halo-Trast" internet səhifəsində Dağlıq Qarabağ ərazisini müstəqil dövlət kimi təqdim edib. Dağlıq Qarabağın bütün şəhər mərkəzləri isə erməni adları ilə qeyd edilib. Rəsmi Bakının etirazlarına baxmayaraq, bu təşkilat Qarabağda fəaliyyətini davam etdirir. Məsələ bundadır ki, "Halo Trust"ın təqdimat mərasimində Dağlıq Qarabağ müstəqil dövlət kimi göstərilib. İkincisi, bu təşkilatın saytında minalardan təmizlənmə həyata keçirilən dövlətlərin siyahısında Dağlıq Qarabağın da adı dövlət kimi qeyd olunub. Üçüncüsü, təşkilat Dağlıq Qarabağda fəaliyyətinə Azərbaycan dövlətinin icazə olmadan başlayıb və fəaliyyətini indi də davam etdirir. Dördüncüsü, bütün rəsmi məlumatlarda təşkilatın fəaliyyətinin Dağlıq Qarabağ və Azərbaycan sərhədində qurulduğu qeyd olunur. Hətta deyilir ki, təşkilat öz fəaliyyətinə Azərbaycan və Dağlıq Qarabağ arasında imzalanan atəşkəs müqaviləsindən sonra başlayıb. Bu sözlər kifayət edir ki, təşkilatın nəinki Dağlıq Qarabağda fəaliyyətinə xitam verilsin, eləcə də beynəlxalq məhkəmə ilə cəzalandırlması istənilsin. Əvvəla, atəşkəs Dağlıq Qarabağla Azərbaycan arasında deyil, Ermənistanla bağlanıb. İkincisi, Azərbaycanla onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağ arasında sərhəd ola bilməz. Hələlik atəşkəsə uyğun olaraq cəbhə xətti anlayışı var. Təşkilatın fəaliyyətində qaranlıq məqamlar çoxdur. Həmin məqamlardan biri bu təşkilatın Qarabağa cəlb etdiyi minaaxtaranlar qrupunda keçmiş hərbçi və kəşfiyyatçıların üstünlük təşkil etməsidir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat mərkəzinin eks-rəhbəri Xəzər İbrahim mətbuata açıqlamasında rəsmi bəyan etmişdir ki, qeyd edilən təşkilatın Dağlıq Qarabağda fəaliyyəti qeyri-qanunidir. Xəzər İbrahim bu təşkilatın dünyanın bir sıra münaqişəli məntəqələrində hərbi təlim və bu kimi başqa xidmətlər göstərdiyinə dair iddiaları da əsassız saymır. "Halo Trast"ın minadan təmizləmə adı altında əslində, işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimlər keçdiyini istisna etmir. Xatırladaq ki, Dağlıq Qarabağ ərazisində minalardan təmizləmə, partlamamış mərmilərlə işi Qarabağ terrorçularının xüsusi mühəndis bölməsi və Qarabağ Xilasesici Xidmətinin minaaxtaranlar bölməsi həyata keçirir. Təşkilat isə məhz bu qurumlarla əməkdaşlıq edir. Daha doğrusu, təşkilat işini xuntanın hərbi birləşmə rəhbərləri ilə sıx əməkdaşlıq çərçivəsində qurur. Bunu sübuta yetirəcək kifayət qədər fakt var. Biz yalnız birini, mətbuata sızanı qeyd edəcəyik. Ermənistan mətbuatı 2008-ci ilin sonlarında "Halo Trust" təşkilatının yeni koordinatoru Patrik Tomson ilə Dağlıq Qarabağın müvəqqəti rəhbərləri arasında keçirilən görüşdən söz açırdı. Məlumatda deyilirdi ki, tərəflər gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər. Həmin görüşdə isə "DQR" Xilasetmə Xidmətinin direktoru Arsen Sarkisyan və "DQR" ərazisində mina problemləri məsələləri komissiyasının sədri Mikael Qasparyan və "Halo Trast"ın proqram koordinatoru iştirak ediblər. Təşkilat bu cür yanaşması ilə humanitar addımı siyasi riyakarlıq