Müəllif hüququ
© WWW :
QHT TRİBUNASI
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Mətbuat nə yazır
» QHT-lərin maliyyələşmə problemi
20.05.10 15:36
Xalq Cəbhəsi qəzeti
: İqtisadi Tədqiqatlar Mərkəzi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Vətəndaş cəmiyyəti institutlarına effektiv ictimai əlaqələrin qurulması, hesabatlılığın təmin olunması sahəsində yardım" adlı layihəsi çərçivəsində ilk müzakirəni təşkil etdi. Tədbir QHT-lərin xarici və yerli donorlar, humanitar təşkilatlar, xarici ölkə səfirlikləri ilə əlaqələri sahəsində problemlərini müəyyənləşdirmək, onların həlli yolları ilə bağlı mümkün perspektivləri müzakirə etmək məqsədi daşıyıb. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici donor təşkilatların, KİV və QHT-lərin təmsilçiləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, İTM İdarə Heyətinin üzvü Dünya Camalova layihənin başlıca məqsədinin effektiv ictimai əlaqələrin qurulması, şəffaflıq və hesabatlılığın təmin olunması sahəsində QHT-lərin bilik və bacarıqlarının artırılması yolu ilə onların institutsional inkişafına texniki, metodiki yardım göstərmək olduğunu söylədi. Onun sözlərinə görə, layihə məqsədinə nail olunması üçün qarşıya bir sıra vəzifələr qoyulub.
İTM sədri Qubad İbadoğlu bildirdi ki, donorlarla əlaqə QHT-lərin maliyyələşmə mənbələrinə çıxışı deməkdir. Onun dediyinə görə, bu əlaqələr nə qədər effektiv qurularsa, QHT-lərin maliyyə mənbələri bir o qədər davamlı və diversifikasiya olunmuş olar: "Əksər dünya ölkələrində QHT-lərin maliyyələşməsində dövlət, özəl sektor və xarici donorlarla yanaşı, üzvlərin könüllü haqları və istisadi fəaliyyətdən əldə edilən vəsaitlər də önəmli yer tutur. Qərbi Avropa ölkələrində QHT-lərin orta statistik büdcəsinin 47 faizi üzvlük haqları və özünün fəaliyyətindən yaranan gəlirlərdən, 43 faizi dövlət maliyyələşdirməsindən, 10 faizi fondların qrantı da daxil olmaqla, xeyriyyə qoyuluşlarından, özəl sektordan və fərdi ianələrdən formalaşır. Azərbaycan QHT-ləri üçün xarakterik olan dövlət maliyyələşdirməsinin ümumi maliyyə mənbələrində xüsusi çəkisi isə Qərbi Avropa ölkələri ilə müqayisədə xeyli aşağıdır. Eyni zamanda Qərbi Avropadan fərqli olaraq, Azərbaycanda QHT-lərin büdcəsi daha çox donor təşkilatlarının qrantlarından və xeyriyyə fondlarının əvəzsiz yardımlarından əmələ gəlir. Bir çox Avropa ölkələrində geniş tətbiq edilən bir təcrübənin Azərbaycanda tətbiqi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verə bilər. Bu yol vətəndaşların və özəl sektorun ödədikləri vergilərin 1 faizinin hansısa QHT və ya humanitar təşkilata ayrılması barədə vergi orqanına tapşırıq verməsidir. Bu mexanizmin üstünlüyü ondadır ki, QHT-lər daha çox tanınmağa çalışırlar ki, vətəndaşların ayırmalarından daha böyük pay alsınlar".
Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin rəhbəri Elçin Abdullayev Azərbaycanda fəaliyyət göstərən bir sıra donorların məhdud çevrədə olan QHT-lərlə işləməyə üstünlük verdiklərini, bunun isə yeni fəaliyyətə başlayan təşkilatlara ciddi maneə yaratdığını vurğuladı: "Donorlar həmin QHT-ləri "strateji partnyor" adlandıraraq, maliyyənin böyük bir qismini onlara ayırırlar. Bəs gənc QHT-lər neynəsinlər? Donorlar onlardan tanınmış olmağı istəyirlər, bunun üçün təcrübə lazımdır. Əgər bütün donorlar üstünlüyü artıq təcrübəsi olanlara verməkdə davam edərlərsə, gənc QHT-lər təcrübəni necə əldə edə bilərlər?".
