Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 26-da Dövlət Bayrağı Meydanında başa çatan tamamlama işləri ilə yaxından tanış olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlət başçısına həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Dövlət Bayrağı Meydanında əsas dövlət rəmzlərimizdən olan Azərbaycanın nəhəng gerbi hazırlanıb. Bürüncdən düzəldilmiş gerbin üzəri qızılla işlənilib. Həmin gerb Dövlət Bayrağı Meydanının, eləcə də paytaxtın bu hissəsinin görkəminin möhtəşəmliyini daha da artıracaq, onun görünüşünə əlavə çalarlar qatacaq.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya meydanda yaradılan zəngin muzey barədə də geniş məlumat verilib. Muzeyə baxış zamanı bildirilib ki, burada bayraq və digər dövlət rəmzləri ilə bağlı bir-birindən dəyərli eksponatlar toplanılıb.
Prezident İlham Əliyevə Dövlət Bayrağı Meydanının ərazisinin genişləndirilməsi, abadlaşdırılması, landşaftının işlənməsi istiqamətində həyata keçiriləcək işlər və görüləcək digər tədbirlər barədə də məlumat verilib.
Dövlət Bayrağı Meydanında tamamlama işləri ilə yaxından tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verib.
Hazırladı: İlkin Muradov