həddinə qədər gözdən salmış olur. Azərbaycan tərəfini narahat edən başqa bir məsələ. "Dağlıq Qarabağ ərazisində və onun ətrafındakı yeddi rayonda minalanmış ərazilərin miqyası ilə bağlı heç bir məlumat yoxdur. Amma təhlükənin miqyası təsəvvür edilir. Buna görə də Azərbaycan danışıqlar prosesində tələb etməlidir ki, sülh müqaviləsi olacağı təqdirdə Ermənistan minalanmış ərazilərin xəritələrini və formulyarlarını təqdim etsin". Bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov mətbuata açıqlamasında bildirmişdi. Onun sözlərinə görə, Dağlıq Qarabağda və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. 1994-cü ilin yanvar ayında Azərbaycan ordusu uğurlu qış əməliyyatları aparıb 30-a yaxın kəndi işğaldan azad edəndən sonra iki il ərzində Müdafiə Nazirliyinin mühəndis istehkam qoşunları həmin kəndlərdən 41 minə yaxın mina təmizləmişdi. Halbuki həmin 30 kənd 4 ay işğal altında qalıb. Dağlıq Qarabağ və onun ətrafı 1993-cü ildən işğal altındadır. Həm döyüş gedən ərazilər, həm də bufer zonalar minalanıb. Ən pisi isə odur ki, 1994-cü ildən əvvəl həm Ermənistan, həm də Azərbaycan tərəfdən döyüşlərin əksəriyyəti batalyonlar səviyyəsində aparılıb. O zaman minalanmış ərazilərin xəritələri isə tərtib edilməyib. Qeyd edilməlidir ki, Ermənistan indiyə qədər Dağlıq Qarabağ münaqişəsini bəhanə gətirərək "Minaların qadağan olunması haqqında" BMT konvensiyasına qoşulmayıb. Çünki Konvensiyanın bəndlərindən biri də şəffaflıqla bağlıdır. Ermənistan konvensiyaya qoşulsa, nəzarətində olan ərazilərdə minaların sayı və xəritələri ilə bağlı BMT-yə hesabat verməlidir. Bu isə Ermənistana sərf etmir. İkinci məqam isə təşkilatın fəaliyyətində böyük maliyyə maxinasiyaları, korrupsiya fraqmentləri olması şübhələri ilə bağlıdır. Bu iddialarımızı arqumentləşdirək. Söhbət nədən gedir? "Kavkazskiy Uzel" saytı yazırdı ki, Dağlıq Qarabağın minalardan tam təmizlənməsi üçün 15 mln. dollar lazımdır. Bu proses 5 ilə başa çatacaq. İndi gəlin hesablayaq. ABŞ-ın ayırdığı ötənilki vəsait 8 milyon dollar civarında olub. Bu il də elə o qədər vəsait ayrılır. Bunun bir qismi infrastrukturun yeniləşməsinə sərf olunacaq. Qalan vəsait ərazilərin minalardan təmizlənməsi üçün ayrılıb. Bu rəqəmləri nəzərə alsaq, təşkilat yaxın 5 ilə Dağlıq Qarabağı tərk etməlidir. Amma bu realdırmı? Məsələ bundadır ki, "Halo Trast" təşkilatını ABŞ-dan əlavə Böyük Britaniya, Hollandiya da maliyyələşdirir. 2003-cü ildə "Halo Trast" 600 min dollar Hollandiyadan, 450 min dollar ABŞ-dan alıb (US Agency for International Development ), 95000 dollar "Cafesyian Foundation" təşkilatından və "Cooperative Bank"qrant alıb. Bu məntiqlə ABŞ-ın maliyyə dəstəyinə ehtiyac yoxdur. Əgər ABŞ maliyyəsini də əlavə etsək, böyük rəqəmli maliyyə alınır ki, bu da az müddətdə işləri yekunlaşdırmağa imkan verər. Bəs niyə yekunlaşmır? Qeyd etdiyimiz şübhələr də buradan başlayır. Bunu ayırd etmək üçün 1993-2007-ci illərdə Dağlıq Qarabağ ərazisində minalardan təmizlənmə prosesinin statistik göstəricilərinə baxmalıyıq. Qarabağda yaşayan ermənilərin səhiyyə idarəsinin məlumatına görə, 1993-1999-cu illərdə minalardan 687 nəfər ziyan çəkib. Onlardan 180 nəfər ölüb, 507 nəfər yaralanıb. Bu göstəriciyə inansaq, Qarabağ həlak olan dinc əhalinin sayına görə Kamboca, Əfqanıstanla bir sırada durur. Başqa bir məlumatı UNDP (The United Nations Development Program) yayıb. Onların məlumatına görə, 1994-cü ildən 2000-ci ilə kimi minalarda 123 nəfər həlak olub, 300 nəfər yaralanıb. 