"Eko-Aləm" İctimai Birliyinin rəhbəri Sevil Yüzbaşova öz növbəsində qeyd etdi ki, bəzi donorlar maliyyə ayrılması zamanı QHT-lər arasında ayrı-seçkilik edirlər. "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İB-nin sədri Əhməd Abasbəylinin dediklərinə əsasən, QHT-donor münasibətlərində üç mühüm problem var: "Bunlar şəffaflığın olmaması, qrant müsabiqələrində təklifləri qiymətləndirən ekspertlərin tərəfsizliyinin təmin edilməməsi, nəhayət, QHT-lərin qeyri-peşəkarlığıdır. Bu problemlər arasında ən vacibi şəffaflıqla bağlıdır. Şəffaflığın olmaması ən ağrılı məsələdir. Yəni bu işlərdə açıqlıq təmin olunmalıdır. Eyni zamanda hesabatlılıqla bağlı işləri də qeyri-qənaətbəxş hesab etmək olar. Hesabatlılıq çox aşağı səviyyədədir. Ortada real işlər çox azdır. Müəyyən layihələr var, amma nəticə bir o qədər də ürəkaçan deyil".
Azərbaycan Qadınlarının Siyasi Mədəniyyət Mərkəzinin rəhbəri Mehriban Vəzir partnyorluq məsələsinin də müsbət və mənfi cəhətlərinin olduğunu dedi: "Biz ilk növbədə QHT-lərin iş şəraitini yaxşılaşdırmağa çalışmalıyıq. Bunun üçün də biz bu sahədən tam məlumatlı olmalı, sonra bu şəraitdə nə etməli olduğumuzu müəyyənləşdirməliyik. Bəlkə də bir şəbəkələşmə lazımdır və yaxud bir koalisiya qurmalıyıq. Digər tərəfdən, beynəlxalq təcrübədən də yararlanmağı bacarmalıyıq. Ən azından Pribaltika respublikalarında və yaxud Gürcüstanda bu sahədə olan təcrübəni tətbiq etməliyik. Onlarda bu sahədə vəziyyət bizdəkindən xeyli mütərəqqidir".
Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun nümayəndəsi Rövşən Bağırov çıxışında təmsil etdiyi təşkilatın şəffaflıq məsələsinə çox böyük önəm verdiyini qeyd etdi: "Biz şəffaflıq məsələsinə daim diqqət ayırırıq. Fondumuz lap əvvəldən açıq qapı siyasəti yürüdüb. Çoxlu tədbirlər keçirir, treninqlər və proqramlar təşkil edirdik. Gənc qüvvələrə dəstək məsələsi də diqqətimizdə olan məsələlərdəndir. Belə təşkilatların bir çoxu daim bizdən dəstək alıb. Fondumuz üçüncü ildir ki, kənardan ekspertlər cəlb etməklə, hesabatlılıq və məlumatlılığı təmin etmək üçün monitorinqlər keçirir. Bizdə müsabiqələr açıq şəraitdə keçirilir və hər kəs təqdim etdiyi layihənin nəticəsi ilə bağlı saytmızdan məlumat əldə edə və müzakirələrin gedişini izləyə bilir. Saytımız bu sahədə həqiqətən mühüm rol oynayır. Hətta biz informasiya sessiyaları da keçiririk".
QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Vüsal Quliyev vurğuladı ki, bir çox QHT-lər işlərini layihə yazmaqla bitmiş hesab edirlər: "Əslində onların işi təkcə bundan ibarət deyil. QHT-lərin strateji planları olmalıdır. Digər tərəfdən, təşkilatlar cəmiyyət arasında da nüfuza malik olmalıdırlar. QHT-lərin illik hesabatları məsələsində də vəziyyət heç də yaxşı deyil. QHT Şurasında qərar verən şəxslər var və onlar belə məsələlərə xüsusi diqqət yetirirlər".
URL / WWW
http://www.qhtxeber.az/news/a-2625.html