Xatırladaq ki, AŞPA-nın yay sessiyasında komissar Tomas Hammarberqin Azərbaycana dair açıqladığı hesabatda da hakimiyyəti QHT-lərin fəaliyyətinə ciddi nəzarətdən çəkinməyə çağırıb. “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov isə 525-ə açıqlamasında hər iki hesabatla tanış olduğunu və onları qərəzli hesab etdiyini deyib. “Azərbaycanda QHT-lər indiyə qədər çox çətin vəziyyətdə idilər. Xüsusilə, beynəlxalq təşkilatlar Qarabağ müharibəsi, münaqişədən əziyyət çəkən insanların problemlərinə dair sahələrə qrant ayırmırdılar. Şura öz dövlətimiz tərəfindən yaradılmış bir qurumdur və bu qurum Azərbaycanda milli QHT-lərin fomalaşmasına, inkişafına, əməkdaşlığına xidmət edir”. Əsədov deyib ki, onların üç ildir layihələri Şura tərəfindən maliyyələşir və heç bir asılılıqdan söhbət gedə bilməz: “Qanuna uyğun formada layihəmizi yazıb veririk və qanuna uyğun şəkildə də maliyyə vəsaiti ayrılır. Biz layihəni layiqincə yerinə yetirib vaxtlı- vaxtında hesabatımızı aidiyyətli orqanlar qarşısında veririk, heç bir problemimiz, asılılığımız da yoxdur”. Əsədov xatırladıb ki, bir ay əvvəl Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər Qarabağ müharibəsi, şəhid ailələri, Qarabağ veteranları, müharibə əlilləri, qaçqınlarla bağlı layihələri tənqid atəşinə tutmuşdular. “Hansı ki vaxtilə biz bu sahələrlə bağlı Azərbaycanda fəaliyyət göstərən səfirliklər, Soros Fondu və digər beynəlxalq təşkilatlara müraciət etmişdik və ögey münasibətlə qarşılaşmışdıq. Müharibə insanları kimi heç bir layihəmizi qəbul etmirdilər. Mənə elə gəlir ki, bu hücumlar sifarişlə həyata keçirilir. Yəni bəzi yerli QHT-lərin ardınca beynəlxalq təşkilatlar hücuma keçib, qərəzli hesabatlar hazırlayırlar. Bunu düşünülmüş plan adlandırıram. Çünki bütün Avropada, Qərbdə Qarabağ problemi ilə bağlı ermənilərə dəstək verilir. Sözdə Azərbaycan torpaqlarının işğal olunduğunu deyirlər, amma dolayısı ilə Ermənistanı dəstəkləyib, onu işğalçı dövlət kimi qəbul etmirlər”. Əsədov düşünür ki, Qarabağa dair fəaliyyət göstərən təşkilatların maliyyələşməsi, fəaliyyətinin genişlənməsi Azərbaycan xalqının milli mənafeyinə uyğundur, və bu vətənpərvərliyə xidmət edir. Bəzi yerli QHT-ləri və beynəlxalq qurumları da bu narahat edir və ona görə də Qarabağla bağlı fəaliyyət göstərən QHT-lərin maliyyələşməsinə qısqanclıqla yanaşırlar. “Hesab edirəm ki, bəzi beynəlxalq qurumlar casus şəbəkəsi yaradıblar və Azərbaycandakı müəyyən QHT-ləri də təsir dairələrinə salıblar, onlara maliyyə yardımı ayırırlar, əvəzində isə həmin QHT-lər bizə hücuma keçirlər. Məhz bu cür qərəzli hesabatlar da o QHT-lərin göndərdikləri qərəzli məlumatlar əsasında hazırlanır. Əgər beynəlxalq təşkilatlar obyektivdirlərsə, doğrudan da insan haqlarını, demokratiyanı müdafiə edib, vətəndaş cəmiyyətinin ikişafını istəyirlərsə, o zaman birtərəfli informasiya almaqdan çəkinməlidirlər. Belə olarsa həmin təşkilatlar obyektivliklərini sübut edə bilərlər. Amma bu gün biz bunun tam əksini müşahidə etməkdəyik”. P.SULTANOVA