2000-2004-cü illərin müqayisəsini aparaq: 2000-ci ildə 7,950 kv.m ərazi təmizlənib, 57 piyada əleyhinə, 46 tank əleyhinə mina, 1014 partlamamış mərmi zərərsizləşdirilib. 2004-cü ildə 1235 kv.m ərazi təmizlənib. 230 piyada əleyhinə, 165 tank əleyhinə mina, 680 partlamamış mərmi zərərsizləşdirilib. 2004-cü ildə hər 10 min nəfərdən 2,5%-i minadan zərər çəkmiş sayılır. 2004-cü ildə 34 nəfər zədələnib. Onlardan 10-u ölüb, 24-ü yaralanıb. 9 nəfər psixi zədə alıb. Onlardan ücü uşaq olub. Maraqlısı budur ki, 2003-cü ildə bu rəqəm 21 olub. Sanki ildən-ilə minaların sayı artmaqda davam edir. Halbuki, Azərbaycan Ordusunun həmin ərazilərdə axırıncı dəfə 1994-cü ildə olduğu bəllidir. Axı, mina göbələk deyil ki, yağış yağandan sonra yetişsin. Demək mina axtarışı sadəcə bəhanədir. Bu fakt özü təsdiq edir ki, mina basdırılması məsələsi böyük maliyyə fırıldağının bazasını təşkil edir. Yeri gəlmişkən qeyd edək ki, millət vəkili Azay Quliyev ABŞ Konqresinin atdığı addımla bağlı yaydığı bəyanatda bir məsələyə diqqət ayrılmasını istəmiş və qeyd etmişdir ki, 1994-cü ildən Azərbaycan Ordusunun Dağlıq Qarabağda əlaqəsi yoxdur. Orada minaların getdikcə artması müəmmalıdır və araşdırmaya ehtiyacı var. Bizim üçün maraqlı olan odur ki, bu təşkilat niyə Azərbaycandakı vəziyyətlə maraqlanmır, ərazilərin minalardan təmizlənməsində iştirak etmir, humanitar aksiya keçirmir. Axı, Azərbaycanın itkiləri daha çoxdur. Son 10 il ərzində Azərbaycanda 371 nəfər mina və partlamamış hərbi sursatların qurbanı olub. Onlardan 84 nəfəri həlak olub, 287-si isə yaralanıb. Mina qurbanları arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. Belə insanların sayı 324 nəfərdir. Mina qurbanlarından 6-sı qadın, 42-si uşaq, 171-i hərbçi, 200 nəfər isə mülki şəxslərdir. Ümumilikdə isə Azərbaycanda mina qurbanların sayı 3 min nəfərə yaxındır. Onlardan 300 nəfərini uşaqlar təşkil edir. Belə. İnfrastrukturun inkişafı, minalı ərazilərin təmizlənməsi arqumentlərinin əsaslı olmadığını izah etdik. ABŞ Konqresinin ayırdığı maliyyə sosial layihələrə deyil, məhz separatçı reyimin yaşaması, qanunsuz fəaliyyət göstərməsi üçün edilən maliyyə dəstəyi anlamı verir. Bu, məsələyə ikili standartlarla yanaşmanın bariz nümunəsidir. Bu, regionda strateyi tərəfdaşla münasibətləri korlamaq üçün aparılan korafəhim siyasətdir. Dağlıq Qarabağda Azərbaycan qanunları işləməyənə qədər burada vətəndaş cəmiyyəti, infrastrukturun yenilənməsi mümkün olmayacaq. Hərbi reyimdə hansı demokratiya, hansı inkişafdan danışırsınız? Biz bu qədər sadəlövh deyilik.
URL / WWW
http://www.qhtxeber.az/news/a-